Fələstin şairi Mahmud Dərvişə görə, poeziya mənəvi dərman idi. Sözü döyünən ürək, alınan nəfəs kimi hiss etmək poeziyanı da mənəvi dərman kimi görmək deyilmi? Poeziya haqda çox söz deyilib və deyilməkdədir. Onu ruh dostu zənn edənlərdən biri də Pərvanə Bayramqızıdır. O da yaşadıqlarını, gördüklərini, hiss və həyəcanlarını poetik ovqatla təsvir edərkən məhəbbət, xoş günlər kimi problemə, çətinliyə də münasibətini bildirir. Bu çətinlik tək ayrılıq, xəyanətdirmi? Sözlə çəkilən bu bədii rəsmdə P. Bayramqızı lirik qəhrəmanının onu qane edən və etməyən cəhətlərindən söz açır. "İnciklik" şeirində lirik qəhrəmanından niyə incik düşməsinə nəzər yetirək:
Dağ deyilsən, sən xırdaca təpəsən,
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?
Gözdən axan yaşlar mavi gölümdü,
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü...
Öz qəbrimi əllərimlə qazmışam.
Göz yaşlarını mavi gölə bənzədən Pərvanə Bayramqızı bu gölün bölünməsinin timsalında məhəbbəti də ölümə bənzədir. Arzular həyata keçməzsə, məhəbbətin sonu ayrılıq notları ilə bitərsə, nələr olar?
Dərd gözləyir məni hələ qabaqda,
Öləziyir ömrümdəki çıraq da,
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.
Küsdüm bəxtdən, eşitdikcə dilini,
İtirmişəm ömrümün çox ilini,
Sızıldatdın ürəyimin telini,
Qəm üstündə köklənən bir sazmışam.
Dərd gələrsə, başqa nələr olar? O, dərd gözlədiyi vaxt ömür çırağının öləzidiyini bildirir. P.Bayramqızı o notların bu ağrı, acını yaşadaraq ürəyinin tellərini sızıldatdığından söz açır. Qəm üstündə köklənən sazla ürəyi riqqətə gətirmək, onu dinləyənə xoş ovqat bəxş etmək olarmı?
Ömür - ən şirin yuxu
Bəzən xəyallarımız belə deyək, suya düşəndə əlimiz hər şeydən üzüləndə ümid göylərə - Yaradana qalır. Ondan kömək istəmək üçün əllərimizi göylərə açır, ürəyimizdən keçənləri, arzularımızı, istəklərimizi bildiririk. İstəyirik ki, həyatımız da təbiət kimi gözəlliklərdən xali olmasın. Bəzən göylərə əl açdığımız zaman təbiətin gözəlliklərini də yenidən görür, hisslərimizi bu gözəlliklərdən gizlətmir, ondan yenə zövq alırıq. Hələ gördüklərimizi Sözlə ipə-sapa düzmək istəyi də varsa, bu gözəllikləri görməmək olarmı? "Bu axşam" şeirində onun buludlardan gözlədikləri təsvir olunur:
Hər yağış damlası min kəlmə, min söz,
Göy nağıl söyləyir yerə, bu axşam.
Buludlar çaxnaşıb yandırır köz-köz,
Təbiət sirrini verə, bu axşam.
Söz ilə həyat təsvirlərinin tərənnümünün poetik ovqatla ifadəsi poeziyanın "mənəvi dərman" olduğunu bir daha göstərir. Gördüklərimizdən, görmək istədiklərimizdən bəhs edən şeirlər çox vaxt oxucuya ümid verərək sublimasiyaya çevrilmirmi?
Ömrümü ən şirin yuxu sanıram,
Göyün nağılından xumarlanıram,
Deyirəm, sehrli bir dünya quram,
Ruhumu gözlərim görə, bu axşam.
Bu duyğu, bu ilham qonağım ikən,
Bar verən bəhrəli bağlar kimiyəm.
Bağbantək sevinclə, zəhmətlə qələm
Könlünün barını dərə, bu axşam.
O, ömür şirin yuxuya çevrilərsə, göyün nağılından xumarlanaraq sehrli bir dünya qurması və ruhunun gözlərini görmək istəyi haqda fikirlərini bölüşür. Bu duyğu, ilham qonaq olduqda isə sevinclə zəhmət bir arada görünür.
