Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında misilsiz xidmətləri ilə fərqlənən görkəmli şərqşünas alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni məktəbin əsasını qoyan cəfakeş alim kimi elm tariximizə qızıl hərflərlə yazılmışdır. Aida xanım İmanquliyeva ilk azərbaycanlı şərqşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş, yeni elmi sistem yaratmışdır. Prof. Aida İmanquliyevanın gərgin əmək, zəngin bilik, istedad və təcrübə hesabına yazmış olduğu "Korifei novoarabskoy literaturı" (k probleme vzaimosvəzi literatur Vostoka i Zapada naçala XX veka) (Baku, Glm, 1991), "İstoki arabsko-russkix kulğturnıx i literaturnıx svəzey" (V sb.: Voprosı vostoçnoy filoloqii - Baku, 1986), "Russkaə literaturno-kritiçeskaə mıslğ i tvorçestvo M.Nuayme" (V sb.: Voprosı vostoçnoy filoloqii - Baku, 1986), "Priroda v tvorçestve Amina ar-Reyxani" (V sb.: Voprosı vostoçnoy filoloqii - Baku, 1987), "Romantizm ar-Reyxani v povesti "Vne sten qarema" i v malıx prozaiçeskix janrax" (V sb.: Problemı zarubejnoqo Vostoka: istoriə i sovremennostğ. - Baku, 1988), "Qələmlər cəmiyyəti üzvlərinin yaradıcılığındakı yeni təmayüllər haqqında" (A.İmanquliyeva, Məqalələr və tərcümələr - Bakı, 2010), "Qələmlər birliyi" və Mixail Nüaymə", "Cübran Xəlil Cübran", "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişaf tarixinə dair" və s. çoxsaylı kitab və məqalələri Azərbaycan ərəbşünaslıq elminin inkişafında mühüm rol oynamışdır. O, ərəb-məhcər ədəbiyyatı ilə yanaşı, Azərbaycan-ərəb, rus-ərəb və qərb-ərəb ədəbi əlaqələri problemləri istiqamətində sanballı elmi əsərlər yazmış, nüfuzlu beynəlxalq konfranslarda elmi ictimaiyyətin diqqətini cəlb edən məruzələr oxumuş, xarici ölkələrdə Azərbaycan şərqşünaslıq elmini ləyaqətlə təmsil etmiş, Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur
Aida xanım İmanquliyevanın ərəb ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi sahəsindəki xidmətləri də xüsusi əhəmiyyətə malikdir. Mixail Nüaymə, Süheyl İdris, Sahib Camal, Məhəmməd Dib, Macid Zeyyib Ğənəma və digər sənətkarlardan etdiyi tərcümələr Aida İmanquliyevanın Azərbaycan və ərəb dillərinin incəliklərinə bələdçiliyindən, yüksək bədii zövqə sahib olmasından və peşəkar tərcüməçi qabiliyyətindən xəbər verir. Lakin Aida xanım İmanquliyeva geniş ictimai-siyasi, elmi-ədəbi fəaliyyət dairəsində xidmətlər göstərsə də, o, ilk növbədə, şərqşünaslıq elmimizin korifeyi kimi diqqəti cəlb edir. Tərcüməçilik xidmətləri istisna edilərsə, onun şərqşünaslıq fəaliyyəti əsasən, ərəb milli, ərəb-rus, ərəb-qərb ədəbiyyatlarının tədqiqi aspektində üç istiqaməti əhatə edir. Göründüyü kimi, Aida xanımın şərqşünaslıq fəaliyyətinin hər üç istiqamətində ərəb ədəbiyyatının öyrənilməsi əsas yer tutur.
Aida xanım İmanquliyevanın şərqşünaslıq fəaliyyətinin mərkəzində ilk növbədə, problemə müqayisəli, elmi-fəlsəfi və tarixi-tipoloji baxış dayanır. Bu cür baxış və yanaşmanın nəticəsində Azərbaycan şərqşünaslıq elmi məhdud sərhədləri aşaraq beynəlxalq arenaya cıxış etmiş və bir sıra vacib problemlərin həllinə nail olmuşdur.
