İçimizdə yaşayan kitablar - Cavanşir YUSİFLİ - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

"... Bir-birini gözdən qaçırmadan birgə yaşamaq..."
J.P.Sartrın A.Kamü haqqında ölümündən sonra yazdığı yazıdan

 

1

Orhan Pamukun Kamü haqqında essesi bir məqamda məndə qəribə assosiasiya yaratdı. Pamuk bu essesində cavanlıq metaforasına (daha doğrusu xronotopuna) müraciət edir. Bəzi məqamlar ürəyimə yatmasa da (məsələn, Kamünün ölümünü bu cavanlıq çevrəsinin yoxa çıxması ilə əlaqələndirməsi; Kamünü dünyadan ağır bir sükut qocaldır və bu ağır sükut avtomobil qəzasında partlayıb bütün sirləri özü ilə aparır...), elə bu natamam ştrix ürəyimdə yeni, bəlkə də Pamukun essesinin boşluğunu dolduracaq anım yaratdı. Boşluqsa (mətn lakunları) hər bir bədii mətndə olur, daha doğrusu olmaması caiz deyil. Söhbət, əlbəttə ki, qüsur mənasında Pamukun essesinin natamamlığından getmir. Pamuk adı çəkilən essesində sözə belə başlayır ki, yazıçılara heç şübhəsiz, ilk öncə yazdıqları kitaba görə heyran oluruq. İllər keçir, o "ilk gün"ün xatirələri həmən kitabın bəlkə özümüzdən də xəbərsiz qəlbimizdə yaratdığı həsrət və qüssəylə birləşir, o təptəmiz hiss - heyranlıq bizi ölümə qədər müşayiət edən həsrətin toruna düşür. Beləliklə, sevdiyimiz, sevmədiyimiz, sadəcə bir təsadüf nəticəsində seçdiyimiz yazıçı həyatımızın bir parçası olur. Mən tələbə ikən Alber Kamünün burda fotosu gedən kitablarını dəfələrlə oxumuşdum və bacardıqca tərcümə eləmişdim. Kitabların forması o dövrdə mənim üçün çox orijinal idi, qışda cibimdə gəzdirir, yayda çantama qoyur, fürsət tapınca oxuyurdum. Bir də "Robinzon Kruzo". Daha sonralar Servantesin "Don Kixot"u -həm orijinalda, həm də müxtəlif dillərdə. Daha sonra Servantesin bu əsərindən də söz açılan "Sözlər və Əşyalar" kitabı. Mişel Fukonun. Ancaq Pamukun dediyi kimi, içimizə sirayət edən kitablardan danışaq. İnsanlarla dost ola, ayrıla bilərsən, sevərsən, ayrılarsan, amma yenə tək qalmazsan, çünki həsrət var. Ancaq kitabların içində yaşaması qəribə hisdir, səni heç zaman tərk etmir. Kitab olan adamlar da var, tək-tük. Hərdən öz-özünə açılır, örtülür, hərdən də şappıltıyla yerə düşür  və... burda yadıma amerikan yazıçısı, həyatdan gənc yaşlarında köçmüş Donald Bartelmin sözləri düşür:  sənət ona görə çətin deyil ki, çətin olmağa çalışır, ona görə çətindir ki, (incə) sənət olmağa can atır.  Son nəfəs qədər incəlmək, içi büsbütün həsrət və qüssəylə, dərdlə dolu nəfəs qədər.

Tomas Bernhardsa belə deyirdi: "... Sözlər hər kəsin fikirlərini dağıdıb xarabazara çevirir, kağız onları gülməli hala salır və hətta kimsə əvvəlki kimi kağız üzərində nəyinsə dağılmış və gülməli hala düşməsindən hələ də məmnundursa onun yaddaşı bu xrabazara çevrilmiş və gülməli hala düşmüş nəsnələri itirməyə özündə güc tapar. Kağız nəhəng bir şeyi bayağı şeyə, absurda çevirə bilir. Yəni, nəticə etibarı ilə bu dünyada hər şey gülüncdür, bayağıdır və ələ gələsi halda deyildir. Sözlər ancaq və ancaq fikirləri dəyərdən salmaq üçündür, bəzən belə təəssürat yarana bilər ki, sözlərin işi fikirləri dağıtmaq, gücdən salmaqdır. Konradın fikrincə sözlər hər şeyi gözdən salır. Dünyada istənilən depressiv hal da sözlərdən mayalanır." Bunu yadda saxlayaq.

