Yaddaşın üç bucağı - Şəfəq xanım Nasirin yubileyi üçün - Rüstəm KAMAL

Rüstəm KAMAL

Şəfəq Nasirin imzası ilə çoxdan tanış idim. Oçerklərini, resenziyalarını, esselərini, ədəbi portretlərini maraqla oxuyurdum. Nəhayət, bu il görüşüb söhbətləşmək imkanı yarandı. Özə ilə kitablarını da gətirmişdi...

Şəfəq xanım tanınmış publisist olmaqla yanaşı, həm də fədakar mətbuat tədqiqatçısıdır. Onun XX əsrin əvvəlləri Azərbaycan mətbuatı, xüsusən də İrəvanda Azərbaycan mətbuatı ilə bağlı araşdırmaları mətbuat tariximiz üçün təqdirəlayiq işlərdir. İrəvanda ilk anadilli mətbuat orqanı olan "Ləklək" (1914) və "Bürhani-həqiqət" (1917) məcmuələrini transfoneliterasiya etmiş, hər ikisinə də əhatəli, ciddi ön söz yazmışdır.

Şəfəq xanım bu yöndə övladlıq borcunu da halallıqla ödəyib: babasına - XX əsr Azərbaycan mətbuatının tanınmış nümayəndəsi Məmmədəli Nasirə də ayrıca elmi araşdırma həsr edib. Babasının yazıları əsasında onun ictimai-siyasi dünyagörüşünü, ədəbi, mədəni fəaliyyətini bərpa edir.

Şəfəq xanımın klassik mətbuatımıza həsr etdiyi araşdırmalarından belə qənaətə gəlirəm ki, mətbuat tariximiz milli mənəvyyat və mədəniyyət tariximizin ayrılmaz və vacib hissəsidir. Ötən əsrdə milli məfkurə yolunda, milli ziyalı elitasının təşəkkülü və inkişafında əvəzsiz rol oynamış mətbu orqanlarımız "yaddaşımızın yazılı abidəsidir" (Ş.Nasir).

Şəfəq Nasirin yalnız hekayə və povestlərində deyil, publisistik yazılarında da vizual yaddaş üst mövqeyə malikdir. Yazıçı Manaf Süleymanov haqqında xatirə-essesini yazıçının portret obrazı ilə başlayır: "...Əsasına dayanaraq tələsmədən, ayaqlarını yerə sürtə-sürtə yeriyirdi... Geyim-kecimi nimdaş idi. Amma köhnə dəbdə kostyumu, ayaqqabısı həmişə səliqə-sahmanda - təmiz, ütülü olardı. Soyuq havalarda başına şlyapa qoyardı, yaz-payız mövsümündə isə sadə, bir rəngdə beretdə, fəsdə olardı..."

Vizual yaddaşın güclü olması ona məkan və portret təsvirlərində geniş imkanlar verir. Bəzən yazı qəhrəmanın xatirələrindəki məkanları öz xatirə məkanları kimi "özününküləşdirib", "öz içində qaynadır" (ifadə Şəfəq xanımındır): "Barat xanım Şuşada Merdinli məhləsindəki evlərini elə təsvir edirdi ki, sanki o yerləri mən də görürdüm. O mülk, o həyət günü bu günəcən gözlərinin qabağından çəkilmir. Üçmərtəbəli evin quruluşu, içinin döşənməsi, avadanlığı, daşlı həyətləri, sol tərəfin pilləkənlərı ilə düşdüyü bağ-bağatlar yadındaydı..." ("Sənətkar ömrü: Barat Şəkinskaya").

Qəhrəmanların həyatı ilə bağlı detalları sanki bu, kənardan şüuraltı öz ömrünə də baxmaq imkanıdır.

"Zəlimxan Yaqub" fotoalbomu bağlı resenziyasında belə, "portret yaddaşı" isə düşür: "Şairin valideynləri Yusif müəllimlə Güllü xanımın birgə çəkdirdikləri şəklə baxıram... Güllü xanımın baş örtüyünün aşağı ucunu yaşmaq kimi bağlaması, üstən qoyduğu güllü-tikməli başlığı gəlin xanıma gözəl yaraşır..."

