Yaşamağa dəyər, Məmməd İsmayıl! - Muxtar KAZIMOĞLU

Məmməd İsmayılın ömür yolunu iki yöndə - yazdıqlarında və yazdıqlarından kənarda izləmək olur. Onun  yazdıqları ilə yazı-pozudan kənarda atdığı addımlar, gördüyü işlər arasında ziddiyyət varmı? Qətiyyən yoxdur. Məmməd İsmayıl, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan, sənətkar mənliyini qorumağı bacaran qələm sahiblərimizdən biridir. Məmməd İsmayılın sevilməyi, geniş şöhrət tapmağı bir yandan yaradıcılığı, xüsusən, poeziyası ilə bağlıdırsa, bir yandan da onun bir insan kimi öz bütövlüyünü qoruyub saxlamağı ilə bağlıdır.

Məmməd İsmayıl müxtəlif vəzifələrdə çalışıb - "İşıq" nəşriyyatının direktoru olub; 1980-ci illərdə ilk demokratik mətbuat orqanlarımızdan biri olan "Gənclik" - "Molodost" jurnalına baş redaktorluq edib; 90-cı illərin əvvəllərində - ən böhranlı bir vaxtda Azərbaycan Radio və Televiziya Komitəsinin sədri kimi fəaliyyət göstərib; Türkiyənin Çanaqqala şəhərində 18 Mart Universitetinin professoru olub. Bütün bu vəzifələrdə Məmməd İsmayıl özünün ən böyük vəzifəsini millətə xidmət etməkdə görüb.

Abbas Səhhətin məşhur bir sözü var: "Məsləkim - tərcümeyi-halımdır". Bu sözləri Məmməd İsmayıla da aid etmək olar. Məmməd İsmayılın da bir şair-vətəndaş kimi məsləki tərcümeyi-halında öz ifadəsini tapır.

Məmməd İsmayıl ədəbiyyata Stalinin ölümündən sonra - yazıçıların əl-qolunun az-çox açıldığı bir vaxtda gəlib və qısa bir müddətdə öz səsi, öz nəfəsi olan şair kimi tanınmağa başlayıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuduğum 1970-ci illərdə səhəri eşqlə açılan biz tələbələrin ən çox əzbər bildiyi məhəbbət şeirlərindən biri Əli Kərimin "İki sevgi" şeiriydisə, biri də Məmməd İsmayılın "Bir ildir" rədifli qoşmasıydı. Bu iki şeiri əzbərləməyimizdə əsas səbəb o idi ki, ənənəvi  mövzu səlis və obrazlı bir dillə, fərqli baxış bucağından təqdim olunurdu. Əli Kərim deyirdi:

 

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mənsə səni sevirəm

Susuzluğun od vurub,

köz kimi yandırdığı

dodaq su sevən kimi...

 

Məmməd İsmayılın qoşmasında belə bəndlər vardı:

 

O atdı özünü varın qoynuna,

Bahar günlərindən qarın qoynuna,

Mən həsrət çəkirəm yarın qoynuna,

Orda ləzzət çəkir naşı bir ildir.

...Ay Məmməd, haqlayır səni subaylıq,

İslanar, quruyar verdiyi yaylıq.

Onun körpəsinin yaşı üç aylıq,

Mənim həsrətimin yaşı bir ildir.

 

Ədəbiyyata yenicə gəlmiş Məmməd İsmayılın tələbələr arasında başqa şeirləri də məşhurdu: "Bir də keçməyəcək ələ bu anlar", "Qoymayın dünyanı adiləşməyə", "Ümiddən asılan qılınclar", "Təzədən mən sənə qayıdacağam", "Hələ yaşamağa dəyər bir az da"...

 

Dünən Bethoveni çaldılar sazda,

Hələ yaşamağa dəyər bir az da...

