Xatirələr, xəyallar - Adilə NƏZƏROVA

Faiq Balabəylinin şeirlərində ana mövzusu

Adilə NƏZƏROVA

Faiq Balabəylinin yaradıcılığında əksər yazarlar kimi avtobioqrafik izlər vardır və bu nümunələr ədəbi tədqiqatda daha çox istifadə olunmağa uyğundur. Çünki oxucuya əsər qədər müəllifin həyatı, şəxsi kimliyi də maraqlıdır. Şairin şeirlərində yaşanmış hadisələrin duyğusu qədər ifadəsi də güclüdür. Anaya sevgisi, bağlılığı, tez-tez xatırladığı qayğısız uşaqlıq illəri, anasının xəstəliyi və ölümü, keçmişə - analı günlərinə dərin həsrət və bitməyən tənhalıq hisslərini köçürdüyü şeirlər yüzlərlə, minlərlə insanın ortaq taleyidir.

F.Balabəylinin şeirlərində ana obrazı onun həm insan kimi, həm də şair kimi portretini çəkir. Üstəlik, anadan başlayaraq, şairin həyata, adət-ənənələrə, dinə və sivilizasiyaya baxışını öyrənmək, ölüm və kədərə yüklədiyi poetik mənaları bilmək olur. O, özünü beləcə anlatmağa başlayır:

 

Bir oğlan varıydı,

siz tanımazsız.

...Atası fağır bir kənd kişisiydi,

anası dünyanın əzab çəkəni -

ürəyi qübardan düyün-düyündü.

Tanrı ruzusuydu qəmi, kədəri,

həsrəti bol idi, löyün-löyündü -

elə dərd çəkirdi -

siz tanımazsız...

 

Şeirin birinci bəndindən müəllifin kimliyi, elə şeirdə istifadə olunan sözlərdən açıq-aydın məlum olur. Misralarını içindən gəldiyi kimi yazır, bəzəməyə çalışmır.

Son illərdə özünü büruzə verən qərb poeziyasını az-çox oxuyan yenilikçi hərəkat yaratmağa cəhd edən bəzi şairlər milli mədəniyyətə, psixologiyaya uymayan, eyni zamanda şeirlərinin ölçüsü (daha doğrusu, ölçüsüzlüyü) heç bir milli şeir janrına aid olmayan nümunələrlə gündəmə gəlirlər və bunu Azərbaycan oxucusuna qəbul etdirmək, mənimsətmək üçün səy göstərirlər. Ola bilsin ki, bununla bağlı istisnaları qeyd etmək olar, ancaq müsbət danışmaq ümumiyyətlə, mümkün deyil.

F.Balabəyli isə özünə - keçmişinə bağlı şairdir, uşaqlıq, gənclik xatirələrindən ayrılmır. Yaradıcılığına ümumilikdə nəzər salsaq, bəlkə də onun qədər kəndə aid şeir yazan olmayıb.

Bəs nədir onu bu qədər kəndə - uşaqlığına bağlayan?!

Bunu anlamaq üçün onun həyatının ancaq uşaqlıq və yeniyetməlik dövrünü yaşadığı kəndlərini, ondan sonra ara-ara gördüyü, həmişə yolunu gözləyən anası ilə bağlı xatirələrini təfərrüatı ilə düşüncəsinin ən qorunan yerində saxladığı, ancaq misralara bükdüyü şeirlərinə baxmaq kifayətdir.

Qəfil yağan yağış isladacaq

uşaqlığımın ayaqyalın keçdiyi yollarını,

anamın hər axşamüstü

ayağımı yuduqdan sonra

belimə dolanan qollarını,

yelçəyinin altından çıxan saçlarını...

 

F.Balabəyli xatirələri, misraları ilə oxucunu davamlı həyəcanlandırmağı bacarır. Bu şeirləri oxuyan hər kəs istər-istəməz uşaqlığını xatırlayır, əsasən də, eyni dövrü və kənd həyatı yaşayanlar xatirələrə dalır.

F.Balabəylinin bir şair kimi həyata və poeziyaya fərqli baxışı var. Ona görə bütün ayrılıqlar ahlara, ahlar göyün sinəsini dağıtmağa yönəlir. Beləcə, külək də, yağış da, qar da ayrılıqdan yaranır. Kainatda baş verənlər təbiətə təsir edir, təbiətdə yaz yaydan, yay payızdan, payız qışdan ayrılmaqla həyatı təzələsə də, bütün hallarda ayrılıqlar küsdürür, incidir, ağladır...

 

Körpə oğlanların da qaşları düyün vurub,

qızların bantı hanı? -

toysuz qalıb gəlincik...

Sonra əsən küləklər bizi tərk edib getdi,

Getdi, göyün üzündən buludları dağıtsın,

Getdi, bir qədər küskün, getdi, bir qədər incik...

 

Ayrılığın baş qəhrəmanı anadırsa, şair hisslərini bəzən sərbəst şeirə etibar etmir və misralarını qapalı ölçüyə, qafiyəyə sığdırmağa çalışır. "Yalquzaq səsi" şeiri şairin məhbus həytında yaşadığı ailə, xüsusilə, ana həsrətinin hayqırtısıdır.

 

Əlləri köksündə, ağbirçək anam,

Hələ də yollardan çəkmir gözünü.

Asdım asılqandan dərdi kürk kimi,

Yumruğum sinəmə dəydi gürz kimi.

Gördüm ki, pas atıb qında xəncərim,

Tiyəsi korşalıb, deşmir köksümü.

...Tiyəsi pas atan xəncər vurduğu

dərinə getməyən yaram su verir.

Gündüz qaranquşdan gözlədiyimi

Qaranlıq gecədə yarasa verir...

