“Yer üzü ayrılıq xəritəsidir” - Sərvaz Hüseynoğludan Adil Cəmil yaradıcılığına bir baxış

Qismətin olmasa əl boşa çıxar,

Naxışı tutanlar tez başa çıxar.

Ömür-gün ələnər, çıxdaşa çıxar,

Qalar nəzərində boş ələk kimi.

 

Bağlı qapılara ümiddir açar,

Ay Adil, bir kimsə qalmasın naçar.

Yaralı sinədə dərd çiçək açar

Yağışdan sonrakı göbələk kimi.

 

Adil Cəmilin misralarıdır. Deyim tərzindən, mətləbindən asılı olmayaraq mən bu sətirlərin yer aldığı şeiri bütün halıyla bir ustadnamə kimi oxuyuram. İfadə etdiyi, anlatmaq istədiyi fikrin həqiqətlərinə, gerçək olduğuna (və qaçılmazlığına) varıram. Ustad sözü kimi yaddaşıma ismarlayıram. Amma ustadlar ustadnaməni bir deməzlər ki! Yubatmadan, geriyə saxlamadan davamını gətirərlər. Qayda belədi. Gərəkdir ki, Adil Cəmildən gələn növbəti ustad sözünə göz atmağın məqamını heç qaçırmayaq. Diqqət edək və yadda saxlayaq:

 

Havayı yağmayıb saçıma bu qar,

Gələn yaş dərd verir, sər verir mənə.

Bir zaman qəlbində yer verən qızlar

İndi də metroda yer verir mənə.

 

Ay ömür, nə yaman tez gəlib-getdin? 

Sən demə bu ömrün yarısı yuxu...

Cavanlıq deyilən ilğımda itdim,

Sonra nə yaşadım - hamısı yuxu!

 

Keçdiyimiz, adlayıb gəldiyimiz və (özü də daha çox) keçib gedəcəyimiz ayların, illərin (və ola bilsin ki, qərinələrin) yol xəritələri, olub-olacaqları cizgilənib bu sətirlərdə. Sirli şifrələr, kodlarla süslənib. Ömrün əvvəlindən sonuna qədər nə varsa, bağlı sandıq, daxıl kimidi. Durmadan, dayanmadan anlatmaqdadır ki, "açma sən pərdəni, hər pərdədə var min əsrar" (S.Ə.Şirvani).

Sadəcə, varıb da bu yerdə, bu məqamda bitmir ki, Adil Cəmildən gələn ustadnamələr. Özünün də yaxşı bildiyidir ki, ustadlar ustadnaməni bir deməzlər, iki deməzlər, üç deyər, üç söyləyərlər. Ulular adətini pozmaq nə həddimizə?! Davamını gətirmək, yol tutmaq, törəyə baş endirmək boynumuzun borcu. Daha bir ustad sözünə göz atırıq Adil Cəmilin:

 

Gümüş cığırları nərdivan etdim,

Bir zirvə sevinci uyutdu məni.

Dumanlıq qoynunda tapıldım, itdim,

Bələdçim dağ çayı ovutdu məni.

 

Boylandım şimşəyin qızıl rəqsinə,

Qayalar qoymadı qorxam, diksinəm.

Sarmaşdım lalənin alov köksünə,

Bu həsrət dağlara tanıtdı məni.

 

Özüm heyran qaldım öz həvəsimə,

Qovuşdum zirvənin buz nəfəsinə.

Düşdüm bu dağlarda Kərəm izinə,

Yolların haçası yanıltdı məni.

 

Göy çəmən nur içdi bir düşüm şehdən,

Dünya ətirləndi bir əsim mehdən.

Xatirəm boylandı qövsi-quzehdən,

O həsrət ömürlük unutdu məni.

 

Təkcə bu şeirin oyatdığı təəssürat və yansıtdığı şahidlik bəs edər ki, bir ömür boyunca oxucu yaddaşında Adil Cəmil poeziyasına, onun poetik söz aləminə yönəli qalsın. Səni səndən alıb aparsın; o yerlərə ki, sənin orda, o əlçatmaz aləmdə uşaqlığın, atalı-analı günlərin, axına qarşı inadlı dirənişlərin qalıb. O aləmi yenidən göz önünə gətirən kino lenti kimi açılır, qan yaddaşından süzülüb gəlir Adilin şeirləri. Elə bu səbəbdən də, "...istər mövzularının rəngarəngliyinə, istər yaradıcılıq ifadə texnologiyalarının mükəmməlliyinə, istərsə də üslubunun özünəməxsusluğuna görə Adil Cəmilin adı Azərbaycanın müasir məşhur şairlərinin adı ilə bir sırada çəkilir... Adil Cəmil şairdir, publisistdir, elm adamıdır... Bütün bunlarla bir yerdə, eyni zamanda, ürəkli, təpərli və etibarlı bir Vətən övladıdır. Onun istər bədii, istər publisistik, istərsə də elmi yaradıcılığında uşaq sadəlövhlüyü, təmizliyi və səmimiliyi ilə yanaşı, həm də aydın cizgiləri ilə seçilən ağsaqqal təmkini, müdrikliyi və xeyirxahlığı var" (akademik Nizami Cəfərov).

