Aysel Xanlarqızı çağdaş Azərbaycan şeirində mənsub olduğu ədəbi nəslin təmsilçiləri arasında fərqli bir yerdə dayanır. İlk kitabı çox erkən yaşlarda, 2003-cü ildə çap olunan şairin bu xüsusiyyəti zənnimcə, onun ənənəvi şeirə olan münasibətindən, bağlılığından qaynaqlanmışdır. Qələmini bəzən sərbəst şeirdə yoxlasa da, Xanlarqızının ürəyindən qopan duyğu selini şeir ümmanına daşıyan səs və hiss baxımından zəngin, qüdrətli misralar ənənəvi tərzi davam etdirdiyi şeirlərində özünü tapır. Ancaq Xanlarqızının şeiri, ənənəviliyin bəsit bir təkrarından ibarət deyildir. O, çox vaxt heca şeirinə üstünlük versə də, "ənənəviliyin sərhədlərini aşan" bir poetik anlayışın təmsilçisi və söylənməmişləri söyləməyə çalışır. Bu səbəbdən Xanlarqızının kəlmələrə yeni mənalar yükləyərək, yeni məzmun, metafora kəşf edərək özünəməxsus bir şeir dili inşa etməyə, bu dil ilə "yeni şeylər" söyləməyə çalışdığını, bunda da bacarıqlı olduğunu etiraf etmək gərəkdir:
Bu gecə darıxmaqçün harasa bilet alım,
Toplayıb çantasını uzaqlara göndərim.
Ya mən qaçım yanına, qolların liman olsun,
Ya səni göy üzündən çəkib yerə endirim...
Bu dördlükdən də görüldüyü kimi, "darıxmağa tək gedişlik bilet almaq", "həsrətin çantasını toplamaq", "həsrəti sürgünə göndərmək" və həsrəti aradan qaldırdıqdan sonra sevdiyini "göy üzündən yerə endirmək" arzusu, Xanlarqızının şeirində orijinal poetik ifadə arayışlarının bir təzahürüdür. Bu bənddə sürgünə göndərməklə yox ediləcək "həsrət", klassik ədəbiyyatda vüsalın önündə əngəl olan "rəqib"ə bir göndərmədir. Şairin "qolları liman" olan bir sığınacağa qaçma xəyalı ilk oxunuşda bəşəri bir sevgi hissi kimi anlaşılsa da, sonrakı misrada sığınılacaq olanı "göy üzündən yerə endirmə" düşüncəsi bəşəri körpülərdən keçib gedən ilahi bir sevgiyə işarədir. Xanlarqızının şeirlərində bu yeni söylənişlərə aid nümunələr çoxdur:
Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini
Köz eləyib əllərimə dağ basdım,
Mən ovcumda öləcəkdim, sən gəldin...
Kirlənən xatirələri yuyub kirpiklərdən asmaq Xanlarqızının lüğətində "ağlamaq" sözünün poetik ifadəsidir. Ürəyini köksündən çıxarıb ovcunda daşıyan, öz ovcunda ölmək üzrə olan bir insan portreti çəkir o... Onu həyata döndürən isə yad əllərdə isinən bir əli tutub köz edərək öz əllərinə dağ çəkməsidir! Köz ilə dağlanmaq can yandırıcıdır, acı və əzabvericidir, ancaq onun şeirində, ovcunda daşıdığı ürəyə həyat bəxş edir bu köz! Bu mümkündürmü? Əgər bu "köz" sevgi atəşindən meydana gəlmişsə, mümkündür... Bütün bu ifadələr, gecikmiş bir sevgiyə qanadlanan ürəyi təsvir edən şair təxəyyülünün zirvələridir. Ayrıca olaraq burada "yudum, yudum" və "yad əllər" sözləri eyni anda iki fərqli mənada istifadə edilərək şeirdə məna baxımından genişlədilir. Kəlmələrin uzaq və yaxın mənalarını çoxmənalı şəkildə işlətmək də onun klassik şeirlə bağlarının güclü olduğunu göstərməkdədir...
Həsrəti sürgünə göndərməyi və azad olmağı düşünən Xanlarqızının misralarında xoşbəxtlik və sevinc bu duyğulara qoşularaq düşmən bir ordu ilə döyüş halındadır, sanki. Bu əzəli müharibə də ayrılıq meydanında cərəyan edir:
Durdum həsrətə qarşı, üzü qibləyə sarı,
Ruhum uçdu canımdan sənə doğru, yuxarı...
Dua etdim Allaha, "Öldür ayrılıqları!"
Kirpik çaldı gözümə bir ilahi baxışla...
