Ürəklərdə izi qaldı - Əli Yusif yazır

Azərbaycanın Xalq şairləri - Rəsul Rzanın və Nigar Rəfibəylinin xatirəsinə böyük ehtiramla

"Quş qanadla uçar" deyiblər. Dövrünün, zamanın çətin vaxtlarında poeziya cəbhəsində sözlə döyüşə çıxan Rəsul Rza və Nigar Rəfibəyli ona görə uzaq məsafələrə, şeirin dərinliklərinə uça bildilər ki, onlar həyatda olduğu kimi, ədəbiyyatda da çiyin yoldaşı idilər. Şeirə gətirdikləri yenilikləri ilə ədəbiyyat tariximizə qızıl səhifələr yazan Rəsul və Nigar cütlüyü özülünü qoyduqları ənənəni övladlarına ötürə bildilər. Bu gün Anarın simasında Azərbaycan ədəbiyyatının böyük bir inkişaf mərhələsinin mənzərəsini görürük. Anar anası Nigarın, atası Rəsulun söz savaşını poeziyadan nəşrə keçirdi. Rəsul Rza, Nigar Rəfibəyli və Anar yaradıcılığı Azərbaycan ədəbiyyatının qürurverici bir mərhələsini təşkil edir.

Böyük şairimiz Rəsul Rzanın ölümündən illər keçsə də, ötən əsrin otuzuncu illərində Azərbaycan poeziyasında özülünü qoyduğu poetik yeniliklər yaşam ənənələrini gələcək nəslə ötürə bildi. O, Azərbaycan ədəbiyyatının çətin və şərəfli illərində dilimizi, tariximizi bir novator şair kimi dünyada tanıtdı. Bununla yanaşı, ölkəmizdə oxucular tərəfindən günbəgün sevildi və illər ötdükcə nəinki Azərbaycanda, eləcə də Sovetlər Birliyində məşhurlaşdı.

Vəfatından keçən bu illər ərzində o yaddan çıxmadı, əksinə, daha çox sevildi, əsərləri dillər əzbəri oldu. Onun yaradıcılığından bəhs edən çoxlu əsərlər yarandı, bu da Rəsul Rzanın böyük bir fenomen olduğunu təsdiq edir. Şairin əsərləri təkcə o dövrdə deyil, bu günümüzdə də oxucuların marağına cavab verir. Müasir Azərbaycan poeziyasının sevilən şairi kimi qəlblərdə özünə məskən salaraq əbədi yaşaya bilmişdir.

O, yenilikçi şair idi, özündən sonra gələn, yolunu davam etdirən şairlər üçün ədəbi bir məktəb yaratmışdır. Əslində bu yol gələcək şairlər üçün bir örnək idi. Rəsul Rzanın açdığı ədəbi məktəb keçən əsrin 50-ci illərindən sonra formalaşaraq yeni bir ədəbi yol yaratmağa nail ola bilmişdir. Bu yenliyinə görə o novator şair kimi ədəbiyyatda öz təsdiqini tapır. Sərbəst şeirləri ilə əvvəllər qınağa tuş gəlsə də, tutduğu yoldan çəkilmədi, sonralar da fikirlərini sərbəst şeirlərində qələmə alaraq oxucuların diqqətini özünə çəkə bildi. O, həm də heca vəznində gözəl şeirlərin müəllifidir.

Rəsul Rza klassik, eləcə də dünya ədəbiyyatını dərindən bilən dahi şairlərimizdən biri idi. Altımışıncı illərdən sonra ədəbiyyata gələn cavan şairlərdən bir qismi Rəsul Rza poeziyasından bəhrələnərək, onun yolunu seçmişdi. Ədəbiyyata yeni qədəm qoyan cavanlara məsləhət və tövsiyələr verirdi, onun poeziyasından çox şey öyrənən gənc qələm sahibləri sonradan böyük uğura çata bildilər. Rəsul Rza şəxsiyyətinə, poeziyasına sevginin nəticəsidir ki, onun haqqında çoxlu şeirlər, poemalar yazılmışdır. Azərbaycan poeziyasında novator ustad kimi onun böyüklüyünü xalq həmişə ehtiramla yad edir.

Rəsul Rzasız ötən illərdə onu sevənlərin qəlbində bir nisgilli guyğular yatır. O, böyük insanın haçansa yenidən poeziyada görünəcəyi ümidi ilə poeziyanın gözləri yol çəkir. Böyük Azərbaycan poeziyasını zirvələrə qaldıranlardan biri də Rəsul Rza dühasıdır.

 

 

Bir ürəkdə yaşadılar,

Eşqdən heykəl yaratdılar,

Xəbərsiz sönən ulduzlar,

Ürəklərdə izi qaldı.

 

Yaşadılar bir amalda,

Yaratdılar bir amalda,

Ayrıldılar bir amalda,

Ürəklərdə izi qaldı.

 

Göylər düşdü haldan-hala,

İstəmədi onsuz qala,

Arxasınca düşdü yola,

Ürəklərdə izi qaldı.

 

Məhəbbəti dastan oldu,

Çiçək kimi açıb soldu,

Baxan gözlər yaşla doldu,

Ürəklərdə izi qaldı.

Örnək idi sevənlərə,

Eşq yolunda gedənlərə,

Bir nur idi görənlərə,

Ürəklərdə izi qaldı.

 

Nigar təkdi, əvəzsizdi,

Göydə Aytək bir gözəldi,

Xəyallarda bir günəşdi,

Ürəklərdə izi qaldı.

 

Rəsul Rza sevgi oldu,

Könüllərə axıb doldu,

Anar kimi günəş doğdu,

Ürəklərdə izi qaldı.

 

Yaddaşlarda qalacaqlar,

Göy üzündən baxacaqlar,

Günəş təki yanacaqlar,

Ürəklərdə izi qaldı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!