Şəfəq Nasirin bədii portretlərində və epik təhkiyəsində "feil instiktini" aydınca görmək olar. O, qəhrəmanların obrazını "hərəkətdə" - davranışında jest-mimikalarını göstərməyi sevir. Epik təhkiyəsinin "qrammatik onurğası"nı feillər təşkil edir. Personajların hərəkətlərinin ardıcıllığının təsviri obrazı yalnız görümlü etmir, həm də təhkiyənin ritmini nizamlayır, obrazı "diri saxlayır". Məsələn:

"Qapının arxasındakı mıxa keçirdiyi köhnə pencəyini çiyninə atıb evdən çıxdı. Havada sərinlik vardı. Ətrafın nəmişliyindən üşənən təki çiyninə atdığı pencəyini geyindi. Pəyəyə sarı getdi. Axşamdan divara dirədiyi çomağı əliylə axtarıb tapdı. İtələyib qapını açdı. Yarıdan ötmüş gecənin boz işartısı içəri süzüldü. Gözü pəyənin qaranlığına öyrəəşəndən sonra həmən boz işartının altında künc tərəfdə divara qısılıb can-cana söykənmiş bir cüt dananın və qarın-qarına yatan inəklə balasının kölgəsini gördü" ("Ruhlar ocağa dönər").

Yeri gəlmişkən, örnək gətirdiyim bu parçada "bir cüt" sözü mənə o qədər məhrəm və yerində göründü ki, hansısa "üslubi xəta" axtarmağın başını buraxdım. Yaxud: "Bir ara bəyin gözü çəpərin ayağında ağaca bənd edilmiş qaşqanı aldı" ("Ötən günlərin nağılı").

Ümumən, "feil instikti" Şəfəq xanıma hərdən canlını da, cansızı da "dinamikada" təsvir etməyə imkan verir. Ona görə də payız yarpaqlarının son gününü anbaan, hərəkətdə qeydə ala bilib: "Küçələri ötdükcə xəfif mehin titrəməsindən təkəm-seyrək, qızılı-qızartdaq, saralıb-sonalaşan yarpaqlar bəndəmindən üzülərək, saçlarına, çiyinlərinə qonaraq sürüşüb tökülürdü... yarpaqlar səkinin üstüncə sürülüb-sürütdəndikcə qulağıma xoş xışıltı gəlirdi. Budaqlarda tərpəşib-oynaşan yarpaqlar ara-sıra yollara səpələnirdi... Sonra çiskinin, çisəyin altında yaprıxıb, şövqünü, şaxlığını itirərək sınıb töküləcəkdi" ("Bir ömrün üç bucağı").

Şəfəq Nasirin təhkiyəsini nəsr hadisəsi edən bir mühüm cəhət də etnoqrafik yaddaşının son dərəcə detallara qarşı həssaslığıdır. Elat-tərəkəmə insanının həyatı, inanc-davranış dünyası ilə bağlı detalların təsvirinə oxucunu inandıra bilir. Ömrü kitab-dəftəri, yazı-pozu içində keçən bir yazarın kənd həyatını bu qədər dərindən bilməsi, yaddaşında qoruyub saxlaması, düzünü desəm heyrət doğurur. Yenə bir nümunə: "...Arvada sarı boylandı, Məhluqənin başı yastıqdan azca kənara sürüşmüşdü. Kişi qalxıb arvadının çarpayısına yaxınlaşdı. Başını düzəltdi. Məhluqənin gözləri açıqdı. Ağzının kənarından köpükqarışıq su axmışdı.

Kişi tezcə gözlərini qapadı. Çarpayısını çəkib, üzü qibləyə çevirdi. Stulun başına atılmış dəsmalı götürüb çənəsini bağladı" ("Ruhlar ocağa dönər").

"Ötən günlərin nağılı" povestində Şəmil bəyin təsvirinə baxın - bəyin davranışına, jest-mimikasının, atının xırdalıqlarla təsviri yalnız güclü epik-vizual yaddaşın sayəsində mümkündür: "...Bundan sonra Kürənə sarı getdi. Noxtasından açıb, bir göz qırpımında belinə sıçradı Sağrısına bərk bir qamçı çəkib dəhlədi. Bayaqdan dartınıb dırnağı ilə yeri eşən at yüyəni boş görüb götürüldü". 

