Ana dualarının şeiriyyəti - Ağacəfər Həsənli yazır

Elçin Mirzəbəylinin "Qanun" nəşrlər evində çap olunan kitabı barədə düşüncələr

Şair-politoloq, Əməkdar jurnalist Elçin Mirzəbəyli son poeziya toplusuna "Anamın duası" adını qoyub. Məncə, bu adqoymada müəllif bir klassik ənənəni qoruyub, yad edib, elə həqiqətən, bütün bədii sözlə nəfəs alanların ilk duaları xeyirxah anaların gizlin-aşkar ünvanımıza söylədikləri pıçıltılardır. İstər qoşduqları mərasim nəğmələri olsun, istər laylalar, bayatılar, oxşamalar, istərsə də dini ayinlərin icrası zamanı əl hərəkətləri olsun - bunlar dualardır,Tanrı ilə aramızda ünsiyyət vasitələridir, silinməz körpülərdir, ulu Yaradana yalvarışlardır, tapşırılmalardır.

İctimai-siyasi publisistikasının rəngarəngliyi bir yana (çünki ayrıca mövzudur), mən Elçin Mirzəbəylinin silsilə şeirlərini mətbuatda adda-budda oxumuşdum və ilk təəssüratımdan bu gəncin (əlbəttə, illər sözünü deyib, indi yaşı əllini çoxdan aşıb) sözə vurğunluğunu bəyənmiş, axtarışlarını sezmiş, poetik nəfəsinin fərqliliyinin, həmçinin fərdililiyinin qənaətinə varmışdım. Ancaq yaxşı şairi tanımaq üçün bircə poeziya nümunəsi bəs etdiyi halda da, tam, bitkin rəy, müxtəsər fikir bildirmək ehtimalı, sözsüz, hələ sıfıra bərabərdir. Bəzən ilkin rəy elə təəssürat səviyyəsində yaddaşına hopur, ondan uzağa getmir.

Müəllifin "Anamın duası" kitabı öncə şairin potensialını ortaya qoyur. Əlbəttə, Dostoyevskinin təbirincə desək, "sən yazıçılığınla nəyə qadirsən?" Bəzən lap ümidverici bir talantlı şairin azca dərinə varır, kitabını açır, dərhal peşmançılıq çəkirsən. İlk mənzərə göstərir ki, necə deyərlər, müəllif başlamamış tükənib. Söz qıtlığı, misraların sağa-sola səhifə "süfrələrində" kasıbyana düzülüşü bu adamın meydanda çətinlik çəkməsini təsdiq edir, gələcəkdə "at oynatması"na şübhə oyadır. Şükürlər ki, Elçin Mirzəbəylinin nəfəsi gur, təravətli və genişdir. Ədəbi klassik incilərimizdən doğan sadəlik və dərinlik onun bütövlükdə yaradıcılığında çağdaş intellektual fikirlə təmasda birləşib, harmoniya yaradıb. Tərəzinin pərsəngi pozulmayıb, gözü qətiyyən əyilməyib.

Dəqiq nümunə üçün şairin "Ağdam qatarı" (Kabus qatar) lirik-tarixi ovqatlı süjetli əsərinə nəzər salmaq olar. Bu şeir (əslində kiçikhəcmli poema) 2011-ci ildə yazılsa da, məzmun etibarı ilə qələmə alınan hadisə bütün anların, zamanların, illərin fövqündə dayanır. Axı, o zaman ruhlar şəhəri Ağdam istila altında idi. Ağdam hara, qatar hara? Erməni qatilləri sanki bütün hirs-hikkələrini Qarabağın bu özünəxas məkanından çıxmışdılar. Şəhər viran edilmişdi, daş üstündə daş qalmamışdı. Şair kiçik təqdimatında şeiri yazıçı-publisist dostu Rəşad Məcidin məhz sifarişiylə yazdığını, heç də pis alınmadığını etiraf edir. Gəncədə Rəşadın sifətinin tutulduğunu, yorulduğunu görüb soruşdum, nə olub? Dedi, sonuncu dəfə 15 il öncə qatarla Ağdama getmişdim. İndi qatarla getmək məni o illərə apardı, bura çatana qədər əzab çəkdim, 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra yarızarafat, yarıciddi dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, Rəşad Məcidin qatarda keçirdiyi hissləri bəlkə elə onun kimi yenidən yaşadım və "Ağdam qatarı" adlı şeir yazdım. Həsrətin, nisgilin, həqiqətin acı etirafıdır Elçin Mirzəbəylinin "Ağdam qatarı" şeiri.

 

"Bələdçi, bələdçi!

Niyə donmusan?

Danış!

Din!

Cavab ver!

Açılsın səsin!

De, "qatar Ağdama gedir..."

