Cavanşir YUSİFLİ
Ədəbi tənqid, əlbəttə, ənənəvi ifadəylə desək, sağlam tənqid yeni dil yaradır, bu dil artıq hər şeyə, bütün naqislik və qüsurlara qarşıdır, bu dil həm də bir görmə cihazıdır, heç nə anlatmayan, bir əhvalatın başından ayağına "sürüşən" mətnlər bu cihazda görünməz, tənqid yüksək ixtisaslı mətnləri təhlil etməklə həmin "əhvalat ehtiraslı" mətnləri gözdən salar, o mətnlərə birbaşa hücum etməyin perspektivsizliyini təsdiqlər.... Bu öz yerində. Yəni, belə şeyləri dərhal unutmaq lazım.
Ağ vərəqə üfüq şəkli çəkək, hər gün, hər saat, hətta çəkməyə karandaş və ağ kağız tapılmasa belə. Sual verək: bədii mətn necə yaranır? Hardan hara... İndi hekayələr yazılır, onlar müzakirəyə çıxarılır. Mənimçün maraqlı olan rəy söyləyən şəxslərin zövqləri olur, estetik baxışı, biliyi, bədii mətnin gözə görünməyən məqamlarını oxuya bilmək səriştəsi... Ən çatışmayan cəhət nədir? Bir çoxu istəyir ki, hekayə adlı janr bir sabit qəlibə sığsın, variasiya, variantlar olmasın. Niyə burda, süjetdə bir neçə xətt var və bunların biri sonadək inkişaf etdirilməyib? Fikrimizcə, süjet deyilən nəsnənin poetikasında tam rəngə, boyaya bulaşmış rəssam fırçası analogiyası var. Hər dəfə əlini, əlindəki fırçanı fırladanda ağ kağızın üstünə damcılar düşər, bir fırlanmadan sonrakı dönmə artıq başqa məqam (zaman-məkan) və əhvalat fraqmentidir. Sizin dediyiniz sabit, birzamanlı, başdan sona inkişaf edən süjet, həm də fabula böyük bir uçqun altında qalan nəsnədir. Müasir, modern hekayəçilik fikrimizcə, bunu tələb edir. Hekayə həcmcə kiçik ola bilər, amma mətləb ixtiyaridir, hekayədə məna qarşısıalınmaz şəkildə yaranır. Yazıçılıq təkcə yazmaq deyil, həm də düşünməkdir, düşünürük ki, bu mövzudan necə vaz keçək, onu necə hekayə libasına salmayaq. Qaçaq, amma kim kimi harda yaxalayır, əsl mətləb heç bu da deyildir.
Yol ayrıcında qalmaq - kitablardan öyrəndiyin süjetqurma prinsipləri əsasında yazmaq, yoxsa, bunları bir kənara buraxıb içindən keçən (fəhm edirsən ki, keçir...) yolu kompozisiya, süjetqurma texnikasına çevirmək. Ürəyindən, ruhundan sızan nəsnənin texnika deyilən şeylə təması bütün hallarda aydın yaz səmasına cızılan ağ xətlər kimi olmalıdır. Yaz səmasındakı ağ xətt insanın, mətn yaradan şəxsin ruhundan qopmuş kimidir, sən ona baxıb özünü "çəkirsən".
Bir mətni oxumaq, bir müəllifin mətnlərini oxumaq iki şeyi: onu tanımaqla onu danmaq aralığından keçir. Yaxınlarda bir qazax yazıçısı sorğusunda təəssüflə demişdi ki, heç bir müasir Azərbaycan yazıçısını tanımır. Ruhən iç-içə xalqların ruhundan çıxan, səmadakı ağ xətlər, şübhəsiz ki, hardasa, hansısa görünməyən tərs bucaqlarda birləşir. Həm yazmaq mahiyyətdə qarşı durmaqdır: oxuduğun və zaman-zaman duyduğun şeylərə qarşı. Ən orijinal şey bütün oxuduqlarından ayrıldığını hiss etdiyin anda meydana gəlir. Yəni, bu təsadüfdə bildiyin hər şeyə qarşısan. Ona görə, əziz nasirlər, çox tənqid olunacaq mətnləri gözləyin. Bu mətnlər keçiddir, böyük ədəbiyyata. Viktor Hüqonun "Səfillər"inin tənqidini yada salın. Bu romanı tənqid eləməyən qalmadı. Amma sonralar "Səfillər" bütün dünya ədəbiyyatının mətləbini necə kardinal şəkildə dəyişdirdi. Dəyişdirə bildi.
Yaxınlarda Samirə Əşrəfin "Divanın altı" hekayəsi kulis.az saytında müzakirə olundu. Müəyyən rəylər ixtisaslı tənqid anlamına gəlirdi. Bədii mətni araşdıra bilmək müəllifə və müəlliflərə çox şey verir. Sual olunur: "Divanın altı" hekayəsini onun uzun ümddətdən sonra daha bir uğuru hesab etmək olarmı? Hər halda hekayə, bədii mətn bir daha, bir daha oxunmağı tələb edir. Və artıq bu bir məziyyətdir - mətnin oxunmaq, incələnmək tələbi ciddi mətləblərdən ən birincisidir. Vaxt var idi, müəllif hekayəsini ad-sanlı bir redaktora verib onu "yaxşılaşdırmaq" istəyridi və elə güman edilirdi, bu komponent - dil mətnin ən azından səksən faiz uğuru deməkdir. Ancaq unudulurdu ki, həmin komponent - dil elə yazı prosesində yaranır. Başqası gəlib sənin yaratdığın cismə can verə bilməz. İndi bu təsəvvür arxada qalıb.
Nəsr mətni, ümumən bədii mətnin bütün komponentlərin ideal gözəllikdə, düzümdə olduğu bir aləm deyildir, əksinə burda həmişə "işıqla qaranlığın/kölgənin" dilləşməsi gedir. Samirənin hekayəsində hər şey qaranlıq, gözlə zəif görünən bir məkandan gün üzünə çıxır və ora əl çatmır, istədiyin şeyi nəyinsə "uzantısıyla" çıxara bilərsən. Samirə nə yazırsa uşaqlığının, yeniyetmə çağlarının yaraları olan illərə, o illərin alt qatlarna gedir. Məlum olur ki, divanın altı da elə nələrinsə altıdır. Ordan çıxmaq, ordan, o sehrli hənirlərdən qurtulmaq mümkün deyildir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!