Ən əsas olanı isə odur ki, bir tanınmış söz adamı, şair-alim kimi Adil Cəmilin estetik idealı, bədii-fəlsəfi qayəsi, vətəndaşlıq mövqeyi aydın, milli dəyərlərə, köklərə yetərincə bağlıdır. Fikirlərində və həyata baxışında ardıcıldır.

 

***

Adil Cəmil yaradıcılığı ilə tanışlığımın əsası onun 1978-ci ildə qələmə aldığı "Novxanı bağları" adlı şeiri olub. Bu, o zaman idi ki, mən Gəncə Dövlət İnstitutunun birinci kursuna yenicə daxil olmuşdum. 18 yaşım vardı. Gənc yazar kimi ustad Qərib Mehdinin başçılıq etdiyi "İlham" ədəbi birliyinə qədəm qoymağa başlamışdım. Poeziyada yeni söz, yeni axtarışlar təşnəsi olduğum vaxtlar idi. Adilin "Novxanı bağları"nı o vaxt oxudum və həmin şeirdə təkrarlanan "Ağaclar torpağın azadlığıdır" misrası təzə əkinə sancılan sevimli bir ağac qələməsi kimi yaddaşımda əbədi bir yer aldı. İllər keçdikcə kök atdı, böyüdü. Hər dəfə sevdiyim şeirlər sırasından gözlərim önündə oldu. Dil əzbərimə döndü. Çeynənib, köhnəlmədi. Adil Cəmil yaradıcılığı ilə tanışlığımın sonrakı illərində, yeni kitablarında, seçilmiş əsərlərinin hər yeni cildlərində gözüm həmişə o şeiri, o misranı aradı. Hər dəfə də eyni heyranlıq duyğusu, ruh, zövq rahatlığı ilə yenidən götürüb oxudum o şeiri. Və hər dəfə hardan könlümü-gözümü oxşayan, məni məndən alıb aparan təbiət gözəlliyi, orman genişliyi, kənd-kəsək mənzərələri gördümsə, Adil Cəmilin o səmimi, unudulmaz şeirini də yenidən xatırladım, xəyalımdan keçirdim; öz doğmaca müşahidəm, heyrətim, heyranlığım kimi:

 

Bu yerlər eləcə yaşıla çalır,

Başqa boyaların kasadlığıdır.

Çəpərlər alçalıb, bağlar ucalır,

Ağaclar torpağın azadlığıdır.

 

Yarpaqlar gözümün yaşıl eynəyi,

Bu yaşıl baxışda bir dünya heyrət.

Töküldü üstümə durna lələyi,

Torpaqda Vətən var, səmada qürbət.

 

Adilin heyranlıq dolu həssaslıqla, görüb-götürdüklərinə xüsusi duyğusallıqla qələmə aldığı bu şeir beləcə, öz şirin, kövrək axarı ilə davam edir. Bitmir. Bu müşahidələr və duyğulu naxışlamalar şeirdən-şeirə keçir. Müşahidələrin poetik ifadəsi "bir bəyaz xatirə"yə çevrilir. Uzaqdan, uzaqdan, çox-çox uzaqdan səhərə (və böyük şəhərə) sarı açılan dağ yollarına dönür. Hər misra boyunca böyük şəhərlərə doğru maraqla boylanan, uçunan kənd həyatı, yaşamı boy göstərir. O kəndin gecəsi gecədən keçir, "səmada ulduzlar çoxalsın deyə":

 

Uzanar, uzanar o dağ yolları -

Uzaqda açılan səhərə sarı.

Yuxuma dolanar ana qolları,

Kəndimiz boylanar şəhərə sarı.

 

Uzanar, uzanar o Aylı gecə -

Məni aydınlığa çıxarsın deyə.

O kəndin gecəsi gecəmdən keçər -

Səmamda ulduzlar çoxalsın deyə.

 

Oxuyuram və yadıma həmin tələbəlik illərimin üçüncü ilində görkəmli yazıçı-dramaturq, müasir ədəbiyyatdan bizə dərs deyən unudulmaz Altay Məmmədovun xalq yazıçısı Sabir Əhmədlinin "Qanköçürmə stansiyası" adlı əsərinə münasibətini bilmək istədiyim anlar düşür. Əsərlə bağlı Altay müəllimin fikrini soruşdum. Qalın şüşəli eynəyinin altından özünəməxsus müdrik, nüfuzedici baxışlarla bir xeyli məni süzdü. Ani fikrə daldı. Olduqca sakit, güclə eşidiləcək səslə ömrünün ən gözl etiraflarından birini etdi Altay müəllim: "Uzun illərdir bu təhsil ocağında çalışıram. Hər il tələbələrin qanköçürmə aksiyalarına cəlb edilməsinin də şahidi olmuşam. Belə məcburi aksiyalara etiraz da eləmişəm. Zəruri hallarda yolum o stansiyalardan da keçib. Yəni o stansiyaları çox görmüşəm, amma etiraf edim ki, bu tipli bir stansiya, aksiya barədə o cür gözəl, bitkin, möhtəşəm bir əsər yazıla biləcəyini heç vaxt ağlıma gətirməmişəm. Mən bir yazıçı kimi həmişə o mövzunun yanından keçib getmişəm. Bu, Sabir Əhmədovun yazıçı kimliyinin, yazıçı müşahidəsinin ortaya qoyduğu əsl ədəbiyyat hadisəsidir..."

