Sirr karuseli: Mehman Qaraxanoğlunun "Kamal Abdulla: yaradıcılıq stixiyası" kitabına bir nəzər - Səfail Qurbanlı

Tənqidçi-esseist Mehman Qaraxanoğlunun ədəbi-ictimai mühitdə böyük rəğbət və həssaslıqla qarşılanan "Kamal Abdulla: yaradıcılıq stixiyası" kitabında Xalq yazıçısı, akademik Kamal Abdullanın çoxcəhətli elmi-bədii yaradıcılığı çağdaş dünya ədəbi prosesinin elmi-nəzəri müstəvisində və hissi-analitik tərzdə təqdimatı xüsusi diqqət çəkir. Tədqiqatçı-alim Kamal Abdullanın yaradıcı dünyasına səyahət edir və burada bir sirr hərisçiliyinin hakim olduğunu vurğulayır: "Sirr içində sirrə varmaq".

Tənqidçi-alim təhlilində belə bir qənaətə gəlir ki, Kamal Abdulla yaradıcılığı üçün zaman anlamı yoxdur. Onun bədiiyyatı zamanın fövqündədir. Burada esse, şeir, roman, hekayə, hətta elmi-nəzəri yazılarının sərhədlərini konkretləşdirmək imkan xaricindədir. Tənqidçi təbirincə desək, ideyalar əsərlərə dağılmış haldadır. Bu o deməkdir ki, Kamal Abdulla yaradıcılığına tam bələd olmadan tək-tük nümunələr əsasında nəsə fikir yürütmək yanlışlığa gətirər.

"Yarımçıq əlyazma"nı ədəbi cameədə qəza effekti kimi dəyərləndirən tənqidçi-esseist əminliklə vurğulayır ki, bu əsər həm də arxaik modelləri tarixə qovuşduran unikal bir ədəbi nümunədir. Tədqiqatçı qeyd edir ki, bu əsərlə müəllif daşlaşmış ədəbi qəlibləri dağıtdı, ədəbi-bədii fikir tariximizə yeni konseptlər, ideyalar gətirdi, ədəbi sferada qəbullanmış tendensiyalara qarşı modern bir konseptual platforma ortaya qoydu.

Kitaba qayıdaq: "Kamal Abdulla bizimlə, "uydurduğu" antik zamanda danışır. Çünki bu zamanda nəfəs qırıqlığı yoxdur. Bu onun öz zamanıdır", - deyən təhlilçi yazıçının həyatdakı və mətndəki obrazını qarşılaşdırır: "Birincisi ona görə var ki, ikincisini yox etsin. "Biri varmış, biri yoxmuş" kimi. O, varla yox arasında bağlanmış əbədi bir sazişdir". Bəli, bu da yazıçı obrazının özünəməxsus mükəmməl təhlili...

"Sehrbazlar dərəsi"ndəki Karvanbaşının atasının ruhu ilə görüşünü dünya ədəbiyyatında ən təsirli səhnələrdən biri kimi xarakterizə edən tənqidçi-alim bunu həm də dil nostalgiyası adlandırır.Və maraqlı bədii nəticəyə gəlir: "Kamal Abdulla üçün Dilin zamanı yoxdur, çünki dilin özü zamandır..."

Kamal Abdullanın esse yaradıcılığından xüsusi heyranlıqla bəhs edən esseist haqlı olaraq bu mətnləri dünya ədəbiyyatı örnəklərilə bir sırada görür. Ədəbi mühitimizdə olan adda-budda uğurlu nümunələri də təkzib etmir. Ancaq bu Mətnlərin bir sistem halında böyük Kamal Abdulla adı ilə dünya ədəbi arenasında görünməsini ədəbi qürurla, iftixarla qeyd edir.