 

Yaradıcılığın ilk dövrünə aid bir şeirdə Bethoven və saz adlarının yanaşı çəkilməsi təsadüfidirmi? Yəqin ki, yox. Məsələ burasındadır ki, Məmməd İsmayılın sənət dünyasında millilik bəşəriliklə yan-yana, iç-içədir. Əsərləri 50-dən çox dilə tərcümə olunan Məmməd İsmayıl özünə, öz kökünə qayıtmağı sənətkar üçün dünyaya çıxmağın başlanğıc nöqtəsi sayır, belə hesab edir ki, dünya dəyərlərinə yiyələnməyin başlıca yolu milli dəyərlərə yiyələnməkdən, milli kökə, etnik yaddaşa bağlanmaqdan keçir. Bu qənaəti Məmməd İsmayıl həm bədii əsərləri, həm də şeirimizin tarixi-təkamül prosesində heca vəzninin roluna həsr olunmuş monoqrafiyası ilə təsdiq edir. "Sazın söz karvanı" adlı həmin monoqrafiyada Məmməd İsmayıl Nəsimi, Füzuli kimi əruz şairlərinin ədəbiyyat tariximizdəki yerini qətiyyən qaralamadan qoşma-gəraylıların dünəni və bu günü üzərində dayanır. Məlum olur ki, aşıq şeiri və mayasını bu şeirdən götürən Vidadi, Vaqif poeziyası ədəbiyyatın xalqa yaxınlaşmasında, milli köklərə qayıtmasında mühüm  rol oynayıb və bu millilik bəşəriliyi özündə yüksək səviyyədə birləşdirib. Əgər belə olmasaydı, qonşu xalqların ədəbiyyatı heca vəznli Azərbaycan şeirinin təsiri altına düşməz, Dağıstan, Ermənistan və Gürcüstanda saysız-hesabsız sayda sənətkar zaman-zaman Azərbaycan türkcəsində qoşma-gəraylı yazmazdı. Heca vəzninin bugünkü vəziyyətindən danışarkən Məmməd İsmayılın diqqət mərkəzinə çəkdiyi əsas məsələlərdən biri aşıq şeirinə müraciətdə qarşılaşdığımız zərərli meyillərlə bağlıdır. Bu meyillərdən birini Məmməd İsmayıl qoşma-gəraylı janrlarında kommunist ideologiyasını - şəxsiyyəti sındırıb buyruq quluna çevirən bir ideologiyanı təbliğ etməkdə görür. Və bu məsələdə başqa şairlər bir yana, heç Səməd Vurğuna da güzəştə getmir, nə qədər yüksək bədiiliklə yazılsa da, ustadın "Partiyamızdır" qoşmasını acınacaqlı ədəbi fakt kimi qiymətləndirir. Aşıq şeirinə müraciətdə ikinci zərərli meyil, Məmməd İsmayılın fikrincə, Yunus Əmrə, Qurbani, Abbas Tufarqanlı və başqa klassiklərin məşhur qoşma və gəraylılarını həm məzmununa, həm də deyim tərzinə görə yamsılamaq, təkrar etməkdir. Bu məsələdə də Məmməd İsmayıl sərt mövqe tutur, şan-şöhrətinə, ad-sanına baxmadan bəzi şairləri aşıq şeirini istismar etməkdə qınamalı olur. Heca vəzninin bugünkü vəziyyətindən danışarkən, Məmməd İsmayılın toxunduğu məsələlərdən biri də qoşma-gəraylıda sərbəst şeirin yeri və rolu məsələsidir. Əlbəttə, müəllif əruz şeirini inkar etmədiyi kimi, qətiyyən sərbəst şeirə də qarşı çıxmır, amma çoxumuzun fikir vermədiyi bir cəhəti xüsusi olaraq vurğulayır. Bu cəhət ondan ibarətdir ki, sərbəst şeir heca vəznli şeir daxilində əhəmiyyətli dərəcədə müsbət rol oynayır. Yaradıcılığa sərbəstlə başlayıb, sonra tədricən hecaya keçən Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi şairlərin poeziyasına əsaslanan Məmməd İsmayıl bu fikirdədir ki, sərbəst şeirin imkanlarından, xüsusən, onun yenilikçilik meyillərindən yararlanmaqla özünəməxsus üslubda qoşma-gəraylı yazmaq şairə uğur gətirir və çağdaş poeziyamızı irəli aparır. Məmməd İsmayıl qələm yoldaşları Vaqif Səmədoğlu və Ramiz Rövşənin qoşma-gəraylılarını çağdaş poeziyamızın yenilikçi nümunələrindən sayır. Əlbəttə, biz bu nümunələr sırasına Məmməd İsmayılın qoşma-gəraylılarını da daxil edirik, çünki bu qoşma-gəraylılar məzmununa və deyim tərzinə görə yaşadığımız dövrün ab-havası üstündə köklənib: "Ağacdələn, ağlın azıb sənin də, Dən gəzirsən saçlarımın dənində". "Ağacdələn" qoşmasındakı bu cür deyim tərzinə nə Yunus Əmrədə rast gəlmək mümkündür, nə də Abbas Tufarqanlıda.

