Keçən gün, qırmızı "limuzin" və... kamikadzenin qayıdışı - Arzu Nehrəmli yazır

Xalq yazıçısı Anarın 1991-ci ildə yazmağa başladığı və 2023-cü ildə tamamlayıb nəşr etdirdiyi "Əcəl" povestini oxuyanda, bu povestdə təqdim olunan hadisələr, əsərin qəhrəmanları, yazıçının bizə nə demək istədikləri barədə düşünəndə "Gürcü familiyası" hekayəsini və həmin hekayə əsasında çəkilmiş "Gün keçdi" filmini xatırladım. Hekayəni deyə bilmərəm, filmi çoxunuzun gördüyünüzə əminəm. Moskvadan bir günlüyə Bakıya, keçmiş məktəb yoldaşı Oqtayın ad gününə gələn Əsmər, Əsmərlə Oqtayın baxdıqları yapon kamikadzeləri haqqında sənədli filmin epizodları, qaranlıq salonda Əsmərin heyrətdən böyümüş gözləri, bir də filmi müşayiət eləyən təsirli diktor mətni, yəqin ki, mənim kimi sizin də xatirinizdə olar: "Ölümə gedən təyyarə sürücüləri havaya qalxan dəqiqədən öz həyatları ilə əbədi vidalaşırdılar. Onların təyyarələri heç vaxt geri qayıda bilməzdi. Qayıtmaqçün onların təyyarələrinə benzin tökülmürdü. Kamikadzelər təyyarələrinə minərkən torpaqdan əbədi ayrılırdılar. Onlar bilirdilər ki, bir də heç vaxt bu torpağı görməyəcəklər, bir də geri dönməyəcəklər..."

Anar müəllim bu hekayəni yazanda mən hələ dünyaya gəlməmişdim. Ancaq gözümü dünyaya açanda dərk elədiyim həqiqətlərdən biri bu oldu ki, məndən əvvəlki nəsil Azərbaycanda müharibəni daha çox kitablarda və filmlərdə, bir də müharibədən sağ qayıdan veteran əsgərlərin xatirələrində görüb. Əsmərlə Oqtayın, onlardan sonra gələn nəsillərin də təsəvvüründəki müharibə Azərbaycandan xeyli uzaqlarda, yad torpaqlarda olmuşdu.

Ancaq Əsməri də, Oqtayı da müharibə ilə, müharibədə son döyüşə gedib bir də geri dönməyən, sonsuz səmanın sakinlərinə çevrilən kamikadzelərlə bağlayan gizli, sirli bir qüvvə var idi və Anar müəllim əsərdə öz oxucularını həmin qüvvənin sirrini açmağa dəvət edirdi...   

Əsərin sonunda Əsmər yoldan Oqtaya təbrik teleqramı göndərir. Teleqramın altındakı imza - "Kamikadze" əsər boyu yazıçının qəhrəmanlarının dili ilə dediyi fikirlərə, "gizli qüvvə"nin sirrinə işıq tutur, bu sirri açmağa xidmət edir.

İlk sevgisindən yaralanan Əsməri zaman bir daha geriyə dönüşü olmayan əbədi səfərə yola salır. Kamikadzelər sonsuz səmanın əbədi sakinlərinə çevrildikləri kimi, Əsmər və əsmərlər də zamanın geri dönüşü olmayan əbədi yolçusuna çevrilirlər...

Filmdəki kamikadzelərə baxan Əsmərin - gözəlliyi ilə ürəkləri fəth eləyən Leyla Şıxlinskayanın heyrətdən böyümüş gözləri gözümün qarşısında canlanır və mən də öz yaşadığım ömürə, öz taleyimə heyrətlənirəm...

Həyat yoldaşımı, doqquzaylıq qızımın atasını - hərbi təyyarəçi Yusif Vəliyevi döyüşə, son səfərinə yola saldığım günün təfərrüatlarını xatırlamağa çalışsam da, sanki beynimdə xəyalla gerçəklik bir-birinə qarışır, özümü hər şeyin eyni zamanda baş verdiyi, zaman ardıcıllığı olmayan qarışıq yuxuda hiss edirəm...

Anar müəllimin "Əcəl" povestindəki ana xətlərdən biri budur ki, ölüm qorxusu insanların təbii duyğularından biridir və heç vaxt insanı tərk eləmir. Yaşın müəyyən çağında əcəl adlandırdığımız ölüm qorxusu insanı təqib etməyə başlayır. Anar müəllimin "Qırmızı limuzin" hekayəsinin süjeti əsasında çəkilmiş filmin "Təqib" adlandırılması da təsadüf deyil. Hekayənin qəhrəmanı O.nu təqib edən qırmızı limuzin onun içindəki ölüm qorxusunun simvoludur.