Müəllif mətn-diskursun bir-birini tamamlamasını və mətn haqqında mətn anlamında bir mətnin güzgüsündən o biri mətnin görünməsi prosesini ustacasına bildirir. O, ədibin "Düma ilə Coys arasında" kitabı haqqında yazır:

"Dilimizin bu qədər masştablı, diapozonlu və çeşidli olmasını onun yaradıcılığında təfərrüatı ilə sezmək olur. O, Azərbaycan dilinin potensialında yazır. Kamal Abdulla mətnləri bu baxımdan dilimizin zənginliyi, səmimiliyi və işvəkarlığının mübaliğəsiz təzahürü, maddi sübutudur".

Ədəbi-tənqidi esselərini mediativ tonu ilə möcüzə hesab edən, Azərbaycan esseistikasının Kamal Abdulla qələmi ilə dünyaya çıxdığını əminliklə təsdiqləyən tənqidçi heç bir mübaliğə və şişirtməyə yol vermədən sənətkarın yaradıcılığını təbii, şirəli, axıcı və səlis bir dillə sevə-sevə təlqin edir. Sanki oxucu məmnunluğunu öncədən duyur. Tədqiqatçı qeyd edir ki, Kamal Abdulla əbəs yerə "Şərqin Borxesi" adlandırılmır. "Əvvəl-axır yazılanlar" başlığı altında verilən esseləri Azərbaycan esseistikasını dünya çapında təsdiqləyən örnəklər kimi təqdim və təqdir edən tənqidçi-alim "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" kitabını "sirlər şəhəri" adlandırır və fikrini belə izah edir: "Ricətləri - ipucları yığıb kəndir düzəltdim və bununla mətnlərin təkinə baş vurdum". Olduqca mükəmməl, həm də elmi-nəzəri yanaşmadır. O burada ricət istilahına xüsusi diqqət yetirir. Elə əsl mahiyyət də burdadır, çünki ricətin bir anlamı da kənaraçıxmalardır.

Tənqidçi Kamal Abdulla yaradıcılığına özünəxas hermenevtik bir yanaşma sərgiləməklə yuxarıda söylədiklərimizi həzin dil və dialoji bir tərzlə anladır. Sanki dürr, daş-qaş dolu bir sirr düyünçəsinin kələfini ehtiyatla öz tərz və üslubu daxilində açır və yenidən bu üsulla digər birinə yaxınlaşır. Oxucu bu əsrarəngiz sirr müəmmalarının peşindədir. Kitabın müəllifi bunu əsər boyu davam etdirir. Usanmadan, ustalıqla... Oxucuya bu sehrli kitabın - şəhərin labirintlərini soraq verir.

Tənqidçi belə bir qənaətə gəlir ki, ayrıca semiotik, şair, dilçi, mifolinqvist, alim, ədəbiyyatşünas Kamal Abdulla yoxdur. Bunlar bir-birinin içindədir. Birdir. Və onu səciyyələndirən bir söz var: Axtarış!

O, axtarışdadır. Elə "Yarımçıq əlyazma"da olduğu kimi... Bu yerdə tənqidçi-alim Kamal Abdullanı Şlimana bənzədir. O da öz Troyasının axtarışına çıxmışdı.

Təsirli və maraqlı bir bənzəmə...

"Gizli Dədə Qorqud", "Yarımçıq əlyazma", "Mifdən yazıya" əsərləri bütövləşməni təlqin etsə də, yenə nəsə yarımçıq qalır və tənqidçi-alim müəllifin hər yeni kitabını köhnə savaşın davamı adlandırır.

O, Homerdən, C.Vikodan danışır. Paralellər aparır, müqayisələr edir. Kamal Abdullanı çevrilmələr səltənətində görür. Bu da dillə başa gəlir ... Və bildirir ki, Kamal Abdulla yaradıcılığında susan sözlər daha çoxdu... Bu mənada, dəyərli tənqidçi Kamal Abdulla bədiyyatını sirr karuseli adlandırır və yazıçını, "sirr içində sirr" konsepsiyasını mifolinqvistikadan dünya ədəbi mühitinə istiqamətləndirən bir mütəfəkkir kimi dəyərləndirir.

