Nüsrət Kəsəmənlinin işıqlı xatirəsinə
Öz dövrünün gənclərinin maraqla oxuduğu bir şair vardı: Nüsrət Kəsəmənli. Şeirləri əl-əl gəzirdi, sevgi məktublarını əvəz edirdi. Çünki bu şeirlər adi şeirlər deyildi. Məhəbbətdən, sevgidən yoğrulmuşdu. Nüsrət Əyyubov. Əsl ad və soyadı belə idi. 1946- cı ildə Qazax mahalında doğulmuşdu. Bu səfalı yerlərin saf havası, çayları, bulaqlarının şırıltısı onun ruhuna köçmüşdü. O sonradan dillər əzbəri olan şeirlərini Nüsrət Kəsəmənli imzası ilə yazırdı. Uca boy, enli kürək, xoş sima, incə təb - bütün bunlar onu gənclərə, istəkli oxucularına sevdirən keyfiyyətləri idi. Nüsrət müəllimin həyat yolu hamar və rahat olmamışdı. Nənəsinin himayəsində böyümüşdü. Çox çətinliklərlə üzləşmişdi. Sonralar çox məşhur "Biri vardı, biri yox" şeirində etiraf etdiyi kimi həmyaşıdları hər şeylə təmin olunduqları halda, onda "biri vardı, biri yox"... Mənim Nüsrət Kəsəmənlinin yaradıcılığı ilə ilk tanışlığım onun " Özümə bənzədiyim günlər" şeirlər kitabından başlamışdı. Nüsrət Kəsəmənlinin bütün şeirləri sevgidən, məhəbbətdən dil açırdı.
O, məhəbbət, sevgi şairi idi. Bu mövzu onun şeirlərindən qırmızı xəttlə keçirdi. İncə rübablı Nüsrətin sevgiyə, məhəbbətə öz baxışı vardı. O, ilk sevgini yuvasından düşmüş quşcuğaza bənzədirdi. Nə gözəl bənzətmə?! Gənclərin dilinin əzbərinə çevirilmiş " Sən demə, təzədən sevmək olarmış", " Getmək istəyirsən bəhanəsiz get", " Nə biləydik", " Mən səni unuda bilmirəm axı", və bu kimi digər şeirlərində də incə sevgi motivləri Nüsrət qələmə aldığı bu şeirləri yaşayaraq yazırdı, onu duya-duya yazırdı. Hərdən fikirləşirəm: Görəsən Nüsrət hər hansı bir digər sahədə olsaydı, məsələn, müəllim, mühəndis, həkim kimi özünü təsdiqləyə bilərdimi?! Bu qədər sevilə, populyar ola bilərdimi?! Yox, Nüsrət yalnız poeziya üçün doğulmuşdu. Necə deyərlər, balıq susuz yaşaya bilmədiyi kimi, o da poeziyasız yaşaya bilməzdi. Poeziya onun həyatı idi. Heyif min heyif ki, bu ömür yolu çox qısa oldu. Dillər əzbəri olacaq şeirləri də onun vaxtsız ölümü ilə əbədiyyətə qovuşdu. Nüsrət ilk təhsilini Dövlət İncəsənət İnstitunda almışdı. Sonra jurnalist ixtisasına yiyələnmək üçün Bakı Dövlət Universitetində təhsilini davam etdirirdi. Həm də hərbi xidmətini başa vurub qayıtmışdı. " Bakı" və " Baku" axşam qəzetlərində işləyirdi. Həmin illərdə Nüsrət Kəsəmənli gənclər tərəfindən bəlkə də, ən çox oxunan, ən çox sevilən şairlərdən idi. "Dünyaya pəncərə" adlı televiziya verilişinin həm ssenari müəllifi, həm də aparıcısı idi. Onun şeirlərinə bəstələnən mahnıların sayı gündən-günə artırdı. Bu mahnılar o illərdə, elə indi də çox populyardır. Nüsrət müəllimi yaxşı tanıyanlardan çox eşitmişəm: O, hər şeyə vaxt tapa bilirdi. Gecə yarısına qədər davam edən dost məclisləri, bəstəkarlarla, müğənnilərlə mahnı yaradıcılığı, ailə qayğıları, görüşlər, səfərlər... Hətta imkan tapıb " Doğma sahillər" filmində çəkilməyi də bacarmışdı. Ancaq onun ürəyi poeziya ilə döyünürdü. Nüsrət yazmaya bilmirdi. Ürəklər oxşayan sevgi misraları ağ vərəqlərə axdıqca, rahatlıq tapırdı. Sanki sakitləşirdi. Çox keçməmiş bu atəş yenidən alovlanırdı.
