Gözəllik və vəcddən yaranan poeziya - Lütviyyə Əsgərzadə Rəşad Məcid haqqında yazır

Yaradanın yaratdığı sirli-sehrli aləmin eşqlə və sözlə təqlidi olan poeziya insanın gördüyü gözəllikdən vəcdə gəlməsi ilə, gördüyü gözəlliklərdən aldığı həzz və axtarışdan yaranır. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən - qələmini müqəddəs amala, sözə xidmətə kökləyən yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in redaktoru, AYB sədr müavini, şair, jurnalist Rəşad Məcidin poeziyası təbiətə, gözəlliyə, sevgiyə, vətənə olan sevgisindən, Tanrının yaratdığı gözəllik önündəki vəcddən və kamil insan axtarışından yaranan duygularının əksi, "bir dolu ürəyin püskürmə çağı"dır, "dikəlib asfaltı deşən bənövşə"dir, göylərin bağrından qopub şaqqıldayan göy gurultusu kimi, "sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtüdür" (İsa Həbibbəyli). Duadır, epifaniyadır, etirafdır, çılğınlıqdır, ekstazdır.

Şairin dillər əzbərinə çevrilən "Şuşa" şeiri ruha qanad verən sirli, tilsimli, ovsunlu məkanın gözəlliyi önündəki ekstazdan - vəcddən yaranıb:

 

Min şəhər adı var dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdır Şuşa.

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqdan baxanlar qeylü-qal eylər.

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

Şairin müqəddəs məkanımız olan "Şuşa" haqqında söylədiyi "Tilsimdir, ovsundur, cadudur Şuşa", - sözlərini bütövlükdə poeziyaya aid etmək olar. Vəcddən yaranan poeziya "ovsundur, cadudur, tilsimdir." Gördüyü gözəllik önündə vəcdə gələn şairin duyğuları, sözlə misralarda əks etdirdikləri də, öz növbəsində, oxucuları ovsunlayır, vəcdə gətirir. Belə mükəmməl bir poetik əsər ancaq, "dünyagörüşünün miqyası etibarilə mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı" olan Rəşad Məcidin qələmi ilə çəkilə bilər. Çünki "Rəşad Məcid yalnız şair deyil, "dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi, bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir" (Nizami Cəfərov).

"Öz mövqeyi olan mütəfəkkir" şairin poetik dünyası çox zəngin və düşündürücüdür; oxucunu ovsunlayır; vəcdə gətirir. Dəfələrlə həyatda üzləşdiyimiz olayları, dilimizə gətirdiyimiz duyğuları, vəfasızlıqları, etibarsızlıqları şairin qələmindən çıxan misralarında ("Ləkə" şeiri) oxuyanda insan heyrətə düşür:

Hara söykənmişəm,

Unutmuşam...

Plaşımın arxası ağappaq toz...

Yer var, bilinmir toz, tərtəmizdi sanki.

Adamlar da elədi,

Bilmirsən, söykənirsən,

Zaman keçir, görürsən,

Ağappaq ləkəsi çıxıb ürəyinə...

 

İfadə olunan fikir, vəfasızlıq, güvənsizlik insanoğlunun xislətindədir. Lap, "Güvəndiyim dağlar vardı, o dağlara qar yağdı", - sözlərində olduğu kimi... güvən insana güc verdiyi kimi, güvənsizlik insana xəyal qırıqlığı yaşadır. Dağ başı qarlı olar, bu qəbul olunan həqiqətdir. Amma dağa bənzətdiyin dostun qar soyuqluğunu hiss etmək adamı məyus edir, üşüdür. Dostdan və dostluqdan söz düşmüşkən, Rəşad Məcid çalışdığım Ədəbiyyat İnstitutunun, bütövlükdə ədəbiyyat, söz adamlarının dostu, güvən yeridir. Uca dağ başında hər zaman qar olur, olsun, təki o qar dostları üşütməsin, etibara, güvənə kölgə salmasın.

Poeziyadakı hər bir söz müəllifin etirafı, onun avtobioqrafiyasının bir hissəsidir (Mandelştam). Rəşad Məcidin poeziyası da müəllifin avtobioqrafiyasının bir hissəsidir. Poeziyanın bütövlüyünü ancaq poetik əsərin özüylə birbaşa ünsiyyətdə dərk etmək mümkündür. Hər hansı bir əsəri analiz etmək üçün ritorik, stilistik, sosioloji, psixoloji və s. ədəbi metodlar lazımlı olsa da, bəzən onların heç biri poeziyanın həqiqi mahiyyətiylə bağlı bizə heç nə demir.

