Rəsul Rzanın sənət qüdrəti - İsa Həbibbəyli

Azərbaycanda XX əsrə qədər sərbəst şeirin müəyyən ənənəsi mövcud olub. Məşhur "Kitabi-Dədə Qorqud" dastanlarında nəinki sərbəst, hətta vəznli sərbəst şeir nümunələri də vardır. Sonrakı bütün dövrlər ərzində şeir həmişə zaman-zaman mövcud qəlibləri yumşaltmaq, möhkəmlənmiş normaları dəyişmək, qırmaq, azad və sərbəst olmaq proseslərini yaşamışdır. Orta əsrlərdə zəncirvarı əruz şeiri mühitində yanaşı olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir. Fikrimcə, XX əsrdə sərbəst şeir mərhələsinin başlanması Azərbaycan poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi nəticəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında xüsusi bir inkişaf mərhələsi səviyyəsinə çevrilməsində isə xalq şairi Rəsul Rzanın xidmətləri müasiri olmuş və sərbəst şeirlər yazmış şairlərin hamısından qat-qat çoxdur. Rəsul Rza (1910-1981) yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış qüdrətli sənətkardır. Son yüzillikdə sərbəst şeir yazanlar çox olsa da, onlardan heç biri Rəsul Rza səviyyəsinə çata bilməmişlər. Görkəmli xalq şairi Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin zirvəsində dayanır.

Rəsul Rza əsrlərdən qırıq-qırıq sızıb gələn ənənələri böyük sürətlə inkişaf etdirərək, sərbəst şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək missiyasını böyük şərəflə həyata keçirmişdir. Məhz Rəsul Rzanın böyük yaradıcı dühasının simasında sərbəst şeir Azərbaycan ədəbiyyatının həmişəlik ədəbi sərvətinə çevrilmişdir. Xalq şairi Rəsul Rza Azərbaycan sərbəst şeirinin atasıdır. Rəsul Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına geniş fikir və düşüncə sərbəstliyi gətirmiş, lirikanın poetik formanın bəzi formal tələblərindən xilas olmasına imkan yaratmışdır. Sərbəst adlanmasına baxmayaraq, Rəsul Rzanın poeziyasında şeir texnologiyası üçün zəruri olan şərtlərə yaradıcı şəkildə əməl olunmuşdur. Bu mənada Rəsul Rzanın sərbəst şeirləri özünəməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan qiymətli poetik nümunələrdir. Rəsul Rzanın sərbəst şeirləri ilə Azərbaycan sərbəst şeiri özünün inkişafının ən yüksək səviyyəsinə çatmışdır. Azərbaycan xalqının tarixi taleyi və XX əsr boyu çətin həyatın real  fəlsəfəsi Rəsul Rzanın poeziyasının nəbzində döyünür.

Onun şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da, qafiyə iştirak edir və artıq sözə yol verilmir. Rəsul Rzanın yaradıcılığında "ağ şeir" nümunəsi də yox dərəcəsindədir. Xalq şairinin sərbəst şeirləri ciddi vəzn ölçüləri olmayan, misralarında obrazlı fikirlər ifadə edilən ictimai məzmunlu poetik örnəklərdir. Məhəbbət mövzusunda yazılmış şeirləri qiymətləndirilməklə yanaşı, Rəsul Rza poeziyasında ictimai fikrin, vətəndaşlıq mövqeyinin aparıcılıq təşkil etdiyi xüsusi qeyd edilməlidir. Rəsul Rzanın adı çəkiləndə ilk növbədə Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə baxmayaraq, Rəsul Rza ədəbiyyatda Azərbaycanın sözünü demək vəzifəsini yerinə yetirməyi bacarmışdır.

Vətənin qeyrətini çəkməyi və şöhrətini yaşatmağı əsas vəzifəsi hesab edən şair öz kökü ilə "bu torpağa" - Azərbaycana bağlı olduğunu, məğrur dayanmağın məsuliyyətini dərindən bildiyini bəyan etmişdir:

 

Mən Vətənin qoynundayam,

Vətən mənim qoynumdadır.

