Şeiri yaradan məqamlar - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Şeiri yaradan ən gözəl və qəfil məqamlardan biri, sən özün də bilmədən dünyanın harasındasa baş vermiş hadisəyə reaksiya vermək ehtiyacı, görünməyən nəyisə hiss etmək duyğusudur; orta əsrlərdə ana dilində yazılmış şeirləri bu duyğuyla oxuduqda, ərəb, fars sözləri lüğətinə də ehtiyac qalmaz, yəqin ki. Adonisin ərəb, ingilis, fransızdilli mətnlərini belə bir əlçatmaz nəsnəni yer üzündə duymaq istəyi ilə oxuduqda o mətnlər qarşında yelkən kimi açılır. Fikrimizcə, janrların yaranmasında da əlçatmazı yerə endirmək çabası mövcuddur. Yerlə göy üzü, kosmos arasındakı dəruni rabitə bir gözəl şeiri bu dünyaya gətirdikdən sonra axır ki, gerçəkləşir. Bu mənada, janrlararası əlaqələr və xüsusən də, janr transformasiyası hadisəsi daim, arasıkəsilmədən baş verir. Buna görə də, anadilli poeziyada hər bir güclü mətn, həm özü kimi "impulsiv" mətnlərin yaranmasına təkan verir, həm də çox sayda və çox böyük boşluqlar yaradır. Ona görə də böyük Əli bəy Hüseynzadənin: Nə qoydular deyəyim, nə kəsdilər dilimi deyimi / misraları təkcə ictimai-siyasi məna daşımır. Bu misralarda həm də yuxarıda dediyimiz fikir - maqnit çəkiciliyindən daha güclü mətnlərin yaratdığı boşluqlara işarə var. Bir çox şair həmin boşluqların içində "boğula" da bilir.

Səməd Vurğunda Aşıq Ələsgər, Aşıq Alı ecazından qətrələr var, Aşıq Ələsgər anadilli poetik təfəkkür anlamında planetin mərkəzində dayanıb şəfəqlərini hər yana yayan bir fiqurdur, bu mənada, Səməd Vurğun şeiri nə olur-olsun, hansı rejim olur-olsun doğmalıydı. Aşıq Ədalət Ələsgərin bir bütöv zərrəsinin külə dönənə qədər yanmasıdır. Azərbaycan poeziyası vəznindən asılı olmayaraq Füzuli eşqinə bürünən, enerjisini ondan alan mətnlərin konfiqurasiyasıdır. Bu mətnləri hansı ardıcıllıq və qaydada düzürsən-düz, həmin böyük mətnin içinə rahatca oturur.

Professor Qorxmaz Quliyevin bir məqaləsindən sitata baxaq: "Kommunikasiya prosesində həm məlumatı formalaşdırıb ötürənin, həm də onu qəbul edib intellektual həzm-rabedən keçirənin bilgilərindəki boşluqları doldurmağa hesablanmış fəaliyyətində dil əsas rol oynayır. Dilin bu problemi hansı üsullarla həll etməsinə aydınlıq gətirmək üçün Haydeggerin bir məşhur kəlamına müraciət etmək yerinə düşər: "Dil Varlığın dilidir. Varlıq məndən istifadə edərək dil vasitəsilə danışır. Mən dildə danışmıram, dil məni danışdırır". Bununla bağlı mütəfəkkir dediklərindən belə bir nəticə hasil edir ki, dili strukturlaşdırmaq qeyri-mümkündür, çünki dilin özü bütün bu strukturların qaynağıdır. Dünyanın dərki dil vasitəsilə gerçəkləşir. Buna görə də elə bir elm mövcud deyil (mövcud ola bilməz) ki, dilin necə fəaliyyətdə bulunduğunu izah edə bilsin, çünki biz yalnız dil vasitəsilə dünyanın necə fəaliyyət göstərdiyini dərk edirik. Sənətkarın dil vasitəsilə Varlığı danışdırması onun oxucu ilə birbaşa kommunikasiyasını təmin edir".

Aşıq Ələsgərin şeirində dil necə danışır, biz bu kommunikasiya prosesinə münasibətdə dünyanın hansı en dairəsindəyik? Bütün bunları bilmək nə qədər vacibdir? İndi dünyanın böyük bir kəsimində oxunan (və təhrif edilərək oxunan-!) "Çərşənbə günündə, çeşmə başında..." mətləli qoşmasında böyük bir hadisə, bir dəfə baş verməsiylə dünyanın müxtəlif guşələrində daim təkrarlanan olayın belə bir intonasiya və ritmlə "danışması", pərdə/kadr arxasındakı nəfəsini içinə çəkən adamın ruhunda cücərən sözlərin qoşmanın mətninə sirayət etməsi, qoşmadakı ritmin sürətini yavaşıtması (yəni: hadisənin aşiqə görə dəhşətini daha dərindən, ilk və son dəfə hiss etdirmək naminə - !) bizə məlum olur. Biz bu ikili məkanı, poetik ərazidəki məkanın iki hissəyə bölünüb də birinin mübhəmdə saxlanmasından xəbərsizik. Ümumən istənilən həqiqi şeir mətnində dilin danışmasına, həm də hər bir sözü aydınlıqla hecalayıb danışmasına rəvac verən elə həmin mətnin ərazisindəki "kadr arxasıdır". Kadr arxasından diktə edilənlər ritm və intonasiyanı idarə edir. Dil məni danışdırır, dil mənimlə danışır, dil mənim əvəzimdə danışır. Kadr arxasındakı mühit nə qədər bilinməzdirsə, zənn edilən, amma görünməzdirsə (təqribən, belə: nəyisə, bəlkə çox lazımlı nəsnəni bilsəniz də, heç zaman onu dilə gətirmirsiniz, fikrinizdə qalır, ruhunuzu dolaşır, dinmir ki, dinmir...), özünü unutdurandırsa, şeir bir o qədər güclü təsir edə bilən mühitlər formalaşdırır. Ələsgərin qoşmasındakı mühit qoşmanın sözlərini xatırladan kimi bütün mühitimizi tutur, zəbt edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!