Mətanət VAHİD
Bədii ədəbiyyatın ən böyük problemi "elmsiz şeir"in "əsassız divar" olduğuna fikir verilməməsi, çağdaş hekayəçilikdə ən qüsurlu cəhətlərdən biri isə hekayənin təsvirindən daha çox "özünü danışması"dır. Əksər müəlliflərə elə gəlir ki, müşahidə etdiyi hər şeyi yazmaqla oxucunu heyrətləndirə bilər və nəql etdiyi əhvalat maraqlıdırsa, demək, əsər alınıb. Bu müəlliflər üçün yazı "özünüifadə" forması kimi bir az da qeybəti əvəz edir - eşidib-bildiyi hər şeyi faş etmək həvəsi ilə yazırlar. Belə olduğu halda, "müəlliflik"dən söhbət gedə bilməz, çünki sadəcə "mirzəlik" edir, şahid olduqlarını yazıya köçürürlər - özlərindən heç nə qatmadan, bədii həll yolu aramadan. Az sayda usta yazıçılar var ki, bədii mətnin niyə yazıldığını bildiyi kimi, necə yazılmalı olduğunun da qeydinə qalırlar.
Həmid Piriyevin "Sərçələr üçün poema" hekayələr toplusunda hər detal əhvalata deyil, altqatdakı mətləbə işarə edir və xeyli məqamlarda bunu yalnız mətnin mabədində anlamaq mümkün olur; təsadüfi kimi görünən detallar da hekayənin sonuna doğru məqsədyönlü işlədildiyinin təsdiqini tapır.
Hərçənd təcrübəsi ilə "qocaman", yaş etibarilə gənc sayılan Həmidin arada "Amma xasiyyəti qəddar olduğuna görə oğlu onun əlindən qaçmağa fürsət axtarırdı." ("Cəhənnəm qadını ledi Betti") kimi əndrabadi cümlələri də olur, bir abzasda təhkiyəni ayrı-ayrı zamanlarda nəql etdiyi də... və s. Yeri gəlmişkən, qeyd edim, Həmid Piriyevin "Borxesin xatirəsinə" silsiləsindən ilk sənədli hekayə kimi təqdim etdiyi "Cəhənnəm qadını ledi Betti", əslində, hekayə deyil; google axtarış sisteminə "Elizabet Suqryu" yazsaq, cəllad xanım haqqında müxtəlif saytlarda qarşımıza çıxacaq bioqrafiyanın cümləbəcümlə eynidir. Yəni tərcümə mətnidir. Həmidin həmin silsilədən olan "Xuan Severino Mallari" , "Gertruda Komorovskaya" mətnləri də həmçinin. Bunları yeri gəldi deyə yazdım, əsas mətləbim isə başqadır.
Məncə, Həmid Piriyevin yaradıcılığından bəhs edəndə ilk diqqət çəkən məqam onun Bakılı kimi yazmasıdır. Bunu yalnız dil və üsluba aid etmirəm; təhkiyəçi kimi düşüncəsi, mətnlərinin ritmi, intonasiyası da "bakinski"dir. H.Piriyev hekayədə atmosfer yaratmağın ustasıdır. Onun hekayələrində nə geniş təsvirlərə, nə axar-baxarlı təbiət lövhələrinə, nə obrazların xarakter və hisslərini əks etdirən uzun cümlələrə rast gəlmək mümkündür. Bütün hekayələrinin zaman və məkanını, obrazların dərdi və sevincini dəqiq nişan verən detallar oxucuya hədəfi aydın göstərir; xarakter və ümumən insanın özünüdərki ilə bağlı ən incə nüanslar bu vasitə ilə uğurla çatdırıla bilir.
"Sərçələr üçün poema" hekayəsində Mirzənin mağazaya girərkən duzlu balığa tamsındığı, arvadının onunçun südlü plov bişirəcəyi, südü buna görə aldığı (bura qədər hər şeyi rast gəldiyi həmkəndlilərinə də danışır), sonra bir neçə boşqab plov yediyi, üstündən çay içdiyi, yatdığı və s. detallı təsvir edilir. Bütün bunları protaqonist heç fikir vermirmiş kimi, rutinin, söhbətlərin bir parçası kimi yaşayır.
