Mahirə Nağıqızının "Mənim çəkmələrim" hekayəsi haqqında qeydlər
Əsəd CAHANGİR
Sevgili Peyğəmbərimiz deyir və maarifçiliyimizin atalarından Abbasqulu ağa Bakıxanov "Təhzibi-əxlaq" əsərində bir daha vurğulayırdı ki, uşaqlıqda öyrənilən bilgilər daş üzərinə həkk olunmuş yazı kimidir. Bu sözləri uşaqlıqda yaşanılan duyğulara da aid eləmək olar. Çünki yaşamaq öyrənməyin ən ciddi forması, ətrafımızda gördüyümüz hər şey dərs vəsaiti, rastlaşdığımız hər kəs nəsə öyrənə biləcəyimiz müəllim, bütün həyatımız bir məktəbdir. Görkəmli pedaqoq, dilçi alim, tanınmış şair Mahirə Nağıqızının "Mənim çəkmələrim" hekayəsi Peyğəmbər Əfəndimiz və Bakıxanovdan gətirdiyimiz sitatın təsdiqinin daha bir konkret örnəyidir.
Hekayə öz müəllifinin həm ümumən elmi-bədii yaradıcılığı, həm də fərdi həyatı ilə sıx tellərlə bağlıdır. O, əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır, əsas elmi işlərini o müqəddəs torpaqların aşıqları, el şairlərinin yaradıcılığına, xüsusən də, onların şeirlərinin fonetik, leksik cəhətləri, bir sözlə, dil-üslub xüsusiyyətlərinə həsr eləyib. Bu iki amil, yəni müəllifin bütün varlığıyla bağlı olduğu doğma yerlər və çoxillik elmi fəaliyyəti onun canlı xalq dilində yazdığı hekayəsinin həm mövzu-məzmun, həm də bədii-estetik tərəflərini, başqa sözlə desək, həm "nə" yazması, həm də "necə" yazmasını müəyyənləşdirir.
"Mənim çəkmələrim"in mövzusu Qərbi azərbaycanlıların yüz illərdən, min illərdən bəri yaşadıqları doğma torpaqlardan erməni saqqallıları tərəfindən vəhşiliklə çıxarılması və qaçhaqaç zamanı üzləşdikləri məhrumiyyətlərə həsr olunub. Bu, Sovet Azərbaycanı insanının on illər boyu sürəcək məcburi köçkünlük, qaçqınlıq, didərginlik həyatının, bir müddət sonra başlayacaq və hazırda qloballaşan Qarabağ probleminin əsrin sonundakı yeni başlanğıcı idi.
Dəniz damladan, küll zərrədən, yazı hərfdən, hər şey bir şeydən başlayır. Birinci şəxsin dilindən nəql olunan hekayənin təhkiyəsi də damlada dənizi göstərmək üsulu ilə verilib - dəhşətli hadisəni balaca, məsum bir uşaq danışır. Dünya ədəbiyyatı praktikasında geniş yer tutan bu üsula - böyük hadisələrin kiçiklərin diliylə təsvir olunmasına fransız yazıçısı Stendalın "Parm monastırı" romanından tutmuş, çağdaş nəsrimizin ünlü isimlərindən - Mövlud Süleymanlının "Köç", Məmməd Orucun "Köçürülmə" romanına qədər klassiklər də, müasirlərimiz də, xarici ölkə yazıçıları da, milli yazarlarımız da müraciət eləyiblər. Lev Tolstoy belə hesab eləyirdi ki, bütün dünya ədəbiyyatında təkcə Vaterloo döyüşünün deyil, ümumən müharibə səhnələrinin ən uğurlu, təsirli təsviri "Parm monastırı" romanında hadisənin yeniyetmə Fabrisionun gözüylə verilməsidir. Mövlud Süleymanlının "Köç" romanında türk xalqlarının böyük köçünün beş-altı yaşlı İmirin yuxuları vasitəsilə, Məmməd Orucun "Köçürülmə"sində xalqımızın 1948-52-ci illərdə ermənilərin təhriki ilə deportasiya olunmasının beş-altı yaşlı Xəlilin diliylə nəqli də faciənin təsvirinin oxucu üzərindəki təsir gücünü qat-qat artırır. Bir az da dərinə getsək, bu üsul sufi-hürufi ədəbi praktikasından gəlirdi. Stendal