Səlim Babullaoğlunun "İyul" şeiri onun 13 şeirlik "İlk hərfi itmiş cümlə" kitabında xüsusi imtiyazlı, 7-ci yer tutur; bu anlamda simmetrikdir. Elə indi bir neçə vacib qeyd də eləmək lazımdır: əvvəla, kitab həm də "poetik təqvim"dir, ikinci başlıqları miladi kalendardakı ayların adını daşıyan 12 şeirdən başqa hicri təqvimin xüsusi ayının - "11 ayın sultanı" Ramazanın adıyla da bir şeir var ki, həmin şeirin əsas adı, başılığı belədir: "Əvvəlinci ayın şeiri". Nəzərə alsaq ki, hicri təqvimdəki hər bir ay bizim işlək, cari miladi kalendarda hər il 10 gün yer dəyişdirir, onda bu dediklərimiz, yalnız bir şeirindən bəhs edəcəyimiz kitabın orijinal strukturu ilə bağlı ilk və bəlkə də ən vacib qeyd olacaq.
Şeirin süjeti ilk oxuda çox adi görünür, sadədir: şair kafedə əyləşib və dostuna məktub yazır, bir az özündən, bir az onu və bizi əhatə edən məişətdən yazır, dostunun işləriylə, sağlamlığı, qayğılarıyla maraqlanır, hansısa tövsiyələr verir, nəsihət edir. Amma 190 misralıq bu uzun şeirin son sətirləri qəfil üzə çıxarır ki, şair güzgü qarşısında əyləşib özünə məktub yazırmış:
Mənsə həmin kafedə,
Qarşıda kirli güzgü,
Sənə yazırdım, dostum...
Beləliklə, biz dərin refleksiv mətnlə (qədim latınca "reflexio" - "geriyə, keçmişə ismarış"dir) üz-üzə qalırıq ki, buradakı refleksiya yalnız şüurun öz-özünə müraciəti, qayıdışı deyil, həm də şeirin oxucunu təkrar, ikinci, bu dəfə isə final puantı - tapmacanın mabədini ağlında tutaraq oxuya sövq etməsi(ndə)dir.
Yaxşı şeir ("İyul" isə məhz belədir) həm də həmişə ötürülən informasiyanın vacibliyini nişan verən təkrarlar sistemi kimi təşkil olunan şeirdir. Struktur səviyyəsində ritmik payların təkrarı - ölçü, fonemin təkrarı - alliterasiya, misranın sonunda səsləşmənin təkrarı - qafiyə, qafiyə sxeminin təkrarı - bənd, "yad sözlər" - intertekstuallıq yaradır. Hər şeyi bir qədər sadələşdirsək, belə demək olar ki, yaxşı mətn təkrar oxumaq istədiyin mətndir. "İyul" yeddiliklə yazılıb, Azərbaycan şeirinin ən nəğməli, xəlqi, "uşaq" ölçüsüylə. "Ölçüylə hüdudlanmış, ram edilmiş kədər barışqanlıq və təvazönün, hətta bəlkə də bütün şeir sənətinin cari təyini, adı deməkdir". Oden haqqında Brodskinin bu sözlərini Səlim Babullaoğluya, xüsusən də, "İyul" şeirinə aid eləmək olar.
***
Yeri gəlmişkən, "İyul"un strukturu, bəlkə bir az da arxitektonikası ilə bağlı daha bir neçə qeydi də yazının elə bu yerindəcə qeyd eləmək yerinə düşər. Artıq deyildiyi kimi, bu uzun şeir "ənənəvi yeddilik"lə yazılıb; amma məsələ budur ki, Babullaoğlu həm də ənənəni pozub, adətən çarpaz və ya paralel qafiyə sxemi ilə yazılan yeddilik və 4 misralıq bəndlərə 5-ci misranı əlavə edib. Yox, bunun Azərbaycan şeirində, ədəbiyyat tarixində rast gəlinən "beşlik"lə əlaqəsi yoxdur. Bu sonuncu, beşinci misra ilə 4 misranın (vərdiş edilmiş bəndin) arasında birsətirlik ara, interval var. Məhz o "təklənmiş" beşinci mirsa çox vaxt (demək olar, həmişə) əvvəlki dörd misralıq bəndin əsas əqli nəticəsini ya ifadə edir, ya da əgər etmirsə, demək, bir sətir əvvəl söylənmiş bəzən sual, bəzən qətiyyətli nida kimi əvvəlki mətləbləri mütləq hədsiz gücləndirir; yaxud ona xəfif ironiya dolu kədər gətirməklə hissi mənada bitkinləşdirir. Hərçənd maraqlıdır ki, "İyul" həmin o tək misralar da olmadan oxuna bilir, amma oxunarsa, şeirin ovqatı, hissi çaları mütləq dəyişmiş olur. Sanki müəllif özü o tək misradadır, bütün şeirin canına hopmuş tənhalıq o tək misrada həm də vizual olaraq görünür. Elə bil, dünya o dörd misra, təklənmiş, tənha adam - müəllif isə o tək misradır, dünyadan bir sətirlik ara ilə uzaqda dayanıb.
