Yazıçı Orxan Aras və ya qürbətin qələm elçisi - Afaq Aras yazır

"İnsan başqasının həyatının oxucusu deyil, öz həyatının yazıçısı olmalıdır", yazmış birisi. Məcazi mənada deyilmiş bu kəlmənin birbaşa yazıçılıq sənəti ilə də əlaqəsi var əslində. Yazıçı öz həyatını yazanda səmimi yazır, oxunur və təqdir edilir. Bir əlavə daha, insan başqa həyatları oxuya bilmə ustalığına çatanda isə yazıçı olur.  Tarixi hadisələri əsərlərində mövzu edən dahi yazıçılar belə hekayələrin içərisinə öz şəxsi həyatından detalları, öz dünyagörüşünü qatmaqla əsərə can verərlər.

Orxan Arasın "Son cənnət" romanının "Can"ı  yazıçının ədəbi dünyada ən sevilən qəhrəmanlardan birisi, altmışlı, yetmişli, səksənli illər Türkiyəsinin "aldanmış" gəncliyinin bir simvoludur həm də. Anadolunun ucqar kəndindən yol alıb qaçaq kimi İrana, oradan da Almaniyaya sığınan başıbəlalı Can... Üsyankar, bir o qədər də itaətkar, dəli-dolu, bir o qədər də həyat qarşısında aciz... Romantikadan uzaq qürbət həyatında acı reallıqla qarşılaşdığında Şərqin  "Məcnun", "Kərəm", "Fərhad" ruhunu qəlbində daşıyan  Can Qərbin soyuq, laqeyd havasında yaşaya bilmir. Həqiqətən də, Almaniyaya həm qaçaq kimi, həm də işçi kimi axın-axın köç edənlərin çoxu  məmləkətində kasıb ailələrinə yardım üçün  ən ağır işlərdə çalışdı və əksəriyyəti faciəli şəkildə həlak oldular. Onların həyatı çox danışıldı, amma "Son cənnət" romanı Türkiyədə də ədalətli şəkildə tanınsa, zənnimcə, qürbətçilərin "ağı"sı kimi dildən-dilə dolaşıb, əl-əl ötürüləcək, eyni taleyi yaşayanlara həmdərd olacaqdır.

Orxan Aras yazıçı kimliyi ilə Avropa, Türkiyə və ən çox Azərbaycanda tanınır, bu düzdür. Şair kimliyini önə çəkməsə də, əsərlərindəki axıcılıq şairliyindən qaynaqlanır. İlk romanı - "Son cənnət" bir çox problemi qabardır, amma ana xətt kimi "qürbət" mövzusu əsərin ortasından keçir. Bir oxucu kimi məni Cana daha yaxın mövqedə tutan amil, bu obrazın dilindən və hekayəsindən doğma məmləkətimin insanının səsini eşidə bilməyimdir. Orxan Arasın Canı Azərbaycanımın "Can"ıdır mənim üçün. Romanın bir çox yaddaqalan Aliyə, Memo, Dilo kimi obrazları əsərə fərqli rəng qatır. Can obrazının əsərin sonunda ölümü ilə qürbət eldə, bəlkə də cismən yaşayıb, mənən, ruhən ölən "Can"ları da qəsd etmiş ola bilər yazıçı. Nə çoxdur Rusiyada və ya Rusiya uğruna itib-batmış, ölmüş "Can"larımız...

Orxan Aras tədqiqat işlərində də, məqalələrində də yazıçıdır. Jurnalist, müxbir, tədqiqatçı kimi fəaliyyəti aktiv və hər zaman gündəmdədir; Azərbaycan mətbuatının ən çox oxunanları sırasında mövqeyini qoruyub saxlayır.

Yazıçının son çap olunan "Nağıl ovçusu" kitabı 2021-ci ildə "Yunus İmrə türk dili" mükafatına layiq görüldü. Türkiyədən oğurlanmış sənət əsərlərinin acınacaqlı qürbət taleyindən tutmuş, xaricdə yaşayan yurddaşlarımızın qürbətinə qədər uzanan hadisələrin təhkiyəsidir bu kitab.

Kitabı diqqətlə oxuyan belə bir qənaətə gələ bilər ki, əslində Orxan Arasın bütün kitabları, bəlkə də bir-birinin davamı və bir-birini tamamlayan əsərlərdir. İstər qürbətdə yaşayıb-yaratmış Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı üzərinə doktorluq dissertasiyası, istər almanca kitabı -  "Almaniya, mənə bir az sevgi ver", istərsə də "Ayrılığın rəngi hüzn" olsun, hamısında Can yaşayır və oxucuyla təması itirmir. 