De, qardaş...

De, "yanlış yazılıb "Gəncə" lövhəsi". 

 

Vaxtın qatarı isə qisas məqamını, xilas gününü gözləməkdə davam edirdi. Çünki o ağır çağlarda heç kəs Ağdamı unutmamışdı, xəyallarımızın bütün xatirə yolları bu şəhərdən keçirdi. İlahi, necə də oxşar qatarlardı, elə bil bir andaca Bakı vağzalından Gəncəyə deyil, Ağdama şütüyəcək, vaqon-vaqon didərgin ruhlar rahat kupelərdən perrona tökülüşəcək, köhnə məhəllələrinə doğru səmt götürəcək. Bunu yuxumu adlandırım, Tanrım!

Ancaq mürgülərin çin olduğu Zəfər tarixi axır yetişdi. Qalib Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə endirdi, 44 günlük müharibə xalqımızın yenilməzliyini göstərdi. Əsgər şücaəti, zabit qəhrəmanlığı birləşdi, üçrəngli bayrağımız Qarabağın, ətraf rayonların kənd və qəsəbələrində olduğu kimi, Ağdam şəhərində də dalğalandı. Şükür, Tanrının qüdrətinə ki, Ağdam böyük sərmayələr hesabına daha müasir şəkildə inşa olunur, əski görkəminə qayıdır. Əsərin ikinci hissəsini şair nikbin notlarla tamamlayır:

 

Sən bizi ümidsiz qoymadın, Allah,

Bilirdik...

Ayrılıq bitəcək bir gün.

Didərgin ruhların keşik çəkdiyi

Ağdama qatar da gedəcək bir gün...

 

Düzdür, indi Qarabağın,vaxtilə işğal altında inləyən digər yerlərimizin kəndbəkənd, qəsəbə-qəsəbə, şəhər-şəhər xəritəsini cızsaq və onlar barədə yazılan əsərləri saf-çürük eləmədən toplasaq, bəlkə də neçə-neçə "bədii Qarabağnamə" yaranar. Bu müxtəlif müəllif yazılarının səviyyəsi, ədəbi siqləti isə təbii ki, eyni deyil, rəngarəngdir. Əlbəttə, hər qələm adamına hörmətlə yanaşsaq da, zövqləri nəzərə alsaq da, böyük poeziyanın tələbləri, meyarları var. Görürsən, kimininki, ortababdır, kimininki zəif, alaçiy.Yaxşı ədəbiyyatı, heç şübhəsiz, çoxluq yarada bilməz, bu"qara fəhlə işi" istedadlı azların alnına Tanrı yazıb. Və nə yaxşı, Elçin Mirzəbəyli həmin az qismin sıra nəfəridir. "Nə gözəl dalğalanır Azərbaycan bayrağı", "Dərd kimi gözəlsən,Vətən", "Əsgər məktubu" kimi dolu, bütöv şeirlər nəhayətsizliyə yol başlayan "Ağdam qatarı"nın davamıdır, uğurlu mabədi və sonudur.

Yaşadığımız dünyanın qlobal problemləri və dərdləri çoxdur. Soyuqluq, biganəlik, başqasının ağrılarına laqeydlik isə bütün insani hiss və duyğulardan məhrum olmaq deməkdir. Elçin Mirzəbəyli mövzudan mövzu çıxaran şairdir, sözü içində tam bişirməmiş, hazırlamamış onu ortaya qoymağa səy etmir. Bu mənada, "Mühacir", "Özgə Adam", "Doğula bilməyən ağrı", "İçində ölən adam", "Qulu Ağsəsə" kimi bədii mətnlərin də fikirlərinə dürüst, dolğun hikmət donu biçir, seçdiyi mövzunu min dəfə fələyin ələyindən keçirir, fəryad və çağırışlarına oxucunu inandırmağı bacarır. "İçindəki Vətəni qaçırasan ölkədən", "Mühacir" şeirindən sərrast misradan sonra məlum olur ki, şair Azərbaycanın cənub-şimal faciəsini poetikləşdirib. Daxilimizdəki susqunluğa, tarixi parçalanmaya etirazını ifadə edir, ədalətsiz zamanın ittihamçısına çevrilir.

"Özgə adam" vətən-övlad münasibətlərinin simvolik naxışıdır. "Bilirsən, necə ağırdı öz vətənimdə yad olmaq?" sualı təkcə minlərin, milyonların ünvanına deyil, həm də şairin öz ünvanınadır. Bu məqamda, dahi Füzulinin şahanə misralarından bir beyt yada düşür.

 

Ləbin sualına verməz cavab üşşaqın,

Sual olursa bu səndən, nədir cavab sənə?

