"Siz hansı heyvana oxşayırsınız, sizcə, siz gözəlsiniz, yoxsa, sirkdəki meymun?" Buna bənzər suallar olduğu üçün o, gülümsəyib kompüteri bağlayır. Aristotelə görə, insanı heyvandan ayıran əsas fərqin düşüncə olduğunu unutmamağın əhəmiyyətini bu zaman bir daha görürük. Əslində, evdəkilər çox zərərli olduğu üçün onun kompüterdə işləməyinə qarşıydılar. Onsuz da zəif olduğunu, əməliyyatdan təzə çıxdığını və s. sözlər deyirdilər. O isə kompüterdən başqa çıxış yolu olmadığını bildirirdi. Hekayənin uşaqlıqda maraqlı arzuları olduğunu bildirən qəhrəmanı məsələn, heykəltəraş olmaq istədiyindən də söz açır. Yadına gəlir, hardansa bağlarına gil gətirib tökübmüşlər. Birdən gilə qarşı onda bir doğmalıq oyanır. Ondan doğma bir adam düzəldəcəyini zənn edir. Əlini suya batırıb gilə çəkir, adama oxşayan bir şey düzəldir. Müəllif, qəhrəmanının dili ilə indi sözün onun üçün nə idisə, onda da gilin o olduğunu deyir. Gildən düzəltdiyi balaca adamlarla fəxr edir, onları xüsusi bir yerə qoyub saxlamaq istəyir. İstəyir ki, gözü onların üstlərində olsun. Hər halda onları o özü "dünyaya gətirdiyi"ni bildirir.
Sonralar televiziyada işləyəndə bir keramika ustasının emalatxanasına gedirlər. Adam işin əsl ustası olur. Yeni texnologiya ilə bərabər, köhnə dədə-baba ənənəsini də yaşadır. Onun dulusçuluq çarxı olur. Bu çarx qədim bir şeyə oxşayır. Keramika ustasının o çarxda saxsı bir qab düzəldəndə yaşadığı hissləri hekayənin qəhrəmanı da hiss edə bilir. O, usta onu gilə həmişə bir maraq çəkdiyini, amma bu sirri anlaya bilmədiyini deyir. Təcrübəli usta gülümsəyərək hamımızın gildən - torpaqdan əmələ gəldiyimizi, ona görə də gilin - torpağın bizi özünə çəkdiyini bildirir. O, bəlkə də o gilin ilk özünüifadə vasitəsi olduğunu düşünür. Həmişə həyətlərində çiçəkləyən, yarpaqlayan, sonra çiçəklərini, yarpaqlarını töküb yenidən yaşıllaşan gilənar ağacı kimi özünü ifadə etmək istəyir. Sanki yaxınlıqda bir yerdə durub uzaqları gözlədiyini düşünür.
Hekayənin qəhrəmanı öz virtual dünyası ilə maraqlı olan bir türk saytından söz açır. Orda da gerçək həyatdakı kimi gerçək yaşantılar olur. O da gerçək həyatda olduğu kimi sevənlərdən, ayrılanlardan, intriqalardan bəhs edən bu saytda öz ayrıca dünyasını yaradır. Və baş verənlərin demək olar ki, onunla əlaqəsi olmur. Saytda hekayələr, hikmətli sözlər, atalar sözləri və onun çox sevdiyi şeirlər kimi müxtəlif paylaşımlar olurdu. O, bir dəfə yəhudi inanclarıyla bağlı oxuduğu miflərin birini xatırlayır: Cavan oğlanlar ağ libasda rəqs edən yəhudi qızlarının zahiri görkəmlərini deyil, yalnız xarakterlərini, iç dünyalarını "görürlər". O, virtual dünyanın da belə olduğunu bildirərək, tanımadıqlarını hansısa yazısına görə özün kəşf etməli olduğundan danışır.
