İnsan mədəniyyətlərinin inkişafında elmi inqilabların rolu qədər incəsənətin elmin tərəqqisinə təsiri vardır. Bu, tarixin bir əlamətidir. Ədəbi əsər dəyərini elmi qaynaqlardan, tarixdən əldə edir. Yazarın uğuru onun əsərlərinin ədəbi və tarixi bütövlük keyfiyyətləri ilə ölçülür. Ta ilk şeirlərindən uğurları ilə tanınan ciddi ədəbiyyatın təmsilçilərindən biri olan Tofiq Nurəlinin böyük bir səmimiyyətlə, sevgi ilə yazdığı şeir kitabları həmişə oxucu rəğbətinə səbəb olubdur. Keçən əsrdə ən oxunaqlı kitab müəlliflərindən biri Tofiq Nurəli olubdur. O, yenə eyni məhəbbət və məsuliyyətlə həyatın, tarixin ən gözəl əsərlərini yaratmaqla məşğuldur. Sevgi dolu ürəkləri fəth edən poetik mətni yazmağa qəmli, nəşəli bir ömür yaşamaq lazımdır. Elə ömür ki, onun rəngbərəng naxışları həmişə canlı və oxunaqlı olsun. O kəslərə ki, biz qələm ustası deyə bilirik, ibtidadan sözün divanəsi olmaq onların alnına yazılıbdır. Söz-sənət divanəliyi mərtəbəsində adıgedən xoş təbli Tofiq Nurəli yaradıcılığı kredoya, prinsip və kriteriyalara istinad edir. Çünki bu ədəbi kursun elmi-nəzəri əsasları möhkəmdir, etibarlıdır. Böyük Füzulinin sözü ilə desək: "Zira ki, elmsiz şeir əsası yox divar olur /Və əsassız divar qayətdə bietibar olur". Dünya elminə vaqif olmaq bədii söz yazmağın bir şərtidir. Tofiq bəy əzəl ixtisası olan, necə deyərlər, bir can həkimliyindən "cəmiyyət həkimliyinə" qədər genişlənən söz adamıdır. Elmin, kültürün, bədii sözün daşıyıcısı olmağa bəlli bir məsafəni, yolu qət etməlisən ki, burada - bu gedişdə şairin təbirincə desək, "hər sevgidən o yana bir tənhalıq başlayır". İntim sevgilər çiçəklənib boy atdıqca onun əhatə dairəsi genişlənir, şairin özünütəcrid imkanları da genişlənir. Eşq iztirabları dünya qəminin tərkib hissəsinə daxil olur. "Ən qəmli şairi mənəm bu yurdun" yazmaq ciddi hadisələrin anonsudur. Böyük kədər və bu kədərin ifadəçisi olmaq böyük tənhalaşmaya səbəb olur. Tofiq Nurəli ədəbiyyatımızn ən tənha nümayəndəsidir. Bu təklənmə sənətin, istedadın tələbidir. Bütün sevgilərin söz-sənət sevgisi qədər genişlənməsi bədii əsər yaratmaq duyğusunu şiddətləndirir. Şairin bundan sonrakı görəvi yeni hisslərin tərənnümçüsü olmaq, yeni layihələrə imza atmaqdır. T.Nurəlinin poetik özünüdərkindəki yeniləşmə görünən, bilinən bir ardıcıllıqla müşahidə edilir. "Bir tonqallıq od çıxır ahıyla sinəsindən" misrasıyla Tofiq Nurəli bir az "yanar canım" söyləmiş Füzuliyə bənzəməyə başlayır. Bu bənzəyişlərin xarakteri dəyişdikcə ədəbi-tarixi bütövlük keyfiyyətləri yaranmağa başlayır. Bu cür bənzəyiş və tendensiyalılıq ədəbiyyat tarixində iz qoymuş sənətkarlara xas əlamətdir. Bədii yaradıcılıqdakı fərqlər də ədəbi köklərdən nəşət tapır və sənətkarın öz fərqli ədəbi irsi ilə qürur duyması yaxşı haldır. Öz tərzi, öz səsi ilə tanınmaq müəllifin ədəbi aləmdə mövqeyini ifadə edir.
