Əməlisaleh, əməyi halal, sözü duzlu-dadlı, ilhamı qanadlı Musa Ələkbərli yaradıcılığından illər əvvəl yazmışdım. Şairin seçilmiş əsərlərindən ibarət kitabının nəşr olunacağını eşitdim və son illərdə qələmə aldığı pınar gözlü poeziyasının sorağıyla yola çıxdım. Qoşma-qoşma, gəraylı-gəraylı, bayatı-bayatı uzanan bu yolda məni bir ağ işıq dayanmadan müşayiət edirdi. Mən o ağ işığa doğru addımladıqca ağ işıq söz-söz, heca-heca, misra-misra yeni yollar açırdı qarşımda. İllər əvvəl yazdığım yazını tapıb yenidən göz gəzdirdim, yaddaşımda qalmayan yazımın adı "Ağ işıq" idi. Bu qədər təsadüf olmazdı, o ağ işığın həqiqətən, ağ, pak, müqəddəs işıq olduğuna əmin oldum. O ağ işıq Musa Ələkbərli ömrünün ağ yolunun, Musa Ələkbərli şeirlərinin ağ üzünün yakamozu idi... Qaranlığı nura, ağrını təsəlliyə, həsrəti vüsala, dərdi şeirə çevirən ("Dərdlərim ağ elədi ki, ağ şeirin yolunu tutdum" - M.Ə.) bu ağ işıq şairin gəncliyində odlu-alovlu sevgi şeirlərindən doğulurdusa, zaman-zaman yolunu Azərbaycanın çınqılına, daşına, ağacına, kəndinə-şəhərinə sarı döndərərək bütünləşdi, vətənləşdi. O vətən Cavanşirin, Babəkin, Cavad Xanın... qılıncından, Rəsulzadənin, Xoyskinin, Mehmandarovun... qələmindən sıyrılaraq Musa Ələkbərli şeirlərində doğma oldu, can oldu - Azərbaycan oldu!
Sevginə köklənib ürəyim, canım,
Nə qədər ömrüm var, eşqinlə yanım,
Sənə qurban olum, Azərbaycanım,
Məni gözlərindən uzağa qoyma!!!
...Sənin kipriyinin kölgəsindəyəm,
Məni gözlərindən uzağa qoyma!
- dedi.
Musa Ələkbərli vətəni canı kimi, ruhu kimi, anası, balası kimi, sevgilisi kimi əzizlədi, vəsf elədi, bütün gözəlliklərin Azərbaycanda olduğunu söyləməkdən çəkinmədi:
Ay gözəllik arayan kəs,
Bu boyda Vətən - gözəllik!!!
Şair şeirinə sığmayan, Azərbaycanın döyünən ürəyi Qarabağ naləyə döndü Musa Ələkbərli şeirlərində:
Qarabağ ruhumdan qopan nalədi,
Qanımla qızaran qızıl lalədi...
Onunçün qanıyla qızaran bu qızıl lalədən şeir yazmaq
Bir iynənin ulduzundan keçməkdi,
Ağrıların ağırını seçməkdi,
Diri gözlə cəhənnəmə köçməkdi...
və sonra
Qarabağ deyəndə, qaralıb dolmaq,
İçindən sökülmək məni əridir.
Məğlub bir ölkənin şairi olmaq
Sinəmdə sağalmaz yara yeridir,
- deyərək, sağalmaz yaraya tuş gələn, "Misraları ordu kimi, // ..ürəyi də yurdu kimi// parça-parça" (M.Ə.) olan şair düz otuz il bu ağrıyla yaşadı,
Alışan ürəkdir, qovrulan dildir,
Biz mürgü vursaq da oyanan yerdə.
Qarabağ düyünü düz, otuz ildir
Açılmır, dayanıb dayanan yerdə.
Düz, otuz il ölümdən betər olan bu ağrıya sinə gərdi:
Vətən, sənin ağrını mən
Ölümdən betər yaşadım...