Həsrət, özləm dolu "Raskolnikov"
O, nə vaxtsa bir əsər olmasından bəhs edir. Əsərin qəhrəmanı gənc qız Konsuelonun özü gözəl olmasa da, səsi gözəl idi. İnsanlara məlhəm olmağı bacaran "Konsuelo" adının mənası həmişə onu düşündürür və özünə çəkirdi. İspanca "təsəlli" demək olan "Konsuelo" adını özünə nik seçən qəhrəmanın ilk aldığı məktublardan biri Türkiyədə yaşayan "Raskolnikov" "adlı" azərbaycanlı olur. Həsrət və özləm dolu "Raskolnikov" bir dəfə də olsun, Bakıda olmamışdı. Onun haqqında oxuyub, duyğulandığından söz açır. Yağış altında gəzməyi, pişik balalarını, poeziyanı, insanlığa dair hər şeyi xoşladığını deyir. İndi zamanın çox fərqli olduğundan da danışır. Uşaqlığının keçdiyi köhnə İstanbul küçələrinin indi ona yad və ögey göründüyünü bildirir. Konsuelonun sanki həmin yerlərdən gəlmiş bir insan olduğunu da deyir. Onun sanki balaca Raskolnikova aid şeyləri bildiyindən danışır. Balaca Raskolnikov onu sehrbaz sanarmış. Amma artıq o, böyüyüb. Və özü buna təəssüflənir. Onun gerçək adının nə olduğunu soruşanda, "Konsuelo" cavabını alır. Və bununla razılaşaraq "olsun, Konsuelo", - deyir. Solçu olan Raskolnikov insanların probleminin şeiri unutmaq və ya ona inanmamaq olduğunu bildirir. Amma ən ümidsiz çağlarında şeirlə oyanar və ovunarmışlar. Onların şeirə inanmamalarının kədərli olmasından da söz düşür.
Raskolnikov, yaşı 50-ni ötsə də, bir dəfə də olsun, evli olmadığını deyir. Qohumları onun Bakıya gəlib evlənməsini istəyirlər. O isə doğma yerlərdən gəlmiş və onun uşaq vaxtı itirdiklərini gətirmiş Azəri qızla evlənmək istəyirdi.
Konsuelo bu qəribə adamı bir az da keçsə, lap yaxından tanıyacaqdı. Söhbət yaşamağın nə olduğundan düşəndə Raskolnikov bunun bir iş, bir ömür-gün yoldaşı, pul-para, bahalı restoranlarda axşam yeməkləri, son model avtomobil olmadığını bildirir. Və əlavə edir ki, bunlar insanın yaşayışını çətinləşdirən, onları bir-birlərindən uzaqlaşdıran şeylərdir. O, anladığını deyir. Artıq bu barədə çox söz yox idi, dediklərini demişdilər. İndi ancaq seyrçi idilər. Raskolnikov indi danışanın pul kisələri olduğu üçün sözün hökmünün olmamasından da danışır.
Tünlükdə yalqızlıqdan yazmaq
Raskolnikov Türkiyədə doğulan Azəri əsilli məşhur yazar Murad Güneyin tünlükdə yalqızlardan yazdığından, onun yazılarının bəzən güzgü kimi onu əks etdirdiyini deyir. Amma o, daha çılğın, mübariz olduğunu bildirir. Hekayənin qəhrəmanı onu həm də solçu olduğu üçün tanıyırdı. Yeni yazılarına gəldikdə isə, hamısını təqib edə bilmədiyini deyir. Həmsöhbəti maraqlı yazar olduğunu bildirdiyi Murad Güneyin ən xoşbəxt anlarında da kədərini itirə bilməyən bir adam olduğundan söz açır. Sabahı gün Raskolnikovdan mail alır. O, Murad Güneyin yazılarını və bir lent yazısını yollayır. Lent yazısında "Qaragilə" mahnısının lap köhnə ifalarından biri olur. O, istər Vətəndə olsun, istər Vətəndən uzaqda, yaşamağın çox çətin olduğunu bildirir. Və bu düşüncələrdən sonra daha da çətin idi. Həmin gün sayta qoymaq üçün çox təsirli bir hekayə tapır. O, belə hekayələrin insanların xoşuna gəldiyini bildirir. Raskolnikovun göndərdiyi şeiri də paylaşır. Saytda olan Raskolnikov dərhal mesaj göndərərək ondan maili aldığını və Murad Güneyin yazılarını oxuduğunu soruşur. O, Murad Güneyə təşəkkürünü bildirdikdən sonra onun kövrək insan olduğunu deyir və dediklərini o yazılarda da görə bildiyindən danışır. Həmsöhbəti Murad Güneylə aralarında bir ruhi bağlılıq olduğunu deyir. İkisinin də solçu və qərib olmasını bildirərək əslində anlatmalı çox şeylərin olduğundan da söz açır. Onların tanışlığının olub-olmadığını soruşan Konsueloya deyir: "Var, deyək". Sonra dünən onun haqqında çox düşündüyündən danışır. Bu düşüncələr arasında yağmurlu havalarda gəzintilər, pişik balalarına sevgi də var idi. Konsuelo onun diqqətini çox çəkmişdi. Həmişə Vətəndən evlənmək istəməsi haqda söz düşəndə Konsuelo, bu haqda onun dünən dediyini bildirir. İzmirli qızın onun həyatını alt-üst etməsindən söz açan Raskolnikov hər şeyin başqa cür ola biləcəyini də deyir. Bu haqda yazılarında yazdığını və onun onları oxuyub-oxumadığını bilmək istədikdə, Konsuelo da onun Murad Güney olub-olmadığını soruşur. O, Murad Güneyin yox, öz yazılarını soruşduğunu deyir. Konsuelo oxumadığını bildirir və onun da yazar olduğunu soruşur. Yazar olduğunu deyən Raskolnikov Konsuelodan onun niyə burda olduğunun səbəbini soruşmaq istəsə, bunun bir iş olduğunu deyəcəyini düşünür. Konsuelo onun hansı işdən danışdığını soruşur. O, sorğu apardığını bildirir. Bu sorğunun onun işlərinə lazım olduğunu, əslində bir neçə gündən sonra saytdan çıxacağını da deyir. Konsuelo onun bu haqda dediklərinə münasibətini "Ah, eləmi?", - sualını verməklə bildirir. O isə insanların onu yorduğunu, buna görə bir az dincələcəyini deyir. O, bir guşəyə çəkilsə də, onu unutmayacağını, yazacağını, şeirlər göndərəcəyini də bildirir. Həmsöhbəti razılaşır və e-maili yenidən açaraq Murad Güneyin yazılarını bir də nəzərdən keçirir. Bəzi yerlərində Raskolnikovu görür.