Həm qeyrəti,

Həm qayğısı,

Həm şöhrəti -

Böyük borcu

Boynumdadır!

Boynumdadır!

 

Zəngin neft ölkəsi Azərbaycanın sərvətlərinin özününkü olmaması, Sovetlər İttifaqının paytaxtında Nizami Gəncəviyə heykəl qoyulmaması, ölkəsində nahaq və qanlı repressiya vahimələrinin yaşanması, ana dilinin, ərazi bütövlüyünün qorunması kimi vətəndaşlıq cəsarəti tələb edən problemlər Rəsul Rzanın əsərlərində özünün dərin əks-sədasını tapmışdır. Bu baxımdan şairin yaradıcılığında xüsusi yer tutan əsərlər silsiləsini nümunə göstərmək olar. "Qızıl gül olmayaydı" poeması - Mikayıl Müşfiqin xatirəsinə böyük ehtiram, 37-ci ilə acı bir rekviyemdir.

Əsərin yazdığı 1956-1960-cı illərdə bu mövzu qadağandır" qrifi ilə xüsusi şəkildə nəzarət altında olan ciddi məsələlərdən biri idi. "Babək" poeması - Azərbaycan xalqının arxa plana keçirilmiş qəhrəmanlığının yenidən müasir düşüncənin "gündəminə" gətirilməsi mənasını daşıyırdı. Poemanın yazıldığı 1977-ci ildə ölkəmizdə yaradılmış milli-tarixi yaddaşa qayıdış prosesinin imkanlarından istifadə edilərək diqqət mərkəzinə çəkilən Babək mövzusu düşünülmüş bədii vasitələrlə milli azadlıq məsələsinin ana xətti kimi mənalandırılmışdır:

 

Qarşıda, gələcəkdə

Vətən uğrunda hələ

Daha qəti, amansız

Qurtuluş əsərləri,

Döyüş günləri vardı.

Bu günün qurbanları

Sabaha yadigardı.

 

Rəsul Rzanın "Mirzə Cəlilin nisgilləri" şeir silsiləsi "Anlamaq dərdi"nin bədii-fəlsəfi dərkindən ibarət olan böyük sənət nümunəsidir. Bu, - Cəlil Məmmədquluzadə sənətinin mahiyyəti və müasirliyi haqqında dərin mənalı poetik uvertüradır. Xalq şairi ürək ağrısı ilə deməyə bilməyib ki: "Ölülər ölüb qurtarmayıb hələ"; "Bəlkə də qaytarardılar" - nə mülk-maaş, nə yatır, nə dəyirman dərdi idi. Bu, sorağı qanlı yollarda itən insan dərdi idi"; "Qulaq asın Mirzə Cəlilin sözünə: İnsanda insan oyadın!". Müxtəlif illərdə yazılmış "Anamın laylası", (1959), "Ölülər", "Zeynəbin qisası", "Nazlılar", "Bəlkə də qaytardılar", "Kamança", "Anamın kitabı" (1967) silsiləsi Azərbaycan şeirinin Cəlil Məmmədquluzadə ruhlu yeni bir ədəbi Ölülərnaməsidir. Rəsul Rzanın satirik şeir silsiləsi də Molla Nəsrəddin məktəbinin müasirlik imkanlarının genişliyini və əhəmiyyətini yeni çalarla ifadə edən düşündürücü və kəskin poetik örnəklərdir. Rəsul Rzanın satirik şeirləri "Molla Nəsrəddin" - Cəlil Məmmədquluzadə kimi "baltanı dibindən vuran" əsərlərdir. "Anlamaq dərdi" şeiri həm Cəlil Məmmədquluzadə silsiləsinin fəlsəfəsi, həm də Rəsul Rza sənətinin qayəsidir:

 

Kimi təzə paltardan qorxur,

Kimi kəfəndən.

İskəndəri soruşdunuz məndən?

İskəndər içərdi,

Ləqəbi də Kefli İskəndərdi.

Gecə-gündüz düşündürərdi onu

Diri ölülərin dərdi.

Yoxsa o da nə qəmlənər,

Nə içərdi.

Ömrü ölülər içində

Sakit-səssiz keçərdi.