Məmməd İsmayılın folklora bağlılığı qoşma-gəraylı janrlarında bu günün tələblərinə cavab verən yenilikçi şeirlər yazmaqla bitmir. Onun folklora bağlılığının ən maraqlı tərəflərindən biri mifoloji düşüncə tərzini şeirə hopdurmaqda, yeniliyə məhz bu yolla nail olmaqdadır. Maraqlıdır ki, şair dil və mifoloji düşüncə bağlılığını nəzərə alıb poetik deyim tərzini bir çox hallarda ideomatik ifadələr, frazeoloji birləşmələr, mücərrəd anlayışlar üstündə qurur. Şair tale, bəxt, ilham, fikir, dərd-qəm kimi anlayışları, gözdən düşmək, dörd gözlü baxmaq, yaddan çıxmaq, yada düşməmək, yuxusu qaçmaq, tüstüsü təpəsindən çıxmaq, ağzına su almaq, Allahın ətəyindən yapışmaq, könlü açılmaq və s. kimi ideomatik ifadələri ayrı-ayrı şeirlərdə mücərrədlikdən çıxarıb "hərfi" mənada işlədir və poetizmin özünəməxsus nümunəsini ortaya qoyur. Məmməd İsmayıl bu üsuldan istifadə edərkən mifoloji düşüncənin ilkin mahiyyətini nəzərə alır. Nəzərə alır ki, qədim insan ən mücərrəd anlayışları da əşya kimi təsəvvür edib. Məsələn, belə hesab edib ki, sözü əşya timsalında  atmaq olar, sözü yerə salmaq olar, sözü bişirmək olar, sözü güləşdirmək olar, sözün başına ip salıb dolandırmaq olar və s. Metaforik düşüncənin tarixən mifoloji düşüncədən törədiyini çox yaxşı bilən Məmməd İsmayıl bəxt, dərd, ümid, həsrət kimi mücərrəd anlayışların "şəkli"ni çəkib oxucuya göstərə bilir:

 

Küməmə qaranlıq çökür

Baxtımın qara yerindən.

 

"Vaxtın avara yeri"

Alar damağına siqaretini

Gümüşü saçında dərd tüstülənər.

 

"Dərd"

 

Orda öldürülən ümidlərimin

Hər axşam sulara tökülər qanı...

Mənim həsrətimə yüklənən gəmi

Canını birtəhər çəkib aparır.

 

"İlahi bir ziddiyyət"

 

Küməyə çökən qaranlıq qara bəxtin şəkli kimi; gümüşü saçlar - dərdin; axşam dənizə düşən gün şüaları - öldürülən və qanı axan ümidlərin; yüklü gəmi - çəkilməsi ağır olan həsrətin şəkli kimi canlandırılır. "Şəkil" prinsipi ilə ideomatik ifadələrə yanaşan şair hərfi mənadan məcaziliyə, eləcə də məcazilikdən hərfi mənaya keçməklə yüksək bədiilik effekti yaradır:

 

Aradan çıxmağa çalışar zaman,

Havada burğusu burulur qarın...

Can candan ayrılar... Bu ayrılıqdan

Tüstüsü başından çıxar qatarın...

 

O qatar gedirdi dərd çəkə-çəkə,

Yatan körpənin də yuxusu qardı.

Açsaydı kor olmuş gözünü, bəlkə,

İçində bir ata şəkli qalardı.

