"Şair" sözü ərəbcədən dilimizə keçmiş əcnəbi söz, "qeyri-adi gücə malik, kahin" mənalarını özündə barındıran bir kəlmədir. Həqiqətən, belə deyilmi?! Ağrı-acılarımızı, sevinc və kədərlərimizi, sevgi və hüsranlarımızı şairlərin dilindən oxumadıqmı bir-birimizə, könül alıb, könül vermədikmi şeirlə?! İstər nəfəsini dayandırıb, torpaq altında qırx gün yata bilən dərviş yogi, istərsə işıq effektləri ilə sehrbazlıqla dünyanı heyrətə salan Koperfild olsun, heç biri duyğularımızın tərcümanı və bizə təsəlli olmur. Əsl sehr, qeyri-adi güc söz sərraflarının qələmində yatır. Özünü tapmış, qəlbində insanlığı otuzdura bilmiş uca şəxsiyyətdir şairlər. Kövrək insanlara da "şair ruhlu insan" deyirik el arasında. Bəzən şair kimliyi ilə insanlıq kimliyi üst-üstə düşmür. Sonucda insanlıq halıdır. İnsan üsyan edər, elə bir situasiyadan keçər ki, insanlıqdan çıxar, amma şair şairlikdən çıxmaz.
Bir şeirin yamacında durmaq
Və ölümünə bu cür haykırmaq keçdi içimdən:
Eşqlər daha ölmədi!
Eşqlər daha ölmədi.
Orxan Arasın "Eşqlər daha ölmədi" şeirindən misralar da bizə deyir ki, bir şeirin yamacına yaslanmaqdır, şeirə tutunmaqdır şairlik. Sənin, mənim, onun yaşadıqlarını hiss edərək hər kəslə bütünləşməkdir şairlik. Ümumilikdə yazıçı, jurnalist və tədqiqatçı kimliyi ilə tanınsa da, şairlik kimliyini də çox sevdim onun. Orxan Aras yaradıcılığı hər yönüylə diqqətəlayiqdir. Şeirlərini türkiyəli jurnalist Muaz Özgünün redaktoru olduğu "Dibace.net" elektron dərgisində oxuya bilərik hərdən. Sosial mediadan paylaşır təkdən-tükdən. Bəzən mənim halımdan yazır, bəzən sənin, bəzən də onun.
Sən bəzən bir quşsan, bəzən bir çiçək.
Sən bəzən bir uşaq təbəssümündəsən,
bəzən bir qadın baxışında.
Sən bəzən ölkəmsən mənim, sürgünə atıldığım.
Bəzən də "ayrılıq" sözü belə edərkən
gözlərimi yaşardan dostlarımdansan.
Sənin ismin yox...
İliyinə qədər türkçü birisidir Orxan Aras. Amma mən sənəti həmişə milliyyətçilikdən uzaq görmüşəm. Sənətdə milli kimlik axtarmamışam heç bir zaman. Ümumiyyətlə sənəti milliyyətçiliyə aid etmək olarmı? Milliyyətçi birisi böyük sənətkar ola bilər, amma onun yaratdığı sənət əsəri artıq milli kimlikdən çıxıb bəşəriyyətə aid olmalıdır. Türk olmayan birisi özünü bir şairin şeirində, yazıçının romanında, rəssamın tablosunda, bəstəkarın musiqisində tapa bilirsə, bu, sənətdir deməli. Sənət İnsan üçündür. Bu cür sənət növü həm milli kimliyi olan sənətkarı dəyərli etməklə yanaşı, həm də özünü aid hiss etdiyi məmləkətin də adının ucalığıdır əlbəttə ki. Orxan Arasın Almaniya Yazıçılar Birliyinin üzvü olmağı, onun söz adamı kimi sənət dünyasında təsdiqidir həm də. Sənət bəşəriyyətə, insanlığa xidmət etməlidir. Orxan Arasın ən milli şeirlərində, əsərlərində belə bəşəri dəyərlər əks olunur.