Qınamayın İskəndəri,

Yaman olur anlamaq dərdi.

 

"Sarı dana və balaca qız" şeiri Rəsul Rza realizminin sərt üzünü və düz sözünü kəskin şəkildə ifadə edir. Hələ altmışıncı illərdə bu şeirdə sovet rejiminin "illik planın" yerinə yetirilməsini insan taleyindən üstün tutması ciddi surətdə tənqid edilmişdir. Göytəpə kəndində xəstələnmiş sarı danaya göstərilən diqqət və qayğının vətəndaşa bəslənilən münasibətdən yuxarıda dayanmağı realist cizgilərlə ifadə olunmuşdur. XX əsr Azərbaycan ədəbiyyatında mövcud rejimə qarşı "Sarı dana və balaca qız" şeirində olduğu qədər açıq və sərt bədii nümunə göstərmək çətindir. Bu şeirin o zamanın senzurasının gözündən necə yayındığını təsəvvür etmək çətindir. "Sarı dana və balaca qız" şeiri sovet üsul-idarəçiliyinin əleyhinə yazılmış sarkazmdır. Bu, ictimai-siyasi və ədəbi mühitdə "Xruşşov istiləşməsi" dövründə Azərbaycan ədəbiyyatında meydana çıxmış ciddi tənqidi-realist əsərdir. Rəsul Rza balaca dananın xəstələnməsindən doğan narahatlığı aşağıdakı kimi təsvir edir:

 

Baytar dedi: tez olun!

…İsti su gətirin ayaqlarına!

Damcı dərman da lazımdır

Qulaqlarına

Nüsxə yazıldı bir qarış.

Maşın ürkək keçi kimi sıçradı

Sədrin buyruğu ağzından çıxmamış.

Handan-hana qoca mühasib gəldi.

Baxdı, ah çəkdi,

Dedi: - Yazığın gəlsin bizə

Sarı dana!

Amandır bu zülmü eləmə

İllik plana!

Üç gün, üç gecə

Gülxara ayrılmadı

Sarı danadan.

Nə evinə gedə bildi,

nə urvalıq arpa apara bildi

Uşaqlara dəyirmandan.

Tənzifə qıymadı ürəyi

Dananın qarnına bağladı

Gəlinlik şalını

Sədr hər axşam, hər səhər

Şəxsən soruşdu dananın əhvalını.

…Əhvalat uzundur, nə deyim,

Bəsdir bunu desəm:

Dana ölmədi azardan.

Ancaq Gülxaranın

Qaragöz kiçik qızı…

Beşcə qulac bez aldılar bazardan.

 

Dünya, zaman və insan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir. Rəsul Rza dünya haqqında düşüncələrinin qüvvətli orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halı poetik baxımdan bənzərsiz şəkildə mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan dünyamiqyaslı müasir şair idi. Yaxud belə demək də doğru olar ki, Rəsul Rzanın timsalında XX əsrin görkəmli dünya şairləri sırasında Azərbaycan özünəlayiq yer tuta bilmişdir. Dünyanın real mənzərəsini ayıq-sayıq görən və proseslərin gedişatını doğru-düzgün göstərən şair, ümumiyyətlə, Yer kürəsində insanlığın keşiyində dayanmağın poetik çağırışlarını bütün qüvvəsi ilə səsləndirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddəratına mənsub olduğu xalqın taleyinin işığında nəzər salaraq uğurlu bədii ümumiləşdirmələr aparmışdır:

 

Dünyanın anlaşılmayan

Çox işi var.

Yollarının səbir, inad, inam istəyən

Nə qədər

Enişi var, yoxuşu var.

Din davası, torpaq davası,

Rütbə, qazanc, otaq davası.

…Başqa -başqa sahmanlı

İnsanların

Qara, ağ davası

İstək dustaqlığı,

İmkan dustaqlığı.

Dərya-dərya imkanlardan verilən

Nemət cirəsi

Pay qaşığı.

Mənim qayğım, mənim gücüm,

Mənim sınağımdır.

Mənim çağımdır.

