Cavanşir YUSİFLİ
Dünyada yəqin ki, ən geniş tədqiqatlar kiçik həcmli bədii mətnlər haqqındadır. Bunun ən ümdə səbəblərindən biri adı keçən janrın, yəni hekayənin sirli-sehrli (nağıllardan gələn) dünyası, poetik sistemindəki bütövlük və insan ruhunu oyadan nəsnələrdir. Bu nəsnələrin sayı çox möhtəşəm bir hekayə mətnini oxuduğun zaman bitib-tükənmir. Bu mənada əslində hekayələr romanlardan daha böyük ərazini tutur. Mirzə Cəlilin və Haqverdiyevin hekayələrini oxuduyanda (məsələn, "Bəlkə də qauyatdılar", Haqverdiyevin "Bomba", "Marallarım" və sair) bu ərazi sərhəd boyunca gözlərin önündə uzandıqca uzanır, qapanmır, sən mütaliəni dayandırsan belə (buna məhkumsan) o atmosfer və hava daim olmasa da həyatın müəyyən məqamlarında yadına düşür, indi keçirdiyin hislərlə qaynayıb-qarışaraq yeni "sərhədlər" qazanır, yeni sərhədlər cızır, yeni koordinatları müəyyənləşdirir. Bu mənada hekayənin necə başlaması və necə bitməsi araşdırılmaslı məsələdir.
Anekdotda gözlənilən effekti əldə edə bilmək üçün hadisələr bir-brinə necə bağlanırsa, hekayədə də bu prinsip bir az başqa formada gözlənir. Bir təcrübənin iki kəskin effekti: hadisələrin bir-birinə dayanmadan sıx və daha sıx sarılması, təhkiyədə daxili dinamikanın artması və təsvir momenti (yəni təsvirin ən kəskin məqamalrının qeydə alınması, sanki dünya ancaq bu məqamlar üstündə dövr edir.) Sarılmanın yaratdığı kəskin dinamika, sürət... bir də, xəyalına gətirə bilməyəcəyin kəskin dönüşlər... Sferanın bu şəkildə kəskinləşməsi səni oxu zamanı gözlənilən mənaların sırasından xilas edir. Heç nə olmayacaq dediyin anların birində yuxarıdakı proseslərin yaratdığı "qısaqapanma" effekti yüngül təmasla ruhuna toxunur...
Coys Kerol Outs da hekayələrdən bəhs edərkən belə bir maraqlı aspektə toxunur: "Hekayə bir xəbərdə, yaxud bir anekdotda olduğu kimi hadisələrin təkcə bir-birinə bağlanmasından yox, hadisələr vasitəsi ilə mənaların qüvvətlənməsindən əmələ gəlir. İlk baxışdan statik görünən personajın düşüncə dinamikasından əmələ gələn süjet tamamilə içə yönəlmiş ola bilir."
Gənc nasirlərimizdən Əli Zərbəlinin "Ürəkbulanma" hekayəsi nə qədər dəhşətli olaydan bəhs etsə də adi, həm də gündəlik əhvalatın nəqlidir. Bu hadisə hər gün hər kəsin başına gələ bilər.
Bütün hekayələr, o cümlədən Əlinin hekayəsi axıb gedən, davam edən həyatın bir fraqmentindən başlayır. İxtiyaridirmi bu fraqment: həm hə, həm də yox. Hə- həyat adlı nəhrdən əlini uzadıb nə götürsən ixtiyari olacaq. Yox - bu dünyada və xüsusən təhkiyə dünyasında heç nə təsadüfi olmur. Rabitəsizlik, ixtiyarilik, böyük bir nəhrdən zərrə boyda parçanın alınması məna kontekstləri yaradır..
Dünya ədəbiyyatına baxın - çeşid-çeşid hekayələrə - ilk cümlə bu adilik stixiyasını elə bir "lisanda" təqdim edir ki, təhkiyə boyu bu, janrın "dilinə" çevrilir. Adilikdən daha sonra kəskin, həyatın ən son, ən gərgin sərhəddi nişan verilir.
Amma həmin istənilən nötqə bütün hadisələr və hekayənin janr koordinatları üçün müəyyənləşdirici rol oynayır. Hekayədə Emil öz ad gününə tələsir. Yolda dəhşətli tıxac var. Niyyəti nədir - uşaqlıq dostları və iş yoldaşları ilə oturub keflənmək, iyirmi doqquz yaşın sərhəddini sərxoş halda keçmək. Amma yolda tıxac açılana yaxın məlum olur ki, iki avtomobil qabaq-qabağa toqquşub, hər iki sürücü ölüb. Həm də xıncım-xıncım olaraq. Bədənlər parçalanıb, beyin dağılıb. Adi, bəlkə hər gün baş verən hadisələrdəndir. Mənzərəsə ürəkbulandırmaq səviyyəsində dəhşətdir. Əsəblərin nə qədər möhkəm olur-olsun bu insan mənzərələrini görüb sakit olmaq çox çətindir. Qəza. Qəribədir: həm baxa bilmirsən, çünki sənin o dəhşətdən ürəyin qopa bilər, başın çatlayar, həm məcburən irəli getməli olursan. Bu nöqtə hər şeyi dəyişdirir. Hekayənin mənasını, təqdim etdiyi mənanı səciyyələndirən cümlə: "Yuxuya getməyi çox çəkmədi. Ayılanda isə qonaq otağından hələ də musiqi və gülüş səsləri gəlirdi. Ona elə gəldi ki, yatmamışdan əvvəl həyat haqda nəsə çox vacib, həlledici bir qənaətə gəlmişdi. Gözlərini qaranlığa zilləyib nə qədər fikirləşsə də, bu qənaətin nə olduğunu xatırlaya bilmədi."
İlk cümlə həmişə silinib gedir - hadisələr burulğanında. Təhkiyənin məntiqi bunu kərratla tələb edir.
Son cümlə başlanğıcdır, keçiddir - rasional olanla irrasional olanın arasındakı sonsuz əraziyə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!