Nurəngiz Günün publisisitikası - Bahar BƏRDƏLİ

Nurəngiz Günün vəfatından 10 il keçir.

Keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, yəni SSRİ adlı nəhəng imperiyanın çökməsi, süqutu, Müstəqillik uğrunda mübarizə, 20 Yanvar qırğını, Qarabağ müharibəsi, qaçqın-köçkün həyatı və s. məsələlər publisistikanın geniş inkişafı üçün imkanlar açdı. Başqa janrlara nisbətdə bədii publisistika daha tez, rahat yazılır və xalqa - geniş oxucu kütləsinə tez də çatdırılırdı. Portret oçerklər, məqalə - esselər xalq tərəfindən maraqla oxunur, qəbul edilirdi. Çünki bu yazılarda ictimai-siyasi hadisələr bu və ya digər dərəcədə geniş təhlil edilirdi. Odur ki, xalq arasında - Meydan hərəkatında bütün yazarlar şeirlə yanaşı, publisistik məqalələrə də xüsusi önəm verirdilər. Demək, bütün ədəbi nəsillər, ustad sənətkarlar bu janra müraciət etmiş, yazdıqlarını əvvəlcə qəzet-jurnallarda dərc etdirmiş, sonra isə kitab halında cap edərək Xalqa çatdırmışlar. Həmçinin, Birinci Qarabağ müharibəsində həlak olan şəhidlər haqqında da kitablar çap edilmişdir. Bölgələrdə, Bakıda, Sumqayıtda şəhidlər artdıqca bu kitabların sayı, tirajı da artıb, çoxalırdı.

Bu dönəmdə Nurəngiz Günün yaradıcılığında onun şeir-poemaları ilə yanaşı, bədii publisistikası da müəyyən qədər yer tuturdu. Yazar həyatda gördüklərini, müşahidə etdiklərini, düşündüklərini qələmə alaraq geniş oxucu kütləsinə təqdim etmişdir. Bu mənada, onun "Yaddaş" məqaləsi diqqəti cəlb edir. 90-cı illərdə Az.TV-nin ən uğurlu verilişlərindən biri olan "Yaddaş" ən çox keçmişə, tarixi kökümüzə, bir xalq olaraq keçib gəldiyimiz illərə işıq salırdı. Repressiya qurbanları olmuş şair-yazıçıların adlarını, əsərlərini xarici ölkələrdən tapıb gətirir, televizya vasitəsi ilə xalqa çatdırırdı. Bu veriliş mənəvi itkilərimizin bərpası üçün çox iş görmüşdü.

Nurəngiz Gün "Yaddaş" məqaləsində bu tele-verilişin yaradıcı heyətindən tutmuş, onların işıq saldığı mövzulara yüksək qiymət vermiş, əhəmiyyətinin də nə qədər böyük olduğunu bir daha vurğulamışdı. Məqalə sərbəst şeirə bənzəyir. O, öz axıcılığı, oxunaqlığı, dilinin səlisliyi, şirinliyi ilə fərqlənir və diqqəti çəkir: "Estetik baxımdan sanki tamamlanmış cəlbedici rəssam tablosunu əks etdirirdi "Yaddaş". Bu isə indiki gözəllik kasadlığında yorğun gözlərimizin rahatlanmasına cavab kimi idi. Gözəl şeydi bu gözəllik; dünyanın bəzəyidir. Amma dünyanı xilas etməyə o kövrəkdir, gücü çatmaz. Dünyamızın bir xilası var - o da vicdan!" "Dünyanı gözəllik xilas edəcək!" məşhur kəlamın əleyhinə çıxan müəllif haqlı olaraq göstərir ki, gözəllik çox kövrəkdir, zərifdir, məhvəri dağılmış dünyanın düzəlməyinə gücü çatmaz. Dünyanı yalnız ədalətli, təmiz vicdanlar xilas etməlidir. Başqasının var-dövlətinə, torpağına göz dikənlər, özlərini ölkəsindən, yerindən-yurdundan didərgin salanlar məhv edilməlidir. Axı bu bəyaz qəbirdə yatan Almaz İldırımın nə günahı vardı? O ki həmişə şeirlərində Vətənini tərənnüm etmişdir.

Qeyd edək ki, "Yaddaş" verlilişinin bir sayı da Vətənindən didərgin düşən, Türkiyədə yaşayıb, orada da dünyasını dəyişən azərbaycanlı şair Almaz İldırıma həsr olunmuşdur.

90-cı illər bütün sahələrdə yaddaşın oyanması üçün əlverişli zəmin yaranmışdı. Çünki artıq müstəqil bir dövlət kimi öz yoluna davam edən respublikamız öz yaddaşını da silkələməli, hər şeyi saf-çürük edib təmizləməli və öz yerinə qoymalı idi.