Məqamıdır, deyim: Səlim Babullaoğlu əvvəlki poetik təcrübələrində bəzən 21-lik, 25-lik, 27-lik və daha artıq hecalarla qafiyəli şeirlər və verlibrlər yazıb (4 versiyada qələmə alınmış uzun "IX hissə"də olduğu kimi) ki, bu da Azərbaycan şeirində ona qədər rastlanmayan hadisədir. Elə həmin "IX hissə"də Səlim Babullaoğlu ənənəvi yeddilikdə yazılmış formalarla, konkret desək, onların ən bilinən növlərindən olan bayatıyla eksperiment edib, uzun misraların xeyli "yorucu" oxusundan sonra oxucu üçün balaca, fərqli nəfəslik açıb:
Dağlarda duman var,
Bir özgə güman var.
Yun kimi didilər,
Hələki aman var.
Sanki bayatıdır, amma 7-lik yox, 6-lıqdır.
Deyilənləri belə ümumiləşdirmək olar: Babullaoğlunun poetik kredosu həm də milli şeir vərdişlərini, klişe halını almış ölçü və sxemlərini inkarla yox, onlara əlavələr etməklə pərvəriş tapır ki, "İyul" da bütünlüklə belədir.
***
Və biz "İyul"u ikinci, bu dəfə isə ismarıc kimi yox, özünəismarıc, özünün özünə məktubu kimi oxuyuruq. "Polkovnikə heç kim yazmır"da (təkcə Markesin povesti yox, Səlim Babullaoğlunun şeir toplularından biri və o topludakı bir şeir də belə adlanır) o özü-özünə yazır. Özün üçün gələcəyə məktub - psixoterapevtik metodlardan biridir. Amma şairçün gələcək - bu daim(i)dir, "çünki şeir heç vaxt köhnəlməyən xəbərdir" (deyəsən, Ezra Paunddandır). Xəbərlə bağlı bu sitatın "İyul"un ilk bəndində bəraəti də var:
Bu adi sətirləri
Sənə həmin kafedən
Qəzet üstdə yazıram...
Bu sətrlər həm də eyham edir ki, qarşımızdakı palimpsestdir - qədimdə daha əvvəl bir dəfə eyni məqsədlə istifadə edilmiş perqamentdəki yazı, əlyazma məhz belə adlanırdı. Postmodern çağda isə palimpsest ümumiyyətlə mədəniyyətin sinoniminə çevrilib. "İyul"un birinci və sonuncu bəndləri, sətirləri məna qafiyələri təşkil edir: daha əvvəl ağ, təmiz kağız olmuş qəzet səhifəsi "kirli güzgü" ilə qafiyələnir.
Özünəisamrıc janrı avtoepitafiya (=özünə ağı) ilə qohumdur. "Avtoepitafiya daha çox səyyaha, yolçuya, yoldan ötənə müraciətdir ki, yaxınlıqdan ötənlərə xitablarla bəzənən məzar daşları hələ antik dövrdə dəbdəydi..." .
"İyul" da belədir, həm müəllifin öz-özünə, həm də kitabı tən ortadan açan təsadüfi oxucuya müraciətdir.
Refleksiflik/reflektivlik , keçmişə ismarıc, güzgülülük "İyul"un bütün quruluşuna sirayət edib.
İkinci bənddə oxuyuruq:
Beş milyonluq bir şəhər:
Yəni çoxalmışıq biz.
Sayımızla sərasər
Artıbdı təkliyimiz.
"Güzgülər və cinsi əlaqə iyrəncdir, çünki adamları çoxaldır" deyə Borxes yazırdı.