İndi A.Cəmilin "Bir parça kəndəm" adlı şeirinə yenidən nəzər saldıqca mən özüm də unudulmaz Altay Məmmədovun o səmimi etirafına hesablanıram. Yəni, ölkənin ən ucqar bir kəndində dünyaya göz açmışam. Kənd həyatının çeşidli xatirələri yer alıb yaddaşımda. Dağ-aran arası yollar keçmişəm. Amma həmin kənd həyatının Adilin "Bir parça kəndəm" adlı şeirində olduğu qədər mükəmməl, dolğun obrazını şeirə gətirmək heç vaxt marağımda olmayıb. Əksinə, daha çox şəhər həyatının, uzaq aləmin xəyali düşüncələrinin havası çöküb yazı-pozularıma. Nəzər yetirsək, elə əksər qələm dostlarımızın yaradıcılığına da şamil olunası bir haldır bu... Yəni kənd həyatından sivrilib çıxan biz kənd uşaqları üçün yaşadığımız kəndin gecəsi gecələrimizdən keçməyib, o gecələrin səmada ulduzların çoxalmasına vəsilə olduğunun fərqinə varmamışıq. Belə müşahidələr Adil Cəmil kimi fəhmli, detal və ştrixləri ustalıqla poetik mətnə çevirməyi bacaran söz adamlarına xas olan cəhətlərdir. Demək olar ki, gündəlik həyatımızın bir parçası olan, ancaq diqqət etmədiyimiz detal və ştrixlər Adilin səmimi və yaddaqalan şeirlərinin başlıca "materiallarına" çevrilir. O "materialların", müşahidə və fəhmetmələrin şəhdi-ləbi, istiliyi Adil Cəmil yaradıcılığının unikal təsvirlərinin uğurunu təmin edir:

 

Uzanar, uzanar o dağ çayı da,

Tövşuyə-tövşüyə axar dalımca;

Yalvarıb-yapışar: bəlkə qayıdam,

Qayıda bilmərəm... baxar dalımca.

 

O yol da, o çay da yaxındır, nə qəm -

Axşam da mənimdir, səhər də mənim.

O kənddən ayrılan bir parça kəndəm,

Ömrümün davamı şəhərdə mənim.

 

Adətən, söz adamları qoyub gəldikləri kənd həyatını ilkinlik, paklıq simvolu kimi şəhərlə üz-üzə qoyurlar. Belə əsərlərdə kədər, peşmanlıq hissi önə keçir. Geriyə dönüş ağrısı yaşanır. Amma A.Cəmil bu həyatı iç-içə dünya kimi bir arada, təbii inkişaf, əlaqə, inteqrasiya çərçivəsində tərənnüm edir. Yaşamın bütün paralelliklərinə açıqdı. Bu, onun barışdırıcı, vətəni bütöv, bir arada görmək istəyindən, təbiətindən irəli gəlir. "O kənddən ayrılan bir parça kəndəm - ömrümün davamı şəhərdə mənim" - misraları arzulara doğru aparan yolun təkamülü, məntiqi davamı kimi oxunur onun təqdimatında. Kənd şəhərə və ya əksinə, şəhər kəndə qarşı qoyulmur. Çünki dərin bir dünyagörüşlüklə, yaxşı bilir:

Hara getsən dünyanın bir üzü

baharı yaşadır

Yamyaşıl ağacıyla,

al-əlvan yamacıyla...

 

...hara getsən sevmək, sevilmək

Ürəkdə göyərən ehtiyac.

Kimisi sevilməyə,

Kimisi sevməyə ac...

 

Hara getsən evlərin

yoxsulu, varlısı var.

Cavanı, qocası,

Qızı, qarısı var.

 

Doğru olanı belədi. Kabarda Balkan şairi Qaysın Quliyevin təbirincə desək, analar hər yerdə bir cürə ağlar, harda tökülürsə qırmızıdır qan... Dünyanın fərqli coğrafiyalarında yaşayan, amma eyni düşüncəyə hesablanan fikir adamlarının həyata baxışı, qənaətləri eyni nöqtədə kəsişir həmisə. Birinin yazdığı, təqdim etdiyi fikri o birininki tamamlayır. Ardını gətirir. Eynilə Adil Cəmilin tamamladığı kimi:

 

Hansı kəndli süfrəsinə

qonaq olsan

öz kəndçinə bənzəyəcək -

Danışanda şirin kəndli şivəsiylə

süfrəni bəzəyəcək.

 

...Hara getsən dünyada

bulaq elə bulaqdır,

yaylaq elə yaylaqdır...

 

Axşamların eyni rəngdə olması, səhərlərin süd görüntüsü da o cür... Hara getsən fəsilləri dəyişkən, nəsilləri döyüşkən görəcəksən. Pətəkdə arılar qaynaşan kimi görərsən insanları.

 

Hara getsən

yad dillərdə demirəm,

insanca danışmaq

su içimi tək asandır.

Hara getsən dünyada

İnsan elə insandır.

 

Adilin poeziyası insanı insan yapan, insanın yolunu insanlıq yoluna yönəldən, o səmtə dartan poeziyadır. Bütün anlamıyla diqtə edir ki, insan insanlaşmayınca, kamilləşməyincə bölünür ölkələr, çaylar, dənizlər. Cadarlı çöllərə su əvəzinə tıkanlı məftildən sərhəd çəkilir. Bu məftillər torpağın (və dünyanın) çiynində ağır yükə çevrilir. Bu təsvirlərin, anlatma və xatırlatmaların davamını müdrik, dünyagörmüş sənətkar qənaətləri ilə gətirir Adil Cəmil:

 

Analar görürəm əli dizində,

Sızlayır mehri də, məhəbbəti də.