"Mən dəqiq bilirəm,
hələ bu səsdən
olmayıb,
olmayıb bu yer üzündə...
Bu misralarda uzun yaradıcılıq yolu keçmiş şairin səmimi etirafı, taleyindən məmnunluğu, imzasına inam və etibarı əks olunubdur. Həmin misraların işləndiyi şeirdə şairin öz səsi, avazı ilə yola çıxmağından və o yolu inamla qət etməyindən danışılır. Şair Tofiq Nurəli hay-küylü əlaqələrdən, nomenklatur istəklərdən kənarda, ədəbi hücrədə qərar tutmuş, səmti, mövqeyi bəlli ədəbiyyat və əbədiyyət yolçusudur. Bu imza həm şəxsi zəmində, həm ədəbi anlamda sevgi və ehtirama layiqdir. Ona görə də bu fərqli "səs"in müəllifi "mən dəqiq bilirəm" deməkdə haqlıdır.
"Mən bir mamont kimi yaşayıram" yazarkən də, şair ədəbi cameədəki durumuna işarə edir və bu misra onun tərcümeyi-halını da qismən ümumiləşdirə bilir. Tünlükdən uzağa çəkilib ədəbiyyatın əlçatmaz ucalıqlarında qərarlaşan Tofiq Nurəli öncə bir neçə misrasını qeyd etdiyimiz "Söz qapısı" şeirində belə yazır:
"Gedim eee, /gedim.., /Gedim o çaylarla qoşa axmağa - /çırpına-çırpına /dərələr boyu /par-par parlamağa /ay işığında.., /oxumağa gedim -/zildən ya pəsdən..."
Yeri gəlmişkən, şairin səs seçimində bariton səsin də tez-tez adı çəkilir. Bu cür səsi olan müğənnilər operada qəhrəman rolunun ifaçıları olurlar. Dünyanın çox məşhur musiqi xadimləri bariton olmuşlar. Şübhəsiz, polifonik "boğaz" quruluşu olan sənətkarların yaratdıqlarına eyni rakursdan nəzər yetirmək yanlışdır. Ona görə ədəbi təhlil zamanı səsləri ayırd etmək vacibdir. Ən vacibi, öz səsi və sözü ilə görünməkdir. Və bu yolda, "bu gecənin canında bir qapı var". Hər gözün görə bilmədiyi qapı.
O, söz qapısıdı! /Tapıb döysəm söz qapısın /Tanrı çıxar qabağıma!../Sonra mənə ölüm yoxdu. /...Düşüb yolların ağına /gedim eee, /gedim..."
Getmək missiyası Tofiq Nurəlidə konseptuallıq təşkil edir. Məsələn, "getmək"lə yanaşı "qayıtmaq" (qayıdış) feilinə də şair tez-tez müraciət edir. Bu, həm də onun ədəbi taleyinin fəlsəfi aspektini müəyyən edir. Getməyin istiqamətləri, zamanı, məzmunu həmin konseptin tərkib hissələridir. "Lap sonda" dərgaha gedib çıxmağa yazarın uzun, çox uzun yaradıcılıq yolu keçməsi lazımdır. "Sənət qapısı" şeirində şairi "dağa-daşa" salan, necə deyərlər, onu dəli-divanə edən səbəblər də göstərilib. Sirli bir gecənin canındakı işığa (ulduzlar, ay işığı, suların parıltısı) səsə boylana-boylana "YOLU" tapmağa çalışır və lap nağıllarda olduğu kimi, qabağına qapı çıxır. Nə varsa, nə olacaqsa, o qapıdan o tərəfdə baş verəsidir. Gərəkdir ki, o qapını döyəsən. Burdan o yana ayrı bir yol başlayır. Söz qapısına üz tutanların yolu uzaq, Tanrı buyruğu, Allah vergisi ilə yola çıxanların aqibəti xeyir olur. Ona görə şair "gedim" nidası üstündə köklənir.