Oxuya davam edirik:
Efirdə nə ikona,
Nə Quran yazısı var.
Reklam olunur kola,
Mavilər, narıncılar,
Okey, mersi mikonəm...
Televiziya, televizor peyda olandan sonra güzgünün daha bir görünən metaforası aşkarlandı. Fars dilindəki "mikonəm", Quranın və kolanın xatırlanması, on-on beş ilə əvvəl yayılmış bir "memi" yada salır: İranda bir konspiraloji nəzəriyyə, fikir meydana atılmışdı ki, guya "geriyə, yəni güzgüvari oxunan "Coca cola" yazısı, "Məhəmməd yoxdur, Məkkə yoxdur" sözlərini əmələ gətirir.
Bir bənd sonra oxuyuruq:
Otuz gümüşə satdı,
Eh, Məsihi İuda.
Bu sətirlər "İyul"un "güzgülüyü" anlamında "Varnava İncili"ni xatırladır. Bu apokrifə görə İsa çarmıxa çəkilməmiş, onun yerinə həbs zamanı özünün də xəbəri olmadan İsanın görkəmini almış, hətta onun səsiylə danışan İuda (İskariotlu Yahuda) edam edilmişdi; İsanın özünü isə dörd mələk diri, sapsağlam üçüncü göyə (göyün üçüncü qatına) götürmüş, qaldırmışdılar (215 fəsil).
İki bənd sonra oxuyuruq:
Dost dostun güzgüsüdür.
Dərin inanca sahib şairin şəxsiyyəti, kimliyi bu sətirləri sufiyanə yozuma yol açır: Allah və ona iman edən - bir-birini əks edən güzgülərdir. Üstəgəl, Rumi və Şəmsin də dostluğu yada düşür. Bu allyuziya bir neçə bənd sonra rast gəlinən "aşıq" və "məşuq" sözləri ilə təsdiq olunur.
Növbəti bənd xüsusən diqqət çəkir:
Yazma, qonşu otaqda
Həmkarların... hər nəysə...
Təki onlar yarısın:
Hətta yanlış xəbərlər
Ünvanına düz çatsın...
Semiotik nöqteyi-nəzərdən əlaqə kanalından keçərkən, "səs-küy basqısı"na məruz qalmaqla təhrif olunan istənilən informasiyanı "göndərən" və "qəbul edən" vardır. Göndərilən sözlə qəbul edilən söz prinsipial olaraq bərabər deyillər. Amma yalan, yanlış informasiyaya tuşlanmış əyri güzgü metaforası paradoksal şəkildə bu yalanı həqiqətə çevirir.
Növbəti bənddə şair yazır:
Yaz ki, qadının susur,
Deməli, sevir hələ.
İkiməchullu düstur
Pozulmayıb məhlədə,
yaz ki, sən də sevirsən.
Qadın və kişi fiqurundan ibarət tənlik: x=y. Yenə də bərabərlik işarəsinin yaratdığı güzgü effekti. Başqa tərəfdən, gənc, yeniyetmə sevgililərin öz adlarının baş hərflərini yazdıqları, bərabərlik işarəsindən sonra ürək şəkli cızılan divar yazılarına az rast gəlməmişik...
Allah və insan arasındakı sevginin güzgü əksi ər-arvad arasındakı sevgidir həm də.
Bir bənd sonra oxuyuruq:
Söylə, yenə xəritədə
Öz ölkəni görürsən.
Coğrafi xəritə - müəllifin çox sevdiyi vətəninin kiçildilmiş miqyasda əks olunan daha bir güzgüsüdür.
Çoxşəkilli güzgü simvolikası "İyul"da özünü bütünlüklə faş edir. Bu simvolu, bu rəmzi həm müsbət, həm də mənfi tərəfdən yozmaq olar. Məhz bu çoxşəkillilik, hətta bəzən təzadlılıq yaxşı şeiri yalnız biryozumlu olan pis şeirdən fərqləndirən cəhətdi və öz növbəsində, şeiri poeziya məkanından alıb birgünlük qəzet yazısı (informasiyası) olmaqdan qoruyur da.
Bəzən güzgü "İyul"da bəd, öz sonunu tanımayan məchul sonsuzluq kimi də çıxış edir. Ancaq Babullaoğlu inanclı adamdır, Başlanğıca və Sona inanır.
