İnsanlığın yaranışıyla bağlı müxtəlif mifoloji, elmi, teoloji yanaşmalardan biri də budur ki, Əbülbəşər - bəşər atası Adəm biorobot kimi yaradılmış və sonra Həvva onun iki qabırğasından kloun kimi yetişdirilmişdir. Və həmişə mənə elə gəlib ki, sənət, xüsusilə, poeziya robotun - iylənmiş palçıqdan yaradılan bədənin hüdudlu qadağalarından qurtulmaq, hüdudsuz bio-Allah nəfəsi gizlinlərində özünü, özgürlüyünü, harmonik xoşbəxtliyini axtarmaq, tapmaq cəhdidir. Bu cəhdin gərgin məqamlarında "Sındır qəfəsi, tazə gülüstan tələb eylə!" qiyamı da, "Dünya duracaq yer deyil, ey can, səfər eylə" asiliyi də təbii görünür; Allah əmanəti - ruh bədən - robotda sıxılır, darıxır, öz əzəli əjdad bütövünə, əbədi astral azadlığına can atır; şeytanın "Onu torpaqdan, məni oddan yaratmısan, od torpaqdan üstündür" - deyib səcdə etmədiyi insan zaman-zaman Allah əmanəti olan ruhunu yada salır, ruhun ilahi qanadlarında ucala-ucala robot kimi yaradılışına etiraz edir; min illərdir ki, sənətə - böyük yalana sığınan insanlıq böyük doğrunu axtarır, əzablı qayıdış yollarında çırpınır...
"Ədəbiyyat qəzeti"nin 16 dekabr 2017-ci il tarixli sayında şair dostum Musa Ələkbərlinin silsilə şeirlərini oxudum və istər-istəməz sənətin əzəli-əbədi missiyası, əzablı çırpınışları haqqında qəfil düşüncələr çəkib apardı məni. O poetik silsilənin "İlahi" adlı ilk şeirinin son bəndində "Mən niyə gəlmişdim, gedirəm niyə?" nigarançılığıyla çırpınan ruh əzəli bütövlüyə qovuşmağa tələsir:
Mən qol-qanadımı açıram indi,
Nurunu ömrümə saçıram indi.
O böyük sevginə uçuram indi,
Qalmayım mən ondan yetim, ilahi,
Kaş sənə vaxtında yetim, ilahi.
"İlahi" şeirindəki poetik mənzərənin Azərbaycan-Türk-Oğuz poeziyasında azı min illik tarixi var. Mövlana "Məsnəvi"sində, Nizami "İskəndərnamə"sində, Qazi Bürhanəddin tuyuqlarında, Nəsimi qəzəllərində... bədən qəfəsində sıxılan ruhun azadlıq yanğısına dönə-dönə rast gəlmişik. Musa Ələkbərlinin "İlahi"sində köhnə mövzunun təzə ovqatı, poetik düşüncənin, astral fəhmin, sirli söz sehrinin yeni sayrışması oxucu duyğularını hələ gedilməyən yollara çağırır; şeir o qədər sadə və gözəldir ki, ruhumuzda bulaq kimi qaynayır, qəlbimizdə-qanımızda sübh günəşini görən təzə qızılgül kimi pardaqlanır; duyğuların xam torpağında həyat eşqi, Tanrı nuru cücərib baş qaldırır, sünbüllənib zəmi-zəmi dalğalanır; beləcə şair niyyəti mənzil başına çatır, şeir qalib gəlir...
Belə deyirlər ki, hər bir insan öz torpağına, yurduna bənzəyir, o doğma torpağın, yurdun yollarını davam etdirir, ruhunu, yaddaşını yaşadır. Bu baxımdan sənət adamları, xüsusilə, şairlər daha çox seçilirlər…
Dağlar diyarı Gədəbəydə, Göyyurdda dünyaya gələn Musa Ələkbərli poeziyaya doğma yurdunun nəfəsini, dağların səsini gətirdi. Torpaq kimi sadə, dağlar kimi duyğulu şeirlər yazdı, illər ötdükcə öz poeziya dünyasını yaratdı, imzasını yoxdan var elədi Musa Ələkbərli. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Qulu Xəlilov, Nizami Cəfərov kimi ciddi sənətkarlar, görkəmli alimlər onun poeziya dünyasını vaxtında gördülər, təqdir və təsdiq etdilər, yaradıcılıq uğurlarını yüksək qiymətləndirdilər, daha böyük sənət zirvələrinə ucalacağına inandılar…
Unudulmaz dostum, rəhmətlik Ağalar Mirzənin bir şeiri düşür yadıma; yazırdı ki, kənddən çıxan sənət adamları ömürlük Bakıya ezamiyyətə gəlirlər və öləndə ezamiyyə müddəti başa çatır, tabutda geri qayıdırlar...