 

"Ata şəkli"

 

Ömrün nisgilli başlanğıcını əks etdirən bu misalda poetikliyin, obrazlılığın ən səciyyəvi cəhəti mücərrəd anlayışın məhz görümlü şəklə salınmasındadır: Qadın (qucağında südəmər körpə) dəmiryol vağzalında cəbhəyə yola düşən əri ilə vidalaşır. Bu amansız ayrılıq, adamı yandırmazmı? Əlbəttə, yandırar. Elə yandırar ki, adamın tüstüsü təpəsindən çıxar. Şair bu psixoloji ovqatı "Tüstüsü başından çıxar qatarın" şəklində, gedənin və qalanın necə dərd çəkməyini "O qatar gedirdi dərd çəkə-çəkə" şəklində "səhnələşdirir". İnsanın daxili yanğısının qatar tüstüsü timsalında, insan dərd-sərinin, çəkilib ağır-ağır gedən qatar timsalında əşyalaşdırılması şeirdə zamanın aradan çıxmaq istəyən insana, körpə yuxusunun isə təzə yağan qara bənzədilməsindən bəlkə daha çox poetikdir.

Məmməd İsmayılın təbiət şeirlərində də mifoloji düşüncə ilə səsləşən məqamlar az deyil. Başlıca səsləşmə ana təbiətdən özünü ayırmamaq, özündə təbiətin, təbiətdə özünün əlamətlərini görmək meylindədir. Məmməd İsmayılın gözündə Kür-Araz bir-biri ilə qucaqlaşır və su sudan hal-əhval tutur; bulaqlar bir-birilə pıçıldaşır; budaqdan düşən payız yarpağı torpağın qulağına qışın gəldiyini pıçıldayır; yaz mehinə könlünü açan qönçələr "dünya gözəldir" , - deyir; yay günü yaylaqda qar dizə çıxanda xəbərsiz çiçəklər yaşınmağa macal tapmırlar; cığırlar meşədən üşüyüb çıxırlar. Məmməd İsmayıl şeirində mifə, folklora bağlılıqla təbiətə bağlılıq əslində eyni mahiyyət daşıyır. Məmməd İsmayılın təsəvvüründə mif və folklora bağlılıq kimi təbiətə bağlılıq da kökə qayıtmağın bir yoludur. Təsadüfi deyil ki, şair vaxtsız itirdiyi ata-anasını da təbiətdə axtarır:

 

Təbiət aranı xəlvət eyləyib

Çəkir sığalını torpağa, daşa.

Deyin, çinarlarmı söhbət eyləyir,

Ya anam-atamdır verib baş-başa?!.

 

Yoxdan var olanlar yoxluğa varmaz,

Səs çıxar, sədası dinib qayıdar.

Sən demə, ölənlər ölüb qurtarmaz,

Çinara, çiçəyə dönüb qayıdar.

 

"Danışan çinarlar"

 

