Orxan ARAS
Sovet İttifaqı dövründə Azərbaycan bizim üçün bir ölkədən daha çox, könül coğrafiyası idi. O yerlə bağlı məlumatlar ağızdan-ağıza ötürülür, radiodan dinlənilən "Bakının səsi" ilə təsəlli olunurdu. Hələ İğdırda orta məktəbdə oxuyanda dostlarla haradasa yığışıb Azərbaycanla bağlı tapdığımız şeirləri bir-birimizə oxuyardıq. Bəzən İbrahim Bozyel, Zeynəlabidin Makas, Turqut Öcal kimi müəllimlərlə Azərbaycan haqqında söhbət edir, onlardan Azərbaycanla bağlı kitablar alıb həyəcanla oxuyardıq.
Nəbi Xəzri adını ilk dəfə ədəbiyyat müəllimi Zeynəlabidin Makasdan eşitmişdim. Makas hoca şair haqqında uzun-uzadı danışmış və bizim məna vermədiyimiz "Xəzri" ləqəbinin Bakı küləyindən alındığını izah etmişdi. Sonra şairin maraqlı bir şeirini oxumuşdu.
Məyər ömür sürərmi
Ürək candan xəbərsiz?!
Mən əsrimdən xəbərdar...
Əsrim məndən xəbərdar...
Bir misra da yazmadım
Mən zamandan xəbərsiz.
Gedib görəmmədiyimiz məmləkət şairlərinin sözləri gənc qəlbimizdə başqa mənalarda başa düşülürdü. Oradan gələn hər sözü min bir mənaya yozurduq. Bu misraları uşaq ağlımızla müxtəlif cür şərh edirdik. Guya şair bizdən, yəni Anadoludan xəbərsiz yaşamağın mənasızlığını izah edirdi. On beş-on altı yaşı olan Orxan üçün Nəbi Xəzri bizi tanıyan, bizim üçün darıxan, şeirləri ilə bizə gizli mesajlar göndərən bir şair idi.
Bir az da böyüdük. Kiril hərflərini öyrəndik. Azərbaycandan az miqdarda da olsa, gələn kitabları oxumağa başladıq. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Məmməd Aslan, Sabir Rüstəmxanlı, Xəlil Rza bizə tanış şairlər kimi yaddaşımızda yer aldı. Hətta bəzi siyasi müzakirələrə onların misraları ilə cavab verirdik.
Orta məktəbdə oxuyanda Ankaraya getmişdim. Ən çox Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə maraqlanırdım. Sanki onun məzarına getsəm, o yaşa qədər ürəyimdə yer etmiş həsrət hisslərini hamıya çatdıra biləcəkdim. Uzun axtarışlardan sonra məzarı tapdım. Yarım saat məzar daşını sığallayıb ağladım. Sonra Ankaranın tanımadığım küçələrində dalğın, küskün bir halla gəzdim. Axşam düşən kimi dəhşətli bir tənhalıq hissindən ürpərdim. Minlərlə insanın arasından çıxıb tanımadığım küçələrə vurmuşdum özümü və tənhalıq hisslərimin haradan qaynaqlandığı haqda fikrim yox idi. Kızılaydan Anafartalardakı otelimə gedərkən, ani bir reflekslə küncdəki kitab mağazasının qarşısında dayanıb pəncərədəki kitablara baxdım. Kitablar arasında üz qabığı qırmızı qızılgüllərlə bəzədilmiş, qızılgüllərin arasında Azərbaycan bayrağının rənglərinə oxşayan motivlərlə örtülmüş kitab diqqətimi çəkdi. Müəllifin adı da tanış idi: Yavuz Akpınar. Altında isə "Seçilmiş şeirlər, Nəbi Xəzri" yazılmışdı. Bu tənhalıq və yadlıq hissləri içində Nəbi Xəzri yenə özünü mənə göstərmişdi. Dərhal içəri girdim və təmizliklə məşğul olan satıcıdan kitabı aldım. Heç kitab mağazasından çıxmamış kitabı açıb gözümə düşən ilk şeiri oxumağa başladım:
Gəl, bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün, dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz,
Qara mənə düşsün, ağı sən götür.
Şair sanki mənim bədbinliyimi, incikliyimi, qüssə və həsrət duyğularımı hiss edib şeiri ilə mənə mesaj göndərmişdi. Sanki mənim dərdimi bölüşmək istəyirdi və "qaranı mənə ver, ağ sənin olsun", - deyə səslənirdi. Sonra mənə səslənərək ürəyimdəki ağrının sirrini də açıb ifşa edirdi:
Sirli sözlər deyir ürəyim mənim,
Sanki kimi isə bu an gözləyir.
