Azər TURAN
...1981. Aprel. Dənizkənarı park.
- Siz Mirəli Seyidovsunuz?
- Adımı da oğurlamayıblarsa, bəli, Mirəli Seyidovam...
Şəxsi tanışlığımız belə başladı.
1982. Tələbəyəm. İncəsənət İnstitutunda pilləkənin qarşısında görüşdük...
- Mif nədir?
Xeyli susdu və nə üçünsə cavab vermədi. Pilləkənləri qalxdı, sonra nə fikirləşdisə, təkrar endi və astaca:
- Mif - prosesdir, - dedi...
Mirəli Seyidov üçün mif proses idi.
Özü də fikir həyatımızda proses kimi qaldı... Mif oldu, mifləşdi...
Azərbaycanda mifologiya elminin əsaslarını hazırlayan Mirəli Seyidova görə mifik keçmişi olmayan toplum tarix səhnəsinə etnos olaraq çıxa bilməzdi. Buna görə də o mifik keçmişimizi elminin predmetinə çevirdi. Cavanların üzünə zəndlə baxırdı, çöhrələrdə oğuzun cizgilərini arayırdı, tapanda, tapdığına inananda uşaq kimi sevinirdi.
Mirəli Seyidov Azərbaycan türkologiyasına yeni elmi ahəng verdi. O, əcdadın ruhunu tədqiq edirdi. Özünün intellektual fəhmi ilə türk dünyasının bütün sirli qatlarına baş vurdu, sözlərin, adların etimoloji şərhini verdi, minilliklərin yaddaşını təzələdi: Öləng, Xızır, Qorqud, Oğuz, Yuğ, Varsaq, Arsaq, Sak, Hun, Qam, Boz Qurd-Göy Böri Mirəli Seyidovun araşdırmalarının hesabına Azərbaycan filologiyasının tədqiqat sferasına daxil olurdu. Mirəli Seyidov sübut edirdi ki, Azərbaycanda başlıca türkdilli soylar, qəbiləbirləşmələri yaşamışlar (bu qəbiləbirləşmələri qonşu ölkələrdə də ən azı eradan qabaq IV, III yüzilliklərdə yurd salmışlar).
Mirəli Seyidov Azərbaycan sözünün təməlində qam-şaman, yaxud Dədə Qorqud işarətlərini aydın şəkildə sezirdi. Bəybecanla Azərbaycan sözünün oxşarlığına vurğu sala bilirdi.
Mirəli Seyidov erməni qaynaqlarını dərindən bilən nadir alimlərdən idi. Nəinki yeni, həm də qədim ermənicəni mükəmməl bilirdi. Qədim erməni dili olan qrabara türk dilinin təsirini də erməni qaynaqlarına, xüsusən, erməni türkoloq Acaryana istinadən araşdırırdı. Mirəli Seyidova görə, əski ermənicəyə - qrabara türkcənin təsiri böyük olmuşdu, bu isə türklərin Qafqazlarda ermənilərdən daha əvvəl, daha qədimdən var olduğunun elmi dəlillərlə meydana qoyulması demək idi. O, Sayat Novanın ilk azərbaycanlı tədqiqatçısıydı. Sayat Nova haqqında, onun türkcə şeirləri barədə monoqrafiya yazmış və bunu xalqlar dostluğu amili ilə bağlasa da, aydın görünür ki, Mirəli Seyidovun məqsədi erməni ədəbiyyatı üzərində Azərbaycan ədəbiyyatının və dilinin təsiri məsələlərini aktuallaşdırmaqdan ibarət olub. Yəqin ki, Mirəli Seyidov elmdə bu istiqaməti İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ona dərs demiş professor Ramiya Acaryandan əxz etmişdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türkcə danışan Acaryan türkcənin ermənicəyə böyük təsiri barədə fikirlər söyləyir, qeyd edirdi ki, türk dilindən erməni dilinə 4000-ə yaxın söz keçmişdir. Acaryan çıxışında erməni əlifbası ilə türkcə yazan ermənilərdən də, Polşada öz dilini itirib türkcə danışan ermənilərdən də bəhs etmişdi. Əslən İstanbul ermənisi olan Acaryan türkoloji qurultayda erməni dilindəki türkcə kəlmələrin toplanmasını təklif edir və bunun türkolojiyə böyük xidmət olacağını qeyd edirdi.