Kitabda Kamal Abdulla qranulaları haqqında da söhbət açılır. Və yenə parlaq, orijinal bir bənzəyiş: onlar tənqidçinin iti qələmində kosmosdan gəlib axan ulduzlara, qaya parçalarına - meteorlara bənzədilir. Və bu mükəmməl bənzəyişlə cövhərində işıq olan qranulaların əsl mahiyyəti açıqlanır: Yeri işıqlandırmaq...

"Kim nə deyir-desin, Yol xüsusi isimdir!"qranulasının mahiyyəti yazıçının "Sehrbazlar dərəsi" romanının ideyası ilə səsləşir. Tənqidçi məharətlə oxuculara bir mesajı ötürür: Bu qranulaların məğzini tam bilmək üçün gərək yazıçının yaradıcı dünyasına bələd olasan.

Tənqidçi-alim fikrini əsaslandırmaq üçün bəzən dünya çapında məşhur ədəbi qəhrəmanlardan sitat gətirir. Və onların həqiqət - Allah axtarışı konsepsiyasına Kamal Abdulla yaradıcılığına münasibətdə də haqq qazandırır. "Don Kixot haqlıdır. Kamal Abdullanın da özünü qınamağa haqqı yoxdur. Çünki o da böyük elm, sənət adamları kimi Allahı axtarır". "Həqiqət haradadırsa, Allah da oradadır". ("Don Kixot")

Kamal Abdulla mətnləri əsl həqiqətin işartılarıdır.

Kitabda Kamal Abdullanın çağdaş ədəbi prosesə gətirdiyi modern keyfiyyətlər önə çəkilir. Tənqidçi bildirir: Kamal Abdulla yaradıcılığında ədəbi janrlar, ideya və növlərin sərhədləri şəffaflıqdan itir. Oxucu burda da tənqidçi ilə həmfikirdir. Bu, həqiqətən, belədir...

Ədəbi cərəyanların yaranışından ətraflı bəhs açan tənqidçi-esseist bu cərəyanların birinin digərini doğurduğunu elmi-nəzəri əsaslarla isbat edir. Kazimir Maleviçin Suprematizmini və onun "Qara kvadrat"ını xatırladır. Qara anlayış-istilahın xüsusi milli-etnik anlamda mətnlə əlaqəli izahını da uğurla təqdim edir. Məhz Kamal Abdulla yaradıcılığını bu mənada, Azərbaycan ədəbiyyatının Qara kvadratı adlandırır. Ümumiyyətlə, o, Kamal Abdulla mətnləri haqqında yazarkən, qeyri-səlis məntiq nəzəriyyəsi üzərində xüsusilə dayanır... Və əsl mahiyyətin çözümündə diqqəti bir də bu faktora yönəldir.

Diqqət edək:

"Dədə Qorqud" eposu, obrazlı desək, müəllif üçün "fironlar vadisi"dir", o istənilən vaxt orda yeni "qazıntı"lar aparmaq üçün qayıda bilər". Bəli, bu göstərir ki, eposda heç bir bitkinlikdən, nöqtə, sonucdan söhbət gedə bilməz. Araşdırma milli genoloji təxəyyülümüzün sirli qatında məskən salan mətnlərə yeni rakursdan dönüşünü zəruri edir.

Tənqidçi-alim, Kamal Abdullanın "Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud" əsərini xüsusi diqqət və həssaslıqla təqdim edir. Oxucu üçün ən diqqətçəkən məqam isə Basat və Təpəgöz obrazlarına müəllifin milli və dünya ədəbi fikir müstəvisində yeni münasibətin ifadəsidir. Belə ki, təhlilçi yarı həyəcan, yarı təəssüflə sorğulayır: "Basatı qəhrəman kimi təqdim etmək nə qədər doğrudur? Və Kamal Abdulla ilə yumşaq polemikaya girib fikirlərini bu cür ifadə edir: "Basat nə qədər qəhrəmandırsa, Təpəgöz də bir o qədər insani günahlarımızın qəddar, amansız mücəssəməsi, bir qisasçı-qəhrəmandır".