Əslinə qalanda, sevmək kimi, nifrət etmək kimi, utanmaq kimi, gülmək kimi, ağlamaq kimi ölüm qorxusu da normal insan duyğusudur. Nazim Hikmətin məşhur misralarının "Əcəl"  povestinin epiqrafı kimi seçilməsi də sözümə qüvvət verir:

 

Yeddi təpəli şəhrimdə

Buraxdım qönçə gülümü.

Nə ölümdən qorxmaq ayıb,

Nə də düşünmək ölümü...    

 

Bəs insanın içində gizlənib zamanını gözləyən ölüm qorxusunu ortaya çıxaran, böyüdən, göz qarşısına gətirən, insanın təqibçisinə çevirən nədir? Əcəl nə vaxt peyda olur?

Mənə elə gəlir ki, "Əcəl" povestində cavabı axtarılan əsas sual da elə budur.

Burada yenə "Gürcü familiyası" hekayəsini və "Gün keçdi" filmini xatırlamadan söhbətin üstündən keçməyin mümkün olmadığını düşünürəm. Sanki Anar müəllim keçən əsrin altımışıncı illərindən bəri beynində gəzdirdiyi düşüncələrini, fəlsəfi mühakimələrini yeni əsrin hadisələri ilə bir daha sınaqdan keçirir, yoxlayıb təsdiqləməyə çalışır. Bu müddət ərzində amansız külək kimi əsib keçən zaman çox şeyləri dəyişib, sovurub aparıb. Ancaq elə həqiqətlər var ki, insanların həyatı, məişəti, düşüncələri, əyləncələri, maddi və mənəvi tələbatları dəyişsə də, onlar hələ də yaddaşı tərpətməkdədir...

Bir günlüyə Bakıya gələn Əsmər İçərişəhərdə öz evlərini tapa bilmir, onların yaşadıqları ev artıq sökülmüşdü...

Bütün bunların yerində indi nəhəng boş bir meydan qalmışdı: daşlı, kəsəkli, tozlu, əhəngli meydan"... 

Əsmərin düşüncəsinə görə, İçərişəhər memarlığın folklorudur, başqa sözlə desək, burada yaşayan xalqın yaddaşıdır. İçərişəhərin hər binasından o binanın sakininin tarixi boylanır. "Mənimçün tarixi əhəmiyyətə malik olan bina - anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım ev"...

Bunu Əsmər deyir və bu məsələdə müəllif də, hekayəni oxuyan oxucu da, filmə baxan tamaşaçı da Əsmərlə şərikdir. Hər kəs üçün anadan olduğu ev, doğma ocaq tarixdir və insanları öz tarixindən, keçmişinin nişanələrindən məhrum eləmək günahdır. Ancaq zamanı saxlamaq üçün nə Əsmərin, nə də Oqtayın əlində bir çarə var. Onların gözləri önündə tarix də, canlı xatirələr də nimdaş, heç kəsə lazım olmayan əşyalara çevrilir. Zaman isə öz amansız buldozerini işə salıb keçmişin daş abidələrini dağıdır: "Orda-burda atılmış lazımsız nimdaş əşya qırıntıları, hifz olunmuş divar parçasının gərəksiz şirli naxışı, sınıq aftafa, qırıq krant, paslı boru - boş meydan. Bu meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu buldozer işləyir, sökür, dağıdır, uğuldayırdı"...

Zaman buldozerinin qırmızı "limuzin"ə çevriləcəyi  "Əcəl" povestində də tarixin - İçərişəhərin söküldüyünü görürük: indi bu tarix çölündən deyil, içindən, özəyindən sökülür. İçindən, özəyindən sökülən, içi dağıdılan isə yalnız bina, dilsiz daş divarlar deyil, həm də bu divarları öz varlığının, öz varlığını da bu divarların yaşatdığı tarixin bir parçası hesab edən insandır, fikir adamıdır. 

"Əcəl" povestində ölüm qorxusunun qırmızı "limuzin" donuna girib təqib etdiyi sadəcə, Osman deyil, Osmanın dünyagörüşü, daşıdığı dəyərlər və əxlaq sistemidir. Bir məqamı da ayrıca vuğrulamağı zəruri hesab edirəm ki, Osmanın "sovet adamı" olduğunu düşünmək mənasız olar: sovet hakimiyyəti onun nəslinin, nəcabətinin axırına çıxıb. Osmanın keçmişdən qopub yeni gerçəkliklərə uyğunlaşa bilməməsi onun təbiəti, bir insan kimi ömrü boyu müəyyənləşdirdiyi əxlaq və davranış prinsipləri ilə bağlıdır. 