Xəfif kədər
Raskolnikov getsə də, xəfif kədəri yığılıb qalmışdı. O da saytı bağlayıb yazı işlərinə başlayır. Sonra sabahkı proqram üçün yazdığı ssenarini internetlə göndərəcəkdi. Əməliyyatdan sonra yeni-yeni özünə gəldiyini deyirdi. O, fiziki ağrılara qatlaşmağa hazır olduğunu, əsas yazı işlərində problem olmamasını istəyirdi. İşini tamamlayıb yenidən sayta dönür. Raskolnikovu görməsə də, ana səhifədəki paylaşımların oxucuları artmışdı. Xüsusilə, Raskolnikovun göndərdiyi şeir üçün təşəkkür edirdilər. O, Murad Güney və Raskolnikovu yada salır, görəsən, onları nə birləşdirdiyi haqda düşünürdü. Bu düşüncələr arasında böyük yazıçı kimi tanıdığı Mahmud Ayaz da yer alır. O, gündəmdən düşməyən Mahmud Ayazın fikirlərinin geniş və maraqlı olduğunu bildirir. Bu sözün üzərində bir az dayandıqdan sonra Raskolnikovun profilinə girir. Şəkli görməsə də, yazılarından bir portret yaratmaq mümkün olduğunu deyir. Bu, əsmər, ucaboylu, arıq bir adam olacaqdı. O, bu adamın bəlkə də göründüyündən daha sakit və təmkinli, baxışlarının çox dərin olduğunu bildirir. Bu dərinlikdə insanın öz sonsuzluğunu görə biləcəyindən də söz açır.
Murad Güneyin rəsmini internetdə tapır. O, əsmər bir adam olur; qara bığlı, baxışları dərin. Onun Raskolnikovun canlandırdığı rəsmi kimi deyildi. Bunun mümkün olmadığını deyir. Yalqızlıq hökm sürən sayta oxşar mesajlar gəlir. Onun şəkillərinə görə gələn komplimentlər arasında "Gözəl, həm də əsmər gözəl" sözünün üstündə bir az düşünmək istəyir, amma az keçmiş, bunun heç nəyi dəyişməyəcəyini anlayır. Şəklini götürür, yerinə çiçək şəkli qoymaq istəyir. Adminlər nəzakətlə onun çiçək rəsmini götürməsini tələb edir, ya öz rəsminin olmasını, ya da boş olmasını istəyirlər. O, yalanlardan usanmış bu qoca dünyanın kiçicik guşəsində həqiqət yerləşdirmək istəyən saytın istəyinin hər kəsin olduğu kimi görünməsi olduğunu deyir. Sabahı gün Raskolnikov artıq işlərinin başa çatması, bir daha buraya baş çəkməyəcəyini yazsa da, onunla əlaqəni itirməyəcəyini, e-mailinə şeirlər və maraqlı hekayələr göndərəcəyini də yazır.
Həqiqətən, Raskolnikov sözlərinə səliqəylə əməl edir, Murad Güneyin şeirlərini göndərir. Bəzən məqalələr də gəlir. O, Murad Güneyin çılğın insana bənzədiyini deyir. Həqiqəti böyük bir inadla qoruyan Murad Güney Nazim Hikməti çox sevir və tez-tez ona istinad edir.