Bu bəd sondan və sonsuzluqdan qaçışın yerüstü imkanlarından biri də imtinadır:
Eləcə gözünü yum...
Ya da:
Suyu bağla və yetər...
Sona doğru güzgülülük yeni yarımçalarlar qazanır. Bir ailənin üç nəsli - şairin atası, anası, özü və xanımı, oğlu və qızı birini əks edirlər.
Güzgü arxasında saflıq boylanan açıq qapılara dönür:
Yaz ki, hələ qapılar
Açılır və örtülür.
Qapıların dalında
Totuq körpələr gülür,
Yatır yumaq qarılar...
Bu uzun şeirin bütününə sakit bir alicənablıq, vasitəli nitqlə ifadə olunan ritorika xasdır: şair özü haqqında "mən"siz danışır, sayıqlıqla məsafə saxlayır, xoşagəlməzliklərdən "yazma ki" deyərək bəhs edir.
"İyul"da sualla bitən bir neçə poetik fraza var ki, onlardan ən vacibi budur:
Bəlkə, qaçaq günahdan?
Bu sual daha əvvəl rast gəlinən, yerüstü, məişət zəminində - borcların yazıldığı dəftəri nəzərdə tutaraq xatırlanan "qara dəftər"lə möhkəmlənir. Amma şairin böyüklüyü ondadır ki, o adi, yerüstü detallar və ifadələrlə daha böyük ideyalara, şəraitə işarə edir. Və belədə, "qara dəftər" mələklərin sol çiyinlər üzərində qeydə aldığı günah siyahısında allyuziya kimi görünür.
Beləliklə, əsas sual səslənib, verilib. Amma ona cavab da verilib. Dostluq, Allaha, yaxınlara, vətənə və sözə sevgi şairin qəlbini kamillik dərəcəsində işıldadır, dünyanı eybsiz göstərən, görən ilahi güzgüyə çevirir.
Bunun sonuncu əlaməti isə haqqında geniş bəhs etdiyim "İyul" şeirinin şairin 38 yaşında 38 (4+1 misralıq) bənddə yazmasıdır. Yəni, sonuncu güzgü: ya ömrün mətndə inikası; ya da mətnin ömürdə əksi.
Səlim Babullaoğlu
İyul
Adətən şeirləri
yazırlar ağ səhifədə.
Bu adi sətirləri
sənə həmin kafedən
qəzet üstdə yazıram.
Beş milyonluq bir şəhər:
yəni çoxalmışıq biz.
Sayımızla sərasər
artıbdı təkliyimiz -
xüsusən də gecələr,
adamlar köç edəndə
yerin həndəvərindən
vəhşi yuxularına,
anlayırsan dərindən
onların xorultusu sözütək mənasızdır.
Yalquzaqtək bir ağız
ulamaq keçir onda
könlündən, amma kağız
yazıqdır və dilsizdir.
Və beləcə batırıb səsini öz içində -
o böyük, qərib Çində
söz edirsən söyüşü.
Bilirsən ki, çoxunun
öz-özüylə döyüşü
bitibdi başlamadan, indi isə bax, budur
efirdə nə ikona,
nə Quran yazısı var.
Reklam olunur kola,
mavilər, narıncılar,
okey, mersi mikonəm.
Məddahlar bağ evində,
Nəsimi Hələbdədir.
Həyatda və "fm"də
yalnız səs-küy dəbdədir,
ucuz rep və meyxana.
Otuz gümüşə satdı,
eh, Məsihi İuda.
Maliyyə böhranıdı
ölkədə və dünyada -
şərhə varmı ehtiyac?
Düzü, kefim və halım,
Əslində belədir, bax.
Şükür ki, sağdır hamı,
Qalanı hamam və tas,
şəhər... tünlük... basabas...
Odur ki yazma sən də
dünyadan və ölkədən.
Kefim bir az düzələr
belə olsa, bəlkə də:
dost dostun güzgüsüdür.
Söhbətə başqa söhbət
dostum, qatıb da yazma.
Yaz: uşaqlar necədir,
keçib getdimi astma?
Dərmanların bitdimi?
Yaz ən adi şeylərdən,
qızılgül gərdisindən.
Nəbadə yazmayasan
fələyin gərdişindən,
bunu nənəm də bilir.
Yaz ki, saçın uzanıb,
tüklənib arıq üzün.