"Həyatın beşiyi - ünvanı sənsən" deyib anaya üz tutmaq, "Haqq mənəm" deyən Nəsiminin uyuduğu məkanda ata sorağına düşmək, təbii ki, hər şeydən qabaq, valideynə övlad məhəbbətinin ifadəsidir və bunabənzər bədii ifadəni az-çox başqa şairlərdə də tapmaq mümkündür. Amma məsələ bununla bitmir. Məsələ burasındadır ki, ata-anaya ardıcıl üz tutmağın arxasında Məmməd İsmayılın özünəməxsus poetik sistemi durur. Bu poetik sistem öz mayasını epos düşüncəsindən götürür. Məmməd İsmayıl yaradıcılığında Nizami Cəfərov, Məti Osmanoğlu kimi tədqiqatçıların diqqətini cəlb edən epos düşüncəsi isə, heç şübhəsiz, əcdad kultu ilə bağlıdır. Əcdad kultu folklorun heç bir janrında eposda olduğu qədər qabarıq deyil. Folklorun başqa janrlarından fərqli olaraq eposda (ən çox da qəhrəmanlıq eposunda) xalqın öz varlığı uğrunda çarpışması önə çıxır və bu səbəbdən həmin janrda ulu babalarla bağlı olan uzaq keçmişi ideallaşdırmaq zərurəti yaranır. Məlumdur ki, dünya mifologiyasında əcdad kultu hökmdar, şair və kahin arxetipləri ilə bağlıdır. O arxetiplərin bizim dastanlarda qılınc və söz qəhrəmanlarında daha çox özünü göstərməsi, kahin obrazının isə Dədə Qorqud, Kərəm, Qurbani kimi söz qəhrəmanlarının nümunəsində ortaya çıxması aydın məsələdir. Bəs epos düşüncəsi Məmməd İsmayıl yaradıcılığında özünü necə göstərir? Əlbəttə, eposdakı epik lövhələri Məmməd İsmayılda axtarmaq yersiz olardı. Epikliyi, yəni süjetli əhvalatların bir-birini izləməsini Məmməd İsmayılın nəinki şeirlərində və poemalarında, heç "İz" romanında da görmürük. Məmməd İsmayılın şeirləri, poemaları, hətta romanı üçün aparıcı xüsusiyyət hiss-həyəcanların bir-birini izləməsi, duyğu-düşüncə "süjet"inin incəliklə qurulmasıdır. Görmək çətin deyil ki, Məmməd İsmayılda duyğu-düşüncə "süjeti"nin eposa xas modeli var. O modeldə "süjet" belə bir xətt üzrə qurulur: ata ocağı, uzaq səfər, çarpışmalar və yenidən ata ocağına qayıtma. Dastan modeli ilə üst-üstə düşən bu "süjet" xəttində baş qəhrəman nə ağatlı oğlandır, nə Savalanda yatan igid, nə ipək qarı, nə də bizdən qabaqda gedən baba dərviş. Məmməd İsmayıl dastanında baş qəhrəman Məmməd İsmayılın özüdür. O bu eposda həm qılınc qəhrəmanıdır, həm də kahinliyi özündə birləşdirən söz qəhrəmanı. Məmməd İsmayılda qılınc qəhrəmanlığı tərənnümdən uzaqdır. Bu qəhrəmanlıq tərifdən daha çox, umu-küsü, qınaq-məzəmmət notları üstündə oxucuya çatdırılır:

 

Kimi gözləyirsən, ay zalım oğlu,

Gözləyib fürsəti fövtə verirsən,

Gözləyib - qoyunu qurda verirsən,

Di yatma, dur gəl,

Ümid qıranların belini qır, gəl.

Min yel atına,

Arazı qınından çəkib sıyır, gəl:

Cənublar, şimallar bir ola bəlkə,

Ayrılan mahnılar bir ola bəlkə,

Məqsədlər, amallar bir ola bəlkə!

 

"Savalanda yatan igid"

 

Savalanda yatan igid, həmçinin ağatlı oğlan, ipək qarı, bizdən qabaqda gedən baba dərviş hamilik rəmzi kimi uzaq və çətin yolda şairə mənəvi güc verirlər. Necə ki, bu gücü o, ata-anasının müqəddəs ruhundan alır.

Məmməd İsmayılın həm ata ocağı ilə, həm uzaq yoldakı çarpışma və sıxıntılarla, həm də ilk beşiyə qayıtmaqla bağlı müxtəlif şeirləri var və o şeirlərdən istənilən qədər misal çəkmək olar. Amma mən bunu arif oxucunun ixtiyarına buraxıb şairin bəzi obrazları üzərində dayanmaq istəyirəm. O obrazlar ki, şairin ömür dastanı üçün çox səciyyəvidir. Yol, çay, göl, dəniz belə obrazlardandır. Bir çox şeirlərində Məmməd İsmayıl çay obrazını arzular dalınca qoşmağın, çaparaq yol getməyin rəmzi kimi təqdim edir. Arzular dalınca yola çıxan şairin ən böyük gileyi bəxtdən, taledəndir. Körpəlikdən bəxti gətirməyən, atasız qalıb ana ümidinə boya-başa çatan şair doğma ocaqdan yola çıxıb arzularını gerçəyə çevirərkən də bəxtdən, taledən zərbələr alır, ağrı-acılar yaşamalı olur. Çətin yolu davam etdirməkdə şairə qol-qanad verən ilahi güc - sevgidir. Bu hansı sevgidir? Bu sevgi ilahi bir sehrlə tale sevgisinə çevrilən ana, bacı sevgisidir. Bu sevgi şairin insana və torpağa sevgisinin mayası və cövhəridir:

 

Gənclik illərində çökəndə toran,

Düşəndə bəxtimə dumanlar, çənlər,

Məni o böhrandan çəkib çıxaran

Məni sevənlərdi, ya mən sevənlər?!