Qədim dövrün qaynaqlarında döyüşdən öncə bir toplanma təpəsinin müəyyən olduğundan, zəif düşən və geri çəkilmək məcburiyyətində qalan əsgər birliklərinin, daha öncədən müəyyən olunan bu təpədə toplanıb yenidən savaşa başladıqlarından bəhs edilir... Xanlarqızının şeirlərində, misralarında da sevincin qalib gəldiyi anlarda "ayrılıq meydanı"nı gündüz vaxtı qaraldan cəngavər həsrət, sanki onun ürəyini "toplanma mərkəzi" olaraq bildirir və qəm, kədər, hüzn, böhran... boşluqlar, uçurumlar, qaranlıqlar ordusu, onun ürəyindəki sevinc parıltılarını söndürür, udur və beləcə onun ruhunda yeni bir işğal başlayır...
De, necə yuxuya verim göz yaşın,
Bu yalnız ömrümü necə qurtarım?
"Getmə" deyəcəkdim, dilim qurudu,
Daş düşsün başına ayrılıqların...
Məğlubiyyətlər qarşısında insan özünü ancaq söz ilə müdafiə edə bilir. Bu səbəbdən Xanlarqızı da sözə sarılıb şeirə tutunur. Ruhun yaralarını söz ilə sarmağa, sağaltmağa çalışan şairin dirəniş qərargahı isə, adətən bir-birini tətikləyən, bir-birini bəsləyən, böyüdən və hər zaman ittifaq halında olan "gecə" ilə "tənhalıqdır"... Qaranlığın, gecənin böyütdüyü və hüdudları olmayan bir tənhalıq var onun şeirlərində. Bəlkə də bunun səbəbi, misralarında dilə gətirdiyi "əlindən düşürdüyü günəş" bəxt günəşidir... Ya da "itirdiyi rənglər", xoşbəxtliyin rəngləridir... Onun təkliyinə işıq tutan şeir səmasındakı ulduz isə çox uzaqlardadır. Hər şeyə rəğmən, bu ulduz, sabaha ümid işığı daşısa da, Xanlarqızının şeirləri gecənin və tənhalığın mühasirəsi altındadır. Bu səbəblə onun şeirini tənhalığın poeziyası olaraq adlandırmaq da mümkündür:
Mən darıxmaq adında ən uzun yuxu yatan,
Gözlərini boşluğa geniş açan biriyəm.
Otağının qapısı sabaha bağlı qalan,
Qəribsəyən gecənin tənha bir əsiriyəm...
Ancaq Xanlarqızı uzaq ulduzların işığından da ümidini üzmür. Bu işığa tutunaraq təkliyin mühasirəsini yarmaq, yalnızlıq əsarətindən qurtulmaq, içini gəmirən şübhələrdən arınmaq, ruhunu bir dərviş hüzuruna qovuşdurmaq və qanadlarını geniş açaraq yenidən bəmbəyaz buludlarla dolmuş, günəşi parıltılı yanan, rəngləri yerinə qayıtmış dünyada, masmavi bir səmada azadlığa uçmaq arzusundadır:
Dünyanı qucaqlayıb qollarım - sən qarışıq,
Ayağım yerə dəymir səndən qanad açandan.
Sən nazımı çəkəndən naz da mənə yaraşır,
Mən həyatı sevmişəm səni sevdiyim andan...
Onun şeirlərində ayrılığın və həsrətin başlanğıç nöqtəsi olan hava limanları, gəmi limanları və dayanacaqlar eyni zamanda vüsal ümidinin də məkanlarıdır. Qanadlanan bir təyyarə, uzaqlaşan bir gəmi, gecikmiş bir qatar kədərin, hüznün; limana yanaşacaq gəmilər, uzaqlardan gələn qatarlar, hətta onun uşaq ruhunun tənha otaqda uçurduğu "kağızdan, təyyarələr" ilə göz yaşlarında üzdürdüyü gəmilər sevincin və ümidin səbəbidir:
Həsrət ürəyimdə əbədi yolçu,
Ruhum vağzalları daşıyan liman.
***
Təyyarə qanadından asılıbdır ürəyim,
Yolu kəsib, dayanıb ruhum - hava xəttində.
***
Kağız göyərçinlər
uçururam başımın üstə
hava limanına dönən otağım boyu...
Bir ovuc dən də səpəcəm
səni aparan təyyarələrin arxasınca,
geri dönüb ovcuma qonsunlar deyə,
Səni mənə gətirsinlər deyə...
Şairlik, poetik düşüncə və estetik sərhədlər çərçivəsində az sözlə çox şey anlatma istedadı deməkdir. Tanrının söz söyləyə bilmək qüdrəti bəxş etdiyi şairlər - dünyanı, təbiəti, insanı, əşyanı üçüncü bir gözlə görən, sənətçi baxışına sahib insanlardır. Onların ruhunda dəli sular kimi çağlayan duyğulu bir coşqunluq vardır. Dolayısıyla bu fərqli baxış bucağıyla şairlər gördüklərini və yaşadıqlarını üstün bir dil olan şeir dili ilə ifadə edirlər. Bu üzdən sözə hökm edirlər. Xanlarqızı da şeirin dilini kəşf edən, istedadlı bir şairdir. Onun şeirlərində bəzi misraların qanadlanıb məna səmasında uçduğunu görmək mümkündür:
Düşüb gözlərimdən intihar edər;
Qəlbimdən atdığım saxta adamlar...