Və bəzən geri qayıtmayanlar da olur; ya Fəxri xiyabanın fəxarətli ucalığında əbədiyyət karvanına qoşulurlar, ya hansısa şəhər qəbiristanlığının dar-dolanbac hücrəsinə sığınırlar, ya da... zəmanəmizin ən böyük şairlərindən biri olan Ələkbər Salahzadənin Hövsan çöllərində dolaşan göynəmli ruhu nigaran bir şeir misrasına dönüb gecələrin Ay işığıyla həsbi-hal edir...
Düzü, kədərlə qol-boyun bu duyğuları Musa Ələkbərlinin həmin silsilədəki "Qaranquşla söhbət" şeirinin yollarında yaşadım. Köçüb şəhərdə yaşayan şairin boş qalan dədə-baba yurdu, artıq qaranquşların da yuva qurmadığı kimsəsiz, uçulub-dağılan doğma evi haqqında göz yaşlarıyla, hıçqırıq dolu bir göynəmlə yazılan kədərli elegiyadır bu. Kənddən çıxan, illərlə baxımsızlıqdan viranəyə dönən doğma evə qayıdanda ruhu ocaq yeri kimi tüstülənən sənət-söz adamlarının qəm qaynağıdır, dərdli tale tərcümanıdır bu. Şeirin mənəvi-psixoloji mənzərəsində, ümumi ovqatında qəribə bir energetik cazibə, təhtəlşüur qoşulma hakimdir. Bu, təkcə nostalji közərmə, körüklənmə deyil, daha çox poetik ruhun narahat, nigaran qayıdış əzabları, çırpınışlarıdır.
Ürəyimizlə, canımızla,
İliyimizlə, qanımızla
Olmayan imkanımızla
Qurmuşduq o evi
Atamın-anamın sağlığında.
Bir yaz günü yerin-göyün
Qılığında.
Sən də gəldin o evin eyvanında
Yuva qurdun...
Havanı qayçıladı qanadların
Bala eşqinə...
Bəla hardan gəldi,
Qaranquş,
Nədən düşdük bu günə?
Biz o evi unutduq,
Sən də o yuvanı,
O evin sahibi,
Sahibəsi hanı,
Qaranquş?
...Tavanını yaş gördüm,
Divarında mamırlamış daş gördüm,
Gəldim sənin yuvanı da boş gördüm,
Daha dünya gözümdə
Heç nədir, qaranquş?!
"Qaranquşla söhbət" həyatın diktə etdiyi, gizli bir hökmlə yazdırdığı tale şeiridir. Yadıma düşür ki, Musa Ələkbərli hər dəfə görüşəndə Gədəbəyə, doğma kəndə gedə bilmədiyindən danışardı, kədəri kösöv kimi tüstülənərdi. Və hər dəfə də deyirdim ki, Musa, bu, ciddi bir şeirə dönəsi məqamdır, yaz bunu. Nəhayət, illər sonra o şeir yazıldı, daha doğrusu, şair ağrılarından doğuldu. Mən inanıram ki, Musa Ələkbərli nə vaxtsa Gədəbəyin Göyyurd kəndindəki o dədə-baba evini ürəyi istəyən kimi yenidən güldü-rəcək. Lakin divarları mamırlayan, otaqları boş ürək kimi göynəyən o ev məndən ötrü həm də ona görə qiymətlidir ki, poeziyamızda uğurlu bir şeirin yaranmasına səbəb, vəsilə olmuşdur. Kəndlərimizdə baxımsızlıqdan kədər heykəlinə, qəm qalağına dönən, zaman-zaman "Ay qonşu, bu evin yiyəsi hanı?" (Camal Yusifzadə) deyə sahibi soruşulan şair evləri uçub-dağılanda da poeziyamıza xidmət edir...
***
Musa Ələkbərlinin "Məndən şeir istə" adlı ilk kitabı 1977-ci ildə işıq üzü görüb və ədəbi aləmdə ciddi bir sənət hadisəsi kimi qarşılanıb. Haqqında çoxsaylı məqalələr, resenziyalar yazılan bu ilk kitab poeziyaya yeni bir şairin, özünəməxsus yaradıcılıq manerası, deyim, duyum tərzi, lirik-psixoloji ab-havası, fərqli məqsəd və məramı ilə seçilən uğurlu bir sənətkarın gəlişini müjdələdi. Görkəmli alim, ədəbi prosesdə heç kimə güzəşt etməyən prinsipial, tələbkar tənqidçi Qulu Xəlilov "Ədəbiyyat və incəsənət" qəzetində Musa Ələkbərliyə açıq məktub yazaraq, ilk kitabının sənətkarlıq məziyyətlərindən söz açdı: "Əzizim Musa, mən səni universitetdə tələbə olduğun vaxtlardan tanıyıram. Bir neçə il keçmiş, ilk şeir kitabın çıxmışdır. Kitaba cəsarətli bir ad vermisən: "Məndən şeir istə". Bura sənin şeirlərin və "Torpaq yanğısı" adlı lirik poeman daxil edilmişdir.