 

Müasirlik və mistisizm F.Balabəylinin şeirlərində paralel olaraq işlənir. Özünəməxsus söz seçimi ilə, daxili aləmini təbiətinə uyğun ifadə etməklə, zəngin assosiasiyalara yol açan obrazlardan istifadə etməsi onu orijinal şair olaraq təqdim edir.

 

Sən Allahın əzizi, mənsə Tanrının qulu,

Qul xatasız olmayır, böyüklər əfv edəndi.

Kim bilir, bəlkə elə eşqi ilahi olan,

Ürəyinin hökmünə baxaraq səhv edəndi.

Bu misraları isə mütləq yaşadığı hiss olunur. Bu şeirlər ümumilikdə onun daxili dünyasının güzgüsüdür.

 

Əvvəl gələn xəbərlər

sonra heç gəlmədi də...

Sonra gəlməyən xəbər ümidləri qarsadı...

Son dəfə əsən külək sonuncu yarpaqları

Qovdu, görə bilmədik, lap uzağa apardı...

...Sonra həmən küləklər yarpaqsız budaqların

üstündən uçub getdi...

getdi,

göyün üzündən buludları dağıtsın...

 

Sərbəst şeirlə hecanı bir qazanda əridən şair həyatın çətin anlarının bədii təsvirini yaradır. Bu anlar şairin ruhən və zehni olaraq sarsılmasına səbəb olur.

 

Daha heç nə qəlbimin sarı simini qırmaz,

Nə bacımın göz yaşı, nə anamın ağısı.

Çiynimi söykədiyim bu ağacın gövdəsi,

Üzümü söykədiyim yarpaqların ağrısı...

 

Xarici dünyanın qabalaşan yönündən ayrılıb daxili "mən"inə üz tutan şair həyatın bayağı, istismarçı tərəflərini şeirə sığışdırır.

F.Balabəyli hələ 90-cı illərdə, xalqın azadlıq, müstəqillik uğrunda verdiyi mübarizədə həyatlarını itirdiyi dostlarının acısı ilə baş-başa qalır və sığınacaq limanı yenə də anadır. "Anama məktub" şeirində yazır:

 

Böyütdüyün oğuldan əsər qalmayıb, ana,

Bir quruca nəfəsdir, bir də ki, quru əksim.

Nə mən yola gələnəm, nə də yol gəlir mənə,

Nə mən səs eşidənəm, nə sənə çatar səsim.

 

Göy də saxlaya bilmir gözlərinin əksini,

Göylərə baxıram ki, orda görüm tək səni.

Qız vaxtı toxuduğun sarı bülbül tikməni

Çəkib qəbrimin üstə, ağlarsan əsim-əsim.

 

Ana-bala yaxınlığının ən ağrılı tərəfini ifadə edən "ölüm" anlayışı bütün şairlər kimi, F.Balabəylinin də poeziyasında "qəbir" və "o qəbri ziyarət" düşüncəsi olaraq işlənir. Şeirlərində bəzən gələcək qədər keçmiş də onu darıxdırır.

 

O qədər oldu ki, ötüb keçənlər,

Gözümün önündə doğanaq oldu.

Doğma kəndimizdə bəzən, elə bil,

Gah doğma, gah qərib, gah qonaq oldum.

 

Düşdüm dərə boyu, gəzdim Bazını,

İzini axtardım uşaqlığımın.

Hanı acıqovuq, hanı tərs tikan

Yalın dabanımın qəsdinə dursun

Deşsin dərisini ayaqlarımın?!

 

- deyir.

F.Balabəyli dənizçidir, günlərlə ayağı torpağa dəyməyən şair zaman-zaman torpaq üçün darıxır. Ayrıldığı doğma kənddə bəzən özünü qonaq hiss etsə də, yenə uşaqlığını, Günəşdən qızan torpaqda dabanlarının dərisi yanan - ayaqyalın gəzdiyi günləri axtarır. Uşaqlığından bir iz axtarması onun keçmişə bağlılığından irəli gəlir. Dövrün acımasızlığı, insanların mənən çirklənməsi onu üzür, yaxşıları torpaq altda "görməyə" tələsir.

 

Yolum məzarlığın yanından keçir,

Hamının doğması, əzizi burda.

Kəndin qarğaşası, çirkini çöldə -

Saf yeri, pak yeri, təmizi burda...

Necə də doğmadı kənddə hər tərəf...

 

Və bunu bir neçə şeirində təkrar dilə gətirir:

...İndi illər keçib, çox illər keçib,

hər kəndə gedəndə dönürəm həmən -

yolumun üstündən məzarıstana.

Nə qədər doğmam var, əzizlərim var

bu soyuq torpaqda yatır yan-yana.

Əlimi uzadıb dururam elə,

bəlkə çəkəcəklər, aparacaqlar

o doğma ölülər məni yanına,

Necə nisgillidir kənddə hər tərəf...

 

F.Balabəylinin şeirlərində tez-tez yaşadığı narahatlıqlar nəhayətində onu yenə də xatirələrlə və xəyallarla yaşamağa vadar edir.

 

Arada

istəyirəm

ayrılığın nədən baş verdiyini,

necə yaşandığını, heç bildinmi,

mənim balam, - deyənim olsun.

İstəyirəm ki, kəndimizin üstü ilə

uçan buludun üstündə oturum.

..Sonra da yağış damlası kimi

çırpım özümü

ayrılıqların baş verdiyi kənd yollarına.

 

Bu məqalə şairin ana haqqında yazdığı şeirlərə xüsusi bir baxış idi.

Ömrünün 60-cı ilində Faiq Balabəyliyə anasının xatirələrindən ilhamlanaraq həyatını və yaradıcılığını daha da zənginləşdirməsini arzu edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!