XX əsr Azərbaycan ədəbiyyatının incə ruhlu, zərif təbiətli xanım şairlərini gözə alanda, ilk olaraq yadıma Xalq şairi Nigar Rəfibəyli düşür. Gəncliyindən ədəbi mühitdə ulduztək parlayan, sözündə, fikrində qorxmaz, cəsur olan şairin poetik ecazı ilə Azərbaycan ədəbiyyatı tarixinə bəxş etdiyi dəyərli əsərlərini xatırlayıram. Poeziyada açdığı cığır - "Çadra" onun "Dan ulduzu" jurnalında (1928) çap olunmuş nübar şeiri, "Şeirlər" isə (1934) ilk kitabıdır.
Dövrün ədəbi mühitində özünütəsdiq mərhələsindən sonra mətbuatda dərc olunmuş əsərləri şairin müxtəlif vaxtlarda nəşr etdirdiyi "İşıqlı dünyam" (1969), "Günəşdən gənclik istədim" (1974), "Həzin bir axşamda düşərsən yadıma", "Şanlı nəsillərin yadigarısan" (1982), "Zəfər nəğməsi" (1943), "Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən" (1957) kimi kitablarında yer alıb. Və bildiyimə görə, ümumən kitablarının sayı 35-dir. Yəqin ki, əsərləri yayımlandığı vaxtlardan ədəbi mühitin müzakirə mövzusu olmasaydı, oxucuların qəlbinə yol tapmasaydı, Nigar xanım zamanında şairlər arasında qibtə doğuracaq qədər populyarlıq qazanmaz, sevilməzdi.
Yaradıcılığının digər qolu olan tərcümə sahəsində ərsəyə gətirdiyi əsərlər - Məhsəti Gəncəvinin rübailəri, Nizaminin, Nəvainin qəzəlləri, A.S.Puşkindən, M.Y.Lermontov, A.Axmatova, M.Svetayeva, Qərb ədəbiyyatının görkəmli nümayəndələrindən dilimizə çevirdiyi poetik nümunələr N.Rəfibəylinin tərcümə ədəbiyyatında da peşəkar olduğunun bariz göstəricisidir.
***
Nigar Rəfibəylinin şeirlərini oxuyanda qəribə, həm də xoş hisslər keçirir, xəyalımda şairin gəzib-gördüyü yerlərə onun gözləri ilə baxmağa çalışıram. Şairin poetik vəsfləri, ədəbi qəhrəmanları ilə mükalimələrindən duyğulanıram. Çiçəklərin adına yazdığı bahar ətirli şeirlər, ana məhəbbətilə vəsf etdiyi poetik incilər, Nizami, Füzuli ilə söhbətlərində ictimai fikrin reallıq prizmasından sadə, bədii epitetlərlə işlənməsi, dilin rəvanlığı sənətkarlıq baxımından mükəmməllik kəsb edir. Yeri gəlmişkən, Nigar xanımın incə ruhla süslü şeirlərində, ümumən bütün əsərlərində təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik duyğuları, sülh, əmin-amanlıq, azadlıq ideyaları yaradıcılığının leytmotivini təşkil edir.
Qəlbi çiçəklər kimi zərif, incə olan Nigar Rəfibəylinin şeir dilində həzinlik duyuram, ali varlığın təbiətində bahar ovqatı yaradan həzinlik. Bu şeirlər qışın sərt günlərində belə, adama yaz təravəti bəxş edir, könülləri nurlandırır. Güllər həyatımıza yaraşıq verir, rayihəsi ruhumuzu oxşayır. Bir-birilə bəhsə girən çiçəklər, sanki insan qiyafəsində, obrazında bizimlə həmsöhbət olur. Şairin şeirləri insanla təbiət arasında bir harmoniya, duyğusallıq yaradır. Şeirlərin həm də qəribə bir işığı, istiliyi var. Bu işığın cazibəsi adamın könlünü alıb-aparır...
Şairin "Qərənfil" şeirini xatırlayıram. Müəllif bu çiçəyin boyunu elə sevələyir, elə əzizləyir ki, deyirsən bəs, təbiətin ən istəkli canlısı, güllərin şahıdır Qərənfil. Amma incə ruhlu şairin güllərə həsr etdiyi bütün şeirlərində çiçəklərin bənzərsiz vəsfini görəndə anlamışdım ki, Nigar xanım bənövşəni, nərgizi, yasəməni... təbiətin yaratdığı, bitirib-yetirdiyi bütün gülləri sevir. Hər birinin bənzərsiz gözəlliyindən, özünəməxsus zərifliyindən zövq alır, ətrindən, nəfəsindən xoşhal olur, duyğulanır.
