Sən qədərin adamı, yaxud Tanrıdan gələn yazı... - Məlahət İsmayılqızı Rüstəm Behrudi haqqında yazır

Sənin gözlədiyin qərib türk mənəm... (R.Behrudi)

"Xoşbəxtlik zirvəyə çatmaqda deyil, ona doğru can atmaqdadır" - və mən sadəcə, Behrudi adlı zirvəyə boylandım. Həm də "Fəlsəfi düşüncələr" deyərək Behrudi zirvəsinə boylanmaq da asan deyil...

Uzun əsrlər öncə yaşamış Füzuli və onun Məcnun adlı dəli sevdası... beş əsr sonra dünyaya qədəm basan, Azərbaycanın qədimlərdən-qədim, ulu diyarı Naxçıvanda - Qartal mənasını verən Behrudda doğulan Milli təəssübkeş, türk fəlsəfi fikrinin, düşüncə tərzinin aparıcı ideoloqu olan Rüstəm Behrudi zirvəsindən söz açıram...

"Əgər Rüstəm Behrudi XX əsrdə doğulmasaydı, Türkçülük və Turançılıq bir ideya olaraq məhv olacaqdı" (M.Seyidov).

O, özünün Bozqurd - Milli Kimliyini axtararaq tamamilə ayrı bir düşüncə tərzi ilə ortaya - oxucu qarşısına çıxır və özünün təqdimatı çox da güclü olur. Özünü təqdim edir, orta mövqe yoxdur Behrudidə. Özünü, içəri Məninin Mənini yazır, sadəcə isə, minilliyini yazır, türkün tarixini yazmır, nəzmə çəkir, xatırladır, türkün kötükləri minilliklərə işləmiş ruhu ruhudur Behrudinin. Və məhz bu mövqedən çıxış edərkən yenidən deyir: bunları mən yazmadım ki...

Behrudi təkcə yaradıcı deyil, poetik düşüncələrində türk fəlsəfi fikrinin daşıyıcısi, Bozqurd kimliyinə vurğun türkün şanlı keçmişi - şərəfli keçmişini bu günə daşıyan tarixçi, fəlsəfi fikrin ən yüksək təzahürdə ifadəsidir. Tarixin və mədəniyyətin simvolu olan Bozqurd işarəsi:

 

Hər gecə, hər gecə yuxularımdan

Önündə Qurd gedən Ordular keçər!

 

Bizdən salam olsun arif olana. Tək mənim üçün deyil, bütün türk dünyasının arif olanı - işığı, ziyası, filosofu, "Dədə Qorqud" kitabından sonra etnik tariximiz heç kəsdə Rüstəm Behrudidə olduğu qədər bu genişlikdə bədiilik predmetinə çevrilməyib" (Tofiq Hacıyev).

Kimlərsə şeir yaza bilər, amma o - Behrudi hər bir poetik düşüncəsində sənə kökünün kim olduğunun, insan adlanan bu yazıq bəndənin müxtəlif ideologiyalar içərisində fanatcasına necə bədbəxt edildiyinin şahidi oluruq:

 

Hər şey kədərlidi, hər şey İlahi,

Bu necə dərddi ki, acısı olmur?!

Mənimtək şairin qardaşı,

Atası, anası, bacısı, olmur...

 

Behrudi əslində Tanrıya yaxınlaşır... Rüstəm müəllimin yaradıcılığı bütün yazarşünaslardan fərqli, öz mövqeyinin öz təqdimatının maraqlı subyektidir.

Kədəri sevgi kimi mənə sevdirən şair, sevgi kimi qəbul etdirən şair, İnsan nə vaxt mahnı oxuyur, şərqi deyir... sevəndə, özü də kökünə-kimliyinə aşiq olanda, kökünü-kimliyini tapanda:

 

Nə deyim, bu günün "Ölülər"indən

Oturum kədərli bir şeir yazım!

 

Və mən nə bir jurnalist kimi, nə bir yazar adamı kimi, nə bir ədəbiyyat adamı kimi deyil, bir türk kimi gəldim bu görüşə.