Tükənibsə də pulun,
qara dəftər ki durur,
hər gün bərbər günüdür.
Yazma, açıq krandan
gecə su damcılayır;
tappatuplar, qorxular
içini qamçılayır -
suyu bağla və yetər.
Bəlli ki, hər saz çalan
Ələsgər, Cünun deyil.
Yediyimiz çörəkdə
hər şey su və un deyil,
od, zəhmət, Yaradan var.
Sanma, səni bir kimsə
nə anlayır, nə duyur.
Hər bir bilməyin altda
bir az günah uyuyur;
bəlkə, qaçaq günahdan?!
Onsuz da döyənəklər
iş nədir - yaxşı bilir.
Ürək - döyünməkdirsə,
yalnız saatdır, demək -
olmasaydı ağrılar.
Yaz ki, uşaq paltarı,
bax, hələki ipdədir,
guya qara sancaqlar
paltarları dişlədi
və sən də ufuldadın.
Yazma, qonşu otaqda
həmkarların... hər nəysə...
Təki onlar yarısın:
hətta yalan xəbərlər
ünvanına düz çatsın.
Sorma insan haqları,
terror, rejim və sair.
Nolar, yaz Müşfiq kimi
bir az aşiqə dair,
bir az məşuqa dair.
Yaz ki, qadının susur,
Deməli, sevir hələ.
İkiməchullu düstur
pozulmayıb məhlədə,
yaz ki, sən də sevirsən.
Yazma ki, qan axıtdıq,
demə buymuş istiqlal.
Yaz ki, göydə hilal var,
var yerdə isti qumsal.
dərin bir ayaq izi yazma ki, yoxdu, dostum.
Söylə, yenə xəritədə
öz ölkəni görürsən.
Sən də Sərhəd kişitək
bundan qürrələnirsən.
Bundan yaxşı nə var ki...
Yazma, qonşu hasardan
görünən kənd evləri
kasıb, nimdaş, uçuqdur,
dərdlidir sakinləri.
Yaz ki, xoşbəxtdir onlar.
Yazma, mavi Mərmərə
dönüb qan çanağına.
Ay, qumsallıq, mənzərə
insan qanacağına
hələ çox umudludur.
Yaz ki, günəbaxanlar
sarıdır, qürurludur.
Yaşıl boranı tağda
dünya kimi yumrudur,
həm də sülh içindədi.
Yaz, dostlar qocalmayıb,
qamətləri dimdikdir.
Yerişləri yorğadır,
burunları dimdikdir,
şığıyırlar qırğıtək.
Yazma, isti bezdirib,
göz deşir yenə xəzri -
unutma, yaydır, dostum,
eləcə gözünü yum,
düşün ki, əsməlidir.
Yaz ki, qayınatanın
çayında yarpız da var,
bostanında qarpızlar.
Üstündəki zolaqlar
görüşür saplağında.
Nolar, danadişilər
qoy gəmirsin ləkləri.
Axı çağdır damağı
arıyla böcəklərin,
oxuyurlar sevgiylə.
Yazma, artıb qayğılar,
demə: dünya fanidir.
Mənası başqalaşar,
sözləri tək-tək dindir:
dünya...fani...qayğı...çox...!
Yaz ki, aslan oğluna
öyrətmisən üzməyi.
Yaz, öyrədib anası
qıza naz eləməyi
köynəyi tikə tikə.
İş görür uslu-uslu,
yaz ki, ayüzlü anan.
Yaz, zəhmkar duruşlu
atan gizləmir artıq
yuxa qəlbini səndən.
Yaz ki, hələ qapılar
açılır və örtülür.
Qapıların dalında
totuq körpələr gülür,
yatır yumaq qarılar.
Nə qədər bir kimsə var
yaz ki, yada salmağa
tənha deyil adamlar,
heç kim unudulmayır:
sən də, mən də, onlar da.
Yaz, samovar istidir,
dikdir şamtək ağ tüstü.
Meynəlik divar dibi
bu sərin axşamüstü
gözləyir qonşuları.
Dolu yaşandı iyul,
yaz: yazı tək sətriylə.
Qönçələr də duyulur
çəməndə gül ətriylə,
hətta gendən, uzaqdan.
Adətən ağ səhifədən
yazırlar... eh, nə fərqi...
Mənsə həmin kafedə,
qarşıda kirli güzgü,
sənə yazırdım, dostum.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!