 

2

... Sənətkar cavan yaşında dünyadan köçəndə yaşadığı şəhər, siqaret sümürə-sümürə, sevə-sevə addımladığı küçələr də qocalır, üzərini qırış basır, qırışlar gözünün altına yığışıb (onlar məhrəm yeri tanıyırlar-...) onu mühasirəyə alır, gözlər yox, işıq yox, məhz o qırışlar görünür. "Yad" romanında olduğu kimi. Mersonun anasının dəfninə gələn qocaların gözlərinin altını qırışlar örtüb. Bu adamlar ülfət istəyir, onlar adi bir könül xoşluğuna təşnədirlər. Ancaq o boşluq dolmur, getdikcə dərinləşir, insanın ürəyini yeyib qurtarır.

Şəhərin birdən-birə necə qocaldığının mənzərəsini ala bilmək üçün onun cavanlıq, yaşıl yarpaq dönəmini bilmək lazımdır.Yazıçı gələcəyə ünvanlanan böyük əsərlər yaradanda ardınca nəhayətsiz bir bədbəxtliyin süründüyünün fərqində olmur. Kamü Əlcəzairdə doğulmuş, orda böyümüş, məktəbə getmişdi. Nobel mükafatını alanda jurnalistlərdən biri anasıyla söhbət etmişdi. Anası jurnalistin "oğlunuz Nobel alanda hansı hisləri keçirdiniz" sualına "müəllimi eşidəndə çox sevinəcək" cavabını vermişdi. Bu müəllim ona Nobel nədi, dünyaları bağışlamışdı. Kamüyə sevgi sözünün bütün hərf və səslərinin qəlbindəki ecazın yuvasını göstərmişdi.

Yaxud Müşfiq, Lorka, Əli Kərim...

Bakıda Müşfiqin gəzdiyi küçələr, burulduğu döngələr, dostlarıyla görüşlər... Keçmişə dönüb bunları canlandırmaq mümkün deyildir. Elə bir güc, təxəyyül gücü mövcud deyildir. Ancaq deyək ki, Müşfiqdən kimsə roman yazsaydı, o roman mətnin virtual aləmində o görüşləri pıçıltısına qədər görükdürmək, təzədən dünyaya gətirmək olardı. Yəni, o mətn, o mətnin içində ayrı-ayrı detallardan düzəldilmiş güzgülər hansısa real yaşantının proyeksiyasını verə bilərdi. Müşfiqin yazdığı şeirlərin intonasiyasında cavanlığın aşıb-daşan həvəsi, gücü, enerjisi ilə sanki aqibətini görürmüş kimi bəxtinə ağı deməsi qəribə şəkildə birləşir. Çox gənc yaşında ona belə bir hiss hakim kəsilir ki, sanki Allahın verdiyi ömür başa çatıb, indi bir tamaşaçı