Ömrümü güllərə məftun yaşadım,
Gülü, bənövşəni, nərgizi sevdim...
...Ömrümün bəzəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü.
...Çiçəklər aləmi - incə xəyaldır,
Gözəldir, qəşəngdir zanbaq çiçəklər.
Yaxud da:
Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə...
Bu, duyğusal qadın təbiətinə xas olan zəriflikdir, ülfətdir, sevgidir. Həm də sadəcə, vurğunluq deyil, təbiətin yaratdıqlarına olan həzin bir sevgidir. Şairin əksər şeirlərində güllərin, çiçəklərin insan kimi canlı obrazı var. Bu şeirləri oxuduqca poetik zəriflik, əsrarlı sevgilər işıq təki vücuduna saçılır insanın. Ruha dinclik gətirən, vəsfi göz-könül oxşayan, gül ətirli şeirləri kim sevməz ki!
Nigar Rəfibəylinin bir çox şeirlərindən, çoxçeşidli əsərlərindən, sanki gül qoxusu, çiçək rayihəsi duyulur. Şair təbiətə, sanki bu zərif çiçəklərin gözü ilə baxır. Elə həyatı boyu ən böyük istəyi, umacağı da təbiətdən olub. Günəşdən, meşədən, küləkdən, güllərdən, quşlardan, yarpaqdan, dağdan, hətta sısqa bir otdan belə nə istəyibsə, təbiət də bu saf qəlbli, duyğusal şairdən heç nəyini əsirgəməyib: incə şair ruhu, zərif qadın təbiəti, mübarizlik, Vətənə və xalqına sevgi, sədaqət - əsl İnsan ömrü...
Nigar Rəfibəyli "Odlu-alovlu günlər"dən, müharibə mövzusundan da bəhs edib. Gözəl qəlbli şair, ədəbiyyat Adamı düşüncələr sırasında qələmə aldığı şeirlərində müharibəyə gedənləri, cəbhədə döyüşənləri, yaralananları əzizi, doğması kimi vəsf edir. Düşmənə çəpər olan oğulları, əsgərləri sevdiklərinin dili ilə ruhlandırır, bacı kimi, qardaşlarına cəngavərtək döyüşməsini tövsiyə edir, ana yerində öyüd-nəsihət verir. Bu ağır illərdə vətən qızlarının arxa cəbhədə mərdliyindən, qoçaqlığından söz açır, sədaqət və gözəlliyini vəsf edir. Övladın anaya, vətənə məhəbbətindən dil-dil ötür...
Şair səyahətlərində görüb müşahidə etdiklərini qələmə alır, yaxud da xəyalında yaşatdığı qəhrəmanlarını şəhərbəşəhər, kəndbəkənd gəzdirir. "Qürbətdə axşam" olanda vətən haqqında düşüncələrə dalır, qəribsəyir, vətənin acı tüstüsü, sərt küləkləri üçün darıxır. Sərhəddən kənarda gördükləri poetik yaddaşında qərib mahnılar kimi səslənir. "Rahibə"nin geyimi, soluxmuş gözləri, qupquru əlləri onu üşüdür. Məryəm ananın surəti önündə diz çökən Rahibəni qınağa çəkir:
Aç başından qaranı,
Gözündən yaşları sil,
Canlı insan kimi bax,
Qadın kimi danış, gül...
- deyə, onu həyatın qoynuna səsləyir...
"Bəşər oğlu" Nazim Hikmətin əziz xatirəsinə yazılmış elegiyadır. Nigar xanım böyük türk şairinin əbədiyyətə qovuşduğu gündə millətindən asılı olmayaraq, onu yola salan minlərlə insanın kədərini, öz yanğısını, sanki göz yaşı kimi vərəqlərə çiləyir:
Tabutunun başında
Millətləri, xalqları
Qardaş gördüm;
Rus qızının, ərəb şairinin,
Alman kommunistinin
Gözündə yaş gördüm.