 

Çəmən zirvənin çiynində

Bəzəkli şaldı eləcə.

Gül-çiçəklər yaraşıqdı,

Lalələr xaldı eləcə.

Könlüm, düş, bu alovda yan,

Gözüm, gözəllikdi hər yan.

Bir daş altda heyran-heyran,

Quruyub qaldım eləcə.

 

Təbiətdəki gözəllikdən vəcdə gələn, təbiətlə danışmağı bacaran mütəfəkkir şairin poeziyasında Ay işığı, Günəş, ulduz, dağ, dərə, meşə, çəmən, yaylaq bütövlükdə kainat - təbiət şeirdir:

 

Bu dağlarda ay işığı -

Çəməni bürüyən şehdir,

 Bu dağlar ay işığında

Üz-gözü südə bulaşmış

Körpə kimidir.

 

Bu misralar "Dağlarda ay işığını çəməni bürüyən şehə, üz-gözü südə bənzəyən uşağ"a bənzədən şairin təbiətlə pıçıltısıdır, "babalar yaşıdı ağacla, əsrlər görmüş, torpağın yaşıdı dağla", "dünya yaşıdı Gün işığı"yla həsbi-halıdır:

 

Babalar yaşıdı ağacım,

Çiçəyin, gülün yadıma gəlməz.

Sən ki, əsrlər görmüsən,

Torpaq yaşıdı dağım.

 

Dünya yaşıdı Gün işığım,

Bir silkələyin yaddaşınızı,

Mən sizi tanıdım,

Siz məni tanımadınızmı?

 

Ürəyi ay işığında yol gedən şairin kainat, təbiət və insan haqqında lirik düşüncələrdən yoğrulmuş yaradıcılığında təbiət, doğan günəş, yağan yağış hər zaman baş roldadır. Şair "Qəfil yağış" şeirində "günəşi dövrəyə alan, bir anda səmada çaxnaşma salan buludların", "torpağa naxış-naxış ələnən nurun - yağan yağışın" möhtəşəm mənzərəsini yaradır. Oxucu yalnız özünü o yağışın altında hiss etmir, eyni zamanda torpağa ələnən nurun həzin musiqiyə bənzəyən səsini duyur, o yağışın altında islanır, "çiçəklər" kimi başını qaldırıb göylərə boylanır. Bu, şairin sözünün qüdrəti, yağışın poetik təqdimindəki uğurudur:

 

Günəşi dövrəyə aldı buludlar,

Oyandı göylərdə bir qəfil yağış.

Səmada çaxnaşma saldı buludlar,

Ələndi torpağa nur naxış-naxış.

Çiçəklər başını qaldırıb baxdı,

Bulud da, Günəş də göydə qoşaydı.

Şəfəqlər yağışa qarışıb axdı,

Səma çilçıraqdı, yer tamaşaydı.

Bu qəfil yağışın istəyi nəymiş?!

Duruluq parladı havada, yerdə.

Bəlkə gözəllərin həsrətindəymiş:

Qızlar çiçəklədi pəncərələrdə.

 

Təbiətin mövcud rənglərini görə bilmək, təbiətin sirlərinə vaqif olmaq, hər məqamın ayrıca poetik mənzərəsini yaratmaq və "bütöv halda bir gözəllik çələngi kimi təqdim etmək sənət hadisəsidir." Rəşad Məcidin peyzaj nümunəsi olan şeirlərində poetik cazibədarlıqla yanaşı, həm də canlı, yaşayan ana təbiətin obrazı canlandırılır. Rəşad Məcid qədim dünyanın köhnələrinə böyük bir eşqlə yeni don geydirir, yeni ruh verir, sirrini çözməyə çalışır. Bu zaman daha çox hiss və duyğularına arxalanır, hansı mövzuda olursa-olsun. Şeirinin mərkəzində Vətən, Vətənin müqəddəsliyi və bütövlüyü dayanan şairin "vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir."

 

...Dikələn qayası, ucalan dağı,

Əyilməz bürcüdür yanan çırağı.

Yayılıb Kür boyu, Araz qırağı

Arazlaşan Vətən, Kürləşən Vətən.

 

Qan yaddaşım od ələyib duyğularıma,

Əfsanələr cavab tapıb sorğularıma.