Axı nə istəyir ürəyim mənim?
Ürəyim bir sevən ürək istəyir!
Bəli, mənim də ürəyim sevən bir ürək istəyirdi. Azərbaycanla həmhal olan, mənə Azərbaycandan danışan, Azərbaycanın ətrini hiss etdirən sevda dolu bir ürəyə ehtiyacım var idi.
Dərhal oteldəki otağıma qayıtdım. Yolboyu əzbərlədiyim "Səslənib küləkdə, coşub dənizdə" şeirinə bir nəzirə yazdım:
Mən səni dupduru axan bir çayın
İçində parlayan ulduz görmüşəm.
Bir dərdli ilimin, qussəli ayın
Qəmini dağıdan bir qız görmüşəm!
Ertəsi gün yazdığım şeiri İstanbulda Əhməd Kabaklının başçılıq etdiyi "Türk ədəbiyyatı" dərgisinə göndərdim. Bir ay sonra şeirim dərc edildiyində dünyalar mənim idi. Çünki bu mənim ilk nəşr olunan şeirim idi və üstəlik də, Azərbaycan türkcəsində yazılmışdı.
Bir il sonra Almaniyaya oxumağa gedəndə tərəddüdlə həmin şeiri Nəbi Xəzrinin adına Azərbaycana göndərdim. Ünvan olmadığı üçün məktubun və şeirin şairə çatıb-çatmadığını bilmirdim. Amma bir müddət sonra ünvanıma göndərilən məktub vasitəsilə məktubumun ona çatdığını öyrəndim. İllər sonra Salman Mümtaz adına Dövlət Ədəbiyyatı və İncəsənət Arxivinin müdiri Könül Nəsibova o uşaq hissləri ilə yazdığım şeirin əlyazmasını tapıb mənə göndərdi. On yeddi yaşın kövrəkliyi ilə yazdığım misraları oxuyanda yenə qarşımda Nəbi Xəzrinin xəyali obrazı dayanmışdı.
Nəbi Xəzri o zamanlar Türkiyədə az tanınsa da, həmişə tədqiqatçıların diqqətini çəkib. Zaman zaman onun şeirlərini incələyən Prof. Yavuz Akpınar kimi mühüm tədqiqatçılar öz əsərlərində Nəbi Xəzriyə xüsusi yer ayırmışlar:
"İkinci Dünya müharibəsindən sonra yetişən şairlər arasında Nəbi Xəzri lirik və romantik şeirləri ilə xüsusi yer tutur. O, şeirlərində müxtəlif və rəngarəng mövzulardan bəhs etsə də, epik və dramatik əsərlər yazsa da, lirizm həmişə özünü göstərir. Dildən çox gözəl və zövqlə istifadə edir. Onun şeirləri forma etibarı ilə heca vəznində yazılmışdır. Hecədən şablonları yıxaraq istifadə edir". (Yavuz Akpınar, Azeri Edebiyatı Araştırmaları 1994, sayfa 83)
Heç vaxt görmədiyim, tanış olmadığım Nəbi Xəzri ilə mənəvi görüşüm bunlarla bitmədi. Dostum Tuğşad Ata Türkmen "Azərbaycan üçün oxu" adlı videolayihə hazırlayırdı. Həmin layihədə o, məndən bir şairin şeirini oxumağımı istədi, mən də qəbul etdim. Mənə oxumağa göndərdiyi şeir Nəbi Xəzrinin şeiri idi:
Tanrı, dərd çəkməyə səbr, dözüm ver,
Həyatın yolları qışdır, borandır.
Dərdlilər dünyada yarım peyğəmbər,
Dərdsizlər dünyada yarım insandır.
Nəbi Xəzri 2007-ci ildə dünyasını dəyişdi. Amma necə ki, onun dillər əzbəri "Dərələr", "Pəncərəmə qondu çiçək", "Sən danışanda" kimi şeirlərinə yazılmış mahnılar sevənlərin qəlbinin tərcümanı olmuşdusa, ata kimi böyük ürək ağrısı ilə kiçik yaşda dünyasını dəyişən oğlu Əli Əkbər haqqında yazdığı misralar da ürəyi yaralı ataların qəlbinin tərcümanı olmuşdur. Ruhu şad olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!