Turan ellərinin söz sənətkarı olan Rüstəm Behrudi bir şeirində deyir:
Ayrılıq sarıb hər şeyi,
Duman çökübdü hər yana.
İndi Allah da oxşayır
Heç bir kəsi olmayana.
Təklif edirəm ki, Rüstəm Behrudinin "Məzarlıqda bitən yovşan" adlı şeirlər kitabının ilk səhifələrindən təsadüfən seçdiyim bu bəndi dönə-dönə oxuyun, əgər oxudunuzsa, düşünün, əgər düşündünüzsə, ilk iki misrada şair nə deyir? Bu iki misranı ayrılığa, həsrətə, darıxmağa aid şeir kimi qiymətləndirmək olar, amma belə deyil, o misraların alt qatı var. Bəlkə də şair özü də bunun fərqində deyil, amma Rüstəm Behrudinin bütün yaradıcılığını oxuyub, ona uzaqdan baxıb təhlil etsək, tamam başqa məna, başqa xətt, başqa istiqamət ortaya çıxacaq. Belə ki, "Ayrılıq sarıb hər şeyi" misrası digər misralar kimi həm dinlərin, həm də elmlərin üzərində deyilmiş bir misradır. Elmlər nə deyir? Deyir ki, bütün enerjilərin cəmi tam enerjidir. Dinlər nə deyir? Deyir ki, biz Onun zərrələriyik, yenidən Ona dönəcəyik. Rüstəm Behrudi də bircə misra ilə bunu demirmi? Hər şeyin canında ayrılıq olduğunu, hər şeyin tam olmadığını qeyd edən şair ikinci misrada bunun səbəbini açıqlayır, bildirir ki, kainatda hər şey yarımçıqdır, yəni ayrılığa düçardır, amma hər adam onu görə bilmir, sanki hər yana duman çöküb, adamlar baxır, amma görmür.
Növbəti iki misrada isə Rüstəm Behrudi bu yarımçıqlığın, bu baxıb görə bilməməyin Allah qatındakı görüntüsünü verir, bildirir ki, Tanrının zərrələri olan insanlar onu görə bilmədikləri üçün Tanrı da təkdir, heç bir kəsi olmayan kimidir. Elə dinlər də bunu deyir, Tanrı təkdir, heç nədən yaranmayıb, heç nədən yoxa çıxa bilməz. Amma burada qu quşunun tükü qədər nazik, hədsiz həssas bir məqam var, türkçülük, turançılıq - deyəndə ağlımıza bu görüntünü gətirək ki, yaşlı və müdrik bir adam, saç-saqqalı ağarmış, əlində bir əsa və uca bir dağ başındadır, onun üzünü yalayıb keçən xəfif küləklər saçlarını yelləyir. O adamın müdrikliyi və ucalığı ilə tənhalığı arasındakı məsafəni düşünün, türkçülüyü təmsil edən o adam yuxarıda izahatını verdiyimiz formada "heç bir kəsi olmayan" Allahın "tənhalığına" oxşayırmı? Əgər oxşarlıq gördünüzsə, demək ki, o həssas məqamı anlaya bildiniz. Elə isə burada bu cümləni demək yerinə düşər: Turan ellərinin söz sənətkarı Rüstəm Behrudinin poeziyasında sanki üzü Tanrıya sarı bir boz qurd ulayır.
Rüstəm Behrudinin digər bir şeirindən bir bəndə nəzər salaq:
Hər şeyi hüznə buraxdım,
Bir balıq misalıyam qumda.
Bağda çiçəklərim öldü,
Balıqlarım akvariumda.
Şair gör, necə dəqiq və gözəl izah edir, deyir ki, mütləq həqiqətə, ilahi eşqə, kainatın harmonik rəqsinə tabe olmasaq, yaşaya bilmərik. Hətta bu gün hər şeyi hüznə buraxsaq, qumun üzərində balıq kimi çırpınacağıq, çünki biz bu günün hüznünü yanlış anladıq, çiçəkləri dağ döşündən toplayıb bir bağa saldıq, balıqları dəryalardan yığıb akvariuma doldurduq, bununla da kainatın harmonik rəqsindən kənarda qaldıq.
Rüstəm Behrudinin bütün şeirlərini bir şeir kimi oxuyub təhlil etsək, görərik ki, şüuraltı hədəf dəyişmir, çünki maya eynidir. Şairin istənilən kitabını götürüb təsadüfi bir səhifədən ikicə misra oxuyuram və görürəm ki, düşüncə məqsədi eynidir. Misal olaraq "Ay gəmi", "Balıqçı, ay balıqçı", "İblis", "Təslim olmaq", "Yer üzü görüş yeri" kimi şeirlərinin adını çəkə bilərəm. Professor Firudin Cəlilov illər öncə belə bir fikir deyib: "Biz iyirminci əsrdən iyirmi birinci əsrə bir şeir apara bilirik, o da Rüstəm Behrudinin "Salam, dar ağacı" şeiridir". Mən bu fikirlə müəyyən qədər razı deyiləm, çünki o şeir onu yazan adamın bütövlük ruhundan doğan misralardır. Eyni ruhdan sözə çevrilən həqiqətlər isə dəyişməzdir. Alma ağacının hansısa bir budağı heyva gətirə bilərmi? - Xeyr. Yəni Rüstəm Behrudinin bütün şeirləri bütün zamanların həqiqətidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!