İmza: Şaman nəvəsi, xoş gəldin, nə etməli, biz də sizə qoşulduq. Əslində minilliyimizdən bu dəli sevdanın yolçularıydıq. Uğurlar ola.

Və ən böyük vətəndaş, ən böyük Vətən sevgisi və bu sevgidən doğan nisgil, kədər, bir talesizlik, intizar, məqsəd uzaqmı, yaxınmı, məqsəd Turanın təşəkkülü. Əslində Behrudini ağrıdan içimizdəki mənin məni , özünün də dediyi kimi, içindəki bu düşüncə tərzinin hakimi və "Mən yazmadım ki..." etirafımı, əslində elə etiraf. İnsanın bizlər fərd olaraq fərqli baxış bucağına və düşüncə tərzinə malik olması həm etirazı və həm də, həm də özünü sevməsi.

Əlbəttə, sevdiyim, pərəstiş etdiyim şair-yazarlar o qədər ki, istər Azərbaycan - türk dünyasının, istərsə dünya klassikasının yüzlərlə dahisi var, inqilabçısı var, dünyanın qədərini dəyişməyə qadir şəxsiyyətlər var belə. Əslində belə düşüncə sahibləri hər zaman novatorluq nümunəsi kimi yeni düşüncə tərzinə sahib olmaq bu bəşəriyyətin, bəlkə elə Azərbaycan türk ədəbiyyatının bəxtimi gətirib, yoxsa, sadəcə, xoşbəxtliyimi?! Sərbəstlik və Azadlıq - bu isə insanı dəli-divanə edən ən dəyərli amildir.

...bunları mən yazmadım ki...və bir inkar, bir etiraf yenə də insanların sona deyil, sonsuzluğa gedəcəyi yol və o yolun naməlum dolayları. O naməlum dolaylar "Qızıl Elma"ya gedən çətindən çətin, "Mənzilim uzaqdı mənim", uzandıqca uzanan yollar və sonu nə, yenə də məlumluqda naməlumluq Qızıl Elma... "Qızıl Alma" ulaşılacağı xəyal belə edilməyəcək bir işıq, bir nur. Nə qədər ki, Ona can atacağıq, biz ölməzik". Axı deyəsən, əslində bu naməlum yol türk soyunun Tanrı tərəfindən istənilən sonsuz sürə yaşamağa hazırlanışıdır! Qızıl Elma biz türk soyunun əbədən var olması demək, mən belə anladım! Amma nə gözəl ideoloji baxış!

Behrudi fəlsəfəsi elə hey çözülmək istər. O, əslində bir Turan sevdalısı, özü də sadə, lakin onun təlatümlü iç dünyası ki, "Məni tutun və qaçırmayın, sizə lazımam" deyir, bəlkə də demir, lakin ruhundakı kədər-tənhalıq dedirdir bunları.

Mənim nəzərimcə, hər bir şair, yazar əslində özünü yazır, özünü nəql edir. Min illərdir yol gələn Türkün Qutsal Ruhunu əmanət vermişlər ona!..

Mən yazılarımı gələcəyə ünvanladım, - deyir Behrudu, bu təkcə yazılarmı, yoxsa, poeziyamı?! İlkin baxışda, bəlkə də adilərdən adi olan insan, içindəki bu yanar ruh hardan, minilliklərdənmi, qanyaddaşımı... çətin sual deyil, cavabı mümkün. Lakin bir məsələ var ki, içi - daxili hədsiz gözəl, fırtınalı olan, qanı qurdla yoğrulan insan zahirən neçə də sakit...

Kədər həyatımızda nisgillə qarışıq özünə yer etsə də, bunu etiraf yazar insan üçün asan deyil, lakin məqam gəldi və onu etiraf məcburən oldu. Bu, əslində vaxtilə B. Vahabzadənin bu sətirlərini bilirdim, ilkin heç bir mənada etiraz etməsəm də ...

 

Sevincimi danır, kədərimi gizlədirəm,

Sevincim hamınınsa, kədərim özümündür!