"Türkdən Türkə nə "gözəl" qanlı uçuş..." məqaləsi də Azərbaycan-Türkiyə birliyini dəstəkləmək üçün eyni ahənglə, eyni ürəklə, tam səmimiyyətlə yazılıb. Yazıçı, bu məqaləni "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbasa müraciətlə yazsa da, əslində o, zamanla qəlbinə yığılıb qalmış fikirlərini, düşüncələrini öz oxucuları ilə bölüşür. Müstəqil Respublikamız yaranan kimi bizi ilk tanıyan ölkə qardaş Türkiyə oldu. Bu, danılmaz faktdır. Bütün sahələrdə - istər siyasətdə, hərbidə, istərsə də iqtisadiyyatda, mədəniyyətdə Türkiyə dövləti və xalqı bizimlə idi. Gücü çatdığı, yetdiyi qədər kömək etməyə çalışırdı bu dövlət. Lakin çox maraqlı bir nüans da boy verməyə başlamışdır. Bu zaman kəsiyində "Türkün bizə nə xeyri var?" - deyənlər də tapılırdı. Məhz bu qardaşlığa, dostluğa qısqananların cavabı məqalədə yetərincə əks olunub. Nurəngiz Gün tarixi faktlarla, həmçinin eşitdiyi, bildiyi hadisələrlə Azərbaycan - Türkiyə birliyini dəstəkləyir. Yazıçı düşünür ki, Böyük Atatürkün qurduğu dövlət bizimlədirsə, bizə arxa, dayaqdırsa, bu bizim qələbəmizdir.

"Uyu, Şəhanə, uyu, Qızıl quş, uyu" məqaləsi çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq şairi Xəlil Rza Ulutürkün ölümünə həsr olunub. Məqalə şair ölümünə bir ağıdır, elegiyadır - desək, daha dəqiq olar: "Uyu, daha uyu, şair, uyu! Vətən aşiqi ey ozan, uyu, uyu dərviş, uyu insan, uyu, divanə şair... Çiçəklərin solmasın, hər gün quşlar oxusun sənin axşam duanı..."

Xəlil Rza ədəbiyyat adamı, söz xiridarı idi. Bir vaxtlar Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş, əsərlərində Böyük SSRİ-ni, Moskvanı, Sovet dövlətini tərənnüm də eləmişdi. Rus şair-yazarları ilə dostluq da edirdi. Lakin ömrünün sonuna doğru bu cəmiyyətlə, onun ordusu, siyasəti ilə döyüşməli oldu. Çünki bu cəmiyyətə, dövlətə olan ümidi, inamı sarsılmış, məhv edilmişdi. Ona görə şair vətəni üçün, xalqı üçün döyüşməli oldu və döyüşdü. Zindanda yatdı, döyüşdü. Azad oldu, döyüşdü. Oğlunu Vətənə qurban verdi, döyüşdü. Bu gün aramızda, sıramızda olmasa da, sözü, əsərləri ilə döyüşür. Nurəngiz Gün məqaləsində bütün bunlara bir daha nəzər salır: "Bu nə halət? Türküləri, şərqiləri qoyub sən hara köç etmisən? Bu məzlum türbə-daş içrə nə susqun düşüb əfsarın? Yoxsa, sarsıtdı səni o sarp enişlər, yoxuşlar? Həqarətmi gəldi sənə qollarının qandalı?.."

Xəlil Rza haqqında onlarca məqalələr, kitablar, dissertasiyalar yazılıb. Akademik Bəkir Nəbiyev "Şair ömrü-vətəndaş məramı" adlı məqaləsində yazır: "Xəlil Rzanın xalq tribunu kimi fəaliyyətinin əsas hədəfi son illərini yaşamaqda olan, ömrünü uzatmaq üçün daha da amansız vasitələrə əl atan rejim idi. Şair istirahət etmədən bir tədbirdən o birinə, bir meydandan o birinə gedirdi. "Xalqlar həbsxanası"nın şöhrətini qoruyub saxlamış imperiyanın daşını daş üstündə qoymurdu..." 

Xəlil Rza haqqında bu tip məqalələr yetərincə yazılıb. Lakin Nurəngiz Günün bu kiçik yazısı böyük şair haqqında yazılmış ilk elegiya, yəni şairin şair haqqında yazmış olduğu ilk esse-elegiya idi.

"Şirlər, aslanlar ağlamaz" məqaləsi Bakının Binəqədi Polis idarəsində işləyən Hafiz Şiraslan oğlu Ağdamlıya həsr olunub. Hafiz Qarabağ hadisələrində həmişə ön cəbhədə döyüşüb, dəfələrlə yaralanıb, lakin sağalan kimi yenə döyüşə can atıb, onlarla düşmən tankını məhv edib. Son döyüşü Tərtərin Qafanlı kəndində baş verib. Düşmən tankını yandırandan sonra sağ qalan erməniləri güllələyərkən özü də düşmən gülləsinə tuş gəlib. "Bu susqun tabut onunkudur. Bu tabutun üstündə heç bir fəxri medal-metal cingildəmir. Amma onun üstünə zəif, güclə eşidiləcək, kirimək bilməyən bir sızıltı sərilib. Tanıyın bu titrək səsi də. Bu, İkinci Cahan müharibəsində döyüşmüş qoca veteran, kəndin barmaqla göstərilən ağsaqqalı, şəhid Hafizin, Müzəffərin, Yalçının pirani atasıdır... Başını ixtiyarsız yelləyərək yalnız bunu deyir: "Haqsız dünya"..."

