Musa Yaqubun şair obrazı - Allahverdi Eminov yazır

Musa Yaqub bizdən ilbəil uzaqlaşır, bu, həyatın dönməz qanunudur, amma poeziyası bizə daha çox yaxınlaşır. Çün o, həmişə dağlara, meşələrə, dərələrə üz tutubdur:

 

O nədir, üfüqə qar düşüb elə,

Bir cüna göylərdən asılı qalıb.

Girib ünsiyyətə qaranlıq ilə

Dərələr ucalıb, zirvə alçalıb.

Kahalar ətrafa qaranlıq ələr,

Dağlar çox qəribə olur gecələr...

 

Şeir 1969-cu ildə yazılıb, 55 il əvvəl. Üstündən adlayan illəri xatırlamaq istəməzdim, elə sürətlə ötdü ki! Vətən sevgisi isə qocalmadı, onu yaşamağa, şeir yazmağa səslədi. Üzünü Vətənə tutdu və yazdı:

 

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki mən -

Çürüyüm, bir ovuc torpağın olum!

 

Bu, poetik etiraf idi və onu doğma Buynuz kəndinə səsləyirdi, şəhərə aparan yollar geri qayıtdı, arzu-istəyi daxili inamına çevrildi, "Damla", "Qış lövhələri", "Lələ", "Güllə gəzdirən maral" şeirlərini qələmə aldı.

 

Yatar sıx meşələr, səssiz-səmirsiz,

Yatar qoca palıd qol-budağıyla.

Alçaq budaqlarda salxımlanıb buz,

Yatar ağacların son yarpağıyla.

 

Musa Yaqub ata itkisinə elə acıyır ki! Bu yoxluğa dəfələrlə qayıtmışdır. "Atamın xatirəsinə" şeirini bir daha oxudum və özümü saxlaya bilmədim, onsuz da payıza gedirəm. Mən əsərdən təsirlənib ağlamaqda qəbahət görmürəm. Axı, şairlər, yazıçılar əsərləri üzərində göz yaşı tökmüşlər. Məşhur rus yazıçısı A.Kuprin "Süleyman daşlı qolbaq" hekayəsinin əlyazması üstə ağlamış və azca sakitləşmişdir.

 

...Atamın boz pencəyinə

qar yağırdı.

Samanlığın qapısında

düşüb qalan

Dəryazının əlcəyinə

qar yağırdı.

Orağının dəstəyi də

dönüb buza,

Qar yağırdı ruzumuza.

 

Musa Yaqub şeiri atasının vəfatından çox sonra yazsa da, inanmıram, ağlamasın...

Başqa şairlərdən fərqli olaraq Musa Yaqub Allahlıq iddiasına düşmədi, çün Allah özü yaradan qüvvədir, eləcə də İnsan. Musa Yaqub deyirdi ki, insanlar Allah qədər səxavətli olsalar, bizdə heç bir problem yaranmaz. Allah bizə çox şeyi əta edib: istedad, sevmək, xeyirxahlıq. Naqisliyimiz ondadır, hansı mənəvi-ruhi üstünlüklərə yiyələndiyimizi anlamırıq. Şübhəsiz, yaradıcı adam allahlaşa bilməz. Allah dərgahına yaxınlaşar. Çün şeir yazanda, mən şəxsən, mən olmuram, hər şeydən uzaqlaşıram, şeirlərimi mahnı oxuya-oxuya yazıram. Ürəyim həmin predmetə yaxınlaşır, üzbəüz qalırıq, qoşalaşırıq, lap zərif çiçək olsun!

Musa Yaqub ürəyi dolanda, əzablarını içərisinə çəkəndə şeirə hazır dayanır, axı, şeir ovqatdan doğulduğu üçün hər kəs şeir qələmə ala bilməz, şeir yazanda sevgi günlərinə qayıtmalısan.

 

O hansı bulaqdır gözündən içdim,

İçibən, bir sevda yoluna keçdim?

Guya ki, dünyanı dərk eləmişdim,

Bu sevgi yenidən ayıltdı məni.

