"Əgər sözlər səni özündən çıxara bilmirsə, deməli, ya ağlın buna imkan vermir, ya da dəli olmaq istəmirsən". Alman filosofu Feyerbaxın bu fikri ilə yazıma başlamaq istərdim. Çünki bu yaxınlarda oxuduğum və təsirindən uzun müddət çıxa bilmədiyim (əslində, hələ də təsirindəyəm) roman haqqında oxucu qeydlərimi yazmaqla, məhz sözün və düşüncə gücünün imkanlarını bir daha nəzərdən keçirmək fürsətini əldə etdim...
Gənc yazıçı, fəlsəfə araşdırmaçısı, gələcəyinə böyük ümidlər bəslədiyim Tural Cəfərlinin "Sokratla çayxana söhbətlərim" adlı romanı çağdaş Azərbaycan nəsrində bir sıra ilklərlə diqqəti cəlb edir. Bəli, məhz "ilk"lərlə. Belə ki, müəllif antik yunan filosofu Sokratı müasir dövrdə, həm də Azərbaycanda təsvir etməklə, ilkə imza atmış oldu. Tural Cəfərlinin fəlsəfə məzunu olması və fəlsəfə araşdırmaçısı kimi fəaliyyəti ona geniş imkanlar verməklə yanaşı, həm də ona bir müəllif kimi fəlsəfi fonda roman yazmağa əlverişli zəmin hazırlayıb. Bu mənada, müəllif həm də fəlsəfəni ədəbi kontekstdə uğurla istifadə edərək, növbəti ilkə imza atıb.
Digər bir tərəfdən müəllif romanda müasir dövrün aktual məsələlərini, insan xarakterinin zidiyyətlərini aydın, təmiz və dəqiq ifadələrlə əxz etdirərək, oxucunu mətnin sehrinə salmaq işinin öhdəsindən gəlib və beləliklə, oxucunu mətnə cəlb edə bilib. Bu da çox önəmli bir faktordur. Əgər müəllif oxucunu yazmış olduğu mətnə cəlb edə bilmirsə, deməli, uğursuzluğa düçar olub. Bu mənada, Tural Cəfərli oxucunu mətnə cəlb etməyi ustalıqla bacarıb. Nəzərə alsaq ki, "Sokratla çayxana söhbətlərim" müəllifin ilk romanıdır, bu da gələcək əsərlər üçün nikbin düşünməyə əsas verir.
Romanda hadisələr "Bəxtsizlər" qəsəbəsində cərəyan edir. Adi məişət qayğıları ilə mübarizə aparan qəsəbə sakinləri həyatlarını monoton, boş və mənasız keçirməklə, sanki ümidsizlik içində yox olmağın ağrılarından zövq alırlar. Belə olan halda qəsəbə qanunları üçün yad hesab olunan, öz prinsipləri və həyata baxış bucağı ilə seçilən, ziyalı kimi fikirlərini cəmiyyətə çatdırmaq istəyən qəhrəmanın özünə yeni dost tapması ilə hadisələr yeni məcra almış olur. Yeni dostun kimliyi isə romanda ilk vaxtlar sirr olaraq qalır, sonra isə oxucu Sokratın həyata və insanlara olan münasibəti ilə tanış olur. Bu tanışlıq özündə fərqli və qəribə düşüncələrin meydana çıxması ilə nəticələnir.
"Bəxtsizlər" qəsəbəsinin sakinləri kənardan adi görünən bir həyat yaşayırlar. Lakin günlərin bir günü peyda olan qeyri-adi, qəribə bir adam qəsəbənin həyatına, dünyaya baxışına qarşı çıxır və bütün diqqətləri özünə çəkir. Həmin adam qədim yunan filosoflarından biri olan Sokratdır.