Mirzənin şüursuz vərdişlə həyata keçirdiyi detallara hər "toxunuşu" onun şüuraltısından doğulan metaşüura keçid edir. Bu ötəri "toxunuşlar" Mirzənin daxili konfliktlərinin fonunda büruzə çıxan xarakteri, şair kimi stixiyasıdır - onun şair "mən"i öz-özlüyündən deyil, kənar faktorlardan asılıdır; şeir onun İÇindən doğulmur, təbiətin\ətrafın şeirsəlləşməsindən yaranır.
"Sərçələr üçün poema" hekayəsi üç-beş nəfərin timsalında kəndin durğun, rəngsiz, nəfəsliksiz həyatını təsvir edir. Kişilər kluba nərd oynamaq məqsədilə yox, vaxt öldürmək üçün gəlirlər. Burada qəzet oxumaq da, onların bir-birini görəndə qəzeti kənara qoyub "gəl bir dənə nərd ataq" deməsi də bekarçılığın, çarəsizcə darıxmağın rəsmidir. Bu nüanslar həmçinin kənd camaatının işsizliyinə, sosial qayğılarına da işarə edir.
Hekayədə rutinin içərisindəki detallar (söhbətarası çoxdandır qar yağmadığı barədə məlumat verilməsi, sərçələrin əvvəlki kimi olmaması, "cırlaşması" və s.) yaradıcı atmosferin qıtlığını, "nəfəs daralması"nı nişan verir. Klubda nə işlədiyi bəlli olmayan Akif söhbət əsnasında "Qarı gözləsən, gərək xəşil yeməyəsən heç." - deyir. Bu cümlənin şeir yazmaq üçün "ilham pərisi"ni gözləyən Mirzənin halını nişan verdiyini yalnız hekayənin sonunda anlayırıq.
Mirzə yuxudan ayılıb qar yağdığını, pəncərəsinin qarşısındakı ağaca sərçə qonduğunu görür. Gecənin bir aləmi bu lövhə gerçəkdən daha çox Mirzənin yaxşı bir şeir yazmaq arzusundan, xəyalından doğulmuş təəssüratı yaradır. O, çoxdankı arzusunu missiya kimi yerinə yetirib həmin gecə bir poema yazır, yatağına qayıdanda "daha şeir yazmayacağam" qərarını verir.
Mirzənin bu bəyanı bəlkə də və həm də özünü aldatmamaq istəyidir: o, yaza biləcəyini yazdı. Artıq başqa bir şey arzulamağın zamanıdır... Mirzə anlayır ki, burda və indini yaşayan insan\Bakılı kimi, çayın axınına qarışan "talaşa"dır, yaradıcı dalğaya köklənməsi xüsusi bir əhval tələb edir. Məncə, bu hekayə yaradıcılığın xarakteri, stixiyası haqqındadır. Hətta obrazın adının Mirzə olması da bu mənada maraqlı seçimdir.
Həmidin hekayələrində zahirən qeyri-adi heç nə baş vermir, ona görə adi adamların gündəlik qayğıları arasında itib-batan cövhəri üzə çıxarmaq üçün müəllif bəzən çox uzaqdan başlamalı olur. "Nəlbəkidə üzən kağız gəmilər" xatirələrin bu günə proyeksiyalanmasının hekayəsidir - başlanğıcla son, uşaqlıqla yetkinlik arasındakı əlaqənin qırılmazlığı barədə, uzatsan, roman olacaq mətn hər şey haqında heç nə kimi görünən boşluğun əks-sədasıdır.
