Həyatın hekayə miqyası - Minaxanım Təkləli Hüseynbala Mirələmov haqqında yazır

Yaşanıb keçilən böyük, möhtəşəm, dayanıqlı bir epoxanın dəyərləndirilməsində əlbəttə, ayrı-ayrı şəxsiyyətlərin, ədəbiyyat fədailərinin fəaliyyətlərini araşdırmaq; ədəbi taleyinin və ədəbi baxışlarının açığa çıxarılması da vacibdir. Bu məqsədlə də ədəbi-ictimai mühitə çoxdan tanış olan, çağdaş Azərbaycan yazıçıları sırasında aktual mövzuları, sənətkar maraqları ilə seçilən, dövrün ictimai qayğılarını, həllivacib məsələlərini bədii ədəbiyyata gətirən, xüsusilə, tarixi mövzularda qələmə aldığı sənət nümunələri ilə nəzər-diqqəti cəlb edən Hüseynbala Mirələmovun yaradıcılığına bir daha müraciət etməli olduq. Hələ ilk qələm təcrübələrinin ardınca yazıçının maraq dairəsinə bir-bir daxil olan mövzular, bəsləyib yaşatdığı amallar, ideyalar, cəmiyyətin sosial-mənəvi qayğıları onu böyük sənət arenalarına - güclü epik obrazların təbliğinə, böyük miqyaslı təsvirlərə, təhlillərə çəkməkdə idi.

"İlk hekayəm 1961-ci ilin sonlarında rayon qəzetində çap olunub... Hələ 4-cü sinifdə ikən sevə-sevə oxuduğum "Azərbaycan pioneri" qəzeti məndə yazmağa maraq oyatdı və mən o qəzetə xırda məqalələr yazmağa başladım. Az qala, hər nömrədə çıxan kiçikhəcmli məqalələrim əsasən, məktəb və pioner həyatından, səyahətlərdən bəhs edirdi. Mən artıq o qəzetin tam ştatdankənar müxbiri olmuşdum. Yeddinci sinifdə oxuyanda isə, ilk hekayəmi - "Bir tikə çörək" adlı hekayəmi yazdım və həmin qəzetə göndərdim. Hekayəni həm də Lənkəranda çıxan "Leninçi" qəzetinin redaksiyasına apardım. Yeddinci sinif uşağı olduğumu biləndə baş redaktor məni yanına dəvət edib sorğu-sual etdi. Sonra nəyəsə imza qoydu. Beləliklə, 1961-ci il noyabrın 7-də "Bir tikə çörək" adlı hekayəm "Leninçi" qəzetində çap olundu. O gündən də mənim ədəbi taleyim həll olundu. Bədii ədəbiyyata "Bir tikə çörək" adlı hekayəmlə cığır açdım.

İndi uzun bir zaman məsafəsi məni o günlərdən ayırır; nə yaş o yaşdır, nə də zaman, dövran. Ancaq ilk gəncliyimdən içimə düşən közün göynərtisi heç ötüb keçmədi. Ara-sıra qələmə aldığım hekayələrlə daxilimdə baş qaldıran tufanları sakitləşdirməyə cəhd göstərsəm də, zaman keçdikcə bu hisslər qarşısıalınmaz bir həvəs və istəklə üzə çıxır, hətta vaxtilə mənəviyyatımda yığılıb qalmış həyat həqiqətlərini bədii sözün qılafında üzə çıxarmağa məni məcbur edir..."

Bunlar ürəyinin odunu, közünü sözə vermiş və yaradıcılıq məşğuliyyətini ömrünün ən şirin anları bilən yazıçının səmimi etiraflarıdır. Elə buna görə də yazıçının əksər oxucuları onun yaradıcılığını izləyərkən, sənət və şəxsiyyət arasındakı əlaqəni, uyğunluğu, müəllif taleyi ilə yaratdığı ədəbi-bədii örnəklərin birliyini  tez görürlər.

