Faiq İsmayılovun şeirləri haqqında
Ötən əsrin səksəninci illərində Azərbaycan poeziyasına çox istedadlı bir şairin - Faiq İsmayılovun gənc yaşlarında yazdığı şeirləri yeni bir ruh gətirmişdir. Onun kiçikhəcmli şeirləri bütün bir düşüncəni, hissiyyatı və mövzunu özündə birləşdirir. Şair az sözlə daha çoxunu deyir bu şeirlərdə. Sadə, lirik, təsirli bir dillə oxucunun ruhunu dəyişir. Səmimiyyət və incəliklə yazılmış bu "iynəboyu" şeirlərdə şair özünü ifadə etməyi bacarmışdır. Əsl şair məhz bədii sözün gücü ilə insanların ürəyinə toxunur, onları müdriklik, acı, sevinc, sevgi və həyatın ən dərin mənaları ilə tanış edir. Xalq yazıçısı Anar yazır: "Özü şeirlərinin, yəqin ki, qısalığına görə "iynəboyu" adlandırıb. Amma bu "iynəboyu"da çox yığcam, çox qısa, çox lakonik şeirlərdə böyük və zəngin bir dünya yerləşib - şairin İçəri dünyası - qüssələri, həniri, ətraf aləmi tamamilə başqa gözlə görmək qabiliyyəti". Gənc yaşlarında həyatdan köçən şairin şeirləri zamanın sınağından keçmiş, zamanın ötürdüyü bütün sınamalara baxmayaraq, həmişə təzə və yaşamağa dəyərli qalmışdır. Faiq adlı çox istedadlı şairi oxucularla ilk dəfə tanış edən Azər Turan olmuşdur. "İynəboyu böyük dünya" kitabında toplanan şeirlərində şairin müxtəlif mövzulu şeirlərinə rast gəlmək mümkündür. Lakin təbiət mövzusunda, təbiət detalları ilə zəngin olan şeirləri orijinallığı ilə fərqlənir. Bu şeirlərdə şair təbiəti gözəllik və sirr kimi görməyi bacarıb, onun gözündən dünyanın ən dərin mənalarını təsvir etməyi bacarıb. Təbiət şairin iç dünyasının ən yaxşı tərcümanıdır.
Küçələrdə, tinlərdə
burula-burula,
avara adamlar kimi
yıxıla-dura
nə axtarır bu külək,
nə itirib bu şəhərdə?!
Ac canavar kimi ulaya-ulaya,
daşı, divarı yalaya-yalaya,
qocanı, cavanı dolaya-dolaya,
hamını bezdirdi bu sərsəri külək,
bu şuluq külək.
Müəllif külək obrazı ilə insan ruhunun cari halını poetik vasitələrlə ifadə etməyi bacarmışdır. Külək sadəcə, təbiət hadisəsi deyil, o daha çox şeyi simvollaşdırır və onun mənasını şair ruhunun dərinliklərində tapmaq mümkündür. Şeirdə külək simvolu çox vaxt azadlıqla əlaqələndirilir. Küləkdə nəzərəçarpan məhdudiyyətlər yoxdur; onu qadağan etmək və ya saxlamaq olmaz. Bu, şairlərə azadlıq susuzluğu, ona olan həvəs və uçuş hissi haqqında fikirlərini çatdırmağa imkan verir. Külək həm də müstəqilliyi və mistik gücü simvollaşdıra bilər. Bədii sözün məsuliyyətini hiss edən müəllif məhz cilalanaraq illərdən bəri gələn ənənələrə qarşı çıxır, orijinal, zamanla uzlaşan poetik nümunə ərsəyə gətirmişdir.
Poeziyada təbiətin mənzərə xüsusiyyəti kimi rolu ictimai motivlərin ifadəsi üçün mühüm ola bilər və ya müəyyən ictimai kontekstlərlə əlaqələndirilə bilər. Poeziyada "insan və təbiət" tandemi bu poetik nümunədə vurğulanır. Məlumdur ki, şair təbiəti çox sevirdi və onun əzəmətli gözəlliyinə və müdrik balansına heyran qalırdı, məhz onda o, Allahın ən gözəl yaradılışını görürdü. Şairin poeziyasında təbiət mövzusuna müraciət təsadüfi deyil, əksinə, əhəmiyyətlidir, şeirlərinə kədər, hüzn hakim idi. Yaradıcılığında şeirlərdən başqa, dramları, esseləri, hekayələri, povesti olsa da, Azər Turanın dediyi kimi, yaradıcılığının təməl cizgisini, şübhəsiz ki, "İynəboyu şeirlər"i təşkil edir.
Yağma qar!
Məni qarabuğdayı doğub anam,
çətin ağaram.
Tutaq ki, ağartdın saçlarımı,
ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Tutaq ki, ağartdın geyimimi-keçimimi,
ağarda bilməzsən bəxtimi, özünü yorma, qar,
Yağma qar!
Çətin ağaram!