 

Bir yaz çəmənin küləyi oldum,

Bir açar qönçənin gərəyi oldum.

O şehli bədənin köynəyi oldum,

Bu sevgi yenidən oyatdı məni.

 

Bahara uzanmış ağac qoluyam,

Alça budağıtək çiçək doluyam.

Təpədən-dırnağa sevda yoluyam,

Bu sevgi yenidən ayıltdı məni.

Musa Yaqub "Dağlar" şeirini yazdı, şairi "ağuşuna çəkdi", hətta "Gözətçi götürün məni", - pıçıldadı, "olum bu günlərin bağbanı", - dedi, "olum zirvələrin sultanı", - yalvardı.

 

Musa, bu yerlərdən uzaq düşmə heç,

Təpə kölgəsində daldalanma, keç.

Arxa da seçəndə dağdan arxa seç,

Ram edər özünə dövranı, dağlar!

 

Şairin "Apar məni bu ümidin dalınca" şeirində sosial motivlər öz yerində, şair narazılığı, nigarançılığı yox deyil, şeirin bədii məziyyətində təmiz, ləkəsiz poetik pafos estetik qavrayışın yolunu açır, sönməz ümid doğurur.

 

O qaranquş yuvası ki, soyuyub,

O çöldəki qərib durna uyuyub,

Könlüm sənin ümidinə çox uyub,

Apar məni bu ümidin dalınca.

O ümid haradadır, görəsən?

Apar məni bu ümidin dalınca,

Kor ocağım yanıb külə dönüncə.

Sən get mənim taleyimin önüncə,

Apar məni bu ümidin dalınca.

 

Şair ümidini söndürmür, baxmayaraq bir sevgi ümidini də ürəyində yaşatmışdır.

Musa Yaqub poeziyasında zahirən nəzərə çarpmayan cəmiyyətdə gedən qlobal proseslərə toxunur: - balacalar - böyüklər, tənhalar - birləşmələr, ölülər - dirilər. İnsanlar təbəqələşirsə, bölünürsə məhvə, ölümə məhkum olurlar, əllər bir-birinə yapışmayanda ayrı-ayrılıqda qırılacaqdır. Qlobal auranı ləkələmək, parçalamaq yaramaz, necə ki, Qarağacların taleyini insanlar yaşaya bilər.

 

Yaşıl taclı ağaclarla

Qarağaclar ölüb gedir,

əyilməyib son nəfəsdə

Quruyurlar ayaqüstə

bu ağaclar.

Bəlkə yaxın olsaydılar,

Arxa durub bir-birinə

qurumazdı

Qarağaclar, qarağaclar.

Şeir o halda həqiqi sənət əsəridir - şairin nar kimi sıxdığı, hər bir dənəsindən süzülən al-qırmızı şirə onun misrasından süzülsün. Misralar şair vücudunun qan damarıdır və bu qan poetik pafosa çevrilir. Şiller yazırdı ki, poetik əsər ümumini ifadə etməlidir, çün, hər bir poetik əsər lirik olmalıdır, əks halda, o, poetik əsər sayıla bilməz, kamil şairdirsə, insani hissləri ifadə etməlidir. Musa Yaqubun poeziyasının təsir əhatəsi dərhal özünü hiss etdirir. "İsgəndər quşlar", "Məni aparma", "Tənhalıq", "Payız", "Buynuza qar yağır" şeirləri bu qəbildəndir.

 

Al Günəş qayaya çilər nur, tökər zər,

Baharda uçarlar bəxtəvər-bəxtəvər.

Bir kimsə bilməz ki, ömür edir nə qədər,

Qartaldan asılı günləri, yaşarlar -

İsgəndər quşları.

 

Bu quşlar gözü toxdur, dağlar da, daşlar da onlar üçün hamardı, beləcə halal yemlərini taparlar, axı, elə iddiaları da yoxdur.