Həqiqətən, yaradıcı insanın əsərləri onun qəlb dünyasının qapısıdır. Yazıçı H.Mirələmovun "Qapısı"ndan keçənlər - oxucular onun ürəyinin, qəlbinin necə bir "gövhər kanı" olduğunu bilirlər. O, bütün əsərlərində insanın mənəvi aləminin bütövlüyünü təqdim edir, oxucunun yaddaşında dərin izlər buraxan bədii sözün sehrilə kamil obrazlar yaradır.

Yazıçının erkən yaşlarında yazdığı kiçik hekayələr müxtəlif mövzulara həsr olunsa da, bu hekayələri vahid məzmunda birləşir: bütün hallarda insanı haqq yoluna qovuşdurmaq!  Hər halda bu saf hisslərdən doğan  bədii örnəklər yazıçının gələcəkdəki sənət uğurlarının ilkin işartıları imiş, bəlkə də. Hər sətirdə, hər fikir ifadə edən düşüncə vəhdətində ədalət bayrağını ucada saxlamaq prinsipi özünü  tam gücü ilə göstərir.

Elə bilirəm, yazıçının özünün ömür yolu, yaşam tərzi bir məktəbdir; axı, həyat onu çox çətin sınaqları ilə qarşılaşdırmışdır. Uşaqlıqdan kasıbçılıqla üz-üzə dayanması, ehtiyac içərisində böyüməsi... Və bunlar doğruçuluğun, ülviyyətin timsalı  olan yazıçının öz əliylə yazdığı, hər biri öz tərcümeyi-halı olan əsərlərindən aydın görünür. Bu təmiz etiraf yazıçının qəlb tərcümanı olub həmişə; onun həyat yolunu bir nağıl, dastan kimi öz oxucusuna danışır.

Bu ömür yolu "izlər"dən - insanın həyat mücadiləsində özündən geridə qoyduğu izlərindən danışır. İzlər müqəddəs də ola bilər, izlər bədxahlığın daşıyıcısı kimi də görünə bilər. O izləri ki, onları insan məmnunluqla, həvəslə xatırlayır. O izlər nə həyatdan, nə torpaqdan nə də ... yaddaşdan   silinir. Hüseynbala Mirələmovun əsərləri zaman ötdükcə böyük sənətin pozulmayan səhifələri kimi ədəbi nəsillərin yaddaşında tarix daşıyan izlər kimi qalacaqdır. Necə ki, "İzlər" (1967) hekayəsi ilə bir vaxtlar oxucu qəlbinə hopub qala bilmişdi.

Əsərin qəhrəmanı əlil Azər avtobusdan düşəndə büdrəyib yıxılır, onun kənara düşmüş qoltuq ağacını gətirib verirlər. Azər ayağının birini İkinci Dünya müharibəsində itirib. Yeniyetmə yaşında olan müəllif Azərin faciəsində özünün də acı taleyini oxucusuna çatdırır. Artıq hadisənin bundan sonrakı davamını indi xatirələri oyanmış yazıçı özü danışır:

"...Atamı qarşılamağa getmişdik. Anam, bacım və mən. O gün səma çox tutqun idi; külək əsirdi. Gözlər qeyri-ixtiyari bir nöqtədə ilişib qalmışdı - qatarın görünəcəyi nöqtədə. Budur, çox keçmir ki, uzaqda tüstü göründü. Dəmirdən qayrılmış yanar bir "ürəy"in havaya püskürülən tüstüsü. Tüstü get-gedə yaxınlaşır, o yaxınlaşdıqca donuq baxışlar cana gəlir... Cəbhəçilər qatardan düşürlər. Kiminin gözü sarıqlı, kiminin qolu, kiminin ayağı şikəst. Anama baxıram. Kədərli gözlərindən yaş süzülür. Ona sığınıram. Əsgərlərdən gələn yanıq barıt qoxusu havaya yayılır, körpə ciyərimə çökür. Qatardan axırıncı iş-güc adamları düşür. Atam isə hələ də yoxdur. Elə bu an anamın çığırtısı eşidilir. İrəliyə - qatara tərəf yüyürür. Ətəyi əlimdədir. Mən də onunla qaçıram. Atamı görürəm - atamı... Enlikürək, ucaboylu atamı yox, müharibənin bizə qaytardığı atamı... İki qıçı dizdən kəsilmiş, balacalaşmış atamı -kiçik arabacıq üzərinə bağlanmış atamı..." Bu təsirli parçayla bağlı "Rəvan üslub, aydın cizgilərlə, konkret bədii ştrixlərlə yaradılmış obrazlar, canlı təbiət təsvirləri (və onların mənalandırılması), etnoqrafik həssaslıq, "qaranlıq-işıq" kolliziyalarının qabarıq verilməsi, müəllif məramının açıq ifadəsi Hüseynbala Mirələmovun ilk hekayələri üçün səciyyəvi idi" deyə  Nizami Cəfərovun təəssüratları ilə qarşılaşırıq.

...Ata ayaqlarını Berlin altında, bu faşist canavarların yuvasına çathaçatda, davanın qurtarmasına sayılı günlər qalanda itirib. Atanın iki məzarı var - biri Berlində, ayaqları orda - minanın partladığı çalada basdırılıb, bir məzarı da öz doğma yurdunda... Yazıçının oxucuya təqdim etdiyi ata bu savaşda müharibənin udduğu milyonlardan birinə çevrilib. Biz isə bu obrazın taleyində öz ağrılarımızı, itirdiklərimizi, itkin düşənlərimizi, əsir və girov götürülənlərimizi düşünməyə bilmirik. Eyni göynərtili hisslərdir belədə. Əslində biz də yazıçının tərənnüm etdiyi izlərin sahibi kimi yaşamaq təmənnasındayıq; o ləpirlərin etkisinə, eşqinə düşürük.

İlk qələm təcrübələrindən olmasına baxmayaraq sözün məna gücünə bələdlik və ondan məqsədə müvafiq şəkildə istifadəyə meyli duyulur bunlarda; sözün, ifadənin bədii yüksəlişini müəyyənləşdirdikcə bu özəllik oxucuda heyrət doğurur.

"İzlər" hekayəsinin bir üstünlüyü də əsərin lirik-psixoloji ruhda yazılmasıdır. Yazıçı oxucunu burulğana, bədii təfəkkürünün qasırğasına, girdabına salır. Yazıçının çox erkən, belə gənc ikən malik olduğu dil-nitq üsulları səmərəsiz qalmır; həzin ifadələr, insan çöhrəsinə nur gətirən səmimiyyət qəlbə köz salsa da, bir nəğmə kimi ürəyə axır. Hekayəni oxuyan hər kəs sahillərə möhürlənən izlərin ağrısına qarışmış şən nəğməsini də qəlbinə köçürür sanki. Ağlayır, sızlayır və yaşayır... Sanki yazıçı demək istəyir ki, həyat təkcə sevinməkdən, şənlənməkdən ibarət deyilmiş.

Hekayənin sonu təsirli ilmələrlə hörülüb başa çatır. Bir daha izlər haqqında düşünməyə vadar olursan. Yollar üstündəki sahibsiz bu izlər səni xəyallar aləminə aparır, aparsa da, yenə özünə dönürsən. Hekayənin sonunda deyildiyi kimi:

"...Yollarla addımlayıram. Atamın izlərini gizləmiş yollarla. Yollar məni sahilə aparır - qumlu sahilə. Qayalı sahilə... Sahildəyəm. Yaş qum üzərində ayaq izləri uzanıb gedirdi. Fikirlərim sanki ayaq tutub bu izlərlə addımlayır. İzlər... İzlər... Ürəkdə izlər... saçlarda izlər... Torpaqda izlər. Sahil gedir, izlər gedir... Sahil gedir, izlər itir. Ürəklərə neçə-neçə izlər düşüb, ürəklərdən neçə-neçə izlər silinib yox olub. Ancaq elə izlər də olur ki, heç vaxt itmir, atamın saldığı yollar kimi, izlər kimi..."