"Əcəl" povestində Osmanın İçərişəhərdəki evinin divarını Miloslu Veneranın şəkli bəzəyirdi. Yeni qonşusu arvadı və qızları divara çəkilmiş yarıçılpaq Veneranın şəklini görməsin deyə ustalara şəklin üstünü malalayıb boyamağı tapşırır. İşin tərs tərəfi də budur ki, qonşu bu vandalizmi, mədəniyyət qətlini milli dəyər, əxlaq, tərbiyə pərdəsi altında törədir.

"- Yaxşı, deyin görüm, o girişdəki şəkilləri niyə malalatdırdınız?

- Abırlı evə belə şəkillər yaraşmaz, arvad var, uşaq var, dedim sizə, iki qızım var, niyə onlar evə gəlib-gedəndə bu parnoqrafiyanı görsünlər?

- Bu, parnoqrafiya deyil. Renessans dövrü Avropa rəssamlarının tabloları mövzusunda bu əsrin əvvəllərində çəkilmiş şəkillərdir"...

Əsərdə maraqlı epizodlardan biri də Osman Həsənoğlunun işdən çıxandan sonra hamının Katibə kimi tanıdığı keçmiş sevgilisinin, "bu şəhərdə, bəlkə də yeganə və son həyanı" olan Alla adlı qadının üstünə gəlməsidir. Osmanın son ümid yeri kimi ayağına gəldiyi Alla da artıq yol üstündədir, onu da "kamikadze" səfəri gözləyir: yır-yığış eləyib Amerikaya köçür, yəqin ki, bir də geri dönməyəcək. 

Son görüş zamanı Allanın kitablar haqqında söylədikləri, əsər boyu müəllifin oxucuya çatdırmaq istədiyi fikirlərə açar salmaq baxımından maraqlıdır. Alla Osmana öz valideynlərindən qalan, haşiyələrində valideynlərinin qeydləri, fikirləri olan kitabları satdığını deyir. Buna təəccübünü bildirən Osmana Alla cavab verir ki, valideynləri də, onlardan qalan kitablar da artıq onun üçün ölüb. "Kitabların sahibi, yəni onları alan, toplayan, oxuyan, onlarla vaxt keçirən, nə bilim, onlar haqqında düşünən, düşündüklərini yazan, ya sadəcə qeyd edən adamlar öləndə sevdikləri kitablarını da özləriylə aparırlar. Yəni onlar da ölür - kitablar. Təzə sahiblərinkilər isə o kitablar deyil, başqa kitablardı"...   

Dilimizdə "kitabı bağlanmaq" ifadəsi də var: kiminsə, nəyinsə sonunun çatdığını bildirir. Burada Allanın valideynlərindən qalan kitablar haqqında dediklərini tarixin müəyyən bir dövrünün,  böyük bir epoxanın rəmzi kimi də mənalandırmaq olar. Nə qədər ki, həmin dövrün insanları sağ idilər, onların kitabları da sağ idi, onlar bu kitablarla ünsiyyət qururdular, düşüncələrini bölüşürdülər, bölüşdükləri fikirləri kitabların səhifələrinin haşiyələrinə qeyd edirdilər. Zəmanə dəyişir, kitabın sahibləri dünyasını dəyişir, dünyaya yeni nəsillər gəlir və bununla da köhnə zəmanənin və həmin zəmanəni yaşadanların kitabı bağlanır. Bunlar mənim yozumumdur və müəllifin düşüncəsindən fərqli də ola bilər...

Ömrün müdriklik zirvəsində yaşayan Anar müəllimin "Əcəl" povestində qırmızı "limuzin"in təqib etdiyi Osman Həsənoğlu "kitabı bağlanan" bir zəmanənin övladıdır. Onun tarix səhnəsindən çəkilməsi labüddür.

Düşünürəm ki, əcəl, kaş ki, Osmana macal verəydi.   

Osman yaşasaydı, yeni nəsil tərəfindən Qarabağın işğaldan azad olduğunu, Şuşanın,  Xankəndinin, Xocalının düşmən əsarətindən xilas edildiyini, Şuşada "Xarı bülbül" festivalının keçirildiyini görəcəkdi. Uzun ayrılıqdan sonra Bakıdan Şuşaya səfər edən ilk ziyalılardan biri olacaqdı. Buna da heç şübhə etmirəm ki, o, yaşasaydı, 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin qazanılmasında misilsiz rol oynamış kamikadzelər - texnologiya möcüzəsi olan dronlar haqqında maraqlı bir məqalə yazacaqdı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!