Mühacir ədəbiyyatında Nazim Hikmətdən sonra qürbətçilik mövzusu Orxan Arasın bütün əsərlərində, hətta tədqiqat işlərində belə sərhədlərini genişləndirib yerini bərkitdi. "Son cənnət" romanı, "Almaniya, mənə bir az sevgi ver" əsəri, Qurban Səidlə bağlı araşdırma kitabları və şeirləri qürbəti çılpaqlığı ilə canlandırdılar gözümüzdə.
Anam yox yanıbaşımda,
Bu günəş heç isitmir məni.
Çiçəkləri bir başqa ətirlidir buranın,
Yuxuları heç uyutmur məni...
Sənət bəşəri olsa da, sənətkarlar daha çox öz vətənində söz sahibi olmaq və təsdiqlənmək istərlər. Hər insan gücünü doğulduğu torpaqdan alar. Torpaq insana güc verər, həyata bağlayar və əcəl gələndə ana kimi qucağına alıb sonsuza qədər yorulmadan qoruyar, gizlədər onu. Bəlkə də torpaq sahibi olmaq buna görə müharibələrə səbəb olur, bilmirəm. İnsanın şüuraltı "dürtü"sü, impulsudur hər halda. Orxan Arası Azərbaycanda daha çox oxuyub təqdir edirlər. Səbəbi isə yazıçının uşaqlıqdan "o tay, bu tay" həsrətiylə yaşayan İğdırdakı böyüklərinin bütöv Azərbaycan arzuları ola bilər. Şairin anası - rəhmətlik cənnətməkan Səbiha ananın Orxan Arasın şair kimliyinin açığa çıxmasında böyük rolu var. Ananın cümləsinin əvvəli də şeirlə, bayatıyla başlardı, gileyini-güzarını, sevgisini də qafiyəli misralarla bildirər, sonunu da bir şeirlə bitirərdi. Bilmədiyi dastan, nağıl yox idi...
Orxan Aras Azərbaycanı sevdi, Azərbaycan da qarşılıq verərək onu qucaqladı və tanıtdı. Azərbaycanın tanınmış söz ustadları ilə adının yanaşı çəkilməsi əsassız deyil. Daha erkən yeniyetməlik dövründən Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi ulu şairlərlə məktublaşması Azərbaycan sevdasının qəlbində böyüyüb Avropada meydan hərəkatlarına qədər genişlənməsinə təşviq etdi. Bu haqda "Biz Azərbaycanı çox sevdik", "Ayrılığın rəngi hüzn", "Qarabağın göz yaşları" kitablarında ətraflı yazdı.
Vətən şair Orxan Aras üçün nədir? "Səndə qalsın, Anadolum" şeirinə Ön sözündə belə ifadə etdi: " Anadolunun bitməz-tükənməz davaları, insanlarını təqib edən yoxsulluğu, ona sarılıb dolanan düşmənçilikləri belə, heç bir şeyi mənim onu sevməyimə mane olmur"...
Səndə qalsın,
Anam, atam,
Tozlu küçələrinə qurban olduğum kəndim,
Obam...
Bir ovuc buğda üçün tökdüyüm tər,
Əməyim, çabam
Səndə qalsın!..
Orxan Aras şeirlərində hələ də qürbətdən yazır. Bir var, gerçək qürbət, bir də var, ruhun qürbəti. Ruhun qürbətini ən dərin yaşayanlar isə şairlərdir. Deməli, Orxan Aras vətənində yaşasa belə qürbət onun şeirlərindən çəkilməyəcək.
Nə gözəl olardı,
Ancaq məni düşünsəydin, məni.
Kölgələr sinməsəydi ürəyimə,
Sonra gələcəyi yaşasaydın dolu-dolu
Mənim də yerimə,
Nə gözəl olardı...
Nə gözəl olardı, Orxan Aras şeirlərini toplayıb yeni şeir kitabıyla şair Orxan Arasdan danışsaydı bizə yenidən, nə gözəl olardı!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!