Elnarə QARAGÖZOVA
Mədəni fenomen olan postmodernizmin mif, folklor və irfanla müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır. Mədəni formaların transformasiyasını, mətnlərarası əlaqəni və hibridliyi vurğulayan postmodern ədəbiyyat mətndaxili eyhamlar, parodiyalar, dekonstruksiyalar, simvollar, sitatlar yaratmaq üçün folklordan, mifdən, irfandan intensiv şəkildə istifadə edir. Postmodern mətn yaratmağı qarşısına məqsəd qoyan yazıçı şəxsiyyət, tarix və mədəniyyət mövzularını dekanonizasiya, dekonstruksiya etmək üçün məhz bu materiallar üzərində yeni mətn yaradır. Folklor, mif və irfana postmodern yanaşma onun klassikləşmiş motivlərinin yeni kontekstdə, yeni formada təzahürünə və ədəbi mətnlərin, kontekstlərin hibridliyinin vurğulanmasına səbəb olur.
İlqar Fəhminin postmodern siqləti ilə seçilən "Çənlibel tülküsü" ədəbi layihəsinin "Koroğlu" dastanın dekonstruksiya olunmuş variantı olduğunu dekonstruksiyaya həsr edilmiş məqalələr silsiləmizdə qeyd etmişdik. Bu əsəri həm də müəllifin bəlli eposa yazdığı professional "fanat mətni" - "fan-fiction" kimi də qiymətləndirmək olar. İlqar Fəhmi bu trilogiyasında postmodern təhkiyəni mif-folkor-irfan üçbucağından məharətlə keçirərək müasir nəsrimizə tam yeni bir əsər qazandırmışdır. İlqar Fəhmi romanın konstruksiyasına qədim mifik-folklor elementi olan su ilə yanaşı, nisbətən daha "gənc" real-mistik obrazı - dərviş obrazını gətirir və bu obrazı trilogiya boyu inkişaf etdirir, pillə-pillə açır. Azərbaycan ədəbiyyatında dərvişlər iki cür - müsbət və mənfi kontekstdə göstərilir. Mənfi səciyyəli dərvişlər sehr və tilsimlə insanı daşa, quşa, heyvana çevirir, şər qüvvələrlə əlaqəyə girir, əvvəlcə övladı olmayanlara övlad verir, sonra onu oğurlayıb məhv etmək istəyirlər. "Üç bacı", "Qaraqaş" nağıllarında bu cür dərviş obrazları ilə qarşılaşırıq. Müsbət keyfiyyətlərə malik dərvişlər isə yolunu azanlara yol göstərir, qəhrəmanın yuxusuna girərək onun taleyini xəbər verir, insanlara tilsimləri sındırmaqda, sehrləri açmaqda kömək edir, sonsuzlara övlad verir. "Barxudarın bəxti" nağılında, Əssar Təbrizinin "Mehr və Müştəri" əsərində bu tip müsbət dərviş obrazı təsvir edilmişdir. İsa Hüseynovun "Məhşər" romanında da iki tip dərvişlərdən bəhs olunur: hürufi-sufi dərvişlər və Əmir Teymurun qara dərvişləri. Birincilər ilahi eşqin, haqq yolunun dərvişləridir, ikincilər isə casus və zülmkardırlar. N.Əbdülrəhmanlının "Yolsuz" romanında rast gəldiyimiz dərviş isə həyat burulğanında yolunu itirən insana əsl yolu və yolsuzluğun mahiyyətini anladan bir simvol kimi çıxış edir. Bədii mətnlərdə dərvişlər ara həkimi, ovsunçu, sehrbaz, cadugər, rəmmal kimi də təsvir edilir. Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsərində də dərvişlər məhz sehrbaz funksiyasını yerinə yetirirlər. Əsərdəki sehrbaz dərvişlər "Sehrbazlar dərəsi" adlı bir məkanı özlərinə sığınacaq seçir, təkcənəlik vaxtına keçərək özəl bir aura, zaman, məkan kontekstində mövcudluqlarını sürdürür, lazım gəldikdə, real həyata müdaxilə edirlər. "Sehrbazlar dərəsi"ndəki dərvişlər həm də gələcəyi görən rəmmallar kimi də təqdim edilir. Rəmmallığın kökləri insan cəmiyyətinin ən qədim çağlarına dayanır. Daima gələcəyi bilmək, olacaqları öyrənib onlara təsir göstərmək arzusu ilə yaşayan bəşər övladı gələcəklə təmasa keçmək, nələri isə dəyişmək, nələrdənsə xəbərdar olmaq üçün falabaxmanın bir sıra üsullarını kəşf etmişdir: 1. Piromantiya [odla]; 2.Morfoskopiya və ya fizioqnomoika [insan bədəninin quruluşuna görə]; 3.Arifmo-mantiya [rəqəmlərlə]; 4.Geomantiya [yerin titrəməsinə görə]; 5.Ofiomantiya [ilanlarla]; 6.Kritomantiya [böcəklərlə]; 7.Ornitoman-tiya [quşlarla]; 8. Katanstromantiya [güzgü ilə]; 9. Oneyroskopiya [röyalara əsasən]; 10. Presmologiya [vəhylə]; 11. Nekromantiya [ruhların verdiyi xəbərlərə əsasən]; 12. Kokinomantiya [ələklə].