Şeirlərində mənə xoş gələn cəhətlər - canlı müşahidə, təbiilik və səmimiyyətdir. Sən elə bil olmuş, baş vermiş hər hansı bir hadisəni şirin ləhcə ilə adama danışırsan".
Doğrudan da M.Ələkbərlinin poeziyası həyatiliyi ilə seçilir; bu, olmuş, baş vermiş, yaşanmış hadisələrin, duyğuların əks-sədası, söz-sənət sehrinə bürünmüş poetik reallığı, davam və inkişafıdır.
Onun şeirləri torpaq kimi adidir, sadədir, bar-bəhərlidir. Torpağın adiliyindən qeyri-adi qızılgül möcüzəsi necə yaranırsa, Musa Ələkbərlinin adi şeirlərində də qəfil duyğu möcüzəsinə şahid olursan. Şairin adi payız lövhəsində görüb göstərdikləri, sözün qüdrətiylə kəşf etdikləri oxucu duyğularına qol-qanad verir, ovsunlu bədii-estetik ovqat yaradır:
Baxıram hüsnünə, gözlərim axır,
Göy göl, de niyyətin, qəsdin budurmu?
Üstünə qızılı yarpaqlar yağır,
Hər yarpaq bir sevgi məktubudurmu?!
Camalın yanqımı verir günəşə,
Bu nə gözəllikdi, nə yaraşıqdı?
Nazına dözməyib, saralıb meşə,
Ağaclar hamısı Sarı Aşıqdı.
Musa Ələkbərlinin belə qeyri-adi şeirlərinin, "Ay sözü sükutlu, sükutu sözlü" kimi misra kəşflərinin tilsiminə düşən böyük şairimiz Məmməd Araz vaxtı ilə "Ədəbiyyat və incəsənət" qəzetində yazırdı: "Şeirdə "sükut" sözünün çox işlənməsindən xoşum gəlmir. Elə mən özüm də çox işlətmişəm. Ancaq Musa Ələkbərlinin "Ay sözü sükutlu, sükutu sözlü" misrasından və şeirlərinin səmimiyyətindən razı qaldım".
Musa Ələkbərli Vətənin sevinclərinə də, dərdlərinə də könül verən, poeziyasında Vətən yaddaşı yaşadan şairdir. Onun bir neçə il əvvəl "Azərbaycan" jurnalında çap olunan, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova, bu qeyri-adi, əfsanəvi igidin - müasir Attilanın, Alp Ər Tonqanın xalqda xalq oyadan, millətdə millət yetişdirən mübarizəsinə həsr edilən "Mübariz" poeması, cəsarətlə demək olar ki, poeziyamızın, bütövlükdə müstəqillik dövrü ədəbiyyatımızın uğurlarından sayıla bilər.
Haqqında danışdığım poetik silsilədəki Xocalıya həsr olunmuş kiçik bir şeir Musa Ələkbərlinin "Mübariz" poemasını, ciddi ədəbi uğurunu yenidən yadıma saldı. Kiçik bir şeirlə Xocalı dərdinin ümummilli ruhumuzdakı qanlı coğrafiyası cızılır, ümumxalq damarının qan-gen yaddaşı oyadılır, möhtəşəm bir çağırışla qələbə bayrağı qaldırılır:
Bu Vətənin qanlı köynəyidir
Xocalı -
"Qisas" - deyə bağırır.
Bu xalqın əbədi göynəyidir
Xocalı -
Bizi intiqama çağırır.
XX əsrin utanc yeridi,
üz qarasıdı Xocalı -
Zülmün, işgəncənin
"bundan o yanası yox",
sərhədidi.
Vətənimin, torpağımın
iç yarasıdı Xocalı -
Vəhşiliyin, barbarlığın
son həddidi.
Ruhların fəğana gəldiyi
yerdi Xocalı -
İnsanla birgə insanlığın
öldüyü yerdi Xocalı.