da, Mövlud Süleymanlı da, Məmməd Oruc da böyük hadisələri uşaqların baxış bucağından verməklə, sufilər kimi damlada dəryanı, zərrədə küllü göstərirdilər. Mahirə Nağıqızı da "Mənim çəkmələrim"də bu üsula üz tutur, hadisələri, üz-üzə qaldıqları fəlakətin aparıb çıxaracağı nəticələri, geniş miqyaslarını görməyən, dünyadan xəbərsiz, nə qədər düşünsə də, kəndlərindən, ev-eşiklərindən nə üçün qaçqın düşdüklərini öz uşaq ağlıyla dərk eləməyən balaca Süsənbərin diliylə verir: "Mənim adım Süsənbərdir - Süsənbər Mahiyəddinqızı..." Düzdür, hekayə yazılanda o dəhşətli, vahiməli qaçhaqaçın üstündən artıq on illər keçib, Süsənbər 50-ni haqlamış, yaşlı-başlı qadındır, amma baş verənlərə hələ də öz uşaqlığındakı 7-8 yaşlı qızcığazın gözüylə baxır: "Başıma gələn o qorxunc, ancaq nağıllarda oxuya və yaxud eşidə biləcəyiniz hadisəni dördüncü onillikdir yaşamağın nə demək olduğunu çəkənlər bilər. O elə anlar idi ki, indi də yadıma düşəndə vahimələnirəm. Əsl yazıçılar kimi, cəlbedici, ədəbi dilin bütün mümkün imkanlarından bəhrələnərək yazmaq istədiyim o hadisəni üstündən 2-3 ay keçəndən sonra unutmaq istədim. Hiss edirdim ki, bu yüklə çox uzağa getmək, sadəcə, mümkün deyil və onda başa düşdüm ki, yox, yazmağım mütləq lazımdır. Azından ona görə bu qənaətə gəldim ki, hekayəmi, bəlkə də böyüklər oxuyar və öz balalarının naminə oxşar hadisələrin baş verməsinin qarşısını alarlar. Beləcə, 7-8 yaşım olanda yaddaşıma yazılan, qəlbimdə və sümüklərimdə giziltisi qalan o anların tarixçəsinə indi, az qala, 50 yaşımı haqlayanda qayıdıram." Görəsən, dünyanın ən nüfuzlu tribunalarından ağzı köpüklənə-köpüklənə erməniləri dəstəkləyən siyasətçilər bu sözləri oxusaydılar, nə deyərdilər?
Uşaq təsəvvürü ilə bağlı bütün nağıllaşdırma amilinə baxmayaraq, "Mənim çəkmələrim" öz metodoloji səciyyəsinə, yazı üslubuna görə realist hekayədir. Hekayənin konkret zaman və məkan koordinatları var: 1988-ci il, 8 noyabr; Dərələyəz mahalında Axtaçayın sahilində yerləşən, öz kətanköynək cevizi və balı ilə məşhur olan cənnətməkan Axta kəndi. Amma hadisələr inkişaf etdikcə bu koordinatlar da genişlənir - erməni saqqallılarının silahlı hücumundan didərgin düşən Axta sakinlərinin üz tutduğu Hava meşəsi, sonra Naxçıvanın Kolanı kəndi. Süjet irəlilədikcə hekayəyə hər birinin real prototipləri olan personajlar daxil olur: qaçhaqaç zamanı kənd camaatına başçılıq eləyən Allahverdi baba, Süsənbərə və onun körpəli anasına həyan duran Gülsüm nənə, Bəyaz nənə, azərbaycanlıların təhlükəsiz yerlərə köçürülməsi üçün kəndlərə maşınlar göndərən və bununla da neçə-neçə insanın həyatını qurtaran, el atası Ələsgər Nağıyev, məskunlaşdıqları yeni ərazidə yatacaq, qab-qacaq və pal-paltarla didərginlərə kömək eləyən Məsmə qarı... Konkret zaman-məkan göstəriciləri, xüsusən də, real prototipləri olan insan obrazları Mahirə xanımın hekayəsinə sənədli nəsr xüsusiyyəti aşılayır və onun təsir gücünü artırır. Çünki bütün bunlar baş verənlərin uydurma deyil, real hadisələr olduğunu əyani surətdə təsdiq eləyir, sadəcə, ədəbiyyat deyil, real həyat faktı olduğunu göstərir.