 

Doğrusunu deyimmi, bu gözəl şairin bu sətirlərini məhəbbətlə pıçıldasam da, içimdəki daxili səs bunun düzgün olmadığını deyirdi;

 

Kədərini də gizlət, sevincini də,

Kədərini-dərdini görüb sevinməsinlər,

Sevincini də gizlət, gizlət ki,

Görüb də odlanmasınlar!

 

Nə etməli, nələrdən qurtulsaq da, içimizdə gəzdirdiyimiz tənhalıqdan qurtulmaq mümkünmü, bəlkə də bunu heç istəmirik. Bizə xoşdur bu kədər, bəzən bu kədər şəxsi həyatımızdan gəlsə də, bəşəriləşib Vətən adlı dərdə dönürsə... "Ən gözəl dərd Vətən dərdi" deyərək vəsf ediriksə... əslində Alagözlü Göyçə dərdini necə sevməyəsən, necə əzizləməyəsən və əzizləyib də sevirik!

Ən gözəl dərd, - deyərək sevdiyimiz, oxşadığımız Vətən, alagözlü Göyçə - mavi gözlüdür Göyçə, lap elə Bozqurdun mavi gözləri kimi...

 

Mən dərdi çəkə bilmirəm,

Apar çəkənə ver...

Allah, dərdin də gözəli olurmuş,

Laçını, Tərlanı olurmuş...

Göyçə dərdi nə gözəl dərd!

 

***

Bu dərd hünər istər,

Bu dərd qeyrət istər,

Bu dərd dərdlərin ən gözəli,

Dərdin də göygözü varmış,

Göyçəsi - gözəli varmış.

 

***

Gözəl olanın gözəli gözəl!

Dərdi gözəl, ələmi gözəl.

Səndən gələn dərdlər də gözəl,

Vətən adlı gözəlliyin

Vətən adlı dərdi gözəl!

 

Sən bir atəşdin, düşmənləri deyil, səni sevənləri yandırdın alagözlü Göyçə.

R.Behrudinin "Bozqurd" şeiri məni uzaq dönəmlərə aparan səda, ana ocaqlarım - ata yurdum, əzizlərimizin əməyi - alın təri, Fərhad kimi külüng çaldılar bu ulu Vətəndə. Neçə-neçə minilliklərin məzarları şahidlik edir tarixə, zamana. Göyçə dağlarında barınan türkün əsir ruhu ruhlara qoşulub Bozqurd fəryadı qoparır, elini-gününü, obasını-elatını səsləyir, bu şeir mənim alagözlü Göyçəm üçün yazılıb, ən azından mən belə düşündüm:

 

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən qəm sərhədinin

Bir ucu günbatan, biri gündoğan

Dağından, daşından, adamlarından,

Hətta otundan da qəriblik yağan;

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən...

Sevgili bir yurd...

Hər gecə, hər gecə yuxularımda...

 

Behrudi yaradıcılığında Vətən Tanrı kimi sevgilidir. Vətən onun mükəmməl fəlsəfəsində Tanrılaşıb artıq. Bu isə sevgi deyil, İlahiyə - Yaradana bəslənən Eşqdir. "Rüstəm Behrudi bir Şaman nəvəsidir. Əli bəy Hüseynzadə, Ziya Göyalp, İsmayıl bəy Qaspıralı, Yusif Akçura, bunların hamısı birər Şaman nəvəsi deyilmi? Rüstəm Behrudizamanlar üstündə yaşayan bir şair. Onu oxurkən, həyəcanıma sədd vurmaq mümkün deyil" (Əhməd Bican Ərculasun, professor).

R.Behrudiyə dəyəri Vətən fədailəri verdi, bizlər kimik ki... O ki, ola Xəlil Rza kimi Ulutürk - Türkün Ululuğu. Böyük sevgi yatır Xəlil Rza şəxsiyyətində. O Xəlil Rza ki, onun yaradıcı dünyasını sadalamaq fikrində deyiləm, tək bircə xidməti onu bu xalqın yaddaşına, köksünə həmişəlik qazıyıb, məhz bu şəxsiyyətin sayəsində erməni faşistləri - daşnakları Bakıdan, o cümlədən, Azərbaycan ərazisindən rədd olub getdilər, təbii, bu qeyrətli Azərbaycan türkünün Rüstəm Behrudi haqqında yazdıqlarında necə də böyük bir dəyər və təvazökarlıq yatır:

 

Oxudum kitabını, hər misran

            qana batmış inci, dürr,

Bir söz çıxdı dilimdən:

            Rüstəm məndən güclüdür!

