Xalq şairi Nəbi Xəzrinin iki şeiri üzərinə variasiya
Kənan HACI
Böyük şairimiz Nəbi Xəzrinin oxucular tərəfindən sevilən onlarla şeiri var. Əlbəttə, onun poeziyası küll halında XX əsr Azərbaycan ədəbiyyatının sərvətidir. Mən də uşaqlıq illərimdən Nəbi Xəzri şeiriyyətinin vurğunu olmuşam, neçə-neçə şeiri dilimin əzbəridir. Amma uzun illərdir ki, şairin iki şeiri yaddaşımda həmişə işıq haləsi kimi qalıb, içimi isidib. "Uşaqlıq köynəyim" şeirini ilk dəfə nə zaman oxuduğumu, bu şeirin təsirinə nə vaxt düşdüyümü dəqiq xatırlamıram.
Sandıqdan bir köynək
Çıxarıb anam,
- Bala, səninkidi - dedi bu axşam,
Baxdım...
Xatirələr
Axdı bir anda,
Ömrün ilk baharı, yazı göründü,
Qayıtmaz illərin
cığırlarında
İtmiş uşaqlığın izi göründü,
Dindi ilk arzular
İlk səhərimdə,
Yapışdı əynimə elə bil köynək.
Sanki birdən-birə çiyinlərim də
Qısaldı uşaqlıq çiyinləritək.
Udub kəndimizin yaz küləyini,
Gördüm: döngələrdə
Qanad açıram.
Geyib uşaqlığın boz köynəyini
Sanki uşaqlıqdan
Qaçır,
Qaçıram!
O anlar uzaqdır,
O anlar uca!
Neçə yol gül açıb çiçək saralıb,
İllərin yükündən
Saç ağardıqca,
İllərin yükündən köynək saralıb.
Sözümü illərə
Deyə bilsəydim,
Tanış cığırlarla qanad açardım,
Bu gün o köynəyi geyə bilsəydim,
Gələn qocalıqdan
Qaçar,
Qaçardım.
Şeiri bütöv halda təqdim etməkdən özümü saxlaya bilmədim. Necə əzbərləmişdim bu həzin, kövrək misraları? Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə bu şeir mənə daha da doğmalaşır, bir az da məhrəmlik qazanır. İndi anamın köhnə sandığında qoruyub saxladığı uşaqlıq köynəklərimə baxdıqca qeyri-ixtiyari Nəbi Xəzrinin bu misraları dilimdən qopur. Şeirdəki amansız həqiqəti dərk etmək üçün böyümək lazım imiş. "Uşaqlıq köynəyim" zamanla dərk olunan şeirdir və məhz ömrün bəlli aşırımında ürəyə toxunur, içimizdəki qaçılmaz hissləri poetik dillə bənzərsiz şəkildə ifadə edir. Bax, onda məna çənbərində vurnuxmalar başlayır, şairə bu misraları yazdıran duyğular fotolent kimi aşkarlanır. Şeir, sanki gələcək zamanın elçisi kimi müəyyən işarələr ötürür, təsvir olunan uşaqlığın hüdudunda səni gözləyir. Dəf olunması mümkünsüz olan qocalıqda bu köynək sənə uşaqlığını xatırladır və sarsıntı predmetinə çevrilir. Uşaqlığın əyani görüntüsü yaşanmış ömrün muzey eksponatı kimi daim göz önündədir.
Bu düşüncələr sadəcə, bir oxucu təəssüratıdır. Şeirdəki həqiqət o qədər aydındır və o qədər sadədir ki, heç bir izaha ehtiyac yoxdur. Di gəl, bu həqiqəti poetik fikir donuna bürüyəndə heyranlıq hissi yaranır. Oxucu qavramında saysız-hesabsız assosiasiyalar yaranır. Hər kəsin uşaqlıq köynəyi olub və bu əziz-girami köynək relikviya kimi nostalji hissləri körükləyir. Amma "Uşaqlıq köynəyim" şeiri məndə sözlə ifadə edə bilməyəcəyim duyğular yaradır. Keçmişin rəngləri, qoxusu - uşaqlıqla bağlı bütün təəssüratlar oyanır. Nəbi Xəzrinin şeirini mənim üçün müstəsna edən də bu həzin duyğu çalarlarıdır. Hər dəfə məni uşaqlığımla görüşdürür və mən bu görüşdən heç ayrılmaq istəmirəm...
İkinci şeir isə, "İsti qar" şeiridir.
Günəşli bir səhər... İsti yay günü...
Nədən ağappaqdır hər iz, hər cığır?
Bulud örtməsə də göyün üzünü,
Elə bil çovğundur, yağır, qar yağır.
Yay günündə isti qar yağmasını təsəvvür edin... İnanılmazdır. Növbəti misralara diqqət edək:
Yağır dərələrə, yağır düzlərə,
Alır qucağına bağı, bağçanı.
Qonur çiyinlərə, qonur üzlərə,
əgər bu qardırsa, soyuğu hanı?
Əlbəttə, qar soyuq olar, indiyə qədər isti qar görən olubmu? Bunu yalnız şair gözü görə bilər.
Qovaq çiçəkləyir! Bürkü yay günü,
Ağa bürünmüşdür hər iz, hər cığır.
Gör necə bəzəyib yerin üzünü,
Nə yaxşı qar yağır, isti qar yağır!
Misraların aramlı düzülüşü qar yağmasını imitasiya edir. Sözün möcüzəsinə baxın! Yayda da qar yağdırmağı bacarır.
Qışda təbiətdən aldığı qarı
Yayda elə bil ki, qaytarır qovaq.
Mən bu şeiri yayda deyil, həmişə qışda oxuyuram. Yaz həsrətinə bu yolla qalib gəlirəm. İçimdə həmişə isti qar yağır...
Buna görə sizə hər zaman minnətdaram, Əziz Şairim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!