 

Məşhur "Rənglər" silsiləsi dünya sərbəst şeirinin Azərbaycanda yaranan böyük sənət şedevrlərindən biridir. "Rənglər" sərbəst şeirləri, ümumiyyətlə, XX əsr sərbəst şeirində yeni və böyük sənət hadisəsidir. Rəsul Rzanın "Rənglər" şeirləri ilə geniş mənada dünya sərbəst şeiri yeni rəng, yeni səviyyə qazanmışdır. Bədii düşüncənin və intellektual qavrayışın dərin siyasi-fəlsəfi mühakimə ilə vəhdətindən yoğrulmuş "Rənglər" şeir silsiləsində bütöv bir epoxanın düşüncəsi ifadə olunmuşdur. Hər misrası ciddi, düşündürücü, obrazlı düşüncələrdə əks-səda tapan bədii ümumiləşdirmələrdən yaranmış "Rənglər" sərbəst şeir silsiləsində ifadə edilən mətləblər və mühakimələr rəngindən asılı olmayaraq bütün insanlar üçün eyni dərəcədə müasir səslənir. "Rənglər" poetik silsiləsi - bədii sözün ağır yüklü qafiləsidir. Nazim Hikmətin dediyi kimi, "bu poeziyada tamamilə özünəməxsus bir yoldur". Rəsul Rzanın "Rənglər" silsiləsi dünya sərbəst şeirində yeni hadisədir. Bu şeirlərdə ayrı-ayrı rənglərin müxtəlif çalarları vasitəsilə həyatın və insanın dərin qavrayışları ifadə olunmuşdur. "Rənglər"də hər misra xüsusi bir ictimai mətləbi mənalandırır. Böyük istedad ondadır ki, Rəsul Rza "Rənglər" silsiləsinin bütün misralarında dərin ictimai və bəşəri fikirləri bənzərsiz, obrazlı ifadələrlə əks etdirmişdir. Eyni zamanda, şair hamıya məlum olan rənglərin naməlum çalarlarını kəşf etmişdir: "Ağ rəngin sevinc çaları": çiçəkli bahar budağı, göyərçin qanadları, Quzey qarı; "Şirmayı: "Ölümdən gələn qazanc, zindan barmaqlığı, İlməkli  kəndir, Məftilli qırbac, Naxışlı yeddi kürəciklərin yeddi illik zəhməti. Ağrıdan ulayan ölkələrin Səkinəsi, Səlmanı, Əhmədi; "Püstəyi": Ala gözlərdə kədər; "Xurmayı": Müstəmləkələr; "Kürən": Cənublu ağaclar; "Badımcan": Əyyaş burnu;  "Sürməyi": Aylı gecədə qarlı dağ təpəsi; Yaxud da "Sumağı": Döyüşdən çıxmış Qıratın nalı".

"Rənglər" silsiləsinin bədii müqəddiməsi olan "Uvertüra" həm də bu şeirlərin finalıdır, yekunudur. "Uvertüra" Rəsul Rzanın "Rənglər" fəlsəfəsini ümumiləşmiş şəkildə ifadə edir. "Uvertüra" - rənglərin qammasıdır. "Uvertüra" - rənglərdə ifadə olunan dərin  mətləblərin poetik "amması"dır:

 

Rənglər könlümüzdən keçir,

İsti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur

Müxtəlif rənglər kimi

Rənglər xatirələr oyadır,

Duyğular oyadır.

Gördüyümüzdən

            artıq görmək istəməsək,

Hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi

Ahəngi var.

Ağrının, sevincin, ümidin də

Rəngi var.

Düşündükcə açılır.

Əlvan səhifələri rənglərin

Canlanır gözümdə rəngi

Ömrün, mübarizənin,

Qəlbin, nifrətin

Gecənin, səhərin

Və insan taleyinin.

 

Xalq şairi Rəsul Rzanın yaradıcılığı Azərbaycan şeirinin də, dünya poeziyasının da fərqli rənglərini təbii şəkildə, bütün əlvanlığı ilə əks etdirən böyük sənət hadisəsidir. Şairin "hansı şeirim, hansı sözüm yaşayacaq məndən sonra" sualının bir cavabı var: Rəsul Rza sənətinin qüdrəti onun milliliyində və bəşəriliyində, eyni zamanda, bədii ifadə baxımından bənzərsizliyindədir. Bu meyarlara cavab verən böyük sənət ölməzdir.