 

Hansı yazını oxudumsa, hansı şeirini açdımsa, sadəcə, pıçıldadım, sən mənim uzun illər soraqladığım, tapa bilmədiyim, lakin yenə da axtaracağım adamsan! Əlçatmaz, ünyetməz... Kiminkisən, yiyən kimdir?

Sən qədərin adamı, mən ayrılıqların! Belə bir şəxsiyyətin varlığı ilə ancaq fəxr etməli. Və xoş o hal ki, beş əsr öncənin deyil, XXI əsrdə doğdun. Həm öz anam Süsənbər xanıma təşəkkür etdim, həm də Zəhra xanıma, sizi dünyaya belə halal və ürəkli, milli qeyrətli bəxş edib bizə!

 

Sən də gəldin, gedəcəksən

Kiməsə yol, iz olmağa,

Gücün çatmayacaq sənin

Payızda dəniz olmağa!

 

Bu nə belə, Rüstəm Behrudi insan xarakterinimi yazır, bizim taleyimiz bu... amma nə etməli, axı Behrudi bizlər üçün "Tanrıdan gələn yazı" timsalı Şaman nəvəsi!

Sözlər məni tutur, aparır... "Gücün çatmayacaq sənin payızda dəniz olmağa".

 

Məni rahat buraxmır

İçimdəki qəm-kədər.

 

***

Yarama duztək basır

Sevdalar öz odunu,

Bu gün, sabah kül ollam.

Qalmışam yana-yana,

Tövbə duası kimi,

Pıçıldadım adını,

Səsim sənə çatdımı,

Eşitdinmi, ay ana?!

 

Nə xoş ki, çağırmağa ana adlı müqəddəs varlığın var, Behrudi, elə bircə bu amil səni xoşbəxt qılacaqdır! Zəhra xanıma cansağlığı.

"Ölümə" xoş gəldin, deyən şair, bilirsənmi, bu bir hünər istər, hər kişi - nər kişi bu sona, bu sonsuzluğa "xoş gəldin" demək iqtidarında deyil! Nə qədər sevincə, şadlığa vurğun olsa da, içimizdə bir yalnızlıq yatır, deyə bilmədiklərimizi Vətən dərdlərinə qatıb dedirdir bizə, lakin yenə də "ölümə xoş gəldin" demə, çünki, siz "Mənim kimi Qurd yatır, Quş yuvası içində" olsanız da, varlığınız türk dünyasına lazımdır, gərəklidir:

 

Göz dağıdı pəncərəm,

Qapı deyil, qapım da!

Kimim var ki, itirim,

Nəyim var ki, tapım da?!

 

Bəlkə də səni ruhundakı bu kədərə görə sevirik, adamlar çox az hallarda ruh aləmini kimsələrə açırlar, bizim, hətta bəzən özümüzdən belə gizlətdiyimiz acımızı sizin ruh aləminizdə tapmaq xoş gəlir bizə. Hətta ruhumuzu oxşayır, hətta bu şeirləri, bu sözləri əzbərləyirik. Nədən ki, ruhu ruhuma yaxın. Deyə bilmədiklərimizi, kimliyimizi, içimizdəki - kökümüzdəki Bozqurdu artıq tapmışıq, Şaman nəvəsi!

 

Tanrım, bağışla, əfv elə,

Din sevdim, din üstünə!

 

Bu bir etiraf olsa da, siz, sadəcə, ilkin kötüyünüzə - özünüzə dönmüsünüz! "Ey ölümsüz türk, özünə dön, sən özün olanda böyük olursan - Bilgə Kağan". R.Behrudi, siz özünüzə dönmüsünüz, sadəcə. Deməyək ki, sadəcə, dönmüsünüz, siz elə Qurd ulartısı altında Bozqurd kimi də doğulmusunuz!   

