Kənan HACI
Vergül deyib keçməyək, vergülün cümlədə yeri o qədər əhəmiyyətlidir ki, onsuz mənaların düzəni itə bilər, fikir bambaşqa bir anlamlar qazana, inersiyaya məruz qala bilər. Elə məqam ola bilər ki, vergül olmasa, fəlakət baş verər. Vergülün istifadə olunduğu məqamlar da kifayət qədər çeşidlidir. O, uzun cümlələri başa düşülən etmək üçün faydalıdır. Gərəksiz qoyulan vergül də yazının ahəngini pozur və pinti dilə səbəb olur. Türklər demiş, vergülün azı qərar, çoxu zərərdir. Yazı-pozu işiylə içli-dişli olanlar, cümlə qurmanın sancısını çəkənlər vergülün dəyərini yaxşı bilirlər.
Türk ədəbiyyatında vergülün haqqını verən, onu ucaldan qələmlərin başında Ülkü Tamer gəlir. Yazılarında və şeirlərində vergülə önəm verən şair "Şeir üzərində dağınıq düşüncələr" essesində yazır: "Vergül durğu işarələrinin ən təvazökarıdır. Öyünməyi və hər fürsətdə özünü göstərməyi sevməyənlərin simvoludur". Ülkü Tanerin vergül sevgisi o qədər güclüdür ki, 1965-ci ildə çap olunmuş dördüncü şeir kitabının adını "Vergülün başından keçənlər" qoyub. Şairin vergülə o qədər məhəbbəti var ki, nöqtə onu qısqanır. Nöqtənin acığına bir şeirini vergüllə bitirir: /Sana nişan takmadım/ çünki bu şiirim vergülle bitecek/.
"Vergülün qılıncı" şeirində fikirlərini bu cür ifadə edir:
Nədir bu təlaşınız, qorxmayın, uşaqlar,
Sonda o vaşaq öz cəzasın alar.
Beləcə çığırsanız, beynim qarışar,
Vergül özünü yetirər, burda Ülkü Tamer var.
Vergülün başından keçənlər əslində hər birimizin başından keçənlərdir. Ülkü Tamerin adını çəkdiyimiz kitabında vergül simvol olaraq düşünülüb. Vergüllə həyatın kəsişmə nöqtələri arasında boşluqlar buraxmanın, o boşluqları hər kəsin öz diliylə, gözüylə doldurmasının hekayəsidir bu kitab.
Kim bilir, vergülün başından daha nələr keçib?! Bunu da Ülkü Tamerdən soruşmaq lazımdır. Türk şairi və yazarı Attila Aşut bu mövzudakı yazısında qeyd edir ki, vergülün yazıdakı önəmini çarpıcı biçimdə anlatmaq üçün bu klassik cümləyə nəzər salmaq kifayət edir: "Oxu atan kimi eşşək olma". Oxu sözündən sonra vergül qoysaq, qarşımızdakı adamın atasını təhqir etmiş oluruq. Vergülü "atan kimi"dən sonra qoysaq, bu dəfə cümlə bambaşqa bir anlama bürünür: "Atan kimi oxu ki, eşşək olmayasan". Vergülün bu qəbil şıltaqlıqları da var.
Ülkü Tamer İkinci Yeni şeir cərəyanının ən önəmli təmsilçilərindən idi. Belə demək mümkünsə, İkinci Yeninin vergülü idi. İstedadının gücü ona təkcə şeir yazmaqla kifayətlənməməyi diktə edirdi. Esselər, hekayələr, dram əsərləri də yazdı. Tamerin tamaşalı şeirləri zamanın sınağından çıxdı və ona türk poeziyasının müəzzəm imzaları sırasında əbədi yer qazandırdı. Onun şeirləri özündən sonra gələcək yeni nəsillər üçün yazılmışdı. İlk dəfə 1959-cu ildə "Konuşma" adlı şeiri ilə türk poeziyasında fırtına əsdirən Tamerin haqqını oxucuları da tezliklə verdi.
Aman, özünü asmış yüz kiloluq zənci,
gecə düşmüş, səs-səmir gəlmir hindən,
mən olsam, utanaram,
bu necə tələbə?
Dərsini bilməmək bir yana,
Üstəlik, hamıdan şişman.
Yaxşı nişan alırdı özünü asan zənci,
Pivə içməz, elə hey ağlayardı,
atası dəyirmançı...
Sizdən yaxşı olmasın, boşanmada birinci...