Şeirdə qarın simvolik mənası vurğulanır. Şeirin ilk hissəsində, qarabuğdayı doğulan şairin çətin ağaracağı ifadə edilir. Bu, yaşamın zorluğunu və mübarizəni simvolizə edir. Saçların, dabanların və geyimlərin ağardılması, zamanın və təbii proseslərin insanın həyatını dəyişdirə bilməyəcəyini göstərir. Şair, qarın bəxtini ağartmağa qadir olmadığını vurğulayır və ona özünü yormamağını xahiş edir. Bu şeir, həyatın dövrünü və dəyişimləri təmsil edir. Şair həyatından, yaşadığı çətinliklərdən danışır. O iddia edir ki, onun da taleyini dəyişmək olmaz. Bəlkə də, bu, taleyin qarşısında acizliyin və ya keçmişi dəyişdirə bilməməyin ifadəsidir. Şair şeirdə təbiət motivlərindən istifadə edərək öz hiss və duyğularını bir məcrada canlandırmağı bacarıb. Müəllif təbiəti poetik mətləbin əsas ifadəçisi kimi təqdim edir. Onun şeirlərində təbiət fikir formalaşdıran bir qüvvə kimi xüsusi rol oynayır. Faiq İsmayılovun təbiətə və təbiət hadisələrinə poetik don geyindirməyi də məhz onun iç dünyasının saflığının daimi yaşarlılığını təmin etmiş oldu. Tənqidçi Elnarə Akimova bunu belə səciyyələndirir: "Saflığı rəmzləndirən bütün detallar təbiətdən nəşət tapır, onunla hansısa şəkildə əlaqələnə bilir. Faiq mənəvi saflığı təbiətin bir parçası bilib ona sonadək sadiq qalmağı meyara çevirdi..."
Payıza baxıram pəncərələrdən,
budaqlar cansızdır,
rəngi qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər hardadı,
qeybə aparsın?!
Payıza baxıram pəncərələrdən,
yarpaqlar hamısı
ürək şəklində
Saralmış ürəklər,
Solmuş ürəklər
Son dəfə xırıldar,
əgər tapdasan.
Alım ayağımı çiyinlərimə!
Payız fəsli həmişə təbiətin ölümü ilə əlaqələndirilir. Payız keçid dövrü olduğu üçün insan duyğuları da sevincdən kədərə, ümiddən məyusluğa keçə bilər. Bu fəsil insana hər şeyin müvəqqəti olduğunu xatırladır. Şairin təbiətlə qarşılıqlı əlaqəsi daxili dünyasının əksi kimi metaforaya çevrilir və hər bir element - külək, yarpaq, ağac dərin və şəxsi bir şeyi simvollaşdırır. "Faiqin şeirlərində təbiətdə, ətrafda görünəni seyr və təsviretmə insanın öz içinə boylanışıdır və nə qədər kədər və hüznə köklənsə də, "ötəki" dünya, fərqli, içində olduğumuzdan daha yaxşı, bəlkə, daha hüzurlu bir dünya ümidi duyulmaqdadır" (Mətanət Vahid).
Beləliklə, Faiq İsmayılovun şeirləri təkcə onun ruhunun güzgüsü deyil, həm də dövrünün, cəmiyyətinin güzgüsüdür. Yaradıcılığı özünəməxsus simvolizmi və obrazları ilə seçilir. Çox vaxt sadə və mürəkkəb olmayan obrazlardan istifadə etsə də, eyni zamanda dərin məna kəsb edir. Məsələn, ağac, külək, bulud, kənd oğlanı və digər motivlər milli təbiətin və ruhunun simvollarına çevrildi şeirlərində. Təbiət şairə mürəkkəb duyğu və fikirləri ifadə etmək üçün istifadə edə biləcəyi zəngin simvollar və metaforalar toplusu kimi xidmət etmiş. Təbiət şairin emosional hallarını və mənəvi təcrübələrini əks etdirən güzgüyə çevrilməklə yanaşı, ona dünyada öz yerini dərk etməyə kömək edə bilmişdir. Bütün bu amillər təbiətin şairin mənəvi dünyasına güclü təsir göstərməsinə, onu ruhlandırmasına, onu duyğularla doldurmasına, düşüncə və hisslərinin şeirlə ifadə olunmasına yardımçı olmağa imkan vermiş. Ramiz Rövşənin dili ilə desək, "Faiq bir çox şeirlərində rəssam kimi görünmədən göstərməyə çalışır".
Çiçəklər çoxdan solub,
amma çiçək ətri var
bütün duyğularımda.
Rəmzləşdirilmiş bu şeir parçasında müəllifin həyat yolunu açıq şəkildə görmək mümkündür. Bu bədii nümunə həm də incəliklə doludur və hadisələrin çox keçməsindən sonra da keçmiş təəssüratların və duyğuların bizdə necə qaldığını metaforik şəkildə təsvir edir. Necə ki müəllifin həyatdan köçməsindən sonra bu "iynəboyu" şeirlərin əbədiyaşarlığını şərtləndirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!