Şair anadır, həm də təkcə öz övldlarının deyil, millətin anasıdır - xalqın birliyi, bütövlüyü, xoşbəxtliyi yolunda cəfalara qatlaşan mətin bir ana. Nigar xanım elə dünyaya da ana məhəbbətinin işığı ilə baxır. Onun ən böyük sevgisi qurub-yaradan və yaşadan insanadır. Bu da təbiidir. Axı, dünya insanın varlığı, onun əməlləri, zəhməti ilə gözəldir. Şair harda olur-olsun, vətəndə, ya qürbətdə, qəlbində vətən ağrısı, gözündə yurd həsrəti çəkən insanları düşünür.
Bir udum vətən suyuna,
Bir ovuc vətən torpağına
Həsrət olanları düşünürəm.
Vətəndən ayrı düşüb,
Qürbətdə qalanları düşünürəm.
Şair təbiətdə üzə gülən, gözə, könülə fərəh çiləyən gözəllikləri, dünyanı qəlbinin şəfqəti, nuru ilə işığa qərq edən ana-qadınları vəsf edir, dodaqları elə hey sevgi nəğmələri pıçıldayır... Hərdən mənə elə gəlir ki, Nigar Rəfibəylinin ədəbi yaddaşından süzülən, könlündən pərvazlanan çox poetik düşüncələri hələ doğulmamış, dünyaya gəlməmiş, qəlbindəcə məhv olmuşdur. Belə düşünərkən, yazıçı Anarın Nigar xanım haqqında nə vaxtsa yazdığı bu fikirləri xatırladım: "Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik... Həmişə yanındaydıq, həmişə böyründəydik, həmişə onunlaydıq; öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı".
Əslində mənim gendən-genə duyduğum, hiss etdiklərim də bunlar idi. Macal tapsaydı, ədəbiyyat tariximizə daha zəngin, əvəzsiz ədəbi-mənəvi varidat bəxş edərdi. Mən duyanı, Nigar xanım bir qadın-ana olaraq ailə yükünün məsuliyyətini, cəmiyyətə fayda verəcək övladlar yetişdirməyi yaradıcılığından üstün tutmuşdur. Daha doğrusu, güclü poetik fəhmə malik Nigar xanım, ədəbi incilər yaratmağa qadir olan şair, vətəndaş ailəni ən böyük əsəri sanırdı. Mənəvi övladları da zaman-zaman canı, qanı ilə bağlı olduğu ailənin bətnindən doğulurdu. Şairə gücü, ilhamı verən də gözünün nuru, ilhamının həmişəyaşıl pöhrə-budaqları - sevgili Rəsulu, sevimli balaları idi... Amma bu gün Nigar xanımın ədəbi irsi ilə bütövlükdə tanış olanda bu hünərvər şairin yaradıcılığındakı çoxşaxəlilik məni heyrətə gətirir. Nigar Rəfibəyli həm böyüklər, həm də uşaqlar üçün poetik əsərlər yazan lirik şairdir, tərcüməçidir, publisistdir, özü də bu sahələrin hər birində mükəmməl ədəbiyyat Adamıdır. Elə bütün bunların fonunda bir oxucu kimi şair Nigar xanımı həssas, zərif təbiətli, incə duyuma malik gözəl xatun, əsrarəngiz güllərin, çiçəklərin insana bəxş etdiyi ülvi sevgilərin tərənnümçüsü kimi sevir və xatırlayıram...
1913-cü ildə, yazın son ayı, iyunun 23-də dünyaya gəlib Nigar xanım... Təbiətin bu çağında bağ-bağçalar, yaşıl düzənlər, qayaların kölgəsi, daşların arası rəngbərəng gül-çüçək içində olur. Mənə elə gəlir ki, ilk yazla birgə doğulan bənövşənin, nərgizin, yasəmənin - təbiətin əlvan donlu çiçəklərinin Nigar xanımdan ötrü həmişə gözləri yaşarır. Bu zərif, rayihəli gözəllər gülüzlü şairin vəsflərinin, nazlı oxşamalarının həsrətini çəkir...
Onu da duyuram ki, torpaqdan boy göstərən, güc alan, günəşdən nur içən gül-çiçəklər hər yazda Nigar Rəfibəylini yad edir, ruhunu salama gəlir, həsrətlilər kimi bir-birinə sarılır, öpüşüb-görüşürlər. Mən biləni, həyat nə qədər davam edəcəksə, hər açılan sabahda, hər doğulan baharda, elə bütün fəsillərdə Nigar Rəfibəyli özünün çoxçeşidli əsərləri ilə xalqımız tərəfindən məhəbbətlə yad ediləcək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!