kimi bu seansı izləyir, əli çatmadığından bütün daxili gücünü toplayıb şeirdəki sözü dəryanın lap dibindən tapılan incilərə bənzətməyə çalışır. Ancaq həyatdan gənc yaşında köçən insanların ruhunda heç kəsdə olmayan güc, enerji, əşyalara, onların varlığına qəribə şəkildə sirayət etmə bacarığı da yatır. Əlli səkkiz yaşında dünyadan köçmüş Tomas Bernhardın yuxarıda sitat evrdiyimiz sözləri xərçənglə mübarizə aparan Uilyam Qaddisin  gözlərini açır: "... Sözlər hər kəsin fikirlərini dağıdıb xarabazara çevirir, kağız onları gülməli hala salır və hətta kimsə əvvəlki kimi kağız üzərində nəyinsə dağılmış və gülməli hala düşməsindən hələ də məmnundursa onun yaddaşı bu xrabazara çevrilmiş və gülməli hala düşmüş nəsnələri itirməyə özündə güc tapır. Kağız nəhəng bir şeyi bayağı şeyə, absurda çevirə bilir. Yəni, nəticə etibarı ilə bu dünyada hər şey gülüncdür, bayağıdır və ələ gələsi halda deyildir. Sözlər ancaq və ancaq fikirləri dəyərdən salmaq üçündür, bəzən belə təəssürat yarana bilər ki, sözlərin işi fikirləri dağıtmaq, gücdən salmaqdır. Konradın fikrincə sözlər hər şeyi gözdən salır. Dünyada istənilən depressiv hal da sözdən mayalanır." Buna bir daha qayıdacağıq. Həmin sitat Qaddisin belə demək olar ki, yazıda inqilabi sıçrayışlarına əsas vermişdi. Onun romanlarındakı süjet və üslub qəlizliyi sadəcə texniki məsələ deyildir, Qaddis romanda təsvir və müəllif müdaxiləsindən ümumiyyətlə imtina edərək onu arasıkəsilməz dialoq formasında qurur, bəli, sitatda göstərildiyi kimi, sözlərin fikirləri dəyərdən salmasının qarşısını almaq üçün... Obrazlı şəkildə desək, kağızın mükəmməl şeyləri bayağılaşdırmasının qarşısını almaq üçün bəlkə də onu aramsız şəkildə ovcun içində xışmalamaq lazımdır... Qaddisin ülubunun  fəlsəfəsi məhz Tomas Bernhardın açdığı cığırdan keçir. Həm üslub fəlsəfəsi, həm də humanizmi. Avstriya yazıçısı Tomas Bernhardın bir şeirinin tərcüməsinə bu gözlə baxsanız, məsələ müəyyən qədər aydın olar.