Müəllif bədii publisist dillə bir igid döyüşçünün həyatını, doyüşlərini təsvir edərək, onun bədii obrazını yarada bilib. Yazar haqlı olaraq göstərir ki, atası Şiraslan olanın oğlu da comərd, qəhrəman olmalıdır. "Ağlama, Şiraslan kişi, şirlər, aslanlar ağlamaz! Bir bax, üzərində Hafizin əlləri gəzən ağaclar belə ağlayır... Bu, Ceyran ananın ruhudur, ağaclardan süzülüb budaqlarda ah çəkir! Bu ah yerdə qalmaz, baba, billah, qalmaz!"

Filologiya elmləri doktoru Elçin Mehrəliyev "Müharibə və ədəbiyyat" adlı monoqrafiyasında publisistikanın iki xarakterik cəhətini qeyd edir:

"Birincisi, yazarlarımız torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə canlarını qurban vermiş Vətən oğulları haqqında dövri mətbuatda müntəzəm çıxışlar etmiş, ayrı-ayrı bölgələrdə baş vermiş qanlı döyüşlər, faciələr, habelə həmin bölgələri təmsil edən şəhidlər haqqında kitablar çap etmişlər.

İkincisi, müharibə ilə bağlı problemlərin təsvirində xroniki ardıcıllığın qorunub saxlanması, fakt və hadisələrin olduğu kimi verilməsidir. Bu dövrdə gündəliklər, qeydlər, xatirələr xüsusilə üstünlük təşkil edirdi".

"Qəm leysanı" kitabında göstərilir: "Əksəriyyəti 90-cı illərin əvvəllərində qəm leysanına çevrilərək yurdun daşlarına, sal qayalarına səpələnmiş insanların nakam taleyindən teleqraf üslubu ilə söz açılır..."

Demək, Şəhidlik mövzusu 90-cı illər publisistikasından qırmızı xətt kimi keçir və aparıcı mövzuya çevrilir. Təbii ki, vətənpərvər, yurdsevər şair, nasir, publisist olan Nurəngiz Günün də publisistikasında əsas yeri şəhidlər və onların qəhrəmanlıqları tutmalı idi: "Tanıyın! Hafiz Şiraslan oğludur! Haqq döyüşümüzdə ilk düşmən kəndinin alınmasında, ilk qələbə bayrağının torpağa sancılmasında hünərvər o olmuşdur!"

"Yox, yoxdur o türklər, bu türklər..." məqaləsində Nurəngiz Gün türkləri hissələrə, bölgələrə bölənlərə qarşı bir üsyan qaldırır. Müəllif yazır: "Tək türklərik... yalnız Allaha təslimik... Eşqini əsirgəməsin üzərimizdən..."

"Sonra Napoleon..." məqaləsi aktyor Fuad Poladova, onun sənətkarlığına, yaradıcılığına həsr olunub. Keçən əsrin 80-90-cı illərində əsrarəngiz səsi ilə tanınan Fuad Poladov bir aktyor kimi xalqın sevimlisinə çevrilmişdi. Ən böyük obrazı "Napoleon" tamaşasında oynadığı Napoleon obrazı idi. Obrazı o qədər yüksək səviyyədə oynamışdı ki, hər kəs onu Napoleon çağırırdı. Tamaşaya baxan Nurəngiz Gün onu belə təsvir edir: "Budur, çırpınır o! Sərkərdə! Çırpınır sənətkar! Ucaldır Bonapartı, saflaşdırır, gözəlləşdirir, bütün hüceyrə-siniriylə..."

Səhnədə böyük sərkərdə olan sənətkar həyatda çox sadə, kasıb biri idi. Tamaşadan çıxıb evə gələndə yazarın nəvəsi qışqırır: - Nənə, bax, Napoleon avtobusa minir!

Nurəngiz Gün məqalənin sonunda öz oxucularını düşündürür: "Görəsən, ağır tamaşadan sonra ayaqüstə avtobusla evinə gedən sənətkarın halı necə olacaq?!"

Beləcə, biz Nurəngiz Günün publisistikasına bir nəzər saldıq. Şair, yazıçı olan Nurəngiz Gün eyni zamanda bədii publisistika ilə də yaradıcılığını zənginləşdirib. Ən çox öz dövrünü əks edirən yazar qarşılaşdığı, gördüyü, şahidi olduğu mövzuları qələmə alıb. O, Qarabağ hadisələri, şəhidlər haqqında, Türk dünyası, onun əleyhdarları haqqında, sevdiyi aktyorlar, şairlər, onların həyatı, sənətkarlığı haqqında maraqlı, düşündürücü bədii yazılarla öz oxucularını sevindirib. Axıcı, bədii bir dillə, özünəməxsus şəkildə yazılmış bu esse-məqalələrin mövzu dairəsi, göründüyü kimi, müxtəlif və rəngarəngdir. Bu əsərlər həm yazarın yaradıcılığında, həm də ədəbiyyatımızda önəmli bir yer tutur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!