Tofiq Nurəlinin yaradıcılığına bütövlükdə epos təfəkkürü xasdır. Bu cür idrakın yerləşəcəyi ərazi və zamanın ölçüləri olduqca genişdir. Onun sevgi şeirlərinin də qaynağı dastan təfəkkürü ilə bağlıdır. Şərti olaraq adlandıra biləcəyimiz sosial-siyasi lirikası, kənd mövzusu və nəzəri-estetik mündəricəli mətnləri - hər biri dolğun təhkiyə bazasında formalaşır, inkişaf edib lirik-emosional ovqatda bitkinləşir. Bu yol roman yaradıcılığına aparır. Şeirdən romana keçidin uğurlarından geniş danışmaq olar. Əgər "anadangəlmə" nasirin "tərəzisinin" bir gözündə həmişə hekayə varsa, sonradan povest, roman yazan şairlərin epik qaynağı onun təhkiyə ilə "zənginləşdirilmiş" şeir yaradıcılığıdır və onların şeirdən birbaşa iri nəsr əsərlərinə keçid etməsi faktdır. Məsələn, özəyi kənd, daha doğrusu, müəllifin doğulub boya-başa çatdığı el-oba həsrətli, ata-analı günləri anan şeirlərin mayasında şairin öz təbirincə desək, təkcə ağı (melodiya) yox, həm də hər kəsə tanış bilgi və hekayətlər, əlbəttə, bir qədər qəmli-kədərli hekayətlər yer tutur.
"Kəndə gələcəyəm bir gecə yarı
Görəsən, kim yatmış, kimlərdir oyaq...
Mənim gəlişimi bu boyda kənddə
İtimiz biləcək hamıdan qabaq.
Üzümə düşəcək ayın işığı,
Ah, doğma məhəccər, mən indi yadam.
...İtin həşirinə ayaq səsinə
Ağ tuman-köynəkdə çıxacaq atam.
Gözü seçməyəcək - a bala, kimsən?!
(Gör vaxtın əlindən nələr çəkirik)
Səsim çıxmayacaq qəhər əlindən,
Güclə dinəcəyəm: - Mənəm də, Tofiq".
Şirin təsvir və obraz seçimi bu qəmli təhkiyənin uğuruna səbəb olubdur. Açar sözlər, cümlələr: "Gör vaxtın əlindən nələr çəkirik", şeirin başqa bir bəndində "Sonra qırıq-qırıq çağıracaq ki, / "Ay arvad, tez ol dur, uşaq qayıdıb", başqa bir yerdə "...Mən öz günahımı özüm duyuram, / Zaman döyüşündə, bu vaxt köçündə" misraları adamı mütəəssir edir. Qəhər Tofiq bəyin bu silsilədən olan şeirlərinin sanki "yanacaq ehtiyatına çevrilir". Ədəbiyyatımızda ən çox göz yaşlarına malik şairin Tofiq Nurəli olduğunu nəzərə alsaq, onun bədii leksikonu üçün qəhərin "vacibliyi"ni qeyd etmək lazımdır. "Qəbristan yoluyla gedirəm tənha /Min qəhər qurudub göz yaşlarımı".