Bununla belə, realist hekayənin ilk baxışdan gözə görünməyən, amma öz varlığına şübhə doğurmayan daha bir yönü - metafizik tərəfi də var. Mən real tərəfini hekayənin cismi, metafizik tərəfini isə ruhu adlandırardım. Çünki birinci tərəf cism kimi dərhal görünür, ikinci tərəf isə ruh kimi gözə görünmür, amma təsəvvür olunur. Süsənbərin öz uşaqlığını yaşadığı Axta kəndi itirilmiş cənnəti, Axtaçay behiştdəki irmaqları, ceviz və bal cənnət nemətlərini, kənddən didərgin düşən yeddidən-yetmişə qədər adamlar cənnət əhlini, qaçqınlıq əhvalatı cənnətdən dünyaya enişi, erməni saqqallıları isə insanın cənnətdən didərgin düşməsinə səbəb olan şeytanı rəmzləşdirirlər. Bu amil hekayəyə ikinci plan - simvolik məna verir və onun növbəti, daha dərin qatını yaradır. Ünlü kinorejissor Tarkovski yazırdı ki, hər bir əsərin konkret ideyasından əlavə ali qayəsi də olur və ya olmalıdır. "Mənim çəkmələrim"in ali qayəsi onun bu rəmzi qatı, ümumbəşəri tərəfi ilə bağlıdır. İnsanı öz doğulduğu torpaqdan didərgin salmaq ən böyük cinayətdir. Hər dəfə kimsə öz doğma yurdundan-yuvasından perik salınanda Adəmin cənnətdən qovulması əhvalatı yeni variantda təkrar olunur. Hekayənin Dərələyəz camaatı ilə bağlı konkret ideyası və ümumən insanlıqla bağlı ali qayəsi, yəni zərrə ilə küll, damla ilə dərya belə bir nöqtədə birləşirlər. Bununla da həcmcə kiçik olmasına baxmayaraq, hekayənin müqəddəs kitablarda, dünya ədəbiyyatı və milli bədii fikrimizdə önəmli yer tutan mövzulardan biri, yəqin ki, birincisi olan itirilmiş cənnət mövzusuna çıxışı başlayır. Çünki xalq nağıl, dastan və bayatılarımızdan tutmuş, Dantenin "İlahi komediya"sı, Miltonun "İtirilmiş cənnət"i, Füzulinin və Aşıq Ələsgərin lirikası, Cavidin "Hübuti-Adəm"i, Kamyünün "Eniş"i, Şəhriyarın "Heydərbabaya salam"ına qədər bu mövzu dünya və milli ədəbiyyatın ana istiqamətlərindən biri olmuş və olmaqdadır. Bu gün "ərəb baharı" adı altında yurdundan-yuvasından didərgin düşən, illərdən bəri davam eləyən Rusiya-Ukrayna müharibəsi və əlbəttə ki, Qarabağ müharibəsində ev-eşiyini, yaxınlarını, əzizlərini, həyatını itirən milyonlarla insanın taleyi göstərir ki, bəşərin cənnətdən qovulması və dünyaya gəldiyi birinci gündən başlayan bu problem indiyəcən davam eləyir və bəlkə, qiyamətə qədər sürüb gedəcək. Mahirə Nağıqızı həcmcə o qədər böyük olmayan, balaca bir qızcığazın diliylə danışdığı hekayədə damlada dəryanı, zərrədə küllü belə göstərir.