Araşdırmanın özündə elə "Sirri-zəmanə" (Kamal Abdullanın məşhur hekayəsi) ovqatı, ruhu var. Bəlkə də, belə olmasaydı, nəsə yazmaq, ifadə etmək müşkül olardı. Baxın: xaotik bir mənzərə... Ya da Xaotizm və bütün bunların içində əbədi və İlahi bir nizam hökm sürür... Müəllif mühakimələri sadəcə oxucu üçün "Ariadna ipi" deyil, həm də hadisələrə sosial-mənəvi, ədəbi-fəlsəfi yanaşmalardır. Oxucu bununla nüvəsində qeyri-səlis məntiq dayanan Kamal Abdullanın elmi-bədii yaradıcılığında bir növ öz yaşam tərzini, tale modelini tapır. Nitsşe bildirir ki, məntiq hələ hər şeyi həll etmir.

Tənqidçi-alim də öz növbəsində, məlum ifadəni bu cür bədiiləşdirir: "Kamal Abdulla nəsrində yalnız bir məntiq işləyir: "qeyri-səlis məntiq, vəssalam..."

"Sirri-zəmanə" hekayəsi həm də bəyan edir ki, təmiz mətn anlayışı yoxdur. Mətnlər gizli-aşkar, ayrı-ayrı mətnlərlə semiotik-struktural prizmadan assosiativlik yaradır.

Kitabda Kamal Abdulla yaradıcılığı bütövlüyü və müasirliyilə diqqətdədir.

Tənqidçi-alim Kamal Abdulla postmodernizmi haqda yazarkən qiymətli fikirlərlə yadda qalır. O, müəllifin "Səhvlərimizin qrammatikası" hekayəsinin postmodern təfəkkür dayaqları üzərində dayandığını, eyni zamanda postmodernizmin uğurlu və zərərli yönlərini simvolizə etdiyini elmi-nəzəri arqumentlərlə sübutlayır. O, müəllifin hekayəsini postmodernizmin həm manifesti, həm antimanifesti kimi səciyyələndirir. Və fikrinə dahi Kafkanın işıqlı frazası ilə aydınlıq gətirir: "Əsl sənət xalis güzgüdür, ancaq o hərdən saat kimi qabağa qaçır".

Tənqidçi Kamal Abdulla şeirlərini renessans dövrünün görkəmli siması olan L.Vinçinin eskizləri ilə müqayisə edir. Bunlar yeni şedevrlərin yaranmasında ilk təməl rolunu oynayır. Əski konstruksiyalardan, standart forma-qəliblərdən, pafosdan, ehtişamlı qafiyələrdən xali, arınmış, cilalanmış bu poeziya örnəklərini haqlı olaraq mahiyyət poeziyası adlandırır.

 

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox...

 

Bu ovqat yazıçı nəsrində də paralel görünməkdədir.

Təsadüfi deyil ki, "Unutmağa kimsə yox..." romanı eyni adı bölüşür. Ancaq fəlsəfi lirizmi ilə seçilən bu poetik lövhələrin müstəqil forma-məzmun özəlliyi oxucuları hələ çox zamanlar öz sehri ilə məftun edəcək.

Tənqidçi-alim yazır ki, Kamal Abdulla poeziyamıza antik qüssə ilə yanaşı, Vird üslubunu gətirib. Bu, sonsuzluğu şərtləndirir, qışqırtını, hay-küyü sevmir. Fransız rəssamı Edqar Deqanın məşhur aforizmini yerində xatırladır: "İncəsənət gördüklərin deyil, incəsənət odur ki, səni başqa şeylər görməyə məcbur etsin". Kamal Abdulla yaradıcılığı bunun sübutudur... Və postmodernistlərin məşhur frazasını yada salır: "Dünya mətndir, mətn reallığın yeganə mümkün modelidir".