 

Qolboyun olanda duyulan, duyan,

Göz açar torpağın tale sevgisi.

Qəfil bəlalardan bizi qoruyan

Tale sevgisidir, tale sevgisi!

 

"Tale sevgisi"

 

Çıxdığı yolda Məmməd İsmayılın başlıca amalı böyük ədəbiyyata xidmət etmək, gördüyü, duyduğu həqiqətləri yüksək bədiiliklə qələmə almaqdır:

 

Yollar gələcəyə uçan qanaddır,

Qaldı dilimizdə "piyada", "atlı",

Ehtiyac qalmadı at sürətinə.

Sənət yollarında bəhsin var hələ,

Gur səslər içində səsin var hələ...

 

Neçə ki, kiminsə bəxti gətirmir,

Neçə ki, dünyada taleyi kəm var,

Baxma yollarında yüz cür sitəm var,

Baxma yollarında qəzəb var, qəm var,

Oxu bu günlərin nəğmələrini.

 

"Bu günlərin nəğmələri"

 

Şairin qarşılaşdığı sitəmlərin ən böyüyü Vətənin parçalanmasından, mənəvi bütövlüyün pozulmasından doğan sitəmdir. Odur ki, Arazdan danışmaq, müəllifin nəzərində, hər şeydən qabaq, ikiyə bölünmüş Vətəndən danışmaqdır:

 

Bu dünya ağzına yoxsa, su aldı,

Yoxsa, birdəfəlik keçib Arazdan?!

 

"Nə deyir mənə bu tarix"

 

"Ağzına su almaq" ifadəsinin həm müstəqim, həm də məcazi mənalarından istifadə etməklə şair Bakı-Təbriz ayrılığına dünyanın biganə qalmasını diqqət mərkəzinə çəkir. Amma Vətənin parçalanması heç də Bakı-Təbriz ayrılığı ilə bitmir və şair zaman-zaman bütövlüyü pozulmuş türk dünyasının mənəvi birliyini mühüm hədəflər sırasında görür, Sibir çöllərini və Baykal gölünü nəzərdə tutaraq deyir:

 

Bir vaxt okeanlar çəkilib gedib,

Sibir çöllərində qalıbdı Baykal.

 

Hər şeyin əvvəli ondan başlayır,

Ömrün gəlhagəli ondan başlayır.

Gözümü açandan uzaq Vətəndi,

Durna qatarına dönmüşdü zəndim.

Uzaqdan, uzaqdan, uzaqdan ona

Can atan çayların biri də məndim!

 

"Baykal"

 

Şairin bir çay timsalında Baykala can atması, heç şübhəsiz, türk dünyasının bütövlüyünə can atmaqdır.

Söz və fikir adamlarının hər küləkdən səmtini dəyişib, gündə bir mövqe tutması və nəticədə toplumun barışmaz tərəflərə bölünməsi, Məmməd İsmayılın nəzərində tarixi uğursuzluqlara gətirib çıxaran başlıca səbəblərdəndir; toplumdaxili ağız birliyi oğuz-qıpçaq, oğuz-karluq birliyinin təməl daşıdır.