 

Yəni səni sevən aşiqlər qönçə dodaqlarının sualına cavab verə bilməz, onlar buna qadir deyil, axı bu sual ancaq sənə əyandır, çünki cavabını sən bilirsən, sirr sənə bəllidir, əgər işdi-şayətdi bu, səndən soruşulsa, sənin buna cavabın nə olacaq? Əlbəttə, şair Elçinin də öz sualına maraqlı cavabı var və şeir boyu səmimi etiraf diqqətdən yayınmır.

 

Bilirsən, necə ağırdı

Kölgə olmaq?

Kölgə-adam...

Öz yurdunda qərib olmaq,

Özgə olmaq...

Özgə-adam...

 

Haçansa, hansısa bir səhv addım qəti hökmünü verdi: biz böyük mənada parçalandıq, Arazın sağsahil-solsahil torpaqlarında bitən ağaclar üşüdü, adamların heysiyyəti balacalaşdı, büzüşdü, dağlar ürək-göbəyini yedi. Hələ bu harasıdı? Heç iç dünyamızın bütövlüyünü saxlaya bilmədik. Dağıldıq, pərən-pərən olduq. Evimizdə əsir-yesir olub yaşamaqda davam etdik. Daha sonra hadisələrdən dərs götürmədik, başımıza oyun açdıq. Bölünmüş, parçalanmış, yaralanmış yurdumuzu  ayrı-ayrı şəhərlərə, zonalara, bölgələrə, qəsəbələrə çevirdik. Beləliklə, tamamilə kiçilməyə doğru üz çevirdik...

 

Bilirsən, necə ağırdı?

Yandırıb-yaxır adamı...

Bəs mən kimin adamıyam?

Dərənin, dağın adamı,

Böyük torpağın adamı?

Kiçik torpağın adamı?

 

***

...Bu mənəm ey, mənəm, Vətən,

Haqqına tamarzı adam.

Ürəyini parçalayan

Güllədən də razı adam.

                    

Sığmır bu saxsı torpağa

Külüm, yerimi dəyişim...

Doğum, yerimi dəyişim?

Ölüm, yerimi dəyişim?

 

Riyaziyyatın elementar məntiqi var: toplananların yerini dəyişsən, cəm dəyişmir və ya vuruqların yerini dəyişsən, hasil dəyişmir. Deməli, əsas məsələ nəticədir (Yeri gəlmişkən, "saxsı torpaq" ifadəsi olduqca orijinal, təzə və özünəməxsusdur. Obraz kimi əladır). Lazımi nəticəni o zaman qazanacağıq ki, içimizin-çölümüzün qapılarını sivil dünyaya açaq, dəyişək, səviyyəmizi yüksəldək, daxilimizdəki düşüncələri də islah edək, tərbiyələndirək, ən azından bu məmləkətə xor baxmağa qoymayaq!

Şair ən əvvəl doğulduğu və yaşadığı ölkənin sakinidir, vətəndaşıdır. Elçin Mirzəbəylinin Vətən haqqında yazdığı şeirlər saf, səmimi duyğularıdır, ürəkdən süzülən etiraflardır. O, özünü qınasa da, bəzi məqamlarda günahkar çıxarsa da, soyuqluqda  və biganəlikdə Vətəni suçlasa da, "çarmıxa çəkmir", aydın sabaha yol axtarır, məlum axtarış isə mütləq mənada qalibiyyətin açarıdır. Yadımdadır, Vaqif Cəbrayılzadənin (onda hələ Bayatlı deyildi) tələbəykən təxminən, 50 il öncə Axundov kitabxanasının qabağında pıçıldaya-pıçıldaya küçədəcə mənə oxuduğu, "Ah, zalım dostlar, zalım qardaşlar" şeiri və yəhudi əsilli fransız yazıçısı Alber Kamyunun "Yad" povestini (türklər "Yabançı" adıyla çeviriblər) müzakirəmiz. İndi eyni mövzuya müxtəlif istedadların yanaşma tərzindən ləzzət alır, fərqliliyi və fərdiliyi ayırd eləməyə çalışır, təbəssümlə hər iki sənətkarı (hərçənd ki, Kamyu 1962-ci ildə dünyasını dəyişib. Vaqif Bayatlıya Tanrı kömək olsun!) alqışlayıram.

Müəllifin poetik detalları uğurlu tapıntılarıdır. Elçin "Ya Rəbb, göy üzü də zalımlarındı" - söyləyir, "bir ilahi sirr çəkdi məni, bircə daş artırdım" fəlsəfəsinin həqiqətinə enir, "yerdə yuva verdin, göydə barındım, izin ver, düşüm aşağı" qənaətində (səh.40) insanın yalnız torpağına sədaqətindən xəbər verir, bəşəri mövzuda qələmə aldığı "Tanrı utanacaq göz yaşlarından" (terror qurbanlarına ithaf), "Yandırılan dualar", "İlahi, Yer üzündə şeytan da əzab çəkir", "Allah dərdi", "Bu sənin dünyandı" və s. bədii mətnlərində obrazlı təfəkkürün qüdrətindən məharətlə barlanır, lirik lövhələr, "insan mənzərələri" yaradır.