Bu cür şeirlərdə kədərlə yanaşı, insan ruhunu diri saxlayan həyati əlamətlər var. Ən müasir romanların da hərəkətliliyi qayıdış notları ilə təmin olunur. "Yenə xatirələr çatar dadıma" yazır şair. Xatirəyə boylanış olmasa, insan rahat yaşaya bilməz. "Yaxşı ki dünyada xatirələr var", - yenə T.Nurəli yazır. Ələkbər Salahzadə onun yaradıcılığının bu cəhətini qeyd edib, onu xatirələr şairi adlandırır. "Tofiq lirik şairdir, şeirləri incə lirizm, xəfif həzinliklə aşılanıb. Xatirələr şairidir, daha çox arxaya boylanır, xatirələr işığında düşünməyi, yazmağı sevir... Onun şeirlərində bir payız həzinliyi duyulur, kövrək yarpaq xışıltısı eşidilir. Bütün yazılarında özüdür, sevimlidir, kimsəyə bənzəri yoxdur..." Burada T.Nurəli şeirinin lirik-emosional xarakteri ifadə olunubdur. Bir məsələni qeyd etmək lazımdır ki, bu üslub Tofiq Nurəli yaradıcılığının bir əlamətidir və daha çox onun gənclik illəri ilə bağlıdır. Onun lirikasının sonrakı dövrü yeni mövzularla, yeni obraz və priyomlarla seçilir. Ancaq hər bir halda bu lirikanın hərəkətverici qüvvəsi kənd, təbiət və orada yurd salmış doğma və "yad" insanlardır. Məsələn, şairin ayrı bir yaşantısını diri tutan "Yaşma, gecə və yağış" şeirində onun lirik tablo yaratmaq ustası olduğu daha aydın cizgilərlə bəlli olur:
"Yaşmanın şoran düzü.., /Ulduz yox, gecə yarı... /Yağış yağır axşamdan.., /Gecəni qatar yarır... /Yağış.., gecə... /və qaçır /işıqlı pəncərələr.../Qaçışır şappaşapla /Sanki orda dəcəllər.../Laqeyd-laqeyd uyuyur /Yağış altda Qılızı...
...Tamburda Yetim Eyvaz /Çıxarır son gilizi.../Yatır Xızı dağları /Görünməsə də gözə... /...Gecə.., yağış.., dalğalar - /Darıxmırsan ki, Xəzər?.. /Dünya yoxdur ki yoxdur.., /İndi gedim mən hara?.. /...Bu gecə /qoltuğumda /Sanki sınıq gitara...
Yaşma.., gecə və yağış.., /Lap ağlamaq istədim... /Bu islanmış qatarı /Qucaqlamaq istədim..."
Tofiqin şeirlərində yağışların yağma vaxtı əsasən, gecəyə təsadüf edir. Ritmin, ahəngdarlığın saxlanması, səsin daha aydın eşidilməsi, görünür, vaxtın düzgün müəyyən edilməsindən asılıdır. Burada "yağış", "qatar", "gitara" şairin, ümumən, onun oxucularının ruhunu etizaza gətirən, T.Nurəli şeirinin xarakterini açıb göstərən sözlər kimi çox qiymətlidir. Bu gözəl əsər doğma yurdun (ərazinin) tanış cizgiləri (yer və insan adları) və əlbəttə, qatarların daşıyıb qurtara bilmədiyi dünənli, bu günlü ilıq xatirələrdən mayalanır. Pitoreks (tablo şeir) adlanan belə şeir janrı qərb ədəbiyyatından türk şeirinə, oradan da XX əsr Azərbaycan romantiklərinin, xüsusən, H.Cavidin yaradıcılığına keçmiş və inkişaf etmişdir. Bədii-emosional səciyyəli, tam bir rəsm əsərini xatırladan belə nümunələr Tofiq Nurəlinin yaradıcılığında geniş yer tutur.
Mətnin duyulub qavranılmasında fəhmin, intuisiyanın iştirakı vacibdir. Ağlın eyham və təhlil funksiyaları işə düşürsə, şeirin uğurundan danışmaq olar. Bir misal çəkim: "Qəssab vitrinindəki dana başı /Nəyisə mənə xatırladır... /İçimdə nəsə xırıldayır, /İçimdəki səs xatalıdır, - deyir..." Bu misraları oxuyanda fikir çəkib adamı uzaqlara aparır. Əslində zamanca çox da uzaq olmayan, yaxın ərazidə baş verən savaşlarda başı kəsilən nə qədər adam yada düşür. Xüsusən, L.Tolstoyun təsvirindəki Hacı Muradı, onun xırıltılı başını xatırlamalı olursan. "O başın gözünə baxmaq" frazasında məna bir qədər də aydınlaşır. Həmin şeirdəki "İçimdəki səs xatalıdır" misrası bu kiçik əsərin siyasi motivli olduğunu bildirir. Müəllif şeiri "Kəsik baş" adlandırıb. Burada diqqət yetiriləsi bir məqam var. Vitrindəki, əslində heç bir ilginc maraq doğurmayan kəsilmiş heyvan başı birdən-birə canlanır, mahiyyətini dəyişir, şüuru olmayan canlı vasitəsi ilə şüur faktoru yaranır və yaddaqalan obraza çevrilir.