Nüsrət üçün sevgi, məhəbbət hissləri onun şeirlərinin ən uca zirvəsi idi. Bu şeirlər çox həzin, ürəyə yatan, ana laylası qədər şirindir.
Sənsiz elə bilmə öləcəyəm mən,
Qara bir kədərə dönəcəyəm mən,
Gecələr yuxuna gələcəyəm mən,
Sən məni unuda bilməyəcəksən.
Ömründə narahat izim qalacaq,
Alovum sönsə də, közüm qalacaq,
Arxanca həmişə gözüm qalacaq,
Sən məni unuda bilməyəcəksən.
Və yaxud:
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə.
Görəsən, ürəkləri ehtizaza gətirən bu incə hissləri bundan gözəl necə ifadə etmək olar?!
Nüsrət Kəsəmənli şeir yazmırdı. Ürəyinin odunu, atəşini vərəqlərə köçürürdü.
Haşiyə: Haçansa Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nəşr olunan jurnalların birində şairin sədaqətli ömür-gün yoldaşı Rəhilə xanımın Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini oxumuşam. Bəlkə də bu yaşımadək oxuduğum xatirələr içində ən təsirlisidir. Düz deyirlər, şair xanımı olmaq çox çətindir. Üstəlik Nüsrət Kəsəmənli kimi hüdusuz dərəcədə sevilən, daim üzdə olan bir şairin xanımı olmaq, onun " şıltaqlıqları"na dözmək onqat çətin idi. Rəhilə xanım bütün bunları biruzə vermədən, dözürmüş, yatmayıb onu gözləyirmiş.Bildiyim bir həqiqət var. İnsan kimi böyük adamların böyük ürəyi olur. Rəhilə xanım da Nüsrətin iki övladının anası, vəfalı ömür-gün yoldaşı, son dərəcə həssas bir xanım idi. Qadın qısqanclığı həmişə olub: dünən də, bu gün də sabah da olacaq. Bunu hədsiz sevgi ilə əlaqələndirənlər də vardır. Amma, Nüsrət müəllimə dəryalar qədər olan sevgisinə baxmayaraq, Rəhilə xanım Nüsrət Kəsəmənlini vaxtı ilə onu sevən, elə Nüsrət Kəsəmənlinin də onu bir zamanlar sevdiyi, lakin taleyin hökmü ilə "ulduzları barışmayan" xanımla görüşməsini təkid edirmiş. Hətta həmin xanım xəstəxanada ölümlə çarpışdığı son günlərdə Nüsrətlə birlikdə xəstəxanaya - ona baş çəkməyə məcbur edib. Belə böyüklük, mində, yüz mində yox, milyonlarla qadından birində olur... Nüsrət Kəsəmənli bir şeirində deyir: "Daha nağıllara inanmıram mən"... Biz də sənin yoxluğuna, bizi əbədi tərk etməyinə inana bilmirik. Çünki hər saat, hər an oxucuların səni xatırlayır.
Mən belə düşünürəm ki, nə qədər ki, sevgi var, məhəbbət var, Nüsrət Kəsəmənli də, yaşayacaq, sağ olacaq. Hər efirdə, məclislərdə sözlərinə bəstələnmiş nəğmələri səslənəndə, şeirləri qiraət olunanda ruhu efirlərdə, məclislərdə dolaşacaq.
Öz ömrü qısa olsa da, bütün türk dünyasının ona olan məhəbbəti, sevgisi qısa olmadı, əsrlər boyunca da, olmayacaq.
Çünki əsl sevgi əbədidir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!