Kənan HACI
Jan Pol Sartr onun haqqında "layiq olduğu həyatı yaşaya bilmədi" deyir. Bu beş kəlmədən ibarət cümlə ilə böyük filosof onun qırx altı ilə sığdırılmış qısa və acı dolu yaşamını anlamaq istəmişdi. Şarl Bodler... Qurama cənnətlərin, şər çiçəklərinin yeganə sahibi. Parisin sıxıntılı şairi... Bodlerin sənəti ilə həyatını bir-birindən ayırmağa çalışmaq əbəsdir. Həyatının ilk illərindəki aşırı sadəlövhlük və intovert həyat tərzi Bodleri iç dünyasına yönəldir və tənhalığa sürükləyir. Həyat qarşısında özünü bacarıqsız hiss edir ki, bu da onun üçün psixoloji çətinliklər yaradır. Beləcə, ədəbiyyat dünyasına, onun aldadıcı ucalığına aldanır; özünün yaratdığı xəyali krallıqda möcüzələr yaradır.
Anası isə əksini düşünürdü və övladının xoşbəxt olmasını istəyirdi. Həyatın qəribə işləri var. Ona ən çox acılar yaşadan da məhz anası olmuşdu. Hələ altı yaşında ikən onu internat məktəbinə qoymuşdu...
Onun həyatı modern sənət dünyası üçün simvolikdir. Həyata qarşı yadlaşması, təbii ki, sənətinə də yansımışdı. Bodlerin poetik düşüncəsinin altyapısında intellektual bir əlahiddəlik dayanır. Bu da onu sələflərindən ayırır. Bodler özündən sonrakı Avropa şeirinin inkişafına təsir göstərən simvolizm estetikasının yaradıcısıdır. O, Fransadakı 1848-1851-ci il hadisələrindən sonra həyatındakı dəyişiklikləri sənətinin prinsiplərinə çevirməklə özünün poetik istiqamətini müəyyənləşdirdi. Bu, yaradıcılıq kredosunun müəyyənləşməsi ərəfəsi idi.
Sənətdə modernizmin tərifi romantiklərlə başlayır. Modernizm ideyası XVII əsrə qədər Avropada tənqid olunurdu. Xristian fəlsəfəsinin ağır doktrinalarına görə, Avropa intelligensiyasında modernizm həmişə keçmişin vulqar surəti kimi qəbul olunurdu. Keçmişdəki "qızıl dövr" həmişə xiffətlə xatırlanır. Görkəmli sosioloq Krişan Kumar modernizmi tərənnüm etmək baxımından mütəfəkkirlərin iki mühüm dövrünə diqqət yetirir. Birinci mərhələ Monten, Fensis Bekon və Dekartla başlayan nəzəri istiqamət, ikincisi isə, Kant, Marqus de Kondorket və digər düşüncə sahiblərinin modern olana sayğı göstərməklə altyapının yarandığı dönəmi simvolizə edir.
Romantizm yeni olanın gözəl olduğuna dair estetik anlayışın bir anlamda, ədəbiyyat və incəsənət vasitəsilə topluma aşılanması mərhələsidir. Artıq industrial modern toplumun həqiqətləri, əxlaq normaları sənətçilər tərəfindən hücuma məruz qalırdı. Onlar öz həqiqətləri ilə sənətə gəlirdilər. Daim yenilik axtarışında olan rəssamlar və şairlər qrupu cəmiyyətin "tərəqqi" prinsipini tənqid edirdi. Primitivizm, kubizm, futurizm, konstruktivizm, dadaizm, sürrealizm... Bütün bu izmlər sənət qanunlarına qarşı meydan oxuyur, köhnə formaları dağıtmaqla məşğul idi. Bu, klassisizmin böhranı dövrü idi və sənətkarların sənətə münasibəti köklü şəkildə dəyişmişdi. O, öz poeziyasında intibah və barokko dövründən sonrakı insanın çaşqın durumunu ifadə edirdi. Bodler məhz bu dövrün şairi idi və ətrafında baş verən proseslər onu klassisizmin kənarında saxlayırdı. İntellekt toplumla ünsiyyətin məhsuludur, istedad isə Tanrı ilə. Bodlerin istedadı onu Tanrı ilə görüşdürmüşdü. İntrovert tiplu şairin Tanrı axtarışları ona "Şər çiçəkləri"ni yazdırdı.
"Şər çiçəkləri" və bu səpkili şeirlərdə şair mənfidə müsbət, ölümdə gözəllik, günahda həzz olduğunu deyir və bunu çox gözəl şəkildə təsvir edir. Bodler şərdə insanı cəlb edən gözəlliyi göstərir. Toplunun adı da məhz bu ideyadan yaranıb - şərin çiçəkləri - yəni, gözəlliyi. Günahın və şərin verdiyi zövq çox qəribədir. Onda sevinc və dəhşət, həzz və nifrət kimi bir çox hiss qarışıb və bu, insanı hər zaman cəlb edir.
Ədəbiyyatşünas-tədqiqatçı Azər Turan "Şər çiçəkləri - Modernizm dalğası" silsiləsindən olan yazısında Bodlerin poetik sistemini dəqiqliklə ifadə edir: "Qədim və metafizik insanın Tanrıya yüksəlişi və Ona sığınışı, bir azdan Tanrısını "öldürüb", tək qalacaq yeni insanın şeytana doğru enişi, səcdə və küfrün iç-içə gəlməsi ilk dəfə "Şər çiçəkləri"nin rayihəsində gerçəkləşdi. Avropa poeziyasının metaforaları modernləşdi. Min illərdir poeziyada bülbülün ürəyini parçalayan tikanlı qızılgül İblisin, şərin, fənanın çiçəkləri ilə əvəzləndi. Ritorika bağçasındakı güllər soldu. Simvolizmin gülü gözəldən, gözəlin üzünə bənzəməkdən imtina etdi".