Ayrı bir nümunəyə baxaq. "Ayğır" şeirində "Cokonda gülüşü" ibarəsi işlədilir. Bu mətnin də profili daxili keçidlərlə müəyyənləşir. Hekayəni andıran təsvirlərin içindən ayrı, yeni bir süjet materialının konturları görünməyə başlayır.
"Oturubdur bir qarı /Çiyələkli təpədə /dincin alır bir hovur. /Dəli olub bir ayğır"
İki hadisə var. Biri "dəli ayğır"la bağlıdır. Qarı da çiyələkli təpədə oturub ətrafı seyr edir, kəpənəklərə, ağaclara, çiçəklərə, alaçıqlara tamaşa edir.
"Anlaşılmaz mehrlə, /Anlaşılmaz həvəslə, /Naməlum bir həsrətlə - /Toz basmış bir həsədlə"
Sözsüz ki, bu arada Kəhərin yaylaq boyunca madyanı qovlamağı da gözündən yayınmır. "Seyr edir təpə üstdən / Yavaşıyan madyanı..."
"...İlıq səslər təpilir /Gümüşü uzaqlara.., /Elə o uzaqlarda /Sanki isinir qanı... /Və Cokonda gülüşüylə /Seyr edir dörd bir yanı"
Belə rəy var ki, məşhur "Mona Liza" əsərinin qəhrəmanı Cokondanın bir gözü gülüş, təbəssüm, bir gözü kədər ifadə edir. Müəllifin sətiraltı fikrini "Cokonda gülüşü" ifadəsi ilə duymaq asan olur. Qarının bir anda o "gümüşü uzaqlara" çəkilib getməyi oxucunu məmnun edir. Çünki o uzaqdan da uzaq, dünəndən də dünən - qarının gəncliyini andırır. Bu keçmişi xatırlamaq üçün kəhərin madyanı ilxıdan ayırıb qovlamağı lazımdır. At, ilxı... və insan ömrü. Obraz dəyişkənliyi baş verir.
"...Çiyələkli təpədə /Oturubdur bir qarı.., /Allanır yavaş-yavaş /Sopsoyuq yanaqları..."
Axırıncı iki misrada keçib getmiş həyatın ilıq hisslərlə xatırlanmasının səbəbi aydınlaşır.
Dilçilik elmindən bilirik ki, söz - tarixi proses nəticəsində mənasını dəyişir, kiçildir, ya genişləndirir. Bu dil-nitq hadisəsi ilə şeir yaradıcılığında da qarşılaşırıq. Mətni dizaynetmə, ideya seçimi, obrazyaratma sahəsində şairin yaşının müxtəlif dövrlərində yeniləşmə gedir. Şair qlobalizmin indiki tələblərinə uyğun öz imkanlarını uğurla genişləndirməyə nail olur. Məsələn, onun "Fantom ağrılar" adlı şeirindəki ağrı motivi dünyanın bütün coğrafi ərazilərinə, müxtəlif tipli sosial və fərdi münasibətlərə şamil oluna bilər. Tibbdə fantom ağrı - əvvəl olub, sonra olmayan bədən üzvünün ağrıdığını hiss etməkdir. Qolunu, qıçını itirən insan elə hiss edir ki, onun qolu, ya qıçı bərk ağrıyır. Olmayan şeyin ağrısı çox kədərləndiricidir. Məsələ burasındadır ki, bəzən T.Nurəlinin bir şeirində önə çıxarılan fikir digər şeirlərində fərqli parametrlər üzrə davam edir və ya təkrar olunur. Məsələn, həmin fantom ağrı "Dərbənd" şeirində tarixi-siyasi kontekstdə baş qaldırır və əsərin predmetinin genişlənməsi nəticəsində fikrin coğrafiyası böyüyür. Mətndaxili və mətnlərarası paralellər, sinonimiya konseptuallaşır.