Qeyd etməliyik ki, professor Aida İmanquliyevanın xidmətləri sayəsində şərqşünaslığımızda formalaşan müqayisəli metodun tətbiqi nəticəsində şərqşünaslığımız ədəbiyyat tarixçiliyi sərhədlərini aşaraq, daha qlobal, daha vacib və əhəmiyyətli problemlərin araşdırılmasına istiqamətlənə bilmişdir. Aida xanım İmanquliyevanın bu təşəbbüsü bir tərəfdən, birbaşa olaraq Azərbaycan şərqşünaslıq elmində ilk dəfə nəzəri-estetik baxımdan ərəb-rus, ərəb-qərb tədqiqat istiqamətlərini meydana gətirmiş, digər tərəfdən isə, aparılan tədqiqatlar ərəb-rus, ərəb-qərb ədəbiyyatlarının, geniş mənada mədəniyyətlərinin müqayisəli, həm də fundamental öyrənilməsini təmin etmişdir. Aida İmanquliyeva "qərb üçün şərqşünas, şərq üçün qərbşünas alim" (Ş.Xəlilov) statusunda ərəbşünaslığın ədəbi-bədii dəyərlərini şərq-qərb estetik-fəlsəfi kriteriya və baxışları müstəvisində araşdırmaqla şərqşünaslığımız üçün yeni bir nəzəri təhlil və tədqiqat sistemi yaratmış oldu. Məlum olduğu kimi, bu dövrə qədərki tədqiqatlarda ərəbşünaslıq, ümumən şərqşünaslıq araşdırmalarında Qərbin Şərqə təsiri məsələlərinə daha çox önəm verilirdi. Lakin Aida İmanquliyeva ilk dəfə olaraq Şərq-Qərb problemləri kontekstində məsələlərə aydınlıq gətirərkən, Qərb dəyərlərini obyektiv qiymətləndirir, ədəbi-bədii, mədəni-mənəvi təsir məsələlərindən danışarkən, birtərəfli təsirə yox, qarşılıqlı təsir amilinə xüsusi önəm verirdi. Bu cəhət təbii olaraq Aida xanım İmanquliyevanı bir tərəfdən, ərəbşünaslıqda fundamental araşdırmalar və nəzəri mülahizələr müəllifi kimi səciyyələndirir, digər tərəfdən isə, Azərbaycan şərqşünaslıq, geniş mənada Azərbaycan elm tarixində onun milli ruha hesablanan vətəndaş-alim mövqeyini nümayiş etdirirdi.
Çünki professor Aida İmanquliyeva Avropa dəyərlərini nə qədər yüksək qiymətləndirsə də, ənənə prinsipləri daxilində insan və cəmiyyətlə bağlı bir çox məsələlərin təməlində Şərq mahiyyətinin dayandığını yaxşı dərk edir, təbii olaraq bu məsələnin üstündən sükutla keçməyi qeyri-mümkün sayırdı. Bildiyimiz kimi, tarixin sonrakı inkişaf dövrlərində formalaşmış Qərb mədəniyyət qütbü bir sistem kimi təsdiqini tapsa da, özünün mahiyyətindəki Şərq ilkinliyini, Şərq ruhunu, bütövdən (Şərqdən) ayrılma əlamətlərini gizlədə bilməmişdir. Balzak, Gete, Volter, Bayron, Russo, Monteskyö, Tolstoy, Puşkin, Yesenin və s. Qərb mədəniyyət və mənəviyyat nəhənglərinin yaradıcılığında (geniş mənada, Qərb mədəniyyətində) gizlənən Şərq sevgi elementləri əslində gözlə görünə bilməyən, lakin hiss olunan, ruhla duyulan Şərq ilkinliyinin (həm də Şərq mənəvi ehtiyacının) təsiri və hansı formadasa özünütəsdiqidir. Bu mənada, prof. Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının tanınmış simalarından olan Əmin ər-Reyhani, C.X.Cübran, M.Nüaymə, İlya Əbu Mada kimi, o cümlədən, İspaniyada ərəb ədəbiyyatını formalaşdıran bir çox sənətkarın yaradıcılıqlarından danışarkən, problemi Qərb-Şərq dəyərləri baxımından təhlilə cəlb etsə də, "tarixin başlanğıcına təkan verən Şərq" (Hegel) ənənəviliyinin yeni dövr dünya mədəniyyətindəki yerini, rolunu və əhəmiyyətini xüsusi qiymətləndirirdi. Görkəmli şərqşünas alim bütün bunlarla yanaşı, XIX əsrdən başlayaraq Qərb həyat tərzi və mədəniyyətinin Şərqə təsiri və nüfuzunu tarixi-konkret şəraitə uyğun izah edirdi. Prof. Aida İmanquliyeva bu məsələdə, ilk növbədə, diqqəti Amerika və Avropa ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə olunmasına və mütərəqqi ərəb yazarlarının həmin regionlara mühacirət etməsinə yönəldirdi. Bildiyimiz kimi, XIX əsrdən başlayaraq iqtisadi, siyasi və sosial problemlər səbəbindən ərəb ölkələrindən Qərbə böyük mühacir qrupları axın etməyə başlamışdır. Prof. Aida İmanquliyeva ərəb mühacir ədəbiyyatı problemlərinə dair tədqiqlərində haqlı olaraq qərb mühacirətinin kökündə siyasi amillərlə yanaşı, mədəni amillərin təsirini xüsusi vurğulayırdı: "Avropa ədəbiyyatının ərəb dilinə tərcüməsi Qərb həyat tərzinin təbliğini və Qərbə mühacirət ideyasının cazibəsini qüvvətləndirirdi". Gətirilən sitatda ərəb mühacirətinin kökündə sosial-mədəni səbəbin olması faktı olduqca maraqlı səslənir. Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatını tədqiq edərkən, istər ümumi ədəbiyyat, istərsə fərdi sənətkar nümunəsi tipində ənənə və novatorluq problemlərinə daha çox əhəmiyyət verirdi. Bu, bir tərəfdən, ciddi ədəbiyyatşünaslıq yanaşması tələblərini ödəyirdisə, digər tərəfdən yeni formalaşan modern ərəb ədəbiyyatı nümayəndələrinin yaradıcılığında təzahür olunan yeni ədəbi keyfiyyət hadisəsinin təqdimini təmin edirdi.
O, Cübran Xəlil, ər-Reyhani, Mixail Nüaymə və s. sənətkarların yaradıcılığında tarixi-ədəbi, fəlsəfi və ictimai xarakterli mövzuların üstünlük təşkil etməsini ədəbiyyatın yeni tarixi dövrə keçidi kimi xarakterizə edərkən, təhlillərini ilk növbədə, müasir Avropa (geniş mənada, Qərb) mədəniyyəti və ədəbiyyatının standartları çərçivəsində aparırdı. Lakin bu halda da şərqşünas alimin yeri gəldikcə ərəb modernist ədəbiyyatında milli-ənənəvi xüsusiyyətləri diqqətdən kənarda saxlamaması bu ədəbiyyatın Şərq ruhunun sonrakı yazılı ədəbi prosesdə mühafizə olunduğunu təsdiqləyir, onun yeri və rolu barədə fikir formalaşdırılmasına xidmət edir.