Elə bil dünyanın xəritəsində

Bölünüb dünyanın səadəti də...

 

Demişdim axı, Adil Cəmil yaradıcılığı ilə ilk tanışlığım onun "Novxanı bağları" şeirilə başlamışdı. Amma ustadlar sözlərinə bir təqdimatla başlamazlar ki!.. Davamını, daha irəli aparan bir haşiyəylə gətirərlər; adəti pozmuram. Xatırlayıram ki, Adillə ikinci tanışlığım "Yazıçı" nəşriyyatında oldu. Nəşriyyata təqdim etdiyim şeirlər qovluğumun taleyilə maraqlanmaq üçün getmişdim. Ötən əsrin doxsanıncı illərinin ortalarıydı. Adil o zaman nəşriyyat redaktoruydu. Cavan idi. Sir-sifətində ilahi bir nur, təbəssüm, işıq vardı. Şəxsi tanışlığımız olmadığından mən uzun müddət uzaqdan-uzağa sayğı dolu nəzərlərlə tamaşa etdim. Dönə-dönə "Ağaclar torpağın azadlığıdır" mirasını xatırladım. Elə bu təəssüratlar altındaca da döndüm. Çevrilib o zaman daha yaxından tanıdığım, sadə və səmimi, olduqca qayğıkeş Mustafa İsgəndərzadənin iş otağının qapısını açdım.

Aradan illər keçib. Ən azından 21 ildir ki, mən "Ədəbiyyat qəzeti"ndə Adillə birgə çalışıram. Demək olar ki, bu 21 ilin hər anını bir yerdə olmuşuq. Hər gün görüşür, uzun-uzadı söhbətlər edirik. Amma Adil Cəmil mənim gözlərim önündə yenə də onu vaxtilə "Yazıçı" nəşriyyatında necə görmüşdümsə, elə də qalıb; Gənc, ilahi təbəssümlü, sir-sifəti nurlu, işıqlı və xüsusi doğmalıqla. Heç dəyişməmiş kimi. Amma aradan uzun illər keçib. İndi Adilin şeirlərinə yenidən nəzər saldıqca, baxıb görürəm ki, o, haqqında bəhs etdiyim gənclik illərinin sürətlə ötüb-keçməsinin təəssüfünü çox-çox illər bundan əvvəl yaşayıb. Bu mövzuda silsilə yazıları var. Ötən ömrün bir göz qırpımı olması həqiqətinə varanda Adilin vur-tut 29-30 yaşı olub. Yəni olduqca cavan. Mən ilk dəfə onu az qala həmin yaşda görmüşdüm. Amma heç ağlıma da gəlməzdi ki, açığını desəm, bir qədər də qısqanc nəzərlərlə baxdığım həmin cavan oğlan elə yaşının o çağında "Ötən ömür göz qırpımı" şeirində ifadə etdiyi ovqatla yaşayırmış:

 

Ötən ömür su içimi,

Ötən ömür göz qırpımı.

Xəyalımda tonqal çatıb,

Yandırıram söz "çırpımi".

...Ötən ömür-gün də belə,

Gedən gedir, qalan qalır.

İnsan yanır, əvəzində

Ömür adlı yalan qalır.

 

Bu, Adilin hələ 1984-cü ildə qələmə aldığı şeirdən seçmələrdir. Amma bundan öncəki illərdə eyni mövzuda yazdığı şeirləri də var. Ən maraqlısı budur ki, Adil o cavan, gənc yaşlarında belə olduqca ahıl, dünyagörmüş, müdrik ab-havası, düşüncələri ilə yazıb, ömür-gün hesabatı verib özünə. Bu deyilənlərin bir sübutu hələ 1978-ci ildə qələmə aldığı "Mənim yaşım" şeirindən gəlir. Hələ 22 yaşında yazdığı şeirdəndir  aşağıdakı misralar:

 

Dərdimin yaşı var özümdən böyük,

Gözümün yaşı var - gözümdən böyük.

Mənim yollar ölçən ayağım böyük,

Mənim qələm tutan əlim də böyük,

Buna yaş neyləsin, yaş neyləsin ki?!

 

...Alnımın qırışı fikir yoludur,

Qəlbimin yolları fikir doludur.

Gözümün yaşı da gözümdən böyük,

Böyüyüb olmuşam özümdən böyük;

Buna yaş neyləsin, yaş neyləsin ki?!

 

Otuz yaşının olmuşları Adilin başqa bir şeirində yenə də aparıcı (və diqqətçəkən) mövzulardan biri olaraq yada düşür. Ömürdən-gündən keçib gedən aylar-illər artıq vaxt, zaman ölçüsü deyil, daha çox illərin həmsöhbətinə, yol yoldaşına, müsahibinə çevrilmiş obraz, doğma sima kimi təqdim olunur. Hər ilin, hər ayın, günün, saatın hesabatı yer alıb şeirdə. Bu hesabat hər kəsin ömründən-günündən keçən məqamlarla həmahəngdir. İzahagəlməz oxşarlıqlar, paralelliklər də öz yerində... Sanki Adil Cəmili oxuyursan, amma gözlərin önündən gəlib-keçən öz ömrünün, öz taleyinin bir parçasıdır. Sən o ömürdə, o yaşantıda varsan, onunla həmahəng, həmrəysən, onun paralelliyində, bəzən lap iç dünyasında belə yaşayırsan:

 

Gah Günəşli güneylərdən,

Gah dumandan, çəndən keçdin.