Qarğa qarıltısı

Tutub saxladı məni.

Bu qarıltı içində

Bu qışqırıq içində

Düzü-dünyanı gəzib dolaşmalıydım.

Dayanmadan, gecikmədən….

Qarğa qarıltısı.

Tutub saxladı məni.

Dünən orda, çöldə oturmuşdu, donmuşdu,

Ürəyim onunlaydı.

Ürəyim qaralır, hey qaralırdı

Çünki

Özünü

Qanadı altında gizlətmişdi...

(İngilis dilindən tərcümə məqalə müəllifinindir)

***

Yazmaq həvəsini dəf edib mistika dünyasından gələn səslərə qulaq kəsilən şair, yazıçı ömrə bitmiş bir şey kimi tamaşa edir və buna məhkumdur. Bu kimi dəruni şeylər çağdaş nəsr təhkiyəsində tam fərqli formada özünü göstərir.

3

Çağdaş nəsr təhkiyəsi. Realla utopik gerçəklik, gerçəklə irreal arasındakı keçid açılır. Sel gəlmir, yox, baxıb görəcəyin qurumuş çaydı ancaq. Qurumuş çayın şırıltısı yerin altında qalıb. Dünyadan köçmüş adamlar var, haçansa deyəcəyi, ancaq heç cürə fürsət tapıb dilinə gətirə bilmədiyi sözlər yerlə göy arasında sahibsiz qalıb. Janrlar parodiyalaşır, başgicəlləndirici çevrilmələr... Hər şeyin kökdən qarışıb sarmaşması ancaq və ancaq bir şeyə - bəsitliyə işarə edir, utopik gerçəkliyin reallığın dilinə yiyələnməsi möcüzə, ecaz ... libasında görünən çılpaqlıqdır. Orhan Pamukun Kamü haqqında essesində sükutun insanı qocaltmasından bəhs edilir. Sükut həmin o çevrilmələrin son dayanacağıdır. Doğru bildiyin şeylər qarşısında susursan, dilin dönmür, həqiqətlər bizim klassik aşıq poeziyasının "dodaqdəyməz" şəklində içdən dağılır, üzünə baxırsan, hər şey yerindədir, cavanlıq gözlərə sürmə kimi çəkilib, içdənsə insan ağrıyır və bu keçmir. Kamüdən sonra amerikan yazıçısı Uilyam Qaddis bunu yeni texnologiya ilə üzə çıxarır, səssizcə üsyan edir, onun "Aqape, Aqape" romanı Kamünün sükutuna elegiya kimi səslənir. Mətnlərarası əlaqələr dünyanın nə qədər cılızlaşmasının masştabını göstərir.  Qaddisin "qotikası" Anarın "Göz muncuğu"nda bir daha təzahür edir. Qaddis də, Anar da cəmiyyətin tarixi prosesin fəsadları ilə şərtlənən nəfəs təngliyini tutub onu metaforalarla bəzəmək yolundan vaz keçirlər. Dünyada ilahi eşqin qəhətə çıxdığı, bir küncə sıxışdırlaraq suyunun çıxarıldığını, artıq arxivlərdə belə qərib olduğu müasir nəsr təhkiyəsində qəribə kəsişmələrlə rəsm edilir. Belə ki, müasir nəsr təhkiyəsi süni nəfəs aparatına bənzəyir hardasa. Nəqletmə təsvirlərdən qaçmaqla gözlənilməz sıçrayışlarla müşayiət olunur. Təhkiyə sıçrayışlarla irəliləyir, hər şey anidən başladığı yerə qayıdır, ağ kağızın üzərinə. Nikolae Popanın "Köçəri quşlar" hekayəsində olduğu kimi. "Bütün bunların, bax, elə indicə olacaq hadisələrin baş verə bilməsi üçün gözünüzü bu oxuduğunuz səhifəyə dikməli, bircə an da ondan ayrılmamalısınız. Bəyazlığın kağıza hopdurduğu ləkəsiz dərinlik hissinə rəğmən, səhifə hardasa bağlı, demək olar, havasız bir məkandır. Hərflər burda özlərini suda balıq kimi hiss edirlər, ancaq bu həm də tamam ayrı haldır: hərflər öyrəşib, uyğunlaşıblar, kağızən ağlığı elə onun havasıdır". Bu modeldə təhkiyə ləkəsiz dərinliyi olan havasız bir məkana bənzədilir, dərinlik artıqca xilas olmağın yolu aramsız çevrilmələrə rəvac verir. Adı çəkilən hekayədə bu dinamika dərinlikdə boğulan insanın əllərini suya çırpa-çırpa xilas olmaq cəhdini bəlləyir. Ancaq hərdən nəfəs dərməyə də fürsət yaranır: "...Ancaq indi gəlin bir daha varağın səthinə qayıdaq. Onun səmasının altında gördüyümüz hər şey bizi yorub əldən salmışdı, yaxşı olardı ki,baxışlarımızı hərflərin mürəkkəbinə büküb bir az da beləcə qalaq, səssiz-səmirsiz, necə ki, dənizdə quşlar bəzən dalğaların gətirdiyi tirlərin üstünbə qonub dincəlirlər."