Tənqidçi yenə yanaşmaları ilə təəccübləndirir:

"Kamal Abdullanın baxış pəncərəsi sanki dünyanın ən qədim, bulanıq, sirli səhra tozu ilə örtülüb, məhz o toz onu əsrarəngiz edir. Bəs "Köhnə məhəllə" oradan necə görünür, o tozu alandan sonra bəlkə nəsə görünə, bu da mümkünsüzdür... Bütün əsərlərində bu tozdan nəsə var. Bu rakursdan baxanda sərhədlər qarışır: reallıq irreallığa, yuxu gerçəkliyə dönüşür, ya da əksinə... Və ona görə də təhkiyəçi xəbərdarlıq edir: xatirinizdəki sirli məqamları vaxtında çözün ..."

Kitabda düzgün olaraq Kamal Abdulla yaradıcılığı mənəvi sərvət kimi dəyərləndirilərək bəzı tutarlı mesajlar ötürülüb: "Maddi, mənəvi sərvətlərimiz üzərinə amerikalı Den Braun, türkiyəli Orxan Pamuk kimi getmək olar".

Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Tənqidçi-esseist yazır: "İntertekstuallıq böyük mütəfəkkirin üslubunun ruporudur. Hər mətn deformasiyaya uğramış yaddaşımıza laylay deyir, hər mətn ideyalar vulkanıdır. Kamal Abdulla tarixi roman yazmadı, öz romanının tarixini yazdı". Gəlişigözəl ifadə deyil, bu qiymətli fikirlər yerində işlənərək Kamal Abdullanın yaradıcı dünyasını uğurla səciyyələndirir. Tənqidçi bildirir ki, Kamal Abdulla öz kitabı ilə bizə əsl master-klass keçir. Bu fikri elə bu möhtəşəm kitab haqda da söyləmək olar.

"Kamal Abdulla yaradıcılığı bütövlükdə bədii-fəlsəfi paradiqma üzərində qurulub, o öz zamanını yaradıb. Fərqi yoxdu, təkcənəlik vaxtıdır, ya yox, o buradadır, onunla görüşmək üçün bu zamana düşməlisən, - deyən tənqidçi anındaca kinorejissor Verner Hersoqun populyar frazasını işlədir:

"Manevr et, çaşdır, amma həmişə demək istədiyini çatdır". Və bu fikir tam mənası ilə Kamal Abdulla yaradıcılığının ədəbi konturlarını daha inamla cızır.

Kitabda "Sağlıq", "Bir sevginin hekayəsi", "Kamera teatrı", "Uçuş", "Konsert" hekayələrinin təhlilləri epoxal tarixi şəraitlə əlaqələndirilir.

"Üçrəngli pişik balası" hekayəsi maraqlı və aktual ideya üzərində qurulub. Niyə hamı bu qədər uzaq və bu qədər yad, soyuq və mənasızdır? Əsərin qəhrəmanı Yasini ölümə aparan da budur...

Tənqidçi əsəri Haqverdiyevin məşhur "Çeşmək" hekayəsi ilə boyaboy təhlil edir.

"Platon deyəsən, xəstələnib" hekayəsi isə "nə olursunuzsa olun, içinizdəki məsum uşağı qoruyun" mesajını verir. Ümumiyyətlə, bu qiymətli araşdırmadan da göründüyü kimi, Kamal Abdulla mətnləri cidd-cəhdlə QORUMAĞA, UNUTMAMAĞA səsləyir:

"İlahi, məni sevənlər hamı burdadır!"

Unutmağa kimsə yox!!!

 

Lənkəran, 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!