Günə, aya, ilə dönüb,

düz otuz il məndən keçdin -

otuz yaşım.

 

Bu dünyada insanın özünün belə bir ağac olması həqiqətindən yazır Adil. Bir isti baxışdan, xoş davranışdan boy atıb göyərdiyi olur. Soyuq baxışlardan qurumağı var. Oda-alova atılması, çıtır-çıtır yanması var. Sevildiyi, aldanıldığı, atıldığı var. Yürük olduğu, əl ağacına döndüyü də var, tüfəng qundağına, top mancanağına çevrildiyi də... Yazın yaz çağında qışa düşdüyü, qışın oğlan vaxtı yay gətirdiyi məqamları var yaşın. O durumun yaşantılarını olduqca səmimi, nostalji duyğularla qələmə alır Adil Cəmil. Həm də yaşanan ömrün son anda təskinedici, qürur və vüqar dolu bəxtiyarlığının şükranlığı ifadə olunur onun misralarında. Baxıb görürsən ki, mübarizələrlə dolu bir ömrün qalibiyyəti fövqəladə dərəcədə ağır və çətin başa gəlsə də, bu heç də asan olmasa da, ömrünü şam kimi əritsə də, nəticə çəkdiyin əzablara, əriyən şama dəyərmiş. Deyilən, haqqında bəhs edilən fikirlərin canlı, silinib-pozulmaz həqiqətləri, təsdiqidir Adilin yazdıqları:

 

Dağlar mənə qüdrət verdi -

Özüm də bir dağa döndüm.

Qələbədən-qələbəyə

Ürəyim bayrağa döndü.

 

Otuz ildə dəyişmədi

Qaynar qəlbim, dəli başım.

Gəncliyimin zirvəsisən,

Zirvədəyəm, otuz yaşım.

 

Səninkidir bu bar-bəhər,

Səninkidir bu göz yaşım.

Qollarını sal boynuma -

Sən mənimsən, otuz yaşım.

 

Bu hesabat anının, dəyərləndirmə məqamının hardasa bir neçə il öncə, 1979-cu ildə qələmə alınmış "Hələ harasıdır" adlı şeirdə təməli qoyulub; Adilin arzularının, yetəcəyi hədəflərinin açıq-gizli kodları naxışlanıb həmin şeirdə. Onun həyat uğrundakı mübarizələrinin, bu yolda hansı iradənin və inadın sayəsində duruş gətirə biləcəyinin gerçək şəkillənməsi kimi oxunur təqdim olunan mətn. Keçilməz dağlar aşmaq, yollar keçmək, bəhərli bağlar salmaq, səadət, xoşbəxtlik dolu evlər, binalar ucaltmaq istəklisidi əbədi qəhrəman. Bu xoşniyyətli obraz həm də müəllifin öz qəlbinin, həyat missiyasının siması və güzgüsü kimi yansıyır yaddaşlara:

 

Qızıl səhərlərə düşən iz ollam,

Yanar səhralarda bir dəniz ollam.

Kəsilməz dalğamın ardı-arası,

Hələ harasıdır, hələ harası...

 

Şimal havasına yad nəfəsimlə,

Alov nəfəsimlə, od nəfəsimlə

Çaylar yarasıyam, buzlar qırası -

Hələ harasıdır, hələ harası...

 

"Arzu dağlarında" ovçu olmamış,

Bu uzaq yollarda yolçu olmamış,

Gözün yol çəkməsin, gözüm qarası,

Hələ harasıdır, hələ harası?..

 

Yolu bəlirlənməyən, səmti tutulmayan hədəfə yetmək olmaz ki! Məqsədsiz, məramsız döyüşlərin qələbə şanına rəvac verildiyi olmaz ki! Boşuna atılan güllə boşluğa çovuyar, hədəfə yetməz. Xoş olan odur ki, Adil Cəmil bir vətəndaş, oğul kimi də, şair, yetkin qələm adamı kimi də adi həyat mövqeyini ən gənclik illərindən hədəfləyib. Durub-dayanmadan onu uca, məqsədə götürəcək yollara qoşub. Cəhd edib. Ömür qoyub. Böyük yer üzünü, onun qayğılarını, xoşbəxtlik yolunu ürəyində daşıyıb. Bu vacib yolda (və vacib çabada) ləngidiyi, boşa verdiyi anların acısını çəkib:

 

Hələ istəyimcə boy atmamışam,

Ellərin yanında üzüqarayam.

Hələ bircə misra yaratmamışam,

İllərin yanında üzüqarayam.

 

...Fikir sorağında əriyirəm mən,

Bir nəğmə gətirir hər gələn gecə.

Boylanır südəmər sətirlərimdən

Bəyaz varaqlara "əkilən" gecə.

 

Hələ bilinməyir kiməm, nəçiyəm,

Bu elə yoldur ki, azmamaq olmur.