Bu, dərdin doğradığı qollarda qılınc yetirən, qəmin qaysaqlanmadığı yaralarda qələbə eşqi bitirən və çiyinlərinə şəhidliyin müqəddəs tabutlarını götürən poeziyadır. Bu, üç min illik Xocalı mədəniyyətinin uca şəhidlik taxtındakı qanlı köynəyini geyib Mübariz kimi mərdanə, təkbətək mübarizə meydanına girən poeziyadır. Və mən bu kiçik şeirin böyük dərgahında 500 il əvvəlin söz qiyamını, Füzuli qışqırığını da eşitdim: Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!..
Təəssüf ki, bu gün qeyrətli qəzetlərimiz Sovet dövründəki kimi yarım milyon, bir milyon tirajla yox, çox cüzi sayda çap olunur. Özəl televiziyalar, saytlar, İnternet şəbəkələri də öz bədnam bazarıyla, milli ruha qənim kəsilən serial, şou-biznes yarışlarıyla məşğuldur. Xocalı dərdinə güzgü tutan həmin kiçik şeiri, eləcə də, digər istedadlı şairlərimizin bu tipli ciddi poetik nümunələrini plakat formatında şəhərlərimizin küçələrində, elektron reklam lövhələrində yerləşdirmək olar ki, xalq öz dərdini, itkilərini unutmasın, mübarizə ruhu daim oyaq qalsın...
Silsilədəki digər şeirlər - "Bir qatar yol gedir", görkəmli alim, unudulmaz ziyalı, fədakar vətəndaş İmamverdi Əbilova həsr olunan "Dünya boyda", "Bu körpə Zəhranın qanı", "Qovuşa bilmədim o məhəbbətə" adlı poetik nümunələr də ciddi yaradıcılıq axtarışlarının, vətənpərvər şair istedadının nəticəsidir. Bu məqamda xüsusi vurğulamaq istəyirəm ki, "Ədəbiyyat qəzeti" səviyyəli nəsr və poeziya nümunələrinin geniş şəkildə çapıyla, eləcə də müəyyən ədəbi tendensiyaları təbliğlə, yönləndirməklə, ədəbi prosesə saf istedad havası, həqiqi yaradıcılıq mühiti gətirməklə öz missiyasını layiqincə yerinə yetirir, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə, bütövlükdə Azərbaycan istiqlalına, milli, müstəqil dövlətimizə və dövlətçiliyimizə şərəfli xidmət nümunəsi göstərir.
***
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, müasir dilçilik və ədəbiyyatşünaslığımızın görkəmli nümayəndələrindən biri, professor Nizami Cəfərov Musa Ələkbərlinin "Dünya sevgidən doğub" şeirlər kitabına yazdığı "Musa Ələkbərli və onun sevgi fəlsəfəsi" adlı ön sözdə xüsusi vurğulayır ki, "Musa Ələkbərli daha çox sevgidən yazırdı… Ancaq bu sevgi "öz içini yeyə-yeyə duran", yaxud "tərki-dünya bir aşiqin subyektiv yaşantıları" deyildi. Təbiətin özü qədər təbii, mükəmməl kəndli balasının yüz illər ərzində formalaşmış, mərdanə istəyi, kişiliyin zərif məxluq qarşısındakı tarixi məsuliyyəti idi…
60-cı, 70-ci, 80-ci illərdə Musa Ələkbərliyə elə gəlirdi ki, öz sevgilisinin "tərcümeyi-hal"ını yazır…
Əslində isə o, özü də bilmədən, mənsub olduğu etnik-mədəni (etnoqrafik) sistemin ümumi (universal!) sevgi dastanını danışırdı".
Və indi artıq tam inamla, cəsarətlə demək olar ki, o, ədəbiyyata ötərgi qonaq kimi yox, halal ev sahibi kimi gəlib; sözünün haqq olduğuna, haqdan gəldiyinə inanan şairdir:
Musa, onsuz nə qışım var, nə yazım,
Nə bu dərdim, nə qələmim, nə yazım.
Mən kiməm ki, nə uydurum, nə yazım,
Tanrı mənə söyləməsə yazmaram.
Bu, şairin poetik bəyannaməsi, sənətkar ömrünün ən uca həqiqətidir. O, yaşanılan dövrün, vaxtın sözünü sözün vaxtında deyən, ulu yurd yerlərinin əzəli-əbədi işığını, susmaz sehrini - sevincini ədəbiyyata gətirən, poeziyanın duyğu çöllərində nağıllı-dastanlı kənd ruhunun öləziyən əbədi ocaqlarını yenidən yandıran şairdir. Onun şeirlərindən doğma, qədim yurdların, uca dağların, uluca göylərin çağırış, salam səsləri gəlir və əsası həm də odur ki, istedadlı oxucu o səsləri, çağırışları eşidir, qəlbən, ruhən qəbul edir.
Sadıq Elcanlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!