İlahi, sənə şükür! Şairin parça-parça olmuş yurdu bütöv oldu, can oldu - Azərbaycan oldu! İlahi, şairin və xalqımın Şuşa sevincinə şükür!
Yerdən də, göydən də istənib gəlib,
Xarıbülbül ilə süslənib gəlib,
Xalqın göz yaşında islanıb gəlib,
Necə möhtəşəmdir Şuşa sevinci!
...Bütün tarixi savaşların dastanlara, kitablara sığışmayan döyüş qəhrəmanları ilə yanaşı, sevda qəhrəmanları da olur. İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq döyüşə yollanan 25 yaşlı Mehdinin də sevdiyi qız var idi - 17 yaşlı dayısı qızı Mələk. Mehdi döyüşdən dönəcəyinə inandırmışdı. Mehdi Mələyi heç vaxt tək qoymayacağına söz vermişdi... Mələk bilirdi ki, Mehdi verdiyi sözü tutacaq... Mehdi sözünü tutmayınca, Mehdi Mələyə dönməyincə, Mələk Mehdiyə doğru uçdu. Şair Mələyi də Mələk Mehdinin, Mələk Şəhidlərin qatarında salamladı:
Necə təkrar etdi tarix bu dağı,
Bu yol Fərizənin getdiyi yoldu.
Mehdi doğulduğu ana torpağın,
Mələk öz eşqinin şəhidi oldu.
Məqamınız həmişə uçmaq olsun, Cənnət mələkləri!
***
Musa Ələkbərli poeziyasına ümumən nəzər salsaq, onun şeirlərində ana mövzunun vətənpərvərlik olduğunu görərik. Bu arada, gəncəli yazıçı-şair, müasir Azərbaycan uşaq ədəbiyyatının şah sütunu Aləmzər Əlizadənin bir fikri yadıma düşdü, yazıçımız deyir ki, "Əgər sən vətənin daşına, ağacına, adi yarpağına şeir yazırsansa, onların bədii portretini sevgiylə çəkirsənsə, bunun özü də vətənpərvərlikdir". Aləmzər xanımın fikrinə istinadən deyirəm ki, Musa Ələkbərli yaradıcılığı başdan-başa vətənpərvərdir. Amma yenə də Vətən mövzusu ayrıca olaraq qabarır və "Ana Vətən" dediyimiz vətən mövzusuna ana obrazı da qarışır, vətən də ana olur.
Bizə vətən olan, vətənə ana olan analara həsr edilmiş şeirlər ədəbiyyatda çoxdur. Xaqani deyir ki,
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim heç bu şöhrəti,
Vahabzadə:
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
- deyir. Hüseyn Arif üçün ana o qədər müqəddəs, əzizdir ki, hətta torpağın da anası olsun istəyir və bu istəklə anasızlığını ovutmağa, anasızlığına təsəlli verməyə çalışır:
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?
Cabir Novruz:
Mənə dua elə məzarında da,
Ana, qurban olum dualarına...
- söyləyərək, anaların heç vaxt ölmədiyinə, məzarda da balasını düşündüyünə, balası üçün dua etdiyinə inanır. Musa Ələkbərli isə "anam mənim ən şirin laylamdır, bayatımdır, ağımdır" deyir:
Gözlərimdə göllənən
Bayatım, ağım mənim!
Musa Ələkbərli anasız evlərin bir obanı üşütdüyünü deyir:
Bir obanı üşüdür,
Bir evin soyuqluğu!
Bu misralarda kövrək duyğularla yanaşı, ağrılı bir həqiqət də yatır, dünya statistikasına nəzər salsaq, terror törədənlərin, canilərin, oğruların, dələduzların... əksəriyyətinin anasız evlərdən çıxdığının şahidi olarıq.
Musa Ələkbərlinin anası onun kövrək uşağıdır,
Hamıdan ərköyünüm,
Kövrək uşağım mənim!
