Ruhumun şairi - Elşad Barat Ağacəfər Həsənli haqqında yazır

Səhər yenicə açılır, artıq yaz bitir, qarşıda isti yay ayları var, Günəş dağların arxasından az sonra yer kürəsini bağrına basacaq kimi boylanır, mən isə öz həyətimdə, həm də günəşin qənşərində oturmuşam, qarşımda ustad şairim Ağacəfər Həsənlinin şeirləri var. Mən şeirlərə baxıram, şeirlər isə misra-misra mənə gülümsəyir:

 

Eşq - Kəbədi, Tur dağıdı,

öp daşını, türbə kimi.

Münbit Vətən torpağıdı -

çək gözünə, sürmə kimi.

 

Bu şeirləri oxuyanda içindən bir səs gəlir - Ağacəfər Həsənlinin səsi, yaxından tanıdığımız adamların hamısı belə deyil, elə şairlər var ki, yaxından tanıyırsan, amma kənarda şeirini oxuyanda içindən yad səslər gəlir, qarışıq səslər, elə bil bazar kənarındasan. Amma Ağacəfər Həsənlinin şeirlərinin içində onun öz səsi var.

 

"Saxla" deyiblər samanı,

gün gələr, çatar zamanı.

Eşqsiz dəqiqəni, anı

yaşayarsan türmə kimi.

 

Eşqə Kəbə, Tur dağı, vətən torpağına sürmə deyən Ağacəfər Həsənli qarşımda çırpınan o günəş kimidir, günəşin çıxdığını, batdığını deyirik, əslində günəş bir yerdə dayanıb, Yer kürəsi fırlanır, bu şeirlərin müəllifi kimi Ağacəfər Həsənli də həmişə var olacaq, günəş kimi daim parlayacaq. Necə ki şair deyir:

 

Sular dirildi torpaqda,

Dağa-daşa ömür verdi.

Ərki çatdı yamaclara,

Ağaclara əmr verdi.

 

Həqiqətən də, bütün çirkli sular torpaqda dirilir, durulur, sonra dağa-daşa ömür verir, ağaclara əmr verir ki, ucalın günəşə sarı. Həqiqətən də, Ağacəfər Həsənlinin şeirlərində sevgi, mərhəmət, darıxmaq, irfan olduğu kimi özünəqayıdış da var, kimsə buna özünütənqid də deyə bilər. Bir misal göstərək:

 

Yaman incimişəm özüm özümdən,

məni barışdırma, küsmüşəm indi.

Özümdən getmişəm özgə sözüylə

ən zərif bağları kəsmişəm indi.

 

Yaşam təcrübəmi alqışlamıram,

həyatda bişməmiş bir alaçiyəm.

Mən özüm özümü bağışlamıram,

mən özüm özümə nəzarətçiyəm.

 

Mən birinci dəfədir ki, özgə sözü ilə özündən inciyən şair görürəm, bəs burada şair nə demək istəyir? Məncə, bildirir ki, ətraf aləmə, dostlarıma, günəşə verdiyim dəyər özümdən də böyükdür. Digər tərəfdən, burada şair tam enerjiyə - eşqə münasibətini ortaya qoyur. Həmin şeirin növbəti bəndində isə bir az da sərtləşir, özünə nə qədər nəzarətçi olsa da, özünü bağışlamır, alqışlamır, bununla da demək istəyir ki, bir insan nə qədər yaşayır-yaşasın, nə qədər həyat təcrübəsi yığır-yığsın, heç vaxt özündən razı qalmır, özünü bağışlamır. Ümumiyyətlə, Ağacəfər Həsənli bir şair kimi həmişə ətraf aləmlə ulğaşıq yaşayıb, tam enerjinin bir parçası olduğunu unutmayıb, hətta bir şeirində təbiətə istehza ilə belə deyir:

 

Haçan yağış yağmadı,

qar çiçək-çiçək açmadı...

qarğa adamdan qaçmadı,

istirahət günüdü göyün.

 

Budağında yaşıl sarğı,

söyüdlər hoppanar arxı...

Fırlanar zamanın çarxı -

istirahət günüdü göyün.

Ağacəfər Həsənli həmişə iç səsini dinləyir. Əgər real həyatda hansısa hadisəyə necə münasibət göstərirsə, şeirlərində də eyni münasibəti bildirir. İstər elmi, istər təbiət, istərsə də sevgi şeiri yazsın, hiss və düşüncələrinə söykənir. Misal üçün:

 

Sən uçub gedirdin ta uzaqlara

Dolan bulud kimi, itən sis kimi.

Dilin gəlmirdi ki, durub deyəsən:

"kimi gözləyirsiz, axı, siz kimi?"

 

Neçənci qatına qalxırdın göyün,

Neçənci dəfəydi üz turşutmağın?!

Onsuz havalanıb uçub gedirdin,

Məni lazım idi ucuz tutmağın?

 

Bu sevgi şeirində şairin yanaşması dəyişmir, yenə də, sanki söhbət edirmiş kimi hisslərini poetik dillə ifadə edir.

Ümumiyyətlə, deyə bilərik ki, Ağacəfər Həsənli bütün dövrlərin şairidir. Şair var ki, yazır və bitir, şair var ki, bitir və yazır, şair də var ki, Ağacəfər Həsənli kimi, həmişə var, həmişə olacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!