"Hicran-tufan kimi..."
Pərvanə Bayramqızı "Gəlimmi?" şeirində lirik qəhrəmanı üçün keçilməz sədləri keçəcəyini, hər əzaba qatlaşacağını və sonda onun yanına gedəcəyini deyir. Məhəbbət varsa, sevdiyin üçün hər əzaba qatlaşmalı deyilsənmi?
Hicran tufan kimi kəsdi yolumu,
Üzdü əllərimdən əlini sənin.
Qırıb ayrılığın dəmir qolunu,
Təzədən yanına gəlimmi sənin?
Bir ömür gizlicə bir eşq yaşadım,
Bu peşə sayılsa, ustaddır adım.
Dönüb köhnə izlə hey addım-addım
Təzədən yanına gəlimmi sənin?
O, ayrılığın dəmir qolunu qırmaq bahasına lirik qəhrəmanını görmək istəyindən qorxmadığını bu yolda özünü "ustad" adlandırmaqla bldirir.
Heyif, itirdiyim günümə, heyif,
Dadıma yetməyən ünümə heyif,
Hələ də "səninəm" sözünü deyib
Təzədən yanına gəlimmi sənin?
Yağdırma üstümə bu qarı yenə,
Qəlbim dara çəkir vüqarı yenə,
Götürüb sevgitək nübarı yenə
Təzədən yanına gəlimmi sənin?
P.Bayramqızı lirik qəhrəmanını görmək üçün sevgini nübar kimi götürüb təzədən onun yanına getmək istəyindən danışır. Bunun müqabilində isə ondan üstünə qar yağdırmamasını istəyir. Bu qar ayrılıq, həsrət qarı deyilmi?
Pərvanə Bayramqızı "Köhnə şeir" şeirində çoxdan yazılmış şeirə münasibətini bildirir:
Şeir də köhnələrmiş...
Birnəfəsə geyinilən nimdaş
paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ,
bəyənmirsən, atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan,
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
O, şeiri şairin övladı kimi gördüyündən danışır, onu da övlad kimi atmaq olmadığını deyir. P. Bayramqızı oxunmayan şeirlərə də poetik ovqatla münasibət bildirir:
Oxunmayan şeirlər elə
yetimdir.
Qayğısına qalanı yox,
kifir bir insan kimi üzünə də
baxan yox.
Amma...
Nə qədər köhnə olsa,
nə qədər kifir olsa,
şeir elə şeirdir.
Kəlmə-kəlmə yaranır,
ruhun dərbədər olur.
Beynin əlinə "enib"
bir ovuc sözə dönür.
Ətrafı unudursan,
bir şeiri yazan zaman
nə qədər dərd udursan.
Köhnəlmiş şeirlər də
bizdən bir nişanədir.
Bəlkə, əlavəniz var -
köhnə şeir daha nədir?
Pərvanə Bayramqızı nə qədər oxunmayan, köhnəlmiş olsa da, şeirin necə həvəslə yazılması kimi antiteza məqamı haqda fikirlərini bölüşür. Axı şeir şairin ruhu, yaradıcılığının bəhrəsi və bir nişanəsidir!
Gül yerinə yaylığı qoxlamaq
P.Bayramqızı "Güllü yaylıq" şeirində nənəsinin güllü yaylığından danışır. O yaylıq necə idi, nələrdən danışır, nələri xatırladırdı?
Nənəsinin protez dişlərinə
nəvə gülür.
O hələ bilmir ki, dişin ağızda deyil,
qabda olan vaxtı var.
Nənə bürünür, nəvə gülür...
Sümüklər sızıldayanda
cırıq cins geymək olmur, qız.
Bir vaxt gələcək, səni də od-ocaq
qızdırmayacaq.
Qarderobundakı paltarlar
bədənini isitməyə azlıq edəcək.
Onda özünə yun şal alacaqsan.
Bu qədər geyimin üstündən
Çiyninə şal salacaqsan,
Sonra
"nənəm də belə edərdi"
deyəcəksən.