O, Qərbə mühacirət etmiş "Qələmlər birliyi"ndə cəmləşən modernist ərəb yazıçılarının klassikaya və müasirliyə olan münasibətini düzgün qiymətləndirir, onların sənəti üçün səciyyəvi olan yeni çalarları üzə çıxarır, Hegel fəlsəfəsinə uyğun olaraq bədii yaradıcılığa estetik predmet kimi baxırdı: "Əlbəttə, "Qələmlər birliyi"nin üzvləri klassik ədəbiyyatı öyrənir, əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük qiymət verirdilər. Etiraf edirdilər ki, onların əsərləri bir çoxları üçün daim ilham mənbəyi olaraq qalacaqdır. Bununla yanaşı, mühacir yazıçılar ədəbiyyatda yeni orijinal yollar axtarırdılar. Vətəndə, adətən müraciət etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən, şəraitə cavab verə bilən, aktuallığı ilə fərqlənən və qəzetlər üçün daha çox əlverişli olan kiçik novellalarla, məqalələrlə, şeir mətnləri ilə əvəz olunurdu". Prof. Aida İmanquliyeva mühacir ərəb yazıçıları sırasında Cübran Xəlil, Mixail Nüaymə, ər-Reyhani və digər qələm sahiblərinin irsindən danışarkən, onların yaradıcılığında yer alan qərb mövzuları ilə yanaşı, ənənəvi şərq mövzularının da olduğunu qeyd edir. O, bu məntiqinin davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi Şərq nağıl motivinin, Əmin ər-Reyhani və Cübran Xəlil şeirlərində Şərq aforizmlərinin yer almasını yeni modernist ərəb ədəbiyyatında özünü mühafizə edə bilmiş Şərq ənənəsinin elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin və gözəlliyin kəşfidir. Məsələn, Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə rəğbəti hər bir əsərdə açıq-aydın hiss olunmaqdadır". Sitat cəmiyyət problemləri, ədalətsizliyə qarşı üsyan, xeyirxahlıq, gözəllik və s. məsələlər fonunda müasir Qərb, ənənəvi Şərq ədəbiyyatı mövzuları tipində "Qələmlər birliyi" üzvlərinin yaradıcılığını xarakterizə etmək baxımından əhəmiyyətlidir. Bu yanaşmanın dərinliyində və mahiyyətində Aida İmanquliyevaya məxsus fəlsəfi görüşlərin yer aldığı aşkar şəkildə müşahidə olunur. Belə ki, onun problemə yanaşarkən varlığı deyil, bədii yaradıcılıq və düşüncəni estetik problem kimi götürməsini Hegel fəlsəfi baxışlarının davamı kimi səciyyələndirmək mümkündür.
Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatı nümayəndələrinin yaradıcılıqlarını təhlil edərkən, sənət ölçüləri baxımından vacib olan bir sıra məqamlara xüsusi diqqət yetirirdi. Qeyd etməliyik ki, hər şeydən əvvəl, Aida xanım düzgün olaraq ərəb-məhcər ədəbiyyatı nümayəndələrini iki mədəni ənənənin - Şərq-Qərb mədəni əlaqələrinin daşıyıcısı kimi təqdim edir. Daha sonra onları sənətkarlıq baxımından təhlilə cəlb edir. Məsələn, o, Mixayil Nüaymə yaradıcılığını mövzu, ideya, struktur, dil-ifadə, janr və s. cəhətdən təhlilə yönəldir, onun sənət uğurunu bu komponentlərin üzvi vəhdətində görür: "Nüaymənin novellaları aydın və səlis struktura malikdir. Nüaymə öz qəhrəmanlarının daxili aləmini açmaq üçün daha dəqiq, konkret ifadələr seçir. Onun novellalarının dili geniş oxucu kütləsinə aydın və anlaşıqlıdır. Yazıçı ən mürəkkəb şeylər barədə də hamıya müyəssər olan dildə (lakin bəsit şəkildə deyil) danışır. Həm də bu zaman dialektizmlərə nadir hallarda müraciət etməsinə baxmayaraq, Nüaymənin novellaları bütün qaydalarına əməl etdiyi ədəbi dil normaları kənd adamlarının dilində belə çox təbii səslənir".