***
Yorulmuşam tutmaqdan göyü çiyinlərimdə,
Getmisən, yer də çıxıb fırlandığı oxundan...
***
Kədər gözlərim üstə qoyulmuş bir əklildir,
Göylərin sinəsinə çıxmışam sən gələndən...
***
Sən ömrümə gələndən üzü gülür qələmin,
Sözü bağrına basıb xoşbəxt olub ağ kağız...
***
İslanır gözü Tanrının,
Dua edir tək otaqda...
***
Əllərim atasız uşaq,
Qoynumda ölür gecələr...
Xanlarqızının müxtəlif şeirlərindən alınmış yuxarıdakı misralar, özünəməxsus ifadə şəkli, səs, ahəng, məna dərinliyi və anlam genişliyi baxımından olduqca qüdrətli və yuxarıda izah etdiyimiz kimi - onun söylənməyəni söyləmək axtarışını isbat edən misralardır.
Aysel Xanlarqızı son dərəcə həssas bir ürəyin sahibi olmaqla yanaşı, eyni zamanda da təbiətə, insana, axıb gedən həyata, hadisələrə qarşı da son dərəcə "duyarlı" bir söz adamıdır. Milli və insani dəyərlər sanki bir məsuliyyəti onun şair çiyinlərinə yükləyir. Vətənin müdafiəsində şəhid olan bir əsgərin tabutu da, qardaş ölkədəki zəlzələdə həlak olanların tabuta dönən evləri də bu həssaslıqla onun misralarında dil açır:
"Duaları duyulmamış hansısa evə
Arzuları güllələnmiş şəhid gəlirdi..."
6 fevral zəlzələsi zamanı "nağılların qorxunc divlərə təslim olduğu gecədə" Türkiyədəki zərərçəkmiş insanların acısını da ürəyində daşıyır:
Türkün al bayrağı gözün silirdi,
Vüqarlı başının çırpıb qarını.
O gecə yağışla tozun yuyurdu
Uçulmuş binaların yaralarının...
Aysel Xanlarqızı insani dəyərlərlə yoğrulmuş bir şairdir. Bu səbəbdən "vəfa" duyğusu onun şeirlərində geniş yer almışdır. Bir çox şeirində əhdə vəfasızlığı, qədirbilməzliyi, namərdliyi dərin bir sitəmlə dilə gətirsə də, dostlara qarşı vəfa göstərməkdə də ustadır. Azərbaycan şeirinin zirvə şəxsiyyətlərindən Məmməd İsmayıla ithaf etdiyi şeirin misraları bu vəfa duyğusunun zirvəsidir:
Büdrəyən hər bir misranın
Qoluna girib şeirin.
Çəkmisən sözün rəsmini,
Dünyaya sevdirib şeiri.
Şərəfli ömrün qazancı -
Qırışlarındır, deyirəm.
Ver mənə soyuq qışını,
Mən üşüyüm, mən, ay ustad,
Ustad! Ay ustad...
Ön sözün sərhədlərini aşan bu yazıda, son olaraq onun başqa bir axtarışından bəhs etmək istəyirəm. Özünü tənhalıqdan, yalnızlıqdan yonulmuş bir heykəl olaraq təsvir edən Aysel Xanlarqızı şeirlərindən, dünyasından qeyb olan, birdən-birə xəzana uğrayan və solub gedən bahar rənglərinin arayışındadır:
İtirdiyim rəngləri gözlərində tapsam da,
Bu rəsmi də yarımçıq rənglər, yaşaram təkcə.
***
Bir zamanlar hardasa itirdiyim rənglər də,
Bir şair qələmindən söz-söz şeirə düşər.
"Sən Gəldin"adlı kitab Xanlarqızının Türkiyədə çıxan ikinci şeir kitabıdır. "Pəncərəmə Günəş Çək" adlı ilk kitabına Ön söz yazan Ənvər Aykolun "Xanlarqızı şeirin xəyal gücünə qadını qoyaraq əslində oxucunun alışdığı sevgili qavrayışını qırır" deyə dəyərləndirdiyi şairin bu özəlliyi başqa bir yazının mövzusudur. Çünki onun çox misraları bir "qadının", "ananın" həssas ürəyindən sevginin səmasına üfürülən duyğulardır...Bu kitabının da türk oxucuları nəzdində böyük marağa səbəb olacağından əminəm. Mövlananın dediyi kimi, sözü qısa kəsib oxucunu şairlə baş-başa buraxmaq ən gözəlidir...
16.08.2023
İstanbul
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!