O yaylıqda yaşayan xatirələr oxucunu kövrək hisslərə qərq edərək keçmişdən bu günə qonaq gəlir. Yaşadıqlarımızı, eşitdiklərimzi, gördüklərimizi xəyalən bükdüyümüz bu yaylıq poetik düşüncələrlə təsvir olunur:
Nənənin güllü şalını xatırlayanda
gözlərin dolacaq.
"Ona babam bircə dəfə də olsun
gül vermədi" deyəcəksən.
Babanın yumruğunu "qismət" deyə qəbul etdi.
Sən əziyyət çəkməyəsən deyə
özünə heç vaxt xərcləmədiyi puluna
anana cehiz aldı.
Bütün dövrlərdə yaşanan qanlı-qadalı, ağrılı, acılı müharibələr nəsrdə, poeziyada, teatrlarda, filmlərdə, bir sözlə, incəsənətin müxtəlif sahələrində də təsvir olunur. Bu təsvir onlara əbədi həyat bəxş edir. Və unudulmayan bu bəladan bəşəriyyətin xali olmadığını deyir. Pərvanə Bayramqızı da bu mövzudan yan keçə bilmir. Güllü yaylığın gül yerinə qoxulanmasının yaratdığı kövrək, nostalji əhval-ruhiyyə oxucunu düşündürür. Hər kəs öz ölkəsinin, xalqının azad, müharibədən, qan-qadadan uzaq yaşamasını, uşaqların atasız, ana, bacıların oğulsuz, qardaşsız, ərsiz olmamasını bu cür ədəbi nümunələri oxuduqca bir daha istəyir. Və ürəyindən keçən ən gözəl dualardan biri bu olur: "Allah heç bir ocağı söndürməsin!"
Müharibənin gətirdiyi bu bəlalar, ağrılar, əzablar haqda nə qədər danışsaq, yenə azdır. Pərvanə Bayramqızı da hisslərini güllü yaylıq vasitəsilə oxucuların diqqətinə çatdırır:
Müharibədəydi
atan
yaylığının arasında
gizlicə saxladığı pulu aldın,
amma qarıdan iyrəndin...
Su tökmədin əlinə.
Bəs sən nənə olanda
şal bağlamayacaqsanmı belinə?
Hələ yaylığı qoxulamaq var gül yerinə...
Aradan ömrün illəri keçərsə...
Yaşadıqlarımız yaddaşımızda heç vaxt silinməyən iz açır. Gerçəyi dərk edən insanın yaddaşı bəzən zamanın keçməsini qəbul etmək əvəzinə, "üsyan edir". O, bu "üsyan"dan və sanki aradan ömrün illərinin keçməsindən də söz açır:
Ömürdə biləkdən gözlərə qədər
olan məsafənin
uzanması varmış...
Gerçəyi dərk edirsən,
- artıq "sən o sən deyilsən".
Yaddaş yavaş-yavaş
şələ-barxanasını yığıb,
əl-ayağını dəstələyir.
Biləyimi gözlərimə
yaxınlaşdırıb saata baxıram.
Saatı gözlərimdən ayıran kimi
yaddaş "üsyan edir":
"bir də bax..."
Elə bil indicə
"baxışan" deyillər, sanki
aradan bir ömrün illəri
keçib...
Qədim yunan mifologiyasında yaddaş da xatırlanır. Mnemosina titan, Geya və Uranın qızı, Zevsdən olan muzaların anasıdır. O, yaddaş ilahəsidir.
Bu gün, sabah yaşandıqca yaddaşa köçür, bəzən daha çox düşünülür, xatırlanır. Buna ehtiyac varmı? "Keçmiş, keçmişdə qaldı" deyib yaddaşla özünü yormayanlarla birgə ondan qopa bilməyənlər də var. Keçmiş isə irəliləməyə tənbəllik edərək olduğu yerdə qalmaqdadır...
Pərvanə Bayramqızı da ürəyinin, duyğu və düşüncələrinin səsinə qulaq asır, onu şeirə çevirir. Sözlər şeirə çevriləndə oxuculara daha duyğusal anlar yaşatmırmı? Oxuduqları ilə yaddaşını, hisslərini vərəqləyən məhz onlar olur. P.Bayramqızının şeirlərinə qısa da olsa, nəzər yetirdik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!