Azərbaycan ədəbiyyatşünaslıq elmində xalq şairi Rəsul Rza haqqında qiymətli elmi əsərlər yazılıb nəşr edilmişdir.

Tanınmış ədəbiyyatşünaslardan Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Qəzənfər Paşayev, Yusif Seyidov, Bağır Bağırov, Vaqif Yusifli, Rahid Ulusel... və başqalarının tədqiqatlarında və məqalələrində Rəsul Rzanın sənət qüdrətinin mahiyyəti özünün dərin elmi-nəzəri həllini tapmışdır. Akademik Məmməd Arif Dadaşzadənin aşağıdakı mülahizələri xalq şairi Rəsul Rzanın bənzərsiz sənətinin ədəbi-tarixi əhəmiyyəti və orijinallığı obyektiv şəkildə ifadə olunmuşdur: "Diqqətli oxucu bu şeirlərin yalnız ifadə tərzində deyil, məzmun və mənasında bir təzəlik olduğunu hiss etməyə bilməz. "Rənglər" oxucuya ...assosiasiya vasitəsilə xarakterlər oyatmaq, onu düşündürmək yolu ilə həyatı və insanları yaxşı öyrənmək, dərindən dərk edilmək məqsədilə yazılmışdır."

Görkəmli müasirlərindən Nazim Hikmət, Qara Qarayev, Dmitri Şostakoviç, Tahir Salahov, İlya Selvinski, Eduard Mejevaytes, Boni Korey və başqaları xalq şairi Rəsul Rzanın böyük sənətinə dünya ədəbiyyatı faktı səviyyəsində yüksək qiymət vermişlər. Nazim Hikmətin fikirlərində ifadə olunmuş mətləblər Rəsul Rzanın böyük müasirlərinin fikirlərini ümumiləşdirilmiş şəkildə diqqətə çatdırır: "Rəsul Rza nə isə təzə bir şey yaradıb. Bu poeziyada tamam özünəməxsus bir yoldur. "Rənglər"də Rəsul Rza özü-özünü ötüb keçib."

Son günlərdə işıq üzü görmüş, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin "Rəsul Rza və çağdaşları" ktabı xalq şairinə həsr olunmuş əhəmiyyətli monoqrafik tədqiqatdır. Kitabda Rəsul Rzanın böyük sənətinə yüksək elmi qiymət verilməklə bərabər, şairin müasiləri ilə əlaqələri geniş şəkildə araşdırılıb ümumiləşdirilir. Məsələnin qoyuluşu ilk növbədə müasiri olmuş görkəmli sənətkarlara,  ünsiyyət saxladığı yaradıcı insanlara Rəsul Rzanın münasibətini aydın surətdə görməyə imkan verir. Həm də müasirlərinin Rəsul Rzanın şəxsiyyətinə və sənətinə obyektiv elmi münasibəti, heyranlıq hissləri və qiyməti də monoqrafiyada öz əksini tapır. Ən yaxşı cəhətlərdən biri də ondan ibarətdir ki, Yaşar Qasımbəyli Rəsul Rza və çağdaşları məsələsini şəxsi münasibətlərin, qarşılıqlı əlaqələrin aydınlaşdırılması ilə birlikdə müxtəlif coğrafiyalarda yaşayıb-yaratmış adlı-sanlı yaradıcı şəxsiyyətlərin ədəbiyyat və sənət, yazıçı və zaman haqqındakı ortaq görüşlərinin, onların yaradıcılıq əlaqələrinin öyrənilməsinə istiqamətləndirmişdir. Beləliklə, "Rəsul Rza və çağdaşları" kitabı geniş mənada xalq şairinin epoxasına və ədəbiyyatına həsr olunmuş monoqrafiya şəklində meydana çıxmışdır.