Bu sətirləri yazdıqca düşünürəm: Xankəndidə təsis olunmuş Qarabağ Universitetində Mirəli Seyidov kürsüsünə ehtiyac vardır. Çünki o, yeganə alim idi ki, Qarabağın mifoloji təməllərini hələ 1960-cı illərdən etibarən araşdırmağa başlamışdı. Mirəli Seyidov Arsaq sözünün tərkib elementlərini (sözün hər iki elementini - Ar və Saq-ı) türk dillərinin materialları ilə izah edən ilk alim idi. Digər tərəfdən, bu kürsüdə həm də Sayat Novanın yoluyla gedib, XIX yüzilin sonlarına qədər türkcə yazan Zəngəzurlu Ata Sailyan kimi erməni aşıqlarının, Mirzəcan Mədətov kimi erməni şairlərinin yaradıcılıq psixologiyasını təfərrüatına qədər öyrənə bilərik.
Yenə də Mirəli Seyidovla bağlı xatirələrimə qayıdıram. Demək olar ki, hər axşam onunla görüşər, daha çox da Nərimanov heykəlinin yaxınlığında, yaşadığı binanın qarşısında söhbətləşərdik. Sonra piyada şəhərə düşərdik... Hərdən Xəlil Rza və Asif Əfəndiyev də Mirəli Seyidova qoşular və birlikdə Qurban kişinin bulvardakı çayxanasına gedərdik.
1982-ci ilin sentyabrında IV Türkoloji Konqresdə iştirak etmək üçün Mirəli Seyidov Türkiyəyə dəvət olunmuşdu. Konqresdə Yuğ mərasimlərində teatr ünsürləri mövzusunda məruzə edəcəkdi... Mirəli müəllim Türkiyəyə getdi, konqresdə məruzə etdi və elə həmin günlərdə Bakıda ona "Əməkdar elm xadimi" fəxri adı verildi. Mən o günlərdə Mirəli müəllimi səbirsizliklə gözləyənlərdən biriydim. Qayıdandan sonra mənə Türkiyədən gətirdiyi və Fin atlasına, Lumir Jislin araşdırmalarına, Radlov Atlasına istinad edən və Orhon-Yenisey abidələrinin təsviri və mətnləri yazılmış bir neçə böyük kağız lövhə bağışladı. Və mən Kül Tiginin mərmər heykəlinin başını, Kül Tiginin xanımının üzünü, runik yazısını ilk dəfə o kağız lövhələrdə gördüm... Və həmin lövhələri Mirəli müəllimin yadigarı kimi indi də sevə-sevə arxivimdə saxlayıram.
Məndə bir məktubu var. Daha doğrusu, ona yazdığım məktuba cavab məktubu. Çağdaş Azərbaycan türkologiyasının qurucularından olan o böyük insanın özündən qırx beş yaş kiçik olan bir gəncə ürək genişliyi ilə yazdığı həmin məktub Mirəli Seyidovla bağlı yaşantılarımın ən əziz şahidi və yadigarıdır: "Günaydın, Azər bala! Sevimli bala, əsgərlikdən evə qayıtmağınıza sevindim. Sizin kimi işıqlı, böyük hisslərlə, fikirlərlə yaşayan gəncliyə vətənin, xalqımızın ölçüsü olmayan ehtiyacı vardır. Unutma ki, sizin kimilər azdır, bəli, yazıq ki, azdır. Bu da biz yaşlıların günahıdır.
Gənclik yaxşıdırsa, safdırsa, deməli, xalq daha yüksəkləri fəth edə bilər.
Azər bala, Kişi-İnsan özünü dərk etməsə, o, xalqını da dərk edə bilməz. Bir də dərk etməklə anlamaq dərdi ekiz doğulur. Hər halda, bunların ikisi olmadan Kişi-İnsan olmaq çox çətindir. Öpürəm Sizi. Atana xüsusi sayğılarımı çatdırın. Mirəli Seyidov. 9 sentyabr 1986".
Məktubdan görünən Mirəli Seyidov belədir. Mənə "bala" deyə xitab edir. Həm də Sizlə danışır. Mədəniliyin, kübarlığın, həzinliyin, həlimliyin, böyüklüyün bundan o tərəfəsi olmur.
Mirəli Seyidov qədim Qafqazda - Qafqaz Albaniyasının məhvərində türk təbəqəsini elmi müzakirəyə çıxarırdı. Səksəninci illərin əvvəllərində onun belə mövqe sərgiləməsi çoxlarını narahat edirdi, görüşlərini qəbul etməyənlər Mirəli Seyidovu çox incidirdilər. Bu barədə çox söhbətlərimiz olmuşdu. Ona böhtan atmaqda aşırı gedənlər də olub. Mirəli Seyidovu o zaman artıq Moskvada işləyən Heydər Əliyevin gizli-aşkar himayə etdiyini Mirəli müəlimin özündən eşitmişdim. İndi mənim şahidim yalnız Mirəli Seyidovun öz dilindən eşitdiklərimdir ki, hətta Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi yetmişinci illərdə, bəzən Mirəli Seyidovu yanına dəvət edər, onunla Naxçıvanın və Qərbi Azərbaycanın tarixi ilə bağlı fikir mübadiləsi edərmiş.