Hər bir şairin sevdiyi, könül bağladığı sözlər, terminlər var ki, əsərlərində onlardan geniş istifadə edir. Elçin Mirzəbəylinin üz tutduğu ifadə, bol-bol işlətdiyi kəlmə müqəddəs "İlahi" kəlməsidir. Bu termin "Anamın duası" kitabındakı yazılara qətiyyən sünilik vermir, əksinə, onların təbiiliyini artırır. Əlbəttə, müəllifin mütaliəsi genişdir, o, çətinlik çəkmədən alternativ sözlərə, idiomatik birləşmələrə, omonimlərə üstünlük verir, fikrinin sərrast ifadəsi naminə dəridən-qabıqdan çıxır. Məsələn, "Sən get, yolun uzaqdı", "Ömür yolu", "Ata", "Ən xoşbəxt ölüm", "Allahın altında bir dərdin ola" şeirlərində olduğu kimi...

 

Yuxarı buluddu, aşağı torpaq,

Gəl indi ömür sür bu qarın altda.

Tanrım, nə yazmışdın?

Vallah, bilmədim,

Qaldı ovcumdakı qabarın altda...

 

Elçin Mirzəbəylinin üslubuna dərin lirizm, bir kövrəklik, incəlik xasdır. Nadir hallarda şair bu ovqatdan gen düşür. Onun yaratdığı qəhrəman ipə-sapa yatmır, daim hərəkətdədir və darıxır. Düzdür, bəzən müəllif əndazəni aşır, publisistik əhval-ruhiyyə şairin yaratdığı obrazı "göydən" yerə endirir. Ancaq o, gerçək əhvalat və hadisəyə də özünün ayrıca lirik-mifik baxış bucağından baxır. Yüksək pafosdan, aldadıcı didaktikadan qaçır. Misal üçün, "Elə darıxasan" şeiri yetər. "Elə darıxasan, sözün dilindən asıla... Dilinin ucu göynəyə". Bu bədii qarğışın mabədi daha gözlənilməzdir. "Gözünə çəkəsən bütün yolları, çəkəsən... Gözünün içi göynəyə". Burada ustalıqla sözün alt qatı ilə üst qatı uzlaşıb, qəribə estetik harmoniya əmələ gəlib. Və yaxud "bilirsən, nə qədər söz öldürmüşəm? Allah, bir ömür də həbsə at məni". Yenə Füzuli sehrindən və möcüzəsindən əla təsirlənmə: "Kim verə həbsi bədəndən çıxmağa rüxsət sənə?" Bədən həbsxanasından çıxmağa icazəni kim verər sənə? Bu sələf-xələf bağlılığı təkcə seyrçi, zahiri əlamət sayılmamalıdır, həm də çağdaş Azərbaycan şairinin kökə, ilkə, irsə bağlılığının göstəricisi sayılmalıdır ("Ömür məhbusu", səh.81).

Məlum həqiqətdir ki, ilin fəsilləri var və bu mövcudiyyət şərti surətdə dörd guşəyə bölünüb: yaz, yay, qış, payız. Hər fəslin öz yeri. Şairlər isə insan ömrünü müxtəlif fəsillərə ayırıblar. Şübhəsiz, yazın öz tamı və ləzzəti... Payız barlı-bəhrəli mövsümdür, şirindir, ancaq qarlı-şaxtalı qış olmaya.

 

Bir gün mən olmasam...

Dəyişəcəksən...

Dərdin yandıracaq səni, od kimi.

Bütün dünya ilə döyüşəcəksən,

Tənha qalacaqsan - son ümid kimi.

 

"Payız etüdü", "Bizi fatehlərin qarğışı tutdu", "Mən sənə Tanrının əmanətiyəm", "Sonuncu portret", "Bircə kəlmə payız", "Ver əlini, dur, gedək", "Mən üsyan edirəm", "Yenə səni gözləyirəm" şeirlərində Elçin öz ömrünün həm yaz fəslinin etüdlərini çəkib, həm də payızının nostalgiyasının mənzərəsini orijinal tərzdə canlandıra bilib. Məncə, "Anamın duası" şeiriyyəti hələ təkrar-təkrar vadar edəcək ki, bu maraqlı kitabın mütaliəsinə qayıdım. Axı, şeir toplusunu birnəfəsə oxudum!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!