Problemin öyrənilməsi üçün əhatə etdiyi sənətkarların geniş coğrafiyası Yaşar Qasımbəylinin elmi maraq dairəsinin və mütaliəsinin, tədqiqat sferasının miqyasını təsəvvür etməyə imkan verir. Yaşar Qasımbəyli bu kitabı ilə Azərbaycan ədəbiyyatının şəxsiyyətləri və proseslərinə qlobal masştabda baxmadığı və elmi qiymət verməyi bacaran mükəmməl dünyagörüşə malik tədqiqatçı olduğunu nəzərə çarpdırır.

Bütün bunlara görə filalogiya elmləri doktoru Yaşar Qasımbəylinin "Rəsul Rza və çağdaşları" monoqrafiyası görkəmli xalq şairi haqqında meydana çıxan qiymətli tədqiqat əsəri olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının üfüqlərinin genişliyini və əhəmiyətini diqqət mərkəzinə çəkən dəyəri monoqrafiyadır. Kitab Rəsul Rzanın sənət qüdrətini sənətkar və zaman miqyasında oxuculara təqdim edir.

XX əsrin 60-cı illərində yazılmış və xalq şairinin "Rənglər" silsiləsinin ədəbi-bədii yekunu funksiyasını daşıyan "Əl vurmayın, rənglənib" şeiri mahiyyət etibarilə bütövlükdə Rəsul Rza sənətini məzmunca da, forma etibarilə də ümumiləşdirən mükəmməl sənət əsəridir. Şair "Əl vurmayın, rənglənib" xitabı ilə bütün yaradıcılığı boyu tənqid hədəfinə çevirdiyi nadanlıqlara, saxtakarlıqlara orijinal poetik məna vermişdir. O, həyatda, cəmiyyətdə nələrin öz rəngində olmadığını aşağıdakı misralarla ifadə etmişdir:

 

Dodaqlara qonmuş təbəssüm,

Buqələmunlar.

Təcrübəli meymunlar.

Qara qatıq.

Ağ qurum.

Yeməli qum.

Məhəbbətin surraqatı.

Məqsədli alqışlar.

İnsan qəlbinin

Boş olduğu anlar.

Fil görünən birələr.

Səməd Mənsur haqqında xatirələr.

Doğruya bənzəyən yalanlar.

Şalvarlı, köynəkli,

Donlu, ətəkli adamlar.

Hər cürə boya.

Toydan yasa,

Yasdan toya

Tələsən insanlar.

 

Bununla belə, Rəsul Rza sənətində işıq, nikbinlik, sabaha inam, yaşamaq eşqi, gələcəyə ümid duyğuları bütün rənglərdən üstündür. Şairin şeirlərində işıq qaranlıqdan deyil, ümiddən doğur. Xalq şairi Rəsul Rza Azərbaycan xalqının böyük ümidlərdən doğan işıqlı gələcəyinin qüdrətli sənətkarıdır:

 

Səpələnib hər yana

Dünyanın rəngləri;

Məhəbbət, nifrət,

Sevinc, kədər

Hərəsi bir duyum oyadır çiçəklər.

Çöllər çəmənlidir, dağlar qarlı.

Yuxum həyat dadlıdır,

Dünya baharlı.

Arzularımdır - açılıb əlvan.

Baxıram ənginliklərə

Sözlərim doyumsuz,

Qəlbim ümidli.

Bir yanda Şah dağı,

Bir yanda Savalan.

Arzulardan doyarmı,

Rəngsiz yuxulara uyarmı,

Ümidi, diləyi sağ olan?

 

Xalq şairi Rəsul Rza XX əsr Azərbaycanın ədəbiyyatının görkəmli yaradıcılarından biri olmaqla bərabər, dünya poeziyasında özünəməxsus yeri olan novator sənətkardır. Böyük şairin dərin ictimai məzmuna və orijinal bədii formaya malik olan bənzərsiz sənəti Azərbaycan ədəbiyyatının dünya şeir mədəniyyətinin inkişafındakı rolunu və yerini nümayiş etdirir.

Rəsul Rza sərbəst şeir məktəbi yaşayır, şairin böyük sənət ənənələri yaradıcılıqla davam etdirilir.

İsa HƏBİBBƏYLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!