Sinəm çağlamasa kiriyəcəyəm,

O vaxt yazıram ki, yazmamaq olmur.

 

Bütün bu nostalji, ömür-gün, yaş hesabatı qovşağında tale elə gətirdi ki, Adilin 60, 65 illik yubileylərini birgə, eyni çatı altında qeyd etdik. Amma bu ötüb-keçən vaxt-vədə Adilin ömürlüyündə yalnız ay-gün, il, zaman qismində gerçəkləşdi. Yəni, illər onun mənəvi, ruhu baxımdan gənclik təravətindən, cavalıq şövqündən heç nə alıb apara bilmədi. Əslində mənəvi, ruhi cavanlığı ilə kamilliyini, süfi əxlaqi məziyyətlərini bir araya gətirdi və hər kəs üçün onu da anlatmağı unutmadı ki:

 

Hələ ömür deyil ömrün uzunu,

Min illər yaşayır duyğusuz daş da.

Yaxşı deyirlər ki, insan özünü

Nə yaşda bilirsə, elə o yaşda...

 

Orası da var ki, ömürdən keçib gedən illər Adil Cəmil üçün hər şeydən əvvəl ana qucağı, ikinci beşik kimidir. Yəni, Adil o illərə vəfalıdı, heç vəchlə unutmur, o illərə ömrünün xatirə beşiyi kimi baxır, dönə-dönə o vaxta, zamana qayıdır. Səbəbini "ömrümün beş ili" şeirində bütün qapsamı ilə bəyan edir, anladır:

 

O illər məktuba "yığıbdı" məni,

Görüblər qanadlı qaranquşam mən.

Taleyim təzədən doğubdu məni;

Kəndimiz, elimiz, obamız üçün

Təzədən, təzədən yaranmışam mən.

 

O illər qürurtək qəlbimdən keçib,

Demişəm ləpəyəm, hələ nəyəm mən.

O illər bəzən də cibimdən keçib,

Görmüşəm yenə də tələbəyəm mən.

 

Adil ömürdən keçib-gedən o illəri həyat və insanlıq yolunda atdığı, onu arzularına doğru inamla aparan addımlar kimi dəyərləndirir. Sabahına atdığı addım kimi əziz tutur. Nazlanan nazənin gözəllər qismində nəzər salır. Təsəlli, ümid dolu hənirti, nəfəsini yanında hiss edir:

 

Közərib sinəmdə odu, ocağı,

Beləcə boy atıb beş ilim mənim.

O illər ömrümə ana qucağı,

O illər ikinci beşiyim mənim.

 

Tapdığım cığırlar, keçdiyim yollar

Kövrək bir qələmin ucundan keçib.

O illər bilir ki, keçdiyim yollar

Anamın ağarmış saçından keçib.

 

Bu sətirləri yaza-yaza Adilin 60-65 illik yubileylərini keçirdiyimiz anları yenidən xatırlayır, göz önünə gətirirəm. Eyni zamanda onunla tanışlığımızın növbəti mərhələləri haqqında olan fikirlərim təsbeh dənələri kimi sapa düzülür yaddaşımda. Dərin ehtiram və heyranlıq duyğularıyla qələmə alıram ki, bu tanışlığın özüllərindən biri də onun dünyaya göz açdığı Kəlbəcər torpağı, Kəlbəcər sevgisiylə bağlıdır. Çünki mən özüm də o əziz, gözəlliklər məskəni Kəlbəcərdə keçən günlərimi ömrümün ən unudulmaz günləri hesab etmişəm həmişə. Ailəmizin dağ-aran köç-düşləri həmişə Kəlbəcərlə sonuclanıb. O bölgənin insanları ilə qaynayıb-qarışmışdıq. Kəlbəcər yaylalarını ayaqdan-başa, başdan-ayağa, elədən-elə, belədən-belə yurd-yurd, oba-oba gəzib-dolaşmışam. Hər daşına, qayasına, dağına-daşına bələdəm. Hərdən bu barədə söhbət düşəndə zarafatla deyir ki, sən məndən də çox kəlbəcərlisən. Doğru olanı da bu. Amma bir həqiqət də var ki, Adil o doğma diyara təkcə gəzib-dolaşmasıyla bağlı deyil, iç yaşamı, ruh bağlılığıyla bağlıdı. Bu səbəbdən də Kəlbəcər mövzusu onun yaradıcılığından doğma yurd, od-ocaq, ata-ana, bacı-qardaş obrazı kimi keçir. Kəlbəcər mövzusu onun yaradıcılığında qızıl xətt qismindədir. Az qala hər şeirində təkrarlanır, yad edilir, tərənnüm olunur. Bir alim kimi böyük zəhmət hesabına tədqiq etdiyi "Manas" dastanı, İssık göl qırğız xalqı, xüsusilə dahi yazıçı Çingiz Aytmatov üçün nədirsə, Kəlbəcər mövzusu da Adil Cəmil üçün odur. Kəlbəcər onun üçün həm dastan, nağıl, əfsanə, həm də düşüncəsinin ifadə simvoludur; öz ucalığı, zəngin təbiət gözəllikləri ilə bir arada. Bu səbəbdən də o, Kəlbəcəri gələcək nəsillərə öz canının bir parçası kimi əmanətləyir. Dünyanın gözəlliyi, möcüzəsi adına ismarlayır. Dönə-dönə dilə gətirir ki:

 

Əyilməyən dağ bildiyim adamlar,

Şəhidini sağ bildiyim adamlar,

Bu dünyada unutqanlıq yamandı,

Kəlbəcəri unutmayın, amandı.