Ürəyim sıxılır, istərsən,
bir quş ovlayım səninçün...
Təhsil almaq üçün İstanbula, Robert Kollecinə yollanan Tamerdə kinoya sonsuz həvəs bu illərdə yaranır. "Yaşamaq xatırlamaqdır"da uzun-uzadı anlatdığı Naqib Əlinin sineması həyatının dönüm nöqtələrindən birinə çevrilir və kinodan bir daha qopmayacaq bağ beləcə yaranır. Tamerin uşaqlığından qaynaqlanan kino sevgisi və kino sayəsində Naqib Əli ilə qurduğu dostluq əlaqələri kiçik bir italyan qəsəbəsində yaşayan Toto adlı bir uşaqla kənd klubunda kinomexanik işləyən məsum bir oğlanın dostluğuna bənzəyir. Hansı ki, bu dostluq sonralar onların iş birliyi qurmasına, "Sinema Paradizi" prodakşnın yaranmasına səbəb olmuşdu. Tamerin kino ilə təması bununla məhdudlaşmadı. O, 1988-ci ildə Zülfü Livanelinin "Sis" filmində və ötən illərin önəmli dizilərindən biri olan "Yad kürəkən"də maraqlı obrazlarla izləyicilərin qarşısına çıxır.
Tamerin teatr fəaliyyəti də ayrıca bir söhbətin mövzusudur. Hələ Robert Kollecində təhsil alarkən, tələbə yoldaşı Genco Erkal ilə birlikdə Şekspirin və bir neçə klassik dünya dramaturqlarının pyeslərini türk dilinə tərcümə edir. Lorkanın, Edqar Ponun, Heminqueyin, Uilyam Batler Yeytsin bir sıra əsərlərini də türk dilinə çevirir. Aktyorluqda özünü sınayır. Haldun Tanerin "Kaşanlı Əli dastanı"nın ilk səhnələrində rol alır. Tamerin aktyor karyerası beş illə yekunlaşır. Onun həyatını nöqtə deyil, vergüllər müşayiət edir. Tamerin şeirlərindəki fərqli üslubu ona həm İkinci Yeni içərisində, həm də ümumən şeirimizdə özəl yer qazandırdı. Tamer düşünürdü ki, şeir öz oxucularını itirmir, yeni oxucu nəsli yaranır və bu nəslin də öz şairləri yetişməlidir. Zaman Tameri haqlı çıxartdı. Onun türk şeirinə gətirdiyi yeni nəfəs və anlatım tərzi yeni şeir oxucuları tərəfindən sevildi.
Ülkü Tamer təkcə İkinci Yeninin şeir anlayışını qəbul etməyənlərə qarşı mücadilə aparmaqla yetinməmiş, bu axının öndə gələn şairləri ilə uzun illər dostluq etmişdir.
İkinci Yeninin manifestini və şeir anlayışını oxuculara çatdırmaq üçün bir dərgiyə ehtiyac vardı. Bu səbəbdən, Cemal Sürəyya və Tomris Uyarla birlikdə "Papirus" dərgisini yaratmışdılar. Tomris Uyarla ailə həyatı qurmuşdular və bu ailənin ömrü çox qısa sürmüşdü. Tomris Uyar hekayə ustası idi və ömrünün sonuna qədər bu janra sadiq qaldı. Sonralar həyatını türk şeirinin ünlü isimlərindən olan Turğun Uyarla bağladı. Cemal Süreyya da, Edip Cansevər də onu sevmişdi. Amma o, Turğut Uyarı seçdi. Ülkü Tamer isə yaradıcılıq axtarışlarında idi. Uğursuz ailə həyatı onun yaradıcı düşüncəsinə nə dərəcədə təsir edə bilmişdi? Bu suala cavabı şeirlərində axtarmaq lazım gəlir:
Bana çiçek gönderme
Bir kus ağacı gönder
Dallarında gezinsin
Kül rengi güvercinler...
Ülkü Tamer sözlərin şeirdə düzülüşü baxımından modern türk şeirində bənzərsiz bir yerə sahibdir. Halbuki o, peşəkarlıqdan daha çox, həvəskar coşqusu ilə çalışmış və ömrünü yalnız şeirə deyil, tərcümələrə, uşaq ədəbiyyatına, teatra, kinoya həsr edərək sənətin üfüqlərini genişləndirməyə çalışmışdır.
Vergül bir ömür boyu Ülkü Tameri təqib edib...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!