Həmin yazını əlahiddə qılan isə müəllifin Bodleri görkəmli fikir və düşüncə adamı Əli bəy Hüseynzadə ilə qiyaslandırmasıdır:
"Bodlerin "Şər çiçəkləri"ylə qiyaslandıra biləcəyimiz şər, fəna, iblis çiçəyi Azərbaycanda Əli bəy Hüseynzadənin qələmilə açıldı. "Siyasəti-fürusət"də səslənən "Dans Makaber"dəki mistik ritm, mağaradakı mavimtraq fosfor alovu, gəmiklərin bir-birinə çarpışmasına bənzəyən səslər Əli bəyin simvolist estetikasının səsləriydi. Ardıyca bir də yunan mifolojisindəki Narsis simvolist mənalarla süsləndi".
Maraqlananlar həmin yazını tapıb oxuya bilərlər. Bodlerlə Əli bəy Hüseynzadə qiyaslanması ədəbiyyatşünaslığımızda bir ilk idi. Bu barədə sayğıdəyər Azər bəy geniş yazdığından, mən Bodler yaradıcılığının başqa istiqamətinə diqqəti yönəltmək istəyirəm.
Yabançılaşmış modern sənətçi... Bu mərhələdə Bodleri anlamağımız gərəkdir. Bodlerin iliklərinə qədər işləmiş toplumdan dışlanmaq və buna paralel olaraq topluma qarşı çıxması bizə modern sənətçi profilini əyani şəkildə göstərir. Çünki Bodler modern sənətçilər arasında simvola çevrilmiş bir xarakter idi. Həyatdan qopuşu onun qədər dərindən yaşayan ikinci şair təsəvvür etmək çətindir. Lakin o, sanki özündən sonrakılara bir miras buraxır. Yaşadığı həyatın və yaratdığı poeziyanın qaydaları ilə modern sənətçilərə yol xəritəsi cızır. Onu dünya poeziyasında özəl yerə qaldıran da bu xüsusiyyətidir.
Onun həyatı qısadır, olduqca qısa... Gənc yaşlarında bir neçə dəfə həyatına qəsd etmək istəyib. Bütün həyatı boyu ölümlə uğraşıb. Nə idi onu ölümə sürükləyən? İçində olduğu dünya niyə ona dar gəlirdi?
Təsəlli, əfsus, ölümdür! Və ölümdür yaşadan;
Yeganə məqsəd həyatda, ümid də bircə ona.
O, eliksir, coşar ondan və məst olar insan,
Ürək verən də odur ki, çıxaq ömrün sonuna.
İnsan hansı mərhələyə çatmalıdır ki, ömrün sonundakı qaçılmaz ölümə ümid bəsləsin?! Toplumun basqısından xilas olmaq üçün o, poeziyaya sığınmışdı, özünü bu yolla xilas etməyə çalışırdı. O, Sartrın dediyi kimi, özündən belə diksinirdi, özündə başqa bir insanı şairə çevirdiyindən onun azadlığı üçün çalışırdı və sonda yenə də öz tənhalığına çəkilirdi. Bodler tənhalığı yaxalamaq üçün bütün vasitələrə əl atırdı. Onun həyatı və poetik manifestini əhatəli şəkildə özündə əks etdirən "Modern həyatın rəssamı" kitabını oxuduqda Bodleri daha dərindən tanımaq şansı qazanırıq.
Hələ uşaq ikən anasından, ögey atasından mənəvi zərbələr alan gələcəyin böyük şairi toplumun kurallarını ömrünün sonuna qədər qəbul etmədi və öz poeziyası ilə bu toplumu protesto etdi. Bununla belə, o, heç vaxt devrimçi ola bilmədi. Bəlkə də onun ən böyük acı qaynağı bu idi. Qırx il boyunca qanayan yarası vardı... Bu səbəbdən davamlı olaraq özgürlüyə can atmışdı... Gəminin kayutunda yöndəmsiz halda vurnuxan, dənizçilərin əyləncəsinə çevrilən Albatros onun özü idi! "Albatros" Bodlerin taleyi idi, o, bu taleyi misilsiz bir istedadla şeirə çevirə bilmişdi.
Böyük türk şairi Nəcib Fazil Qısakürək "Albatros" şeiri haqqında belə deyirdi: "Mən o şeirdə çərçivələrə sığmayan, qandallar içində qıvrılan bir ruhun çırpınışını və bütün imkanları aşma, hüdudsuz hürriyyətə qovuşma idealını görürəm".
Bodlerin poetik duruşu toplumun anlayış prinsiplərinə qarşı idi. Bu qaçış halları, eyni zamanda ədəbiyyat dünyasının modernist və avanqard isimləri olan Oskar Uayld, Rilke və ya Ceyms Coysun da ədəbi düşüncəsində yer alır. Lakin onları bir-birindən ayıran incə xətlər var ki, bu da başqa yazının mövzusudur. Onlar modern zamanın metropolu içində öz dəyərlərini yaratdılar. Bu xaosun harmoniyasını yaradan Bodlerin dühası "Şər çiçəkləri"ni doğurdu. O, modern zamanın dastanını yazdı və barokko cərəyanını, belə demək mümkünsə, astar üzünə çevirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!