Uilyam Qaddisin hər şeyin sona çatıb özünü tükətməsi və yeni, daha fərqli stadiyaya keçməsindən ağrıyla bəhs edən əsəri onun özünə qədərki əsərlərlə kəsişdiyi kimi,  onlarla dialoq formasını da yaşadır. Və bu daha çox təhkiyə strategiyasında ifadə olunur. Adı çəkilən hekayədə dəniz quşlarının dalğaların gətirdiyi tirlərin üstündə dincəlməsi də bu mənada başqa, tam fərqli təhkiyəyə keçid anlamına işarə edir. Metatəhkiyənin struktur etibarı ilə dağılması nəqletmənin daha çox özü-özünü təqlid etməsindən yaranan sıçrayışlar yolu ilə irəliləməsini  şərtləndirir. Özü-özünü təqlid zahirən gücün bitməsi anlamına gəlsə də bu, başqa bir müstəvidə enerjinin toplanması, özünü tam fərqli, modern düşüncəni ötüb keçən amplitudada əyaniləşməsidir.  Nikolae Popanın hekayəsində söhbət məhz düşüncəni ötüb keçən təhkiyyə massivlərindən gedir, ağ kağız məkanına havanın daha çox daxil ola bilməsi üçün onun üçbucaq formasını alması şərtdir (həm də ovucda xışmalanıb qırışması - ...). Nikolae içindəki oxucu düşüncəsinin diliylə deyir ki,  reallıqdan, yaxud ədəbiyyatdan nəyisə zor gücünə qoparıb atmaq olmaz. Aramsız yazılan mətndən aşağıdakı dərinlik qabarma və çəkilmələrin nəticəsidir, belə məqamların birində göydəndüşmə əşyalardan biri boy göstərib yarıuçuq divar, yaxud başı qoparılmış şahmat fiquru  şəklində peyda olur. Əşyalar bu mənada görünüşcə də sabit olmaya bilər. Təhkiyənin əvvəlində velosipeddə qəza törətmiş qadın və kişi axırda bayquş və leyləyə də dönə bilərlər. Təhkiyə müstəvisində peyda olan fiqurların hərəkəti, nəyisə aramsız olaraq axtarması məhz bu kimi çevrilmələrə yön verə bilmək üçündür. Müəllif bütün bunları təkbaşına düşünüb əyaniləşdirmək gücünə malik deyildir. Təhkiyədə aşkar və gizli oxucu səsi əsaslı rol oynayır, yəni hekayənin əvvəlində müəllifin oxucuya yönəlik (həm də ona yön vermək üçün) irəli sürdüyü "konsepsiya" (ağ kağızın ləkəsiz dərinliyi və havasızlığı, hər şeyi dörd divar və çərçivə içinə alması) oxucunun beyninə həkk olunmuş ən müxtəlif oxu strategiyalarının içindən keçib "emal edilir", mətnin şərhində (həm də özü-özünü şərhində) polifonik qat formalaşır. Bu aşkar və gizli oxucu səsi mətndə əsaslı dönüşlərin varoluşunda istiqamətləndirici funksiya daşıyır.  Məsələ burasındadır ki, bütün bunlar son nəticədə mətndəki üslub reyetsrini də əsaslı şəkildə dəyişdirir.

Hekayədə təsadüfi seçimlə müxtəlif detalları fərqləndirmək olar. Hekayənin içindəki sınıq güzgülər, əvvəldə və ortada kağız metaforası. Qəzaya uğrayan velosiped. Onun kəşf olunmasına dair qadının ehtimalları. ("...Qadın başını qaldırıb göy üzünə, daha dəqiqi, qara-boz buludlara baxdı. Sonra bir az özünə gəldi, barmaqlarıyla gicgahlarını ovuşdurdu, düşündü ki, əgər metal deyilən şey olmasaydı heç bu velosiped də olmazdı. Bu məqamda ilişib qaldı, təəccübləndi ki, çox böyük həqiqətlər bəzən necə sadə ola bilərmişlər."). Güzgünün hər bir sınmış parçasından gerçəkliyin bir anı, məkanın zamanla sulanmış ixtiyari fraqmentləri görünür. Hekayənin içindəki bu "gözlüklər" (qapılara vurulan gözlüklər, yaxud açar yeri...) gerçəkliyin fərqli məqamlarını görükdürməklə qalmır, həm də təhkiyəçini gizlədir. Diqqət edin: "...Oxucu olduğumu bildirməyimin vaxtı yetişdi.  Mən o adamlardanam ki, sənin diqqətini hekayənin əsas mövzusundan yayındırır, səni səhifənin dolaşıq düşdüyü yerə, mətbəə mürəkkəbin düşdüyü yerə baxmağa məcbur edir. Mən elə səhifənin bu dediyim üzündəydim və mən bu kimi şeylərdən qaçmağı da bacarıram. İstəsəm, bu hekayəni də sənin burnundan gətirə bilərəm. Yaxud onu elə bezikdirici tərzdə danışaram ki, sən onu axıracan oxumaqdan imtina edərsən. Ancaq dürüst olmaq istərdim..."

Təhkiyə strategiyası aramsız olaraq dəyişir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!