Dərin daxili böhranlar keçirən, bir-birinin ardınca ağlasılmaz hadisələrlə qarşılaşan qəsəbə sakinlərindən biri, Sokratı kəşf edir və onunla dostluq münasibətləri qurur. Çayxanada baş tutan söhbətlər özündə fərqli, yeni və faydalı mövzuları ehtiva edir. Romanda hadisələr keçmişlə gələcəyin, qaranlıqla işığın, yeniliklə köhnəliyin qarşıdurması fonunda cərəyan edir. İndi qəsəbə sakinlərinin nicat yolu hər iki qəhrəman üçün böyük önəm daşıyır. Sokrat və dostu "Bəxtsizlər" qəsəbəsinin sakinlərinin düşüncələrini, həyata baxışlarını dəyişə biləcəklərmi, yoxsa onlar da qəsəbə qanunları ilə yaşamağa davam edəcəklər?
Bu suallar əvvəlcə kilid xarakterini daşısa da, sonra hər bir sualın açarı oxucu üçün təqdim olunur. Oxucu romanda həm özünü, həm də ətrafındakı insanları görür, tanıyır. Bu da romanı daha da maraqlı edir. İş həyatında hamımızın qarşılaşdığı insan xarakterinin müxtəlif eybəcərlikləri romanda güzgü effekti verir. Məsələn, aşağıdakı mətnə diqqət edək:
"İşdə müdirlə mübahisə etdim. O mənə "axmaq" dedi, mən də ona "yaramaz" dedim. Nəticədə, mən haqlı çıxdım. Bu da məsələni bir az böyütdü. Söhbət xadimələrə kimi gedib çıxdı. Xadimələr də mənim haqlı olduğumu təsdiqlədilər, ancaq bunu etiraf edə bilmədilər. Çünki işdən çıxmaq intihara bərabərdir, bu zamanda... Mübahisəmizin sonunda ərizə yazıb işdən çıxacağımı bildirdim. Onsuz da maaş məni qane eləmir, adı gedib özü işə gəlməyənlərin yerinə də işləməkdən bezmişəm... Taksit kartım, bir də ikinci ali təhsil üçün götürdüyüm kredit olmasaydı, çoxdan rədd olub getmişdim. "Bəxtsizlər" qəsəbəsində ümidlərlə yaşamaq özünü aldatmağın ən asan yoludur"...
Tural Cəfərli "Sokratla çayxan söhbətlərim" romanında Sokratı tipik azərbaycanlı kimi mühitin təsiri altında formalaşan "filosof" kimi təqdim etməklə növbəti ilkə imza atmış oldu. "Yəni, cəmiyyət necədirsə, fərdlər də elədir" prinsipi əsər boyu silsilə xarakter daşıyır. Lakin müəllif həm də oxucu üçün düşüncənin gücü, intellektin üstünlükləri kimi məsələləri də qabartmaqla, gələcəyin elm, təhsil üzərində qurulmasına işarə edir.
"Sokratla çayxana söhbətlərim"də ailə, qarşılıqlı anlaşma, insanlar arasında münasibətlər kimi məsələlər də önə çəkilir. Bu baxımdan, Sokrat da insandır, o da digərləri kimi evlənməyin, ailə qurmağın sosio-psixoloji tərəflərini izah etməyə çalışır və bununla da gənclərə faydalı mesajlar ötürür. Lakin təəssüf ki, Sokratı çoxları ciddiyə almır, onun fikirlərinə önəm vermir və müdrik bir adamın maddi durumunun aşağı olmasından dolayı ona hörmət etmirlər. Təbii ki, bütün bunlar Sokratı narahat etmir, o daha çox cəmiyyətin cahil kütləyə çevrilməsindən narahatdır və bunu söhbətlərində qeyd etməklə, çıxış yolunu göstərməyə çalışır.
Aşağıdakı dialoqa diqqət edək:
"Təbiət insanı əxlaqlı etsə də, insanın içindəki heyvanı qova bilmədi. Bu heyvan insanı ələ verdi, ona mağara həyatını xatırlatdı. Beləliklə insan əxlaq adlı bir uydurmanı fikirləşməkdən başqa yol görmədi. Müasir insan üçün geyim, pul əxlaqdan üstün hesab olunur. Əslində isə bir insan üçün əxlaq çörək və paltardan daha vacibdir.