Ümumiyyətlə, son vaxtlar yazdığı "Neft və milyonlar səltənətinin milyonçusu", "Məryəm xalanın oğlu", "Harami Əhmədin dastanı", "Şaftalı çiçəkləri fəsli" və s. hekayələr Həmid Piriyev imzasını özünəməxsusluğu ilə fərqləndirir. Son illər Qarabağ\müharibə yazarların bu və ya digər dərəcədə müraciət etdiyi mövzudur. Sevgisini hayqıran, qisas yanğısı ilə nərildəyən şüarçı\pafoslu mətnlər bolluğunun içərisində dərdi pıçıldayan, ağrını danışmaq əvəzinə, ocağını nişan verən uğurlu mətnlər də az deyil.
Məryəm xala, oğlu Mövlud və təhkiyəçi üçbucağının timsalında üzə çıxan müharibəyə münasibət Həmid Piriyevin "Məryəm xalanın oğlu" hekayəsində daha çox səssizliklə assosiasiya olunur. Heç kimin günahkar olmadığı situasiyada tərəflər günahkarmış kimi bir-birinin üzünə baxmaqdan çəkinirlər. Oğlunu müharibədə itirmiş ana qonağın şəklə baxdığını görüb sakitcə "Oğlumdu. Davadan qayıtmayıb" deyir. Qonaq qadına başsağlığı verib öz otağına çəkilir.
Bu kiçik dialoqda ananın öz oğluna, xatirəsinə münasibəti onun yoxluğunu ifadə etdiyi bircə kəlmədə əks olunur. O, oğlunun müharibədə şəhid\həlak olduğunu dilə gətirmir, "qayıtmayıb" deyir və bu söz hekayənin əsas xəttinə çevrilir. Qonaq\kirayənişin öz gəlişi ilə bir az da Məryəm xalaya oğlunu "qaytarır", onu bu evə öz xatirəsində gətirir: "Onunla bağlı bir xatirəm yadıma düşdü. Bir dəfə axşam vaxtı söhbət edirdik. Yoldaşlarımızdan biri ondan soruşdu ki, qayıdandan sonra nə edəcəksən? Dedi, evin çardağında siqaret gizlətmişəm, onu çəkəcəyəm".
Xeyli müddət sonra uyğun məqam tapıb Mövludun gizli saxlancı olan çardağa çıxır, gizlətdiyi artıq nəm çəkmiş bircə giliz siqareti çəkəndə gözləri yaşarır, öskürək tutur. Hələ hekayənin əvvəlində müharibədən qayıdandan sonra çox şeyin dəyişdiyi qeyd edilir: "Çox şeyimi itirmişdim. Anam ölmüşdü, sevdiyim qızı başqasına vermişdilər, əlil qalmışdım, axsayırdım. Amma həyat davam edirdi". Hekayədə sanki kimin nəyi\kimi itirdiyi, kimin qayıtmadığı "önəmsiz"ləşdiyi məqam gəlib yetişir, "həyat davam edir" və bir yerdən qırılan ömürlər başqa insanların gəlişi ilə qismən də olsa, tamamlanır; biri özünə oğul, o birisi ana qazanır...
Həmid Piriyevin xüsusən "Sərçələr üçün poema" kitabındakı bütün hekayələr canlı söhbət kimi "sürüşkən" bir dillə yazılıb. Elə bil, divarlarının əhəngi qopmuş həyət evinin qabağında kötüyün üstdə bir tanışınla üzbəüz oturub söhbət edirsən, yox yerdən gözlərinə yol çəkdirən bir cümlə gəlib düşür ortalığa; anlayırsan ki, bu ömür ki var, sadəcə, baş qatmaqdır... Hekayə qəhrəmanlarının hamısının həyatı nə qədər durğun, rəngsiz olsa da, bu bozluğun içində adda-budda nəğmə kimi səslənən rəngarəng arzular da boy verir: Mirzənin 10 vərəqi qalmış dəftərə yaxşı bir şeir yazmaq arzusu kimi, alzheymer xəstəsi olan Püstə qarının poçt göyərçinlərinə qoşulub uçmaq xəyalı kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!