Azərbaycan ədəbiyyatında təsvir edilən dərviş obrazları bu üsullardan bir neçəsini tətbiq edirlər. Azərbaycan nağıllarında və dastanlarında sehrbaz dərvişlər əsasən, piromantiyadan istifadə edir, içində köz olan manqalla fala baxırlar. "Kitabi-Dədə Qorqud"da və başqa dastanlarımızda oneyroskopiyanın izlərinə rast gəlirik. Məsələn, Qazan xanın "qara qayğılı" röyasında olduğu kimi. Dədə Qorqudun öngörmələri isə presmologiyaya misal ola bilər. M.Seyidov onun ön görmələrini odla əlaqələndirir və qeyd edir ki, ümumiyyətlə od, günəş gələcəyi görməyə bir vasitədir. K.Abdullanın "Sehrbazlar dərəsi" əsərində isə Səyyah Sehrbaz nekromantiyadan istifadə edir.
İlqar Fəhminin romanında isə dərvişlər sadəcə, tərki-dünya insanlar, sehrdən xəbərdar, irfana varmış şəxslər deyil, həm də fiziki cəhətdən güclü hazırlıqlı əsgərlərdir. "Mustafa bəy müridlərdən ikisini yanına səslədi. Onlar yavıq gələnəcən Keçəl Həmzə dedi: - Bəy, bəlkə bizim dəlilərdən də bir-ikisini qoşaq onlara, başlarına qəza gəlməsin.
Mustafa bəy gülümsündü:
- Sən bunların xırdalığına baxma. Gərək olsa, hər biri sizin beş dəlini qatlayar. Bunlar Xəlifət-əl-Xülafanın ən etibarlı müridləridir." Yaxud əsərin başqa bir yerində Mustafa bəy Qara Mahmud haqqında bildiklərini söyləyərkən məlum olur ki, dərvişlər həm istintaq prosesində, həm də əks-kəşfiyyatçı kimi də istifadə olunur. Deməli, dərvişlər həm də Səfəvi dövlətinin gizli polis qüvvəsi kimi fəaliyyət göstərirlər. "Axırda belə tədbir tökdük ki, bir üsulla onun dəstəsinə öz adamımızı yeridək. Müridlərimizdən birini əsir etdiyimiz iki quldurla bir zindana saldıq. Sonra işi elə qurduq ki, guya bizim mürid zindandan qaçmaqda quldurlara kömək elədi. Onlar qaçanda istədik izliyək, fikirləşdik ki, duyuq düşüb bizim müridə xətər yetirərlər." Sufi simvollarından biri olan yüsuç təsbeh də dövlət işlərində gizli kodlaşdırılmış məlumat daşıyıcısı kimi istifadə edilir. "Xülasə, bir xeyli gözləsək də, bizim müriddən səs-soraq çıxmadı. Əvvəl elə xəyal elədik ki, binəvanı quldurlar öldürüb. Bu zaman onun göndərdiyi bir namə yetişdi. Yazırdı ki, mənə çox etibar eləmirlər, möhkəm göz qoyurlar, heç vəchlə şübhələrini dağıda bilmirəm. Onunçün də namə yazmaq mümkün olmur. Namənin də sonunda yazmışdı ki, basqın olan yerdə təsbeh axtarın. Təsbeh sözünü eşidən kimi, Həmzə biixtiyar bir az yerindən qalxdı:
- Nə təsbeh?
Mustafa bəy bir qədər tərəddüd keçirəndən sonra, nəhayət, dilləndi:
- ...Sufi müridləri gizli xəbər göndərəndə yüsuç təsbehin üzərində hərflər cızırlar ki, işdi, qasid ələ keçsə, heç kəs onun nəsə vacib xəbər apardığını bilməsin." Romandakı təsbeh simvolu bununla yekunlaşmır. Qara Mahmud tutulandan sonra Çənlibel məscidinin mollası Molla Mahmud romanda Koroğlunun məsləhətçisi kimi göstərilən və Qara Mahmudun ifşa olunmasında mühüm rol oynayan Keçəl Həmzəyə iri dənəli mərcan təsbehini hədiyyə edir. Əgər dərvişlərin təsbehi gizli, kodlaşdırılmış məlumatın daşıyıcısıdırsa, Molla Həbibin Keçəl Həmzəyə bağışladığı təsbeh daha çox mifik-mistik səciyyəlidir. "Həmzə, bu təsbehi Kəbeyi-ülyada mənə Məkkənin şeyxi bəxş eləyib. Mən də sənə ənam verirəm. Öp, qoy gözünün üstünə. Bu təsbehə toxunan əllər haram tikəyə yaxın durmaz, şeytan əməlindən yapışmaz. Haçan ki, bu təsbehin mərcan dənələrindən biri partlayıb sınsa, bil və agah ol ki, yaxın vaxtda sənin başına böyük-böyük fəlakətlər gələsidi. Qabaqcadan işini bil və hər cür qada-bəlaya müntəzir ol ki, fələk səni naqafil haqlamasın".
Azərbaycan postmodernizmində mif-folklor-irfan üçbucağı mühüm ədəbi mənbə və əsas poetik element statusundadır. Postmodern ədəbiyyatımızda, özəlliklə Kamal Abdullanın, İlqar Fəhminin, Orxan Fikrətoğlunun əsərlərində bu motivlər, obrazlar müasir üslubla, modern texnikalarla sintez edilərək ənənəvi və müasir ədəbi irsi birləşdirən yeni əsərlərin yaradılmasında istifadə olunur. Azərbaycan ədəbiyyatının postmodern nümunələri sübut edir ki, postmodernizmlə mif-folklor-irfan üçlüyünün müxtəlif ədəbi-mədəni kontekstlərdə qarşılıqlı əlaqəsi və kəsişmə nöqtələri ədəbiyyatımıza yeni, mürəkkəb, çoxqatlı əsərlər qazandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!