Məmməd İsmayıl şeirinin ritmi və intonasiyası son vaxtlar get-gedə dəyişir. Obrazlı desəm, bu şeir tədricən axar çay ritmindən ləngərli göl və dəniz ritminə keçir. Axar çay dilindəki ötkəmliyi göl və dəniz dilindəki təmkin və ağırlıq əvəz edir. Məsələn, ömrün ağrı-acısı barədə çay dilində danışmaq göl və dəniz dilində danışmaqdan fərqlənir. Birinci halda, ağrı-acıya səbəbkar və baiskarlar axtarılır, müəllif ötkəm bir səslə hansısa "zalım oğlu"nu qınaq hədəfinə çevirir. İkinci halda isə aqilanə bir təmkin, "xeyirsiz şər, işıqsız qaranlıq yoxdur" düşüncəsi önə çıxır və müəllif ağrı-acını qədərin hökmünə, taleyin pozulmaz yazısına bağlayır. Bu cür ritm və intonasiya dəyişməsində, eləcə də fəlsəfi düşüncələrə geniş meydan verilməsində Məmməd İsmayılın bəhrələndiyi qaynaqlardan biri yenə mifdir, mifin üstündə pərvəriş tapan eposdur. Məmməd İsmayıl yaradıcılığından, ən çox da onun son dövrlər yazdığı şeirlərdən ana xətt kimi keçən bir motiv - təbiətin yenidən doğulub dünyaya əbədilik qazandırması motivi öz başlanğıcını mifdən, mifoloji düşüncədən götürür. Məmməd İsmayıl çox gözəl bilir ki, Türk tanrıçılıq sistemində təbiətin ölüb-dirilməsi, sonun təzədən əvvələ qayıtması Tanrı qüdrətinin, Tanrı ixtiyarında olan əbədilik və qəzavü-qədərin mühüm göstəricisidir. Belə bir mifoloji təsəvvürün izlərinə və poetik cizgilərinə Məmməd İsmayılın "hicrət" poeziyasında tez-tez rast gəlmək olur:

 

Yarpaq, sən də budaqdan,

Solub qürbətə düşdün.

Yağış, sən də buluddan,

Dolub qürbətə düşdün.

Könül, ölən gününmü -

Gəlib qürbətə düşdün?!

 

Buluda dönmək üçün

Buxarlanmaq gərəkmiş.

Budağa dönmək üçün

Baharlanmaq gərəkmiş.

Vətənə dönmək üçün

Məzarlanmaq gərəkmiş.

 

...Qucağını aç, Vətən,

Yox olub gələcəyəm

Səndə var olmaq üçün.

 

"Səndə var olmaq üçün"

 

Bu şeirlə (və bunabənzər neçə-neçə başqa şeirlə) Məmməd İsmayıl oxucuya bədbinlik ovqatı yox, əbədiyaşarlıq, ölməzlik ovqatı aşılayır - saralmış payız yarpağının təzədən budağa, yağış damlasının təzədən buluda, qürbətdəki Vətən övladının təzədən Vətənə qovuşmasından doğan ölməzlik.

Məmməd İsmayıl poeziyasında açıq-aşkar hiss olunan, Qəzənfər Paşayev, Elnarə Akimova kimi tədqiqatçıların diqqətini cəlb edən qəriblik motivi üzərində, ümumi şəkildə də olsa, dayanmaq lazım gəlir. Diqqət yetirdikdə, aydın olur ki, qəriblik motivinin ifadəsi Məmməd İsmayıl şeirində heç də Türkiyəyə mühacirətdən başlamır, bu motiv şairin yaradıcılığında lap əvvəldən özünü büruzə verir:

 

Mən kiməm,

mən nəyəm?

qərib düşüncə,

Kimsəyə gərəksiz, tənha bir ürək.

Burda oğul olub uzaq düşüncə,

Burda çinar olub bitəydim gərək.

 

"Müqəddəs kədər"

 

Əsrik adlı doğma yurdda çinara dönmək arzusunun dilə gətirilməsi heç də Vətənin o biri başının qürbət sayılması anlamına gəlmir. "Müqəddəs kədər" poemasından gətirdiyim yuxarıdakı nümunədə qəriblik hissi həmdəm, həmdərd tapmayıb tənhalaşmaqla bağlı bir hissdir. Türkiyəyə getdikdən sonra Məmməd İsmayıl, fəlsəfi düşüncələr müstəvisində qəriblik motivinə, söz yox ki, daha tez-tez yer verir və motivə yeni məna çalarları əlavə edir. Yeni məna çalarları Vətən və Vətən həsrəti anlayışlarına fərqli yanaşmadan doğur və bu həsrətin ifadəsində sufiyanə cizgilər görünməyə başlayır. Vətən dedikdə, şair bir tərəfdən, doğulub boya-başa çatdığı, sənət adamı və ictimai xadim kimi yetişdiyi real coğrafi məkanı nəzərdə tutursa, bir tərəfdən də, Tanrı dərgahını nəzərdə tutur. Mühacirətəqədərki şeirlərində doğuluşdan söhbət açarkən, insanın göydən gəlməsinə ara-sıra işarə edən Məmməd İsmayıl Türkiyədə yazdığı bəzi şeirlərdə (eləcə də "İz" romanında) bəşər övladının əvvəl-axır göylər aləminə - ilkin Vətənə qayıdacağından bəhs edir:

Bu necə qismət imiş,

Bu necə vədə - gəldim.

Bu dünya qürbət imiş,

Neçin qürbətə gəldim?

 

"Bu necə qismət imiş"

 

Gəldiyim kimi də getmək gözəldi,

Bədəndən sıyrılıb ruh olmaq gözəl.

Dənizə qarışıb itmək gözəldi,

Tanrıya qovuşub yox olmaq gözəl.

 

"Qırxıncı qapıyam, sirrim bilinməz"

 

Şairin əvvəlki şeirlərində dəniz, çayların can atdığı real bir mənzildirsə, son vaxtlar yazdığı bir çox şeirlərdə dəniz, Tanrı dərgahının rəmzinə çevrilən, damlanın, qətrənin qovuşmaq həsrətində olduğu mistik bir mənzildir.

Yaşadığımız fani dünyanı qürbət, Tanrı dərgahını Vətən saymaq və o Vətənə qovuşmağı ideala çevirmək! Klassik ədəbiyyatdan və aşıq şeirindən gələn bu təlim Məmməd İsmayıl yaradıcılığını heç də aparıcı xətdən uzaqlaşdırmır. Məmməd İsmayıl yaradıcılığı üçün aparıcı olan xətt Əsrik adlı kəndin, Azərbaycan adlı məmləkətin dərd-sərini qələmə almaq, yeri düşdükcə fəlsəfi düşüncələrə dalmaqdır:

 

Hara getsəm dərdin də,

            arxamca gedər mənim,

Bir qulam ölənəcən

            bu dərdi daşımağa...

 

Şairləri susmayan

            bir vətən basılmayıb,

Qəlbimdə can yerinə

            buna ümid bəslədim.

Yolunda şəhid olmaq

            baxtıma yazılmayıb,

Bayrağına bükülüb

            dəfn olunmaq həsrətim...

 

"Şairləri susmayan

bir vətən basılmayıb"

 

Vətənin dərd-səriylə yaşayan və ana yurdun coğrafi və mənəvi bütövlüyünü ən ülvi arzuya çevirən Məmməd İsmayıl Qarabağ savaşının ilk qəhrəmannaməsini yazan şairlərimizdən biri oldu:

 

Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,

Hələ haqqın nahaqla bəhsə-bəhsi sənindir,

Dünyanın ən mübarək qələbəsi sənindir,

Bu qələbə yolunda nə dayan, nə yavaşı,

Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

 

"Xan əsgər"

 

Bəli, ata ocağından başlayıb, uzaq məkanlarda eniş-yoxuşlardan keçən bir yol hərlənib təzədən doğma yurda qayıtdı - dastanlardakı kimi!

...Məmməd İsmayılla axırıncı dəfə 44 günlük Qarabağ savaşından qabaq, bir yay günü Gədəbəydə görüşmüşük, oturub şeirdən-sənətdən, dünyanın etibarsızlığından, itirdiyimiz torpaqların qayıtmasını görüb-görməyəcəyimizdən danışmışıq. Qismət olar, yaxın vaxtlarda Əsrikdə - şairin doğulub boya-başa çatdığı və dünyaya pərvazlandığı ata ocağında görüşərik. Kəndin havası şairi cavan oğlana döndərər, həmişəki şövq və ilhamla o, təzə şeirlərini oxuyar, biz isə bu dəfə etibarsızlıqdan, itkilərdən yox, dünyanın gözəlliklərindən söz salarıq. Və deyərik: "Yaşamağa dəyər, Məmməd İsmayıl!"

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!