Yenə də gənclik illərində yazmış olduğu psixoloji bir hekayədən "Son arzu"dan bəhs etmək istəyirəm. Adından da göründüyü kimi, "Son arzu" (1968) ölümlə - həyat, ətalətlə - dirilik arasındakı son çarpışmanı, bədiiləşdirilmiş ağrını ifadə edir.

Əlbəttə, bu məqamların hər birinin təsiri mənəviyyatın dərinliklərinə qədər işləməsəydi, bəlkə də mən anlamazdım. Çox sonralar anladım ki, dinlədiyim hekayə bir sənət incisi imiş. Və insana sənət qədər təsir edən ikinci bir nəsnə yoxdur. Sənətin ecazkar təsirini elə ilk dəfə O`Henrinin "Son yarpağ"ında görmüşdüm. İndi o vaxtdan illər keçib. İnsanı dahilik mərtəbəsinə qaldıran hisslərin, emosiyaların, duyğuların bəhrəsi olan "Son yarpağ"ı böyüdükcə dəfələrlə oxudum. Hər dəfə də eyni hisslər, həyəcan, göz yaşı, qüssə, kədər...

Hekayə mənə tələbəliyimin kövrək anlarını bir də yaşatdı. "Ədəbiyyatşünaslığın əsasları" fənnindən mühazirə söyləyən və bizim hamımızın "qəddar insan" kimi rəyimiz olan (ah tələbə... tələbə) Kamal Qəhrəmanov kimi soyuqqanlı, ciddi bir adamın səsi titrəyə-titrəyə keçdiyi "Son yarpağ"ı dönə-dönə oxumalı oldum. Təbii ki, bu fikirlərimlə "Son arzu" və "Son yarpaq" hekayələrini, eləcə də onların müəlliflərini müzakirə etmək fikrindən uzağam. Onsuz da, bu hekayələr mövzu, süjet və ideya baxımından bir-birindən çox fərqlidir. Elə isə nədən "Son arzu" "Son yarpağ"ı təkrar oxutdururdu mənə?! Bu fikir ətrafında bir qədər düşünməli olacaqdım. Gördüm ki, hər iki hekayə bir-birindən nə dərəcədə fərqlidirsə, insan mənəviyyatında bir o qədər də oxşar duyğular doğurmağa qadirdir. Hekayə olduqca təsirlidir, ən sərt, soyuqqanlı oxucunun belə qəlbindəki buzu əritməyə qadir sətirlərlə başlayır: "Xəstə özü saplağından üzülməkdə olan bir meyvəyə bənzəyirdi. Sanki həyatı bir xəfif yeldən, bir zəif hənirtidən asılı imiş. Gözləri narahat, üzüntülü bir intizarla yol çəkirdi. Sönməkdə olan qəlbində fəryad, peşmançılıq dolu uğursuz bir əks-səda inləyirdi. Yaralı quştək çırpınırdı. Bu yaralı quş son gücünü, axır qüvvəsini toplayıb sanki qanad çalmaq istəyirdi. Uçmağa can atırdı..."

Qəribədir, "Son arzu" hekayəsinin məğzində məhz yazıçının ömrü xeyirxahlığa, alicənablığa, müdrikliyə söykənərək yaşamağın hər şeydən ucada dayandığını, insana öləndən sonra da əbədən əskilməyən bir şərəf gətirdiyini anlatmaq istəyi dayanır. Ümumiyyətlə, ölümünün yetişdiyini dərk edən insan həyatda hər şeyə biganə qaldığı halda, əsərdə əksinə, müəllif yaratdığı xəstə obrazını bu hisslərdən uzaqlaşdırır. Xəstəni düşünməyə, onu mənəviyyatı ilə üz-üzə qoymağa, daha çox əməllərinə görə cavab verməyə məcbur edir. Etiraflar başlayır. Etiraf isə ürəyin səsi deməkdir.