Musa Ələkbərlinin anası ömür yoldaşını əbədiyyətə uğurlayan gündən ağ günü yalnız ağappaq saçlarında görən ("Atam gedən gündən ağ gün əvəzi // Ağappaq saçların xınasız qalıb" - M.Ə.) bir ananın, ərinə sevdalı, ərinə sadiq bir Azərbaycan qadınının özüdür...
***
Musa Ələkbərli ömrü kimi şeirləri də safdır, təmizdir, cilalıdır, yad kökdən, yad qandan uzaqdır. Bu şeirlərdə təbi zorlayan, dilə yamaq olan, heca xatirinə misralara pərçimlənən sözlərə rast gəlməzsən. Şeirin qol-qanadını qıranları, şeirin dədə yolundan sapanları da şeiriylə tənbehləyir:
Qırma misraların qol-qanadını,
Yazıqdı, bu qədər göynətmə sözü!
Ay naşı, illərdir qələm çalırsan,
Sənə çatmayıbmı, "göynətmə" sözü?!
Şeirin aşığı, şeirin aşiqi Musa Ələkbərli ("Həm aşığam, həm aşiqəm, //Qoşmadan qopa bilmərəm. //...Şeirin bu dədə yolundan//Heç yana sapa bilmərəm" - M.Ə.) onu da çox gözəl bilir ki, şeirin dədə yolundan sapanlar hansı tərəfə üz tutsa da, sonda yenə də həqiqi şeirin yoluna dönəcəklər...
***
Musa Ələkbərli üçün şeir havadır, sudur, sevgidir, sayğıdır, mərhəmətdir. Onun ağ işıqdan doğan şeirlərinin verdiyi əzab da əzizdir, doğmadır,
Ya göyün yeddinci qatından çıxır,
Ya da sal daşların altından çıxır.
Bütün ağrıları yadından çıxır
Şeirin ağrısını çəkəndə Musa.
Musa Ələkbərli yaradıcılığı həm də ona görə özünəməxsusdur ki, şair şeirlərində Azərbaycan dilinin təravətini, lətafətini qoruyub saxladığı kimi, dildən ayrı düşən, bitməkdə, itməkdə olan sözləri yenidən dilə gətirir, onlara yeni həyat bəxş edir.
Ay naşı xırman döyənim,
Sən samanı dənnən ayır.
Daha bir örnək:
Deməyin işləri abadan olur,
Börkü bada verir, əbadan olur...
Və s.
***
...Musa Ələkbərli yaradıcılığında peyzaj şeirləri də xüsusi yer tutur. Şairin mənzərə yaradarkən, istifadə etdiyi təşbeh və epitetləri də bulaq kimi durudur, çəmən kimi ətirlidir, göylər qədər əngindir. O şeirləri oxuyanda ruhumuz dincəlir, zövqümüz cilalanır,
Günlər, aylar uçub getdi,
Şükür, bu yaza, tez gəldi.
Çərşənbələr tonqallandı,
Çatdı muraza, tez gəldi.
Çıtır-çıtır tonqallar çərşənbələrin murazıymış, İlahi! - deyə heyrətimizi saxlaya bilmirik:
Axşamdan yağan bu yağış
Gecəni sona yetirdi.
Göyün yerə deyəcəyi
Nə varsa, ona yetirdi.
***
Sanki qaranlıqdan qaçmış əsirdi,
Gözləyir gözləri yol çəkə-çəkə.
Ay sabaha qalıb, görən, nə sirdi,
Görüş vəd eləyib Günəşə, bəlkə?!
Və yaxud:
O qarı, yağışı almır eyninə,
Qışda bar yetirir, bəhər gətirir.
Qapqara gecəni geyir əyninə,
Gözündə ağappaq səhər gətirir.
Və s. və ilaxır...
Qalaq-qalaq kitabları, dürlü-dürlü mükafatları, say-seçmə titulları olanlardan namı urvatlı, ilhamı qanadlı, sözü duzlu-dadlı, sevdası alovlu-odludur Musa Ələkbərlinin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!