Hekayədə zərrəni təmsil eləyən, həm real, həm də rəmzi məna daşıyan iki obraz diqqəti xüsusi çəkir: balaca Süsənbərin atası tərəfindən alınan, qızcığaza bir dünya sevinc bəxş eləyən, böyük fəxrlə geydiyi, silib-təmizləyib pərdənin arxasında saxladığı, az qala fetişləşdirdiyi təzə çəkmələri və Məsmə qarının nənəsindən yadigar qalan qrafini. Hər iki əşya qəhrəmanın ağrı-acılı xatirələri, əvəzi heç nə ilə ödənilməyəcək itkisiylə bağlıdır və əslində olduğundan qat-qat böyük məna yükü daşıyırlar. Süsənbər təzə çəkməsinin bir tayını qarlı qış günü baş verən qaçhaqaçda ayağından salıb itirir, qrafini isə bir neçə gündür görmədiyi anasını qəfil görəndə həyəcandan əlindən salıb sındırır. Bu itkilərin hər ikisi onun uşaq yaddaşında elə dərin, travmatik iz salır ki, onların ağrısını ömrü boyu unutmur. Çünki çəkmələr onun atalı-analı xoşbəxt günləri, uşaqlıq sevincləri, qaçhaqaç zamanı anasının qucağında soyuqlayıb dünyadan köçən körpə qardaşı, dünyaya göz açdığı, üstündə gəzdiyi torpaqlar, o yerlərin adamları ilə əlaqədardır, bir sözlə, yaddaşla bağlıdır. Özü də bilmədən əlindən salıb sındırdığı qrafin də yaddaşla əlaqəlidir - Məsmə qarıya nənəsindən yadigar qalıb. Süsənbər indi dünyanın ən bahalı çəkmələrini alıb geyinə bilər, amma qarlı qış günü, qaçhaqaçda bir tayını ayağından salıb itirdiyi o çəkmənin yerini heç nə verə bilməz - onu atası almışdı. Məsmə qarının qrafini də həmçinin - çünki o nənələrin yadigarı idi. İnsan uşaqlıqda itirdiyi çəkmə və ya sındırdığı qabı belə unutmursa, bəs, itirilmiş torpaqları necə unuda bilər? Çəkmə və ya qrafin əhvalatı sətiraltı olaraq həm də bunu deyir.
Biz Ali Baş Komandan İlham Əliyevin başçılığı, əsgərlərimizin fədakarlığı, dost və qardaş ölkələrin dəstəyi ilə beynəlxalq imperializmə qalib gəlib, Qarabağı düşməndən geri aldıq. Cəmi beş-altı il öncə çoxlarına nağıl, əfsanə kimi görünən arzu bu gün gerçəklikdir. Zəngəzur, Göyçə, İrəvanın düşməndən geri alınması da indi kiməsə nağıl, əfsanə kimi görünə bilər. Allahın ədaləti, zamanın hökmü, xalqın iradəsi ilə bunlar da gerçəkliyə çevriləcək. Buna şübhəmiz yoxdur. Mahirə Nağıqızının şeirlərindən birində deyildiyi kimi:
Düşmən tapdağında qalmaz bir qarış,
Onlarsız yaşamaq olar dan bizə.
Danış olanlardan, bizə sən danış,
Əmrini verəcək Komandan bizə.
Amma olanlar artıq olub. O itkilər ki, biz son otuz ildə vermişik, onların yerini heç nəylə doldurmaq olmayacaq. Dünyadakı bütün böyük problemlər, çözümsüz sindromlar, bəlkə də ən adi bir məsələdən, bir qızcığazın ayağından salıb itirdiyi çəkmə tayı, yaxud əlindən salıb sındırdığı qabdan başlayır. Gəlin, tarixin dəfələrlə verdiyi dərslərdən ibrət alaq, ayağımızdan salıb itirməyək, əlimizdən salıb sındırmayaq, uşaqlarımız ömrü boyu unutmadıqları ağrı-acılı, travmatik xatirələrlə böyüməsin. Mahirə Nağıqızının öz hekayəsində böyüklərə uşaq dilində ötürdüyü əsas mesaj, məncə, budur. Qarşıda isə bizi Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan gözləyir. Bir vaxtlar Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər gözlədiyi kimi.
Üstündən on illər keçsə də, dünyaya göz açdığı doğma torpaqları unutmayan Mahirə Nağıqızının noyabrın 4-də dünyaya göz açdığı gündür. Bu münasibətlə görkəmli alim və istedadlı şairi ürəkdən təbrik edir, ona və onun timsalında bütün soydaşlarımıza Zəngəzurlu, Dərələyəzli, Göyçəli, İrəvanlı günlər arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!