Bir igid də tez-tez girir yuxularıma

At belində, döşündə saz, əlində qılınc.

 

"Qan yaddaşı duyğularına od ələyən" şairin yol qırağında əlində çomağı ilə yurda keşik çəkən "tərpənən qanı ilə qanımız, qeyrətimiz, heyrətimiz, mürgüsü dağılan millətimiz" olaraq gördüyü balaca çoban haqqındakı düşüncələri mükəmməldir:

Tərpənən qanımız, qeyrətimizdir,

Balaca boyuyla heyrətimizdir.

Mürgüsü dağılan millətimizdir,

Orda - keşik çəkir yol qırağında,

Yurda keşik çəkir yol qırağında.

 

Vətəndaş - şairin şeiri, eyni zamanda bir çox şeirləri vətən və vətəndaşlıq müstəvisində yazılan ən gözəl nümunələrdir. Bunlardan biri də müstəqil Azərbaycanımızın dövlət rəmzlərinə ehtiramla yazılmış "Bayrağım" şeiridir. Üçrəngli bayrağımızı tərənnüm edən şair, başı bəlalar çəkmiş vətənimizin tarixinə ekskurs edir:

 

Səni ən çətin

Günlərimdə qorudum.

Beynimə həkk edib,

Ürəyimə sarıdım.

Mahnımda,

Nəğməmdə gizlədim.

Aya baxıb xatırladım,

Ulduzunu sevdim.

Üç rənginə öyrəşdim,

Hər üzünü sevdim.

Hücumdan, həmlədən qorudum,

Küləkdən, tufandan keçirdim.

Bir gün qaldırdım başımın üstünə

Saxladım,

Əymədim.

 

Rəşad Məcid şeirinin estetik idealı olan ağ atlı oğlanı da müstəqillik yollarında inamla irəliyə gedən, torpaqlarını azad edən Azərbaycanın dövlət bayrağının keşiyindədir. "Sənə təşnəyəm, acam, əlim-qolum yorulsa, dişimlə saxlayacam", - deyən şair göz-bəbəyi kimi qoruduğumuz bayrağımızın bundan sonra da daim dalğalanmasını, xalqımızın xoş sabahlara çıxmasını arzulayır, intizarında olduğumuz Zəfərə qovuşacağımıza inanır, duyğularını dilə gətirir:

 

Qan yaddaşım od ələyib duyğularıma,

Əfsanələr cavab tapıb sorğularıma.

Bir igid də tez-tez girir yuxularıma

At belində - döşündə saz, əlində qılınc...

 

Şairin tez-tez yuxularına girdiyi igidlər gerçək həyatda 44 gündə yeni tarix yazdı, Böyük Zəfərə canları və qanları ilə imza atdı. Zəfərimizdən sonra vətəninə, bayrağına, torpağına bağlı olan şairin yaradıcılığında yeni bir dalğa, böyük bir coşqu yarandı. 2024-cü ildə yazdığı "Şuşa dəftəri" şeir silsiləsi də zəfər coşqusundan, zəfərimizin təntənəsindən yaranan poeziyasıdır. Şair "Şuşa sevgisi" şeirində yazır:

 

Azərbaycan əsgəri borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya, tunca Şuşa sevgisi!

 

Qalxır hünərli şəhər, olur qızıl dirəkli,

Daş deyil hörülən daş, məhəbbətdi, ürəkdi!

Çağlayan sevgilərin ilham mənbəyi təkdi -

Ali Baş Komandanın uca Şuşa sevgisi!

 

Şeiri oxuduqca gözümüzün önündən kino lenti kimi keçir Ali Baş Komandanın Şuşanın işğaldan azad olunmasını yüksək duyğularla, böyük sevgi, həyəcanla xalqa çatdırdığı anlar: "Əziz Şuşam, sən azadsan!" "Əziz Şuşa, biz qayıtmışıq!" "Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Vətənə sevgi vətənin yaşıdıdır. Vətən mövzusu qədimdir, uludur, vətənlə qoşa yaranıb. Əlinə qələm alan şairlərin mütləq Vətən haqqında yazdığı bir şeiri var. Amma vətənə sevginin ifadəsi hər şairin qələmində fərqlidir. Rəşad Məcidin yaradıcılığınan hopan vətən sevgisinin ifadəsi özünəməxsusdur, səmimidir, yenidir, təzədir, orijinaldır. Lap "Bir çox sirlərin cəmi" (Pərvin) olan, Rəşad Məcidin özü və sözü kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!