"Qəlbimdə bir nəğmə dolaşır elə...
Nə vaxt eşitmişəm, yadımdan çıxıb.
Havası başıma vuranda hərdən
Sanki təkərlərim oxundan çıxır.
Ah, necə unutdum mən o nəğməni...
Pəsdən oxunardı; yorğun... bariton.
Onda ruhu vardı bir dağ kəlinin...
Onda ruhu vardı qara barıtın.
Əvvəlki şeirdə ağrı insanın fiziki varlığı boyu yayılır, "Dərbənd"də irimiqyaslı siyasi ağrı və kədər qloballaşır.
...Min ildi səs gəlir Narınqaladan...
O səs qeybə gedir gün çıxa-çıxa...
Deyirlər, o qızdı, belə oxuyur:
- Bir gün su gələcək bu köhnə arxa...
Şeirdə daha sonra igidlərin doğranması metaforundan istifadə edilir və bu misralar nəqərat kimi təkrarlanır. İgidlər doğrandıqca ölkənin torpaqları da bu gündən keçmişə və əksinə, gah kiçilir, gah genişlənir, mübarizənin səngiməz olduğu qənaəti formalaşır.
İlk kitabı "Şehli kəpənəklər"dəki sentimental göz yaşı, kədər sonrakı illərin realist düşüncə və duyğularına qarışır. Bir halda "gecə yastığa yağan", "pəncərələri isladan" yağış" başqa bir məqamda heykəlləri ağladan, adamın içinə axıb, böyük qayğılarla səsləşən yağışa çevrilir.
"Tatarı" şeiri sözün mənasının böyüdülməsi metodu ilə yazılıbdır. Burada metonimik təsvir üsulu seçilibdir. Qamçıya aid edilən bu anlayış qədim tarixdən soraq verir və bir neçə obrazı ehtiva edir.
Hərdən kürəyimə həmin qamçıdan
Enən göy zolaq da xatalı idi...
Qamçı göndən idi...
Dana gönündən...
Qamçının adı da tatarı idi...
Bu, tatarının indiki anlamıdır ki, artıq dilimizdə ümumişlək olmayan sözlər sırasında yer alıbdır. Ancaq örnək kimi bir neçə mənada böyük əhəmiyyət kəsb edir.
Bir gün Qərib müəllim tarix dərsində
Dedi monqol, tatar, hamısı türkdü.
Biz də onlardanıq... böyük kökdənik,
Adımız gələndə dünyalar hürkür...
...Tarix üzün döndərdi bizim də babalardan.
Büküldü yavaş-yavaş o atların dizləri...
Endik böyük səhnədən... əbədi qaldı, lakin
Tarixin kürəyində tatarının izləri...
Deməli, bircə kəlmə söz uzun bir tarix üçün bir növ, fləşkart rolunu icra edir. Mənasını genişləndirən sözün, anlayışın bədii əsər səviyyəsində çözümü informasiyanın ömrünü uzadır. Bu cür qatbaqat sözlər fikri mənalandırmaq, detalları seçib ayırmaq üçün faydalıdır. Eyham, işarə, simvolika Tofiq Nurəlidə sıx-sıx, daha orijinal çalarları ilə nəzəri cəlb edir.
Başqa bir genişlənmə məqamı Tofiq bəyin bütövlükdə yaradıcılıq qayğıları ilə bağlıdır. Onun müsahibələri, elmi-bədii publisistikası, həyatının bir dövründə konkret jurnalist fəaliyyəti, nəhayət, son illərdə qələmə aldığı "Yol" əsərinin nümunəsində konkret nəsr yaradıcılığı kimi dəyərləndirmək mümkündür. Bəzi təhlilçilərin onun "Yol" əsərini roman kimi xarakterizə etməsi təsadüfi deyil. Bəlkə də, kiçik bir zaman aralığı lazım gəlir ki, T.Nurəli öz nəsr əsərlərini ədəbi ictimaiyyətə təqdim etsin. Hansı janrda olur-olsun, onun yaradıcılıq uğurları ədəbiyyatımızın uğurlarıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!