Tarix geri gəlsə, ancaq bu torpaqlarda türkcə qonuşar. Türklər torpaq vermirlər, özlərinə məxsus olanı geri alırlar.

Elə beləcə də adlandıracağam bu yazını, Behrudi, "Tanrıdan gələn yazı". Tanrıdan gələn yazı, nolardı, mənim yazımı gözəl yazardın, narın yazardın, qəmimi-qüssəmi qoyardın yer-yerinə. Doğrudan da, axı bu sualı elə mən özüm də özümə dəfələrlə vermişəm, sormuşam. Kiməm Mən? "Leyli- Məcnun"u sevdiyimiz kimi, Füzuli dühasının "Şəbi-hicran" yanğısı kimi, İlahi Eşqin - Vətən adlı, Turan adlı Eşqin tərənnümçüsü kimi, sonsuz kədərimizin yanğısı kimi, bəlkə də ahı kimi... nədən kədərimizi, qüssəmizi, bütün həzin duyğularımızı nəinki sevir, üstündə əsirik belə?!. Sevinc cahana məxsusdur, bütün dünyaya bəyan edirsən, ancaq bu hüznü, dərdi- ələmi gizlədirik, gizlədirik ki, "düşmən" görüb də sevinməsin, yağı qəh-qəh çəkməsin, çəkib də şadlanmasın.

Tənha Bozqurdmu ulamış o gecə, dünyaya Bozqurdun Turan adlı Qızıl Elmasının gəlişinimi bəyan edəcəkdi... şaman ruhlu, türk sevdalı, azadlıq eşqli türkçü-turançı dünyaya gəlmişdi. Bozqurdun Qızıl Elması demə, sizsiniz!

Nədən intizarı, ayrılıqları, sonsuzluğu belə sevirik, nədən, nədən öz kədərimizə belə vurğunuq, dərdli-ələmli olmaq niyə xoş gəlir bizə?!.

"Sonun yoxdu, çevrilməsən Turana". Şaman ruhlu, türkçü, Turan sevdalı, Qızıl Elma soraqlı Rüstəm Behrudu üçün Tanrı dağı qibləgahdır, səcdəgahdır! Özü demişkən, "Göylərdən gələn kitabam" deyən şair özü Göytürklər qədər uludur, doğrudan-doğruya Göylərdən gəlmiş!

İnsanmısın, Tanrımısın "Tanrıdan gələn yazı"... Göylərin yeddinci qatından enən ruh adamı, yoxsa, insan ruhu... Şaman, dərviş, türkçü, turançı... "İlahi qüdrətinin təcəssümü olan Qurani-Kərimdə göstərilir ki, ruhlar aləminin əzəli və əbədi məkanı Cənnətdir, Adəm övladlarına ruhlar Cənnətdən gəlir. Böyük Allahın əmanət verdiyi ömrü onunla başa vurur və əbədi məkana qayıdır. Əlbəttə, kimlər əməlisalehsə"(İ. İbrahimov). Sözsüz mən müəllimimin sözlərini təsdiqləyirəm, kimlər əməlisalehsə! Millətinə ruhən vurğun olan "Başdan-ayağa Vətəndi, Vətəndi, Vətəndi Rüstəm Behrudi"- deyən Məmməd Araz özü də Vətən üstə köklənmədimi, özü də Göyün yeddinci qatından olan ruh adamı, M. Arazlar üstə köklənənlər Türk- Turançı da olmalı idilər, nə etməli, Rüstəm müəllim, bu eranın insanları belə doğulmalı idilər!

...Səndən qaçıb tənhalığa sığındım, Getsəm də ayrılıqdı, qalsam da:

 

Bilərsən, mən necə təkəm, tənhayam...

 

Behrudini gözəl şair deyə sevmirsən, öz kökünün minilliklərə enmiş kötüyünün, milli kimliyinin inikası var onda, onu tapırsan, qan yaddaşın, kodlaşmış genin səni oyadır. Onun ruhunda öz milli kökünün - türk olmanın xoşbəxtliyini yaşadır bu türkçü Şaman, Turançı - Qızıl Elma sevdalısı, vurğunu! Türk doğulmanın, türk olmanın qürurunu yaşadır sənə!

