İki əsrin qovşağının başabaş qırx ilində Azərbaycan xalqının mədəni, ədəbi, mətbu və ictimai həyatının inkişafında müstəsna xidmətləri olan bir şəxsiyyətin 60 yaşı tamam olur - Rəşad Məcid... Laçınlı müdrik el ağsaqqalı Mirhacib Ağanın nəvəsi, Qarabağın ləyaqətli, ziyalı insanlarından olan Müseyib müəllimin oğlu, cümlənin dilini nağıllardakı kimi yüyrək eləsək, yəni bizim Rəşad Məcid altmış ili dizinin altına qoyub yetmişə və daha sonrakı onilliklərə üz tutur.
Yaxşı tanıdığım bu şəxs təmiz, duru qanlı Azərbaycan türküdür, şairdir, unikal, ədəbi-estetik və həyati dəyərə malik hekayənin müəllifi olsa da, o, ikicə nəsr örnəyinə görə nasirdir, "525-ci qəzet" kimi otuz illik bir müddətdə işıq üzü görən, milli mətbuatımızın tarixini zənginləşdirən mətbuat orqanının qurucusu, naşiridir.
Bu hələ azdır, o, bizim zamanımızda deyildiyi kimi, alovlu publisistdir. Niyə belə deyirəm, çünki onun qələmindən çıxan, mətbuatda dərc olunan yüzlərlə esse, analitik yazı, təəssürat və səfər qeydləri, həyat hadisələrindən qidalanan məqalələr silsiləsi öz sətirlərində qlobal mahiyyət daşıyaraq davamlı energetikanı hifz etməklə bərabər, oxucuların qəlbində od-ocaq yandırır, könüllərə hərarət daşıyır.
Jurnalistlər peşə amilinə görə zamanın, vaxtın sifarişinə məhkumdurlar. Uzunömürlü, əhəmiyyətli dəyərlər yaradan jurnalistlərin isə ayrı bir sifarişçisi də var - həm də onlar bir neçədir: ürək, vicdan, haqqın, hüququn pozulmasına dözümsüzlük, dürüstlük, ədalət prinsipi, humanizm, aktuallıq, obyektivlik və sarsılmaz vətən sevgisi, vətəndaşlıq mövqeyi!
Milli mədəni, ədəbi və mətbuat müstəvisində onun əksər hallarda uğurla yekunlaşan çalışmaları, sözün gerçək mənasında, bəlli dövrün mövcud mühitinə töhfələr vermiş və bütün bunlar Azərbaycanda, türk dünyasında, postsovet məkanında mənəviyyat anlamına maraq göstərən hər kəsə bəllidir.
Hiss edirəm ki, öncədən ümumiləşdirmə məni bir qədər irəli atır.
Əslində bunun səbəbi deyilənləri isbat etmək üçün əlimin altında olan istinadların bolluğu və Rəşad müəllimin həyatına, şəxsiyyətinə, yaradıcılığına kifayət qədər vaqif olmağımdır.
***
Yazı masamın üstündə onun qələmindən çıxan on-onbeş civarında kitab və haqqında yazılan məqalə, esse, şeirlərdən ibarət toplular üst-üstədir. "Hələ ki, vaxt var" (1993), "10 sentyabr" (2004), "Əlvida və salam" (2009), "10 sentyabr" (hekayə, bir neçə dildə), "Dəlicəsinə" (2014), "Bir də gəlməyəcək" (2015), "Roman - sevgi şeirləri" (2015), "Bir daha gelmeyecek" (Ankara, 2015), haqqında akademik İsa Həbibbəylinin "Bütün yönləriylə yaradıcı", çoxsaylı müəllif düşüncələrindən ibarət "Xasiyyət xoşbəxti" (2019)... Maraq xatirinə deyim ki, məndə olan bu kitabların hamısı müəllifin avtoqrafı ilədir.
Oxuyub bildiklərimə görə, o, 1964-cü ildə avqust ayının 20-də (doğum şəhadətnaməsində Ağcabədi yazılsa da) ən mötəbər şahidin, anası Yavər xanımın dediyinə görə, Laçın rayonunun Kosalar-Ağoğlan kəndində doğulub. Görünür, yəqin ki, elə belədir, atası Müseyib müəllimin xidməti vəzifəsi, iş yerləri ilə əlaqədar olaraq Rəşad səkkiz il Ağdamda məktəbə gedib, sonra Bakıda riyaziyyat təmayüllü məktəbdə orta təhsili başa vurub, universitetin filologiya fakültəsindən "konkursa düşüb", o biri ili sonralar bütün həyatına və yaradıcılığına istiqamət verən həmin ali məktəbin jurnalistika fakültəsinə qəbul olunub. Səhv etmirəmsə, elə təhsil illərində bu gün Azərbaycanın sevilən yazıçısı, millət vəkili, "525-ci qəzet"lə sözün yaxşı mənasında, uğurla rəqabət aparan "Ədalət" qəzetinin baş yazarı Aqil Abbasın təşəbbüsü ilə "Elm və həyat" jurnalında işə düzəlib.
Gənc yazarın o illərdə ara-sıra görünən imzasıyla yanaşı, onun "Ədalət qəzeti"ndə, "Azərbaycan" ("Həyat") qəzetində redaktor müavini, Azərbaycan Tərcümə Mərkəzində direktor müavini, "Azərmətbuatyayım"da rəis olduğu vaxtları da, "525-ci qəzet"in təsis olunduğu 1992-ci ili də xatırlayıram.
Və elə bil hər şey dünən olub. Və elə bil indinin indisində də onun 21, mənim 30 yaşım var. Biz demək olar ki, hər həftə, iki gündən bir indiki Milli Parkda (Bulvarda) sıralanan