Musa Yaqub şeirində poetik pafos poetik yükün çəkisindən asılıdır və bir-birini şərtləndirir. Şeirlərində Dünya - Kainat, İnsan - Vətəndaş, Torpaq - Vətən, Məhəbbət - Sevgi kimi bəşəri anlayışlar poetik məzmunun predmetləridir. "Dünya", "Tərəzi", "Bir günah sənin, bir günah mənim" və digər şeirləri müxtəlif mövzularda  qələmə alınsa da, insan amili, vətəndaş mövqeyi, torpaq məhəbbəti, intəhasız ömrün yaşantısı, bir sözlə, poetik təfəkkür şairin dünyagörüşünün məhsuluna çevrilir və şeirin predmetini işıqlandırır. Musa Yaqubun "Dünya" adlı unikal şeirini oxucu hər bir ovqatında oxuya bilər. Şeir barədə, istedadlı tənqidçi - ədəbiyyatşünas, professor Vaqif Yusifli maraqlı fikir söyləmişdir: "Dünya şeirində şair diqqəti müxtəlif biçimdə və müxtəlif rəngdə nəzərəçarpan təzadlara yönəldir, yaxşıyla yamanın, həqiqətlə yalanın, mərdliklə namərdliyin, inamla bədbinliyin, işıqla zülmətin yanaşı yaşadığını, bəzən birincilərin qəhətliyini, qıtlığını göstərir, öz daxili yanğısını, dünya üçün məsuliyyət daşıdığını şeirin ümumi ruhuna, ahənginə hopdurur". Həyat materialından irəli gələn, bu gün də abstrakt, həlli qeyri-mümkün insan ömrünün su kimi axıb harayasa getməsini müəllif öz varlığında görür, öz şair obrazını yaradır. Şair "Dünya"nın fəlsəfi konsepsiyasına gəlib çıxır. Mən şeirdə "metafizik"lik axtarmaq istəməzdim, dünyanın təhlilinə vermək cəhdinə varmazdım. Lakin şairin dialektik qanunlardan irəli gələn subyektiv əsaslara müəllifin emosional intellektual münasibətindən yan keçmədim, fikrin bədii fakt üzərində üstünlüyünü vurğulamaya bilməzdim.

 

Qoca dünya bu ünvanlı, bu adlı,

Alıb gedər karxanası kahadı.

Karvanından karvansa bahadı,

Deyən varmı, ol mehmanam, nə deyim?

 

Beləliklə, şair qoca dünyanın fiziki məkanını simvollaşdırır və ideyanın bədii sübutunu əyaniləşdirir, hisslə fikrin harmoniyasını pozmur. Şair nikbin ruh yaşayır, Kainatı - Dünyanı vücudunda duyur, görür və nəhayət, başlanan, uzaqlaşan, yenidən başlanan fəlsəfi "triada"ya gəlib çıxır:

 

Üfüq mənəm, dəniz mənəm, kürrə mənəm,

Dünya keçdim bu karvana görə mən.

Gəlib çıxdım yenə həmən yerə mən,

O, bu yanım, bu, o yanım, nə deyim?!

 

Musa Yaqubun "Xəzanda bir əsim bahar küləyim", "Bu dünyada sevinc də var", "Bir vida nəğməsi" şeirlərində nə yoxdur?! Həyatda ömrünü günahsız yaşamış, təbiətin dağını, ağacını, çiçəyini, çəmənini danışdıra bilən bir şairin həyat eşqi - payız xəzəllərini ovcunda bükən, ayaqlar altına səpələyən Musa Yaqub - belə düşünürəm - yazır:

 

Xəzanda bir əsim bahar küləyim,

Ay mənim ürəyim, payız çiçəyim.

Nə olub, nə görüb, nə açılmısan?

Çöl-bayır saralıb solandan sonra,

Ağaclar lüt-üryan olandan sonra,

Yarpaqlar arxlara dolandan sonra,

Bu sevgi, bu ümid, bu həvəs nədi?

 

Bu həzin, içində vurnuxan eşqmi, sevgimi, məhəbbətmi?

Bütün bu mülahizələrin, reallıqların məhvərində şair Musa Yaqubun poeziyası dayanır, bu poetik dünyada xalq şairinin möhtəşəm obrazı daha əzəmətli görünür. Onun yaradıcılığında ümman sakitliyi, ülvilik payı var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!