- O gün tiktokda gic-gic hərəkətlər edən, yarıçılpaq bir qıza şir atdılar - söhbətin məğzini dəyişmək istədim.
- Deyirəm, sənin də bu şit zarafatların olmaya da. Belə pis adam deyilsən, ancaq yerini bilmirsən də. Sokratın qaşları çatanda vəziyyətin nə yerdə olduğunu tez anlayıram.
- Niyə? - təəccüblə soruşuram. Guya heç nədən xəbərim yoxdu.
- Yerini bilsən, indi sən danışardın, mən qulaq asardım.
- Tiktoka, feysbuka münasibətin necədir?
- Müasir insan bayaq dediyim içindəki heyvanı məhz bu cür ortamlarda daha çox bayıra buraxır. Heç kim içindəki heyvanı kitabxanada, universitetdə, akademiyada göstərmək istəmir. Çünki başa düşür ki, içindəki heyvan üçün belə yerlər yaddır, dardır, sıxıcıdır. Ancaq sənin dediyin Tiktok kimi yerlərdə insan öz içindəki heyvanı sərbəst buraxa bilir, insanın instiktiv yadına düşən mağara həyatı belə yerlərdə daha əlverişli imkanlara sahib olur.
- Bilirsən, bir şirin qiyməti neçiyədir? Deyilənə görə, altı yüz manatdır! Gözümü ağardıb Sokratın turp kimi qızaran burnuna baxıram.
- Ay axmaq, o şiri atanlar da sənin kimi içində heyvanla yaşayanlardı da".
Müəllif sosial şəbəkələrin insan həyatına təsirini Sokratın düşüncələri fonunda təqdim etməklə, oxucu üçün sosial şəbəkələrin mahiyyətini və həqiqi tərəflərini göstərmiş olur. Bu da müəllif tərəfindən gənclərin pis vərdişlərdən uzaq durması üçün çağırış kimi başa düşülə bilər. Gənclərin mütaliəyə, kitaba, elmi yeniliklərə yönləndirməyin vacibliyi bir daha ortaya çıxmış olur...
"Sokratla çayxana söhbətlərim" həm də təhsilin, savadın, biliyin arxa plana keçdiyi, həqiqətdə isə inkişafın, tərəqqinin əsas mənbəyi olduğu gerçəkliyini bütün varlığı ilə göstərməyə çalışan Sokratın müəyyən mənada özü ilə mübarizəsi kimi də qəbul oluna bilər. Çünki o, müasir dünyada yaşamağın və düzgün qərarlar qəbul etməyin nə qədər çətin və təhlükəli olduğunu dərk edir.
Romanda müxtəlif sosial məsələlərə fəlsəfi prizmadan yanaşılmaqla, ictimai əhəmiyyət kəsb edən məsələlərə yer ayrılıb. Bir tərəfdən də insan psixologiyasının mürəkkəbliyi, hiyləgərlik, unutqanlıq, nankorluq kimi məsələlər romanda incə detallarla təsvir olunub. Tural Cəfərli "Sokratla çayxana söhbətlərim" romanında kütləni idarə edən savadsızlıq sindromundan qurtulmağın yolları haqqında Sokratın dili ilə müxtəlif axtarışlara cəhd edib.
Fəlsəfi düşüncələr müəllif kimi Tural Cəfərlinin yaradıcılıq dünyasına rəng qatır. Onu digər yazıçılardan fərqləndirir. Müəllif tərəfindən böyük həssaslıqla və incə yumorla yazılan "Sokratla çayxana söhbətlərim" romanında oxucuların dünyagörüşünə təsir edəcək əhvatlar, yanaşmalar da böyük əhəmiyyət kəsb edir. Və bütün bunlar bir yazıçı kimi Tural Cəfərlinin növbəti əsərlərinin uğurundan xəbər verir. Həm də yaxın zamanlarda bir müəllif kimi ona çoxsaylı oxucu sevgisi və marağı üçün zəmin yaradır. Yazıçı üçün də elə ən böyük mükafat oxucudur!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!