"Nağıl ovçusu" qürbətdə sağ qalıb həyatına davam edən bir neçə nəsil qürbətçilərin hələ də rastlaşdığı problemlərin işıqlandırılması və həlli uğruna yazılmış əsər ola bilər. Əsərin əsl ilham mənbəyi və yazılma səbəbi, bəlkə də gerçək həyatda da "nağıl ovçusu" kimi  Almaniyada yaşayan "nağıl baba" ləqəbi ilə tanınan Yücəl Feyzioğludur. Amma kitabda üç dünyanın - Türkiyə, Azərbaycan və Almaniya ilə bağı olan qəhrəmanının dilindən ən çox bizi narahat edən problemlər üzə çıxarılır. Son zaman Avropada baş qaldıran irqçilik hamımız üçün təhlükədir: " "Bunlar hələ də işin ciddiyyətinin fərqində deyillər", deyirdi. Mədəniyyətimizi, dəyərlərimizi, uşaqlarımızın ana dilini itiririk, başa düşürsənmi? Ana dili mədəniyyətin saxlanc yeri - anbarıdır. Ana dilini itirsə, bu cəmiyyətlə qaynayıb-qarışa bilərmi, öz şəxsiyyətini yarada bilərmi, yamaq kimi qalmazmı səncə? Uşaq öz mədəniyyətini bilərək qaynayıb qarışsın, çünki o zaman bu cəmiyyətə dəyər qatar, özündən əmin olar", deyə yazır Orxan Aras. Bir başqa səhifədə: "İnsan yurdunun rəngini dilində daşıyar" cümləsi ilə fikrini tamamlayır. Nağılların vacibliyini isə bu cümlələrdə vurğulayır: "Nağılların uşaq psixologiyası üzərində təsirinə aid çoxlu kitab çap edilib. Alman uşaq psixoloqu və maarifçisi Dr. Johannes Vilkes bir məqaləsində: "Bütün cəmiyyətlər müəyyən ritualları tətbiq edərək yaşayardılar. Dəyərlər, qanunlar, ortaq fərqindəlik ancaq nağıllarla uşaq yaddaşında qala bilər və bu halda zehni inkişaf təmin edilə bilər", deyə yazırdı.

"Nağıl ovçusu" kitabında əlbəttə, yenə Azərbaycan xatırlanır. Vaxtilə Türkiyədə çox məşhur olan "Suyu axtaran adam" əsərinin azərbaycanlı Sitarəsini yad edir Orxan Aras. Xoş təbəssümlə türk dünyasının bütün xalqlarından bir-biriylə qarışıb çoxalan evliliklərini göz önünə gətirib, həmin o Sitarə həsrətinin sonlanmasına sevinir oxucu həm də. O Sitarə bizim Qənirə Paşayeva idi,  Türkiyəyə gəlin olaraq deyil, əsgər libasında ayaq basdı, Türkiyədən bütün dünyaya Azərbaycan həqiqətini yaydı və hansı ki, son nəfəsinə qədər türk sevdalısı bu gözəl xanım millətinə xidmət etməkdən usanmadı...

Yazıçı Orxan Aras həm düşünən, həm düşündürən, işığı, aydınlığı çoxaldan, həm də maarifləndirəndir.  Tanıdığım yazıçı Orxan Arası heç bir qüvvə  bir gün belə olsa,  yazı masasından ayıra biləcək gücdə deyil.  Necə ki, qürbət mövzusu Orxan Arasın ədəbi taleyidir, eləcə də  yazıçılıq onun əsl missiyasıdır.

 

Üzgünəm, ay ana,

Bilmirəm, necə desəm axı sənə,

Sanki bir tikan batmış ayağıma...

 

On dörd ildir ki, məmləkətimdən uzağam. Məndən qürbəti soruşsaydılar, cavab verərdim ki, atalı-analı böyüyüb sonradan yetimxana uşağı olmaq kimi bir halı yaşamaqdır qürbət, bəlkə də. Vətəndən, alışdığın evindən, dost-tanışdan, hətta doğmaların uyuduğu məzarlıqlardan belə  ayrılmağın nə demək olduğunu, rəngini isə Orxan Aras sənətkar ruhuyla daha dəqiq ifadə edib: "Ayrılığın rəngi hüzn". Oxucuların tələbatı üzərinə yenidən çap olunan bu kitab hələ də təsiri altından çıxa bilmədiyim bir əsərdir.

Mən tənqidçi deyil, oxucuyam. Ola bilər ki, on beş ildir yazılarının ilk oxucusu. Orxan Arasın öz təbiri ilə desəm: "Sənə sevgidən başqa nə yazım? O da sözcüklərə sığışmayacaq qədər geniş və mənalı... Elə isə susqunluğumu salam və sevgi yağmuru olaraq qəbul et"...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!