 

...Kəlbəcərdi əzəl baxtım, yurd yerim,

Kəlbəcərdi daha mənim and yerim.

And içək ki, kimsə pozmaz bu andı,

Kəlbəcəri unutmayın, amandı.

 

Bu şeir doğma, füsunkar Kəlbəcərimizin (və Qarabağ torpaqlarımızın) Ermənistanın işğalı altında qaldığı illərdə qələmə alınıb. Həmin illərdə ki, bir çox cavan qələm söz adamları yenilik adıyla hər cür ədəbi "izmləri" böyük şövqlə ədəbiyyatımıza, xüsusilə də poeziyamıza "qaynaq etməklə" məşğul idilər. Bu "izmlər" daxilində yurd, vətən, milli adət-ənənə anlayışları çox vaxt arxa plana keçir. Anlaşılmaz, məğzi-mənası bilinməyən, mənasızlığı forma yeniliyi ilə ört-basdır edilən poeziya nümunələri qarşılığında Adil Cəmil davamlı şəkildə çoxəsrlik poeziya ənənələrinə sadiq qaldı. Ədəbiyyatın, söz sənətinin milli kökdən, təfəkkürdən gələn yolundan vaz keçmədi. Söz sənətinin əbədi missiyasına sadiq qaldı. Fərqində oldu ki, Vətən dara düşəndə əsl sənət adamı onun danışan dilinə, vuran qəlbinə, yazan əlinə dönməlidir. Bu səbəbdən də Adil məlum işğal dönəmində, sözün həqiqi mənasında, Kəlbəcər, Laçın, ümumən Qarabağ bölgələrimizin danışan dilinə çevirdi şeirlərini. Kəlbəcərləşdi. Şuşalaşdı. Laçınlaşdı. Daim xatırlatdı, uğrunda döyüşə səslədi, qan yaddaşımızın diriliyi yolunda şam yandırırmış kimi yazdı şeirlərini. Öz iradəsini, məramını belə anlatdı, belə qoydu ortaya:

 

Firqətin mənimlə yola gedərmi,

Sən ki, qala idin, Qala gedərmi?

Baharsan, yolunu gözləyən qışam,

Şuşam, ay Şuşam!

 

Natəvan ruhusan, Nəvvab qəzəli,

Əlçatmaz, ünyetməz dağlar gözəli.

Vəslinə yetməkçün gərək vuruşam,

Şuşam, ay Şuşam!

 

Belə yazırdı və yenə də dönüb-dönüb unudulmaz, doğma Kəlbəcərinin adını anır, ona qovuşmaq, yetmək istəyinin poetik şəklini çəkirdi:

 

Səni itirəndə bildik qədrini,

Ey anam Kəlbəcər, atam Kəlbəcər.

Dünya cənnət ola, verməz ətrini,

Qayıtmaz süfrəmə o tam, Kəlbəcər.

 

Dilim yox mən səni dindirmək üçün,

Leysanam bu dərdi hönkürmək üçün.

Həsrət yanğısını söndürmək üçün

Zirvəndə bir ocaq çatam, Kəlbəcər.

 

...Adiləm, qoy sənə deyim sözümü,

Ürəyin tabı yox, qəlbin dözümü.

Gəzəri torpağam, bir gün özümü

Sənin torpağına qatam, Kəlbəcər.

 

Ruhu oyadan, yaddaşı təzələyən və millətin bütün döyüş əzmini, iradəsini, itirilmiş, işğal olunmuş bölgələrin azadlığı üçün səfərbər edən misralar, çağırış notları yer alıb şeirdə. Yurdsuzluq, doğma od-ocaqsız yaşamaq dərdinin, sınağa çəkilən səbrinin şəklini bu poetik misralara belə köçürür, nəqş edirdi Adil Cəmil həmin illərdə:

 

Hədəfə dəyməyən kəlməmiz hədər,

"Qarabağ" sözünün əyarı yoxdur.

"Qırmızı kitab"a düşən quş qədər

Yurdsuz bir insanın dəyəri yoxdur.

 

Ayvuran, Kolabad düşür yadıma,

Şırşırın yoxuşu yuxumdan keçir.

İçimdə boğulan bu fəryadıma

Dünya üz çevirir, zaman yan keçir.

 

Diqqətə çatdırılan bu poetik nümunələr o zaman, elə bir vaxtda qələmə alınıb ki, ədəbi mühitdə özünü zirvə bilən, yeri gəldi-gəlmədi, əsl söz adamlarının bostanına daş atan bir para əliqələmlilər bir ağızdan "Niyə Qarabağ mövzusunda əsər yazan yoxdur?" - deyə yaxa cırırdılar. Bir balaca zəhmət çəkib oxumaq, təqdir etmək əvəzinə, görünməmiş ədabazlıqla yurd itkisinin ağrı-acısını qələmdən keçirən söz adamlarını hədəfə alanlar özlərini təəssübkeş, əzabkeş kimi sırıyırdılar cəmiyyətə. Həmin vaxtsa Adil Cəmil dərin bir nisgil, yurd itkisindən doğan ağrı ilə baş-başa "Yurd yerim - dərd yerim", "Kəlbəcərdə", "Ağlama, ana torpağım", "Unutmuşuq Qarabağı", "Kəlbəcər", "Bir gün Kəlbəcərə qayıtmaq üçün", "Vətən oğlu, Vətən sənin deyilmi", "Çadır şəhərciyi qış günlərində", "Getdi əlimizdən Kəlbəcər, getdi", "Özünü qayadan atan qızlara", "İtən qeyrətim", "Bəhmən Vətənoğluna" və bu sıradan olan çoxsaylı, silsilə şeirlərini yazırdi. Bu şeirlərdə yurd-yuvası talan edilmiş, didərgin salınmış bir milyona yaxın didərgin soydaşımızın sağalmaz yarası qan verməkdəydi. O dərdin, nisgilin şəkli əkslənirdi:

 

İlahi, yurd yerim dərd yerim oldu,

Torpaqla sınağa çəkilməyəydim.

Dağlara baxıram, dağlanır sinəm,

Bu dağla sınağa çəkilməyəydim.

 

Gəzir xəyalımda gəzdiyim yaylaq,

Saralmış yarpağam, qurumuş budaq.

Ürəyim deyəni demir ha dodaq,

Dodaqla sınağa çəkilməyəydim.

 

Bu acı yaşamın poetik ifadəsi daxilində Adil Cəmil millətin, bir milyona yaxın qaçqın-köçkün soydaşlarının o doğma yerlərə qayıdış, dönüş yolunu göstərməyi də unutmur. Kişilik imtahanına hazırlayır soydaşlarını. İşğal altında qalan yurd yerlərimiz uğrunda ayağa qalxınışın vacibliyini önə çəkir:

 

Bilmirəm qorxduqmu bir qaşıq qandan,

O torpaq uğrunda keçmədik candan.

Kişilik çıxmadı bu imtahandan,

Papaqla sınağa çəkilməyəydim.

 

Adiləm, özümdən bəzən küsdüm də,

Yansam "Vətən" deyər göydə tüstüm də...

Döyüşdə öləydim ayaq üstündə,

Yataqla sınağa çəkilməyəydim.

 

Qəhrəman türk savaşçısı, şair və hökmdar Qazi Bürhanəddinin yüz illər öncə etdiyi "Döşəkdə ölən igid ölməyir, murdar olur" səslənişinin çağdaş həyatımızda daha təkidlə, daha ərdəmliklə ifadəsi kimi oxunur, yadda qalır bu sətirlər. Təbii ki, Qarabağ probleminin həlli təkcə bir rayon camaatının, bir ölkənin, ya elə bir nəfərin iradəsi, istəyilə həll ediləsi məsələ deyildi. Bunun üçün Dövlət, Ordu və Xalq birliyi ilə yanaşı, aparıcı, supergüclərin haqqı tanımaq zamanı yetişməliydi. Dünya Azərbaycan həqiqətlərini həzm etməliydi. Təbii ki, Adil Cəmil yetkin ziyalı olaraq bu məsələlərin nədənliyini və gedişatını yaxşı bilirdi. Amma eyni zamanda onun vətəndaş istəyi, yurd sevgisi zamanı qabaqlamaq, hadisələri önləmək çabalarından da yan keçmirdi. Dəmadəm yurda boylanışı, yurda yalvarışı boy göstərirdi poeziyasında. Şər, təcavüz, işğal qarşısındakı gücsüzlüyün xəcilliyini ifadə edirdi. Axına qarşı üzməyin vacibliyini təlqin edən şeirlərini yazırdı, üzrxahlığını dilə gətirirdi:

 

Ruhum səndə qalıb, canım a dağlar,

Məni torpağına, daşına çevir.

Səni xilas üçün hər birimizi

Bir bölük əsgərə, qoşuna çevir.

 

Başımız altından al mütəkkəni -

Tufanda yellənsin ömrün yelkəni.

Bizə qan udduran hirsi, hikkəni

Düşmənə atılan qurşuna çevir.

 

Bu misralar elə bir vaxt, zaman şəraitində qələmə alınırdı ki, vaxt-bivaxt ATƏT, Minsk qrupu vecsiz monitorinq görüşmələri keçirir, biri gəlib, biri gedirdi. Boş vədlər tirajlanır, ikili standartlar lüzumsuz şərtlərlə ört-basdır edilməkdəydi. Super dövlətlər güzəştli barışıqlıqlardan dəm vurur, özlərinin də gözəl bildikləri həqiqət üzərinə yalan pərdəsi çəkirdilər. Məhz belə bir vaxtda Adil Cəmil böyük zəfəri hər bir Azərbaycan övladının bir sırada birləşən əsgərə dönməsində görürdü. Çıxış yolunu haqq uğrunda atılan, atəşlənən qurşunda görürdü.  Qurbanlıq, şəhidlik yolunun xilas, şərəf yolu olduğunu yaddaşlarda təzələyirdi.

Bu qəmli Qarabağ dastanının sonu nə yaxşı ki, dövlətimizin və millətimizin tarixi qələbəsi ilə sonuclandı. Nə yaxşı ki, Adil Cəmil doğma yurd yerlərini ziyarət etmək səadətinə qovuşdu. Bu sevinc özü ilə yeni mövzular gətirdi - yazmaqla bitməyən mövzular...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!