O, Raskolnikov gedəndən sonra sayta sanki bir sükut çökdüyündən söz açır, eyni insanları oxşar, bir-birinə yaxın olan boyalara bənzədir. Elə eyni rəng alındığını, nə çəksən də, xeyri olmadığını deyir. O da bir neçə gün Konsueloya yaza bilməyəcəyini bildirir. İşlərinin həddən artıq çox olduğundan söz açan Raskolnikov kim bilir, bəlkə yenə görüşəcəklərini də qeyd edir.
Ertəsi gün qəzetlər məşhur yazar Murad Güneyin Bakıda olduğunu yazır. Qara bığlı, çılğın baxışlı adam - Murad Güney qəzet səhifələrindən baxıb gülümsəyir. Müxbirlər bir-birlərinə macal vermədən sual yağdırırlar:
- Murad bəy, bu sizin Vətənə birinci gəlişinizdir?
- İndiyə kimi həsrətinizi necə ovutdunuz? Necə təsəlli tapdınız?
Murad Güneyin bu suallara cavabı belə olur:
- Bilirsiz, ispanca təsəlli "Konsuelo" deməkdir.
Hekayənin bədii təsir dairəsinin arenası genişdir. Murad Güneyin ispanca təsəllinin "Konsuelo" olduğunu deməsi hekayənin bədii-estetik mənasını da tam açıqlayır. İnsanlar xoş sözlə, mehriban ünsiyyətlə bir-birlərinə bağlana, unudulmaz hisslər yaşaya bilirlər. Obrazların mehriban, zəmanənin tələbinə, diktəsinə uyğun davranışları Günel Natiqin yaşanan hadisələri onların xasiyyətinə uyğunlaşdırdığını göstərir. Yaşadığımız internet dövrü də yazıçı və şairlərin yaradıcılığının poetik-modern düşüncə modelinin əhatə dairəsini genişləndirir...
"Təsəlli bir qaşıq..."
Bəzən ümidi, gələcəyə inamı ilə mətnlərdə tanış olduğumuz bu cür ədəbi qəhrəmanların sakitcə səddləri aşıb-keçdiyini görürük. Onların ümidi tükənmir, təsəllisi bitmir və ideallarından kənar düşmürlər. Murad Güneyin duyğu və düşüncələrini anladan, bədii estetik zövqünü də ifadə edən təsəlli haqda çox danışmaq olar. Bir az da ona həsr olunmuş poetik nümunələrə diqqət yetirək. Təsəllidən söz açan şairlər onun insanın duyğu və düşüncələrinə, mənəviyyatına təsir etdiyini deyirlər...
Füzuli sübh haqqında fikirlərini poetik ovqatla bölüşdükdən sonra ondan da danışır:
...Müjdə bir xurşiddən vermiş məgər badi-səba,
Kim nisyə eylər ona yüz min düri-şəhvar sübh.
Aşiqi-sadiqdir, izhari-ğəm eylər hər səhər,
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
Abbas Səhhət də lirik qəhrəmanının dərd-qəminə şərik olub onu sakitləşdirərək həyata bağlamaq üçün təsəlliyə üz tutur:
Bu təsəlli mənə bəsdir, olar asudə halım.
Məmməd Araz "Təsəlli" şeirində təsəllidən, ümiddən və gələcəyə inamdan söz açır:
Hələ ömrümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza çatası olub
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi yarıdan,
Biz yenə ümidli günlər yaşadıq.
Biz ki gələcəyə inam sarıdan
Dünyanın ən varlı adamlarıyıq!..
Antik dövrlərdə latınca adı Consolatio, tərcüməsi "təsəlli" olan bir ədəbi janr da var idi. Janrın sütununun fəlsəfə olduğu deyilir.
Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanının baş qəhrəmanı Rodion Raskolnikov yaşadığı çətinliklərdən sonra həyatı ilə qismən barışır. O, məhkum həyatı yaşadığı zamanlar özünü əqli və müsbət istiqamətdə inkişaf etdirir. Katorqaya göndərilən Raskolnikovu Sonya müşayiət edir. Vicdan əzabı çəkən baş qəhrəman sevdiyi Sonyanı özünə arxa-dayaq sanır. Və beləcə, sonda motivasiya özünü göstərir.
"Konsuelo" təsəlli deməkdir axı. Bu söz hekayənin bədii-estetik mənasını tam açıqlayır. Təsəlli haqqında çox danışmaq olar. Həyatda gördüyümüz, yaşadığımız hadisələrin ədəbi təsvirini göstərən Günel Natiq "Raskolnikov" nikli obrazın düşüncələrindən və təsəlliyə ümid bağlamağının səbəbindən də söz açır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!