Prof. Aida İmanquliyevanın yeni dövr ərəb ədəbiyyatının janr və metod problemləri ilə bağlı araşdırmaları onun ərəbşünaslığa verdiyi böyük töhfələrdən biridir. Görkəmli şərqşünas fakt və nəzəri mülahizələr əsasında "Qələmlər birliyi"nin "ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod-tənqidi realizm metodu gətirdikləri"ni bildirir və bundan sonrakı yeni mərhələdə ərəb ədəbiyyatının keçdiyi yolu elmi-nəzəri təhlil edir. "Qələmlər birliyi" üzvlərinin ən böyük xidmətlərindən biri budur ki, məhz onlar ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod - tənqidi realizm metodu gətirdilər." Bu məqamda, Aida xanım rus və qərb ədəbiyyatlarının görkəmli nümayəndələrindən olan Puşkin, Turgenev, Dostoyevski, Çexov, Tolstoy, Korolenko, Uilyam Bleyk, Ralf Emerson, Uolt Uitmen və s. şəxsiyyətlərin simasında ərəb ədəbiyyatına təsirin forma və məzmun xüsusiyyətlərindən geniş bəhs açır. Biz burada təsirin ümumi mənzərəsi ilə yox, Şərq və Qərb ədəbiyyatları fonunda ədəbiyyatdaxili proseslərin elmi mahiyyəti ilə tanış oluruq. Prof. Səlahəddin Xəlilov haqlı olaraq qeyd edir ki, "Aida xanım İmanquliyevanın ədəbi proseslər haqqında tədqiqatı emprik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi..." Təbii olaraq prof. Aida İmanquliyevanın yeni metod daxilində ərəb ədəbiyyatında formalaşan yeni janrlara münasibəti də kifayət qədər konseptualdır. Şərqşünas alimin yeni ərəb ədəbiyyatında Əmin ər-Reyhani, Mixail Nüaymə, Cübran Xəlil və digər sənətkarların sayəsində vətəndaşlıq hüququ qazanan mənsur şeir, novella, hekayə, tarixi roman və s. kimi ədəbi janrların poetik xüsusiyyətləri, bu janrların yeni ərəb ədəbiyyatının rəngarəng çalarlar qazanmasına təsiri və s. barədə fikirləri yeni ərəb ədəbiyyatının daxili inkişaf mənzərəsi ilə yanaşı, onun Qərb-Şərq bağlılığı məsələlərinə xeyli aydınlıq gətirir. Məsələn, Aida xanım İmanquliyevanın mənsur şeirlə bağlı mülahizələri kifayət qədər tarixi-nəzəri və konseptual səciyyə daşıyır. Onun ərəb ədəbiyyatının janr çərçivəsi daxilində araşdırmaları bu ədəbiyyatın dini və milli xüsusiyyətləri, klassik və yeni mərhələdə inkişaf tarixi, Qərb əlaqələri və təsiri kontekstində formalaşması və s. problemlərin öyrənilməsinə xidmət göstərir." ...Forma barəsində son dərəcə mühafizəkar olan ərəb poeziyası ölçüsüz, vəznsiz şeirləri uzun müddət qəbul etmirdi. Ərəb ədəbiyyatında yalnız Quranın bəzi fəsilləri bu ədəbi formaya yaxın idi. Bu sahədə ilk addımlar atan ər-Reyhani də, Cübran da görkəmli mənsur şeir ustası, Amerika yazıçısı Uolt Uitmeni özlərinin müəllimi hesab edirdilər". Göründüyü kimi, Aida xanım İmanquliyeva elmi-nəzəri, həm də tarixi müstəvidə ərəb ədəbiyyatı problemlərinə toxunmuş, ənənəviçilik və müasirlik daxilində ərəb şeirinin keçdiyi yolun mənzərəsini göstərə bilmişdir.
Görkəmli şərqşünas alim "mənsur şeir mühacir ədiblərin ən çox sevdikləri janrlardan biri idi. XIX-XX əsrlərin qovuşduğu dövrdə ərəb ədəbiyyatında tarixi roman janrı necə tipik, sonralar hekayə-novella Misir modernistləri üçün necə xarakterik idisə, mənsur şeir də mühacir ərəb ədibləri üçün eləcə səciyyəvi idi", - deməklə bir tərəfdən, vahid mədəniyyət hadisəsi tipində Qərb-Şərq ədəbi təsir və əlaqələrini ortaya çıxarır, digər tərəfdən, akademik Kraçkovski məktəbinin nəzəri mülahizələrini genişləndirir.
Professor Aida xanım İmanquliyevanın elmi irsi Qərb-Şərq ədəbi düşüncə və əlaqələrinin öyrənilməsində, ərəb-məhcər ədəbiyyatına dair konseptual məsələlərə aydınlıq gətirilməsində, ümumilikdə şərqşünaslıq problemlərinin araşdırılmasında fundamental mənbə olacaq, bütün zamanlar üçün aktuallığını itirməyəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!