Yazıçının bədii dilə münasibəti onun ədəbi-estetik görüşlərinin mahiyyətindən irəli gəlir. Əsil yazıçı, ədib istər mövzu, istərsə də üslub nöqteyi-nəzərindən olsun, öncə gərək oxucusunu düşünsün. Bədii əsərdə xəlqilik, onun dili, üslubu, obrazlar sistemi milli ruha yaxın prinsipi ən doğru prinsipdir. Bunun təcrübədə bariz göstəricisi müəllifin irəli sürdüyü ideyanın çox asanlıqla geniş oxucu kütləsi tərəfindən qəbul edilməsidir.

Mənim daha yazıçının hələ o qədər də bişməmiş, o qədər də peşəkarlıq səviyyəsi ilə qovuşmamış bədii örnəklərindən bu qədər geniş danışmağım təsadüfi deyil. Nədənsə onun bu qəbildən olan hekayələrində, miniatür yazılarında insanın ilk həyəcanları, sənətə yenicə qədəm basmış, yazmaq istəyən gəncin, yeniyetmənin ilkin yaşantıları çox cəlbedicidir.

Oxucunun diqqətini ruhən yuxarıda bəhs olunan fəlsəfi hekayələrin ardınca "Qayada çiçək" hekayəsinə (1972) çəkmək istəyirəm. Hekayədə əsas obraz olan gənc Məftundan danışmazdan öncə deməliyəm ki, yazıçının obrazlara ad seçimi təsadüfi hadisə deyildir. İstər mənfi, istərsə də müsbət obrazlara uyğun bildiyi adlarda oxucu müəyyən təzadlar, ziddiyyətlər, həm də məzmun, məna, mahiyyət və formanı tamamlayan elementlər görməli olurlar. Yəni bu, ayrıca bir sənət məharəti, keyfiyyətidir. Məftun Bakı - Quba yolunun üstündəki Xıdır Zində dağına qalxmaq istəyir. Dağ havaya dik qalxmış insan əlini - bir əlin barmaqlarını xatırladır. Söz yox ki, dağın "Beşbarmaq" adıyla adlanması bu oxşarlıqla bağlıdır. Açığı, təsəvvürümüzdəki "Diri Baba" xatirəsi canlanır həmən...

Müəllifin bu hekayədə irəli sürdüyü ideya Məftunu təkcə ziyarətgaha qədər aparıb çıxarmaqdan ibarət deyil, Məftunu həm də zirvəyə - mənəvi ucalığa qaldırmaqdan ibarətdir. Və Məftunun düşüncələri məhz o ucalıqda mənəvi dəyər kəsb edir. O, Beşbarmaq dağına baxdıqca düşünür, düşünür...

Hətta bəzən oxucunun içindən bir səs keçir; bəlkə də Məftun müəllifin - yazıçının özüdür... Əsərin qəhrəmanı Məftun əyalət adamıdır və şəhərdə işləyir. Düşdüyü bu şərait ona nə qədər çətin gəlsə də, şəhər ab-havasına dözməli olur. Amma hələ ki, şəhər mühiti Məftunu "özününkü" edə bilməyib. Buna Məftunun daxilindəki hisslər - kənd təbiəti qədər ülvi, saf olan duyğular mane olur. Bu əsərin ən gözəl, ən yaddaqalan məziyyəti onun bütöv insani mündəricəsindədir; vacib insani qayğıların əks olunmasındadır. Surətin təsvirində, onunla bağlı bütün köməkçi vasitələrdə belə, məlum, tanış hadisələrə real, cəsarətli münasibət duyulmaqdadır.

...Bəli, yaradıcılığın gözəl təsadüfləri var. Bəzən nə qədər çalışsan da, qəlbindən keçən fikri öz mahiyyətində, çalarında kağız üzərinə gətirməkdə zora düşürsən. Ortaya çoxlu suallar çıxır. Amma hələlik bu qədər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!