Mirəli Seyidov Azərbaycanşünaslıq kontekstində ən mühüm istinad nöqtəsinə - mifoloji qaynaqlara enirdi. Onun üçün Azərbaycan mifik təfəkkürünün üç qaynağı vardı. O, bunu Atropaten, Arran-Alban və türk qəbilə birləşmələri şəklində müəyyənləşdirirdi. Əsasən də, qaynaqlardan birinin üzərində dayanırdı. Azərbaycanın soykökündə iştirak etmiş oğuzların, hunların, xəzərlərin, habelə qədim dövrlərdə Qafqazda yaşayan basil, xaylanturq və başqa türk qəbilələrinin mifologiyasını müqayisəli təhlil edir, yetmişinci illərin ortalarından başlayaraq, Azərbaycan mifologiyası barədə mükəmməl təsəvvür yaradırdı... Dədə Qorqudun mənşəyini bərpa etmək onun başlıca qayələrindən biriydi. "Dədə Qorqudu elə bil türklərin Su, Ağac, Od, Günəş onqonu, Tanrısı doğmuşdur". Ümumiyyətlə o, bərpa etməyi sevirdi və bacarırdı. Necə ki, ömrünün son illərində, xüsusən, 20 Yanvarda, o qanlı qırğının içində Boz Qurdu bərpa etmişdi.
1990-cı ilin mayında çay süfrəsinin arxasındaydıq.
- Boz Qurd nədir?
- Mən Boz Qurdu görmüşəm...
- Nə zaman?
- 20 Yanvarda... Gözlərimi açıb başımın üstündə bir qaraltı gördüm. Gavur olduğunu zənn etdim. Bir az tərəddüdlə mənə tərəf əyilmiş adamın gözlərinə baxdım. Boz Qurd idi.
Boz Qurd Mirəli Seyidovu xilas etmişdi...
Mirəli Seyidov Boz Qurd barədə ən munisi, ən doğması kimi danışırdı. Onun Boz Qurda, yaxud Gök Böriyə münasibəti "Dədə Qorqud" üslubundaydı: "Qurd üzü mübarəkdir". Mirəli Seyidov Boz Qurd barədə əfsanələri kövrələrək dinləyər, yaxud gözləri yaşararaq danışardı.
Mirəli Seyidovun mifoloji tədqiqləri, onun xüsusən, qara cildli "Azərbaycan mifik təfəkkürünün qaynaqları" kitabı 1980-ci illərdə gəncliyin əlindən düşməzdi. O kitab bizi mifolojinin bu günə qədər ayrıla bilmədiyimiz tilsiminə saldı. Mifolojinin isə milləti millət yapmaqda böyük gücü var. Bahəddin Ögəlin dediyi kimi, "Mifoloji Almaniyada dil və ədəbiyyat mətnləri olaraq ələ alınmış və bu əfsanələr sayəsində alman millətinin düşüncə və ictimai tarixi aydınlığa qovuşdurulmuşdur". Mirəli Seyidovun soykökümüzün əsas qaynaqlarını tədqiq edən kitabı da Azərbaycanda toplumun xalq hərəkatına keçidini intellektual baxımdan təmin etdi. Şüurlarda milli intibah dalğası yaratdı. Millətin düşüncə və ictimai tarixini aydınlığa qovuşdurdu. Gənclik Azərbaycanın tarixi yaddaşını tarix kitablarından daha çox, Mirəli Seyidovun əsərlərindən öyrəndi.
...1992-nin aprelində Mirəli Seyidov dünyasını dəyişdi. Həmin günlərdə, yəni 12 iyun 1992-ci il tarixli "Vətən səsi" qəzetində Mirəli Seyidov barəsində "Bir kitab düşdü yerə" adlı esse yazmışdım: "Azərbaycan özünün daha bir böyük insanı ilə ayrıldı. Mirəli Seyidovun qəm mülkü olan vücudu milli tənhalığa və milli qəhərə boy vermədi. Misilsiz türklərimizdən biri bulanıq zəmanənin tale sularında qərq oldu. Türkün ruhunu tədqiq etmək eşqi onu uzun bir yolun müsafirinə çevirmişdi. Getdi və qayıtmadı..."
Üstündən otuz iki il keçib. Qayıdıbmış.
Mirəli Seyidov Azərbaycanın fikir həyatındadır.
17 oktyabr 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!