Şəfəq Nasirin tarixi yaddaşı avtobioqrafik yaddaşının bir hissəsidir. Beyləqanın tarixi keçmişinə səyahəti də öz ömrünün və uşaqlığının içindən keçirir ("Beyləqanın güllü yazı"). Həyatdan köçmüş tələbə yoldaşının ruhuna həsr etdiyi (bağışladığı) vida yazısı da xatirə siqlətli, içdən yazılmış avtobioqrafik mətndir.

Şəfəq Nasir nəsrinin poetikliyini şərtləndirən ən vacib amillərdən biri də lirik "peyzaj yaddaşıdır. Məhz peyzaj təsvirlərində sanki onun şairliyi "zühur edir", müəllifin təbiət varlıqları ilə (ağac, at) təması baş tutur. Landşaft mənzərələrini, iqlim-hava durumunu bədii obraza çevirir. Məsələn: "Qədim yurdun üstünə qaranlıq çökdükcə səhərdən bütün canlıları cəngində saxlayan bürkü-boğanağın nəfəsi yavaş-yavaş çəkilirdi".

Şəfəq Nasirin epik yaddaşı lirik ovqat üzərində köklənəndə, mətn mənsur şeirə meyllənir: "Çinarlar evimizin arxasındakı yolun sol üzündəki rus qonşumuz Jenya xalanın həyətində bitmişdi. Gözümü açandan ürək biçimli, yaraşıqlı yarpaqlarını, şumal budaqlarını göyə sarı millənən görmüşdüm. Orda mənim gedib-gəldiyim qabaq yolda Sədəfgilin həyətiydi. Evimizin arxasındakı isə Jenya xalanın. Biri çinarsızdı, o biri çinarlı. Çinarlar təkcə arxa yoldakı çəpərlərdə bitmişdi..." ("Bir ömrün üç bucağı"). İnanın səmimiyyətimə, povestin başlanğıcındakı bu "çinar mətni" məni öz poetik havasına saldı...

Yaxud bir heyvanın (inəyin) davranışını bilmək və təsvir etmək üçün sadəcə bir yaxud etnoqrafik yaddaş kifayət etmir, gərək səndə təbiəti, canlıları dərində duymaq hissiyyatı olsun: "İnək qabaqkılar təki böyürmədi. Həmişə obaşdan qapı açılan kimi qalxıb, ayaqlarının, canının uyuşuğunu açaraq silkinib sağına duran, əmcəklərinin barmaqlar araslnda sümürülməsindən rahatlıq duyaraq, bu dinclikdən ayaq üstəcə uyuyan heyvan, balasını da doyuzdurandan sonra bayıra tələsib, naxıra yüyürəndə sevincək bir böyürtü çəkirdi. Amma bu dəfə lap yalquzaq təki uladı. Canını əsdirib, quyruğuyla belini, böyür-başını şappıldatdı Yeri təpiklədi, başını yuxarı qovzayıb, nəmişikli havanı soraraq uzunca bir böyürtü çəkdi" ("Ruhlar ocağa dönər").

Lirik ricətləri, həssas poetik müşahidələri və xatirə detalları ilə hətta resenziya janrı kimi informatik xarakterli mətnin havasını dəyişir. Məsələn, yuxarıda xatırladığım "Zəlimxan Yaqub" fotoalbomuna resenziyasını götürək. Burda da Şəfəq xanımın poetik təxəyyülü "işə düşür", albomdakı şəkilləri Zəlimxan Yaqub şeirlərinin içindən keçirib, yazını "lirikləşdirir".

Onun avtobioqrafik nəsrində (və yaddaşında!) kişi obrazları daha canlı və dolğundur. Bu, K.Q.Yunq psixologiyasının dili ilə desək, onun şüuraltında "animus" un (kişi başlanğıcı"nın) üstün olması üzündəndir.

Hər halda, mənim qənaətim belədir...

Əvvəllər elə bilirdim ki, "Nasir" təxəllüsünü Şəfəq xanım nəsr yazdığı üçün götürüb.

Sən demə, babası Məmmədəli Nasirin təxəllüsüdür, nəvə isə bu adı özünə ləyaqətlə yaraşdırıb.

Amma mən yenə də birinci varianta inanıram...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!