 

Məni bəndəlikdən çıxarıb Allah,

Çıxarıb ruhumu bədəndən belə!

Nə vaxtsa qəribtək kəfənsiz ölsəm,

Məni sözlərimə büküb dəfn elə!

 

***

Bilirəm, yoxluğum ağrıdar səni,

bəlkə, varlığım da ömrünə yükdü...

Getməyə yeri yox, qalmağa yurdu!

Yalandı, kim deyir dünya böyükdü!

 

Haşiyə: Mələklərinmi, feyalarınmı, pərilərinmi, rəqs etdiyi günlərdir bu günlər - son 36 illik bir davanın və 32 illik Xocalı qətliamının qanının- qisasının alındığı günlərdir bu günlər!

Və unutmayaq, Azərbaycan erası başlayır, Azərbaycan tarix yazdı erməni-daşnak və Avropa xaç dünyası üstündə. Unutmayın, bu bizim tarixdir, yazılan Azərbaycan tarixidir, Şəhidlərimizin al qanı ilə. Qazilərimizin cəfakeş - fədakar sayıqlığı ilə və Böyük Azərbaycan sevgisi ilə yazıldı bu tarix. Bu tarixdən danışarkən, ən böyük Qəhrəman, güclü Diplomat, ağıllı Sərkərdə, taktika və strategiyanın güclü bilicisi, Müasir Azərbaycanın Şah İsmayılı xaç qərb dünyasına qalib gəldi İlham Əliyev cənabları!

Tanrıdan gələn yazı... Göylərdən gələn kitab.

 

Haqdan qələm gəlsə belə,

Öz bəxtini özün yazsan,

Yüz çalxalan, min dalğalan,

Sınma, sınsan yapışmazsan,

İndi vaxtın o vaxtıdır!

 

Bunu M.Araz dedi, amma gözəl dedi, yaşayaraq dedi, dünya boyda haqsızlıq gördü bəşəri şair. Özünü yazdı bu yazısı ilə, iztirabını anlatdı... amma gözəl anlatdı, gözəl yazdı türk sevdalı, sufi filosof!

...Yol gedirəm, mən dəli, bu yol dəli...bu dəli sözü böyük insanlıqdan, amaldan, əqidə ruh insanından xəbər verir Rüstəm müəllim. Mənimlə, yəqin razılaşarsınız, sizə müəllim deyə müraciətimdən. Nədən ki, ən zərif, ən gözəl, ən uca müraciətdir bu müqəddəs kəlam: Müəllim! Və möhkəmlik, qətiyyət süzülən bir yolgöstərici, uğurlarımız müəllimlərimizlə bağlı oldu Müəllimim! Bu gün isə Behrudi kimi Türk-Turan-Şaman yolçusu mənəviyyat İnsanımız - Adamımız. Yaradıcı dünyan nədən belə doğmadı, dediklərinin, yazdıqlarının sədasını, həyəcanını duyuram köksümdə, qəlbimdə. Neçə- neçə minillik kökümüzdür bizləri sahilsiz ümmanlarda dünyanı pisliklərdən qoruyacaq gəmilər gözləyən, gözəgörünməz torpaqların dərin qatlarına öz rişələrini güclü halqalarla bağlayan qol-budaqlar bizimdir, qədimdən- qədim, əskidən-əski türk soyu, köküdür bizlərin ruhu ilə, geni ilə axan müdriklik, liderlik və cahanı xilas arzuları! Avropa hunlarından tutmuş, Altaylaradək, Göytürk xaqanlığı - qırx əsrlik tarixə hökmran olan türklər! Sən əsir ola bilməzsən, sən hər zaman savaşçı oldun, başçı oldun, Anan - Vətənin qarşısında baş əydin, amma düşmən qarşısında boyun əymədin!

Mənə üz tut, yurda ocaq qurana,

"Turan" deyib Bozqurd kimi durana.

Sonun yoxdu, çevrilməsən Turana,

                                    Vətən!

 

Mən bu torpağı görərkən, anladım ki, M.Araz niyə şair olub, R.Behrudini isə anlamaq deyil, pərəstiş etmək lazım. Və onu da anladım ki, Behrudi nədən belə "dəli" olub!

Və bizləri birləşdirən, axıb gələn bu ruh nə? Adı nə, ünvanı nə? Bu ruh minilliklərlə kökümüzə - kötüyümüzə enişdir. Və bu eniş həm də göyün yeddinci qatına ucalmaq - uçmaq üçündür, ucalışdır!

 

Vətən nə Türkiyədir türklərə, nə də Türkistan,

Vətən böyük və müəbbət bir ölkədir Turan!

 

Və daha bir haşiyə: uzun zamanlardan özümə verdiyim sual - Kiməm mən? Cavabı əslində bilirdim, siz - Rüstəm Behrudi, mənim kimliyimə daha bir möhür vurdunuz:

 

Mən bu ömrü yeyə-yeyə bitirdim,

Nəyim vardı, unutdum,

Kimim vardı, itirdim...

 

Bəlkə də kimlərsə səni itirdi, əvəzində köksündə əqidə, amal gəzdirənlər səni sevdilər, səni tapdılar.

Bəlkə elə bu yazı "Fəlsəfi düşüncələr" adlansın, onun müəllifi isə sadəcə, bu yaradıcı insanın Türk adlı böyüklüyünə vurğun bir kimsədir, vəssalam. Yaradıcı insan zamanının qəhrəmanıdır, lakin iddiasız, təmənnasız, alver-siz yaradıcıdan söhbət gedir. Xislət naqissə, qarşıdakı yaradıcı yaradıcı deyil, alverdir. Yollarımızın sonumu, yoxsa, sonsuzluğumu bizi sonda doğma ocaqlara aparır, oralarda dinclikmi var, çox yəqin, bəli. Ulularımızın uyuduğu torpaqlar ... amma qəriblər var ki, öz doğma ocaqlarına heç nə ilə ulaşa bilmirlər. Lakin Tanrının nə yapacağını, nələr bəxş edəcəyini kim bilə bilər!

Məkkəsiylə, Mədinəsi ulu Altay olan gəlsin!

Vətən elə Vətəndi, Behrudinin Vətən sevgisi, ruh aləmi ayrı bir yanğıdı, ayrı bir atəşdi, oddu, alovdu, beləsini görmədiniz, görsəniz, ancaq Rüstəm Behrudidə gördünüz, demək!

P.S. Heç bir zaman unutmadım ki, "cocuqlardan təbəssümü, pişiklərdən hüzuru, köpəklərdən isə sədaqət və dostluğu öyrəndim" , amma bir yanlış var bu fikirlərdə, ilkin bizə genimiz - qan yaddaşımız, soyumuz verir bu gözəl dəyərləri, duyğuları.              

 

Amma bəs İnsan - onlardan nə öyrəndin... öyrənmədim, şahidi oldum, xəyanət, satqınlıq, tamah, paxıllıq, kiminsə xoşbəxtliyini, fərəhini, sevincini çəkə bilməmək...

Və unutma... heç bir kimsə üçün ölmə, heç bir kimsə üçün yanma. Ən böyük sevgim Vətənim oldu, ata-anam oldu. Göylərdən gəldiyinə inandığım oğlum-qızım oldu. Öncəsi özümün Göylərdən gəldiyimi bilirdim.

Bilmədim, hansı şeirinə, yaradıcı ruhunun hansı incəliyinə üz tutam ki, biri o birindən qəhredici, düşündürücü... Siz sözsüz ki, Göylərdən gəldiniz!

Onsuz da çıxıb getməyə qurulub bütün saatlar...

Sizin vasitənizlə dedim özümü, sözlərimi, təkcə vəsf etmədim, olduğunuz kimi gördüm sizi!

Yaradıcı ruhunuz daim var olsun, Söz adlı köhlən atın yüyrək olsun, Adam!

Doğum günün qutlu olsun, bəy Adam, əfəndi Adam!

Şəxsiyyətinizə, yaradıcı dünyanıza ehtiram və məhəbbətlə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!