Səlim Babullaoğlunun ad gününə
Əsəd CAHANGİR
Səlim Babullaoğlunu 1992-ci ildən, Bakı Dövlət Universitetindən, tələbələrin "Nəsimi" Yaradıcılıq Mərkəzindən tanıyıram. Onda mən filologiya fakültəsinin sonuncu kursunda oxuyurdum və Mərkəzin xətti ilə Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunmuş, Universitetin müxtəlif fakültələrindən olan tələbələrin qatıldığı tamaşa hazırlayırdım. Mərkəzə gəlib-gedən tələbələr arasında kitabxanaçılıq fakültəsinin ikinci kursunda oxuyan, qara rəngli "troyka" kostyumu, səliqə ilə yana daranmış sıx saçları, qəhvəyi rəngli dəri çantası ilə diplomatları xatırladan bəstəboylu, azdanışan bir gənc də varıydı. Ziyalı, görüb-götürmüş ailədən olduğu dərhal duyulan bu gənc səliqəli görkəmi və sakit rəftarı ilə özünə qarşı ilk baxışdanca rəğbət oyadırdı. Səlimi birinci dəfə belə gördüm.
İkinci görüşümüz iki il sonra -1994-cü ildə mətbuatda oldu - hərdən mənim işlədiyim qəzetə materiallar gətirirdi. Yadımda deyil, bir dəfə necə oldusa, ona bir şeirimi oxudum və başını aşağı salıb, şeiri elə diqqətlə, sanki bütün hüceyrələri ilə duyaraq, bütün əsəbləri ilə qavrayaraq dinləyirdi ki, mat qalmışdım və bir az da pərt olmuşdum. Görəsən, şeirim bu diqqətə layiq idimi? Söhbət, əlbəttə, mənim yazdığımın qeyri-adi təsir gücündən deyil, ümumən şeirdən, sözdən və gələcək ömrünü şeirə, sözə adamaq fikrində olan bir gəncin başqasının yazdığına, genəliklə, bədii sözə olan qeyri-adi həssaslığından, şeiri, sözü sadəcə dinləməsi deyil, dinləyə-dinləyə yaşamasından gedir. Onda bilmirdim ki, Səlim özü də şeirlər yazır, yatsam, yuxuma da girməzdi ki, illər keçəcək, hər ikimiz eyni bir təşkilatın üzvü olacaq, eyni idarədə işləyəcək, işləyə-işləyə də gənclik illərini geridə qoyacaq, 50-ni keçəcəyik və mən günlərin bir günü Səlimin ad gününə bu yazını yazacam. Zamanın əqrəbləri hələ doxsanıncı illəri göstərirdi.
Səlimi üçüncü dəfə televiziya ekranında, "Yaddaş" proqramının aparıcısı kimi gördüm və köhnə tanışım özünün yeni ampluasında diqqətimi dərhal çəkdi. Bu, məntiqi idi - o, iddialı oturuşundan tutmuş, hər cür bayağı sentimentallıqdan, yüngül duyğusallıqdan uzaq, ciddi, sakit diksiyasına qədər həmin illərdə artıq dəbə çevrilməyə başlayan "skoroqovorka" üslublu, reklam çarxı fırladırmış kimi bülbül cəh-cəhli, yapma təbəssümlü digər teleproqram aparıcılarından yerlə göy qədər fərqlənirdi. Həyatı, dünyanı, insanı qavramağa başlayandan mənə həmişə elə gəlib və bu gün də elə gəlir ki, biz, sadəcə, öz ömrümüzü yaşamır, həm də bu semiotik dünyada nəyisə işarələyir, zamanın hansısa əlamətini göstəririk, yəni işarələr sistemindən ibarət bu dünyada biz də bir işarəyik. Bu dəfə də özlüyümdə belə qərar verdim - teleekrana modern nəfəs gəlir və Səlimin tamam fərqli, özünəməxsus ekran manerasını yeni zamanın bir gəncin simasında işarəsi kimi mənalandırdım. Təəssüf (bəlkə nə yaxşı!) ki, bu proqnozum özünü doğrultmadı və bunun suçu, əlbəttə ki, Səlimdə deyil, televiziyanın o zamankı şablon, standart, trafaret, stereotip düşüncəli səlahiyyət sahiblərində idi. Bəlkə də bu yorumlamalarımda yanılır, kiminsə haqqına girirəm, bəlkə də, məsələ əslində başqa cürdür, mənim yazdıqlarım uzaqbaşı, kənar müşahidəçinin subyektiv gümanlarıdır. Hər nədir, hər necədirsə, Allah insanlardan çox bilir və pərdənin istər o üzü, istərsə də bəri üzündə baş verənlər sonucunda Azərbaycan teleməkanı özünün gələcək modern simalarından birini itirsə də, ədəbiyyatımız özünün yenilikçisini - Səlim Babullaoğlunu qazandı.
Ötən minillikdə Səlimlə son görüşüm 1998-ci ildə, Mədəniyyət şöbəsinə başçılıq elədiyim "Ekspress" qəzetində oldu. Şeirlərini gətirmişdi və onun bədii yaradıcılıqla məşğul olduğunu yalnız indi bildim. Əlbəttə, bu şeirlərin müəllifi hələ modern poeziyamızın aparıcı isimlərindən biri olan Səlim Babullaoğlu deyildi, amma Universitetdən tanıdığım klassik ingilis dəbli oğlanın, "Yaddaş" proqramında gördüyüm modern aparıcının, bir sözlə, köhnə tanışlığımızın xatirinə, onların dərcinə etiraz eləmədim. Bununla da, bizim Səlimlə ünsiyyət tarixçəmizin birinci dönəmi başa çatdı. Qarşıdan isə bizim tanışlığımızın ikinci dönəmi və öz sürprizləri ilə üçüncü minillik gəlirdi...
Səlim Babullaoğlu Yazıçılar Birliyinin 2004-cü ildə keçirilən qurultayından sonra Birliyin nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı"nı - təxminən, rusların "İnostrannaya literatura"sının analoqu olan dərgini buraxmağa başladı və indi hamının tanıdığı Səlim Babullaoğlu da, məncə, buradan başladı. Dərgi artıq iyirmi ildir ki, çağdaş dünya ədəbiyyatını Azərbaycan oxucusuna çatdırmaq kimi vacib görəvin öhdəsindən ardıcıl və uğurla gəlir. 2014-2021-cü illərdə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi S.Babullaoğlu istər xarici ölkələr ədəbiyyatının dilimizə tərcüməsi və Azərbaycanda nəşri, istərsə də Azərbaycan ədəbiyyatı nümunələrinin əcnəbi dillərə çevrilməsi və dünyanın bir sıra ölkələrində təbliği baxımından öz ədəbi mediator rolunu daha geniş miqyasda yerinə yetirdi və hazırda Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və Tərcümə Məsələləri üzrə katibi kimi yerinə yetirməkdədir. O, neçə-neçə beynəlxalq önəmli poeziya və tərcümə layihəsinin müəllifi, çoxsaylı poetik, tərcümə, esseist kitabın, bir neçə kinossenarinin müəllifidir, şeirlərinə mahnılar bəstələnib, çoxsaylı milli və beynəlxalq poeziya ödüllərinə layiq görülüb.
Lakin genişmiqyaslı bədii tərcüməçilik fəaliyyətinə baxmayaraq, S.Babullaoğlu hər şeydən öncə şairdir - postmodernist zəmanədə modernistik üsluba sadiq şair. Onun modern şeirlərinin ən qabarıq yönlərindən biri, yəqin ki, birincisi, sözdən rəngə, ya şəklə, verballıqdan vizuallığa, antropoloji dillə desəm, qulaqdan gözə elədiyi keçiddir. Və təsadüfi deyil ki, onun şeir kitablarından biri "İlyas Göçmənin şəkil dəftəri" adlanır. Səlimin istər bu kitabdakı şeirləri, istərsə də digər poetik nümunələrində sözlə rəng arasında orta mövqe tutan səsə çox az yer qalır, bəlkə də qalmır. Bu şeirlərin müəllifinin səssiz düşüncə axarında yazılan şeirləri tribunadan səsləndirmək, hamının qarşısında ucadan oxumaq üçün deyil, təklikdə oxumaq üçündür, deklamasiya eləmək və ya dinləmək üçün deyil, oxumaq və düşünmək üçündür, bir sözlə, intellektual poeziya örnəkləridir. Təklik, tənhalıq onun şeirlərinin əsas mövzusu, səssizlik, sükut başlıca "akustik" özəlliyidir.
Borxes öz esselərində təkliyi dünya ədəbiyyatının dörd ana mövzusu sırasına daxil eləməyb, amma təklik, məncə, poeziyanın, ümumən ədəbiyyatın əsas mövzularından biri, virtual ünsiyyətin maksimum sınırlara varmasına baxmayaraq, hazırkı çağda insanın əsas sorunlarından biridir. Bu mövzu çağdaş ədəbiyyatda klassikadan fərqli formada üzə çıxır. "Nə yanar kimsə mənə atəşi-dildən özgə/ Nə açar kimsə qapım badi-səbadan qeyri" deyən Füzulidən "Göydə Allah da təkdi, tək" deyən Ramiz Rövşənə qədər, şairlərimiz bu təklikdən söz açıblar, "ilahi, insan da belə tək olar?" deyən iyirminci yüzilin son şairi Salamın timsalında təklik haqqında deyiləsi söz sanki artıq qurtarır, işarə əvəzliyi ilə əvəzlənir. Necə tək olar? "Belə!" Və iyirmi birinci yüzilin şairi S.Babullaoğlu tənhalıq haqqında artıq danışmır, o, bu əzablı, buz kimi soyuq duyğunu nəqərata çevirərək, insanın ətrafında fon yaradan bütün əşyalarla birlikdə kinoekran və ya tellekran effekti ilə göstərir:
Təksən.
Köndələn boşqablar yığılmış şkaf dişini ağardar
masaya sərilmiş çirkli süfrəyə.
Qarderob boyunca asılmış şalvarlar şax durar,
yollar da acizdir çəkdiyi ütüyə.
Təksən.
Uzunbel kətilə kənardan baxsan,
çox şeyə bənzədə bilərsən sən onu:
ağzıaşağı baltaya; "h"ya;
yorulub otursan, günahkar-günahkar
boynunu irəli uzatsan,
dönəcək açılmış kitaba, "k"ya.
Bu misralar, Səlimin təxminən, iyirmi il öncə yazdığı, mənim Baş redaktoru olduğum "Körpü" dərgisində işıq üzü görən ikivariantlı "Doqquzuncu hissə"sindəndir və mən əsərin janrının üstündən təsadüfən sükutla keçmədim. Məncə, müəllif də onun janrı barədə təsadüfən susmur. Bu, həm poemadır, həm uzun şeirdir, həm də onların heç biri deyil. Bu, müəllifin özünün adlandırdığı kimi eləcə "hissə"dir. Niyə doqquzuncu? Bir insanın gecə başlayıb, dan yeri söküləndə bitən daxili monoloqu, yaxud öz-özüylə dialoqundan ibarət "Doqquzuncu hissə" azan səsləriylə bitir və bu final onu modern formada klassikaya qaytarır, örkən nə qədər uzun olsa da, yenə də gəlib hər şeyi özündən doğuran doğanaqdan keçir, təklik isə kosmik, metafizik miqyas qazanaraq bütün universumu özündə çevrələyən varlıq formasına çevrilir:
Səhərdir. Müəzzin minbərdə
azan oxuyur, sirli ahənglə.
Təksən, təkdir müəzzin, təkdir minbər də.
Dekabrın 10-u Səlim Babullaoğlunun dünyaya gəldiyi gün idi və həmin gün sosial şəbəkələrdəki saysız-hesabsız təbrik paylaşımları göstərdi ki, o iyirmi il öncə dərc olunan bu şeirdə deyildiyindən fərqli olaraq əsla tək deyil. Onu dəyərləndirən qələm dostları (kompüter erasında bu sözü işlətmək, görəsən, nə dərəcədə düzdür?), oxucular, dostlar, tanışlar, iş yoldaşları, ən başlıcası, sidq-ürəkdən inandığı, iman gətirdiyi Allahı var. Demək, ən azı bu şeirin yazıldığı dövrdən keçən 20 ildə yaşananlar boşuna getməyib.
Əziz Səlim, səni dünyaya gəldiyin gün münasibətilə bütün istəyənlərin adından təbrik edir, arzu edirəm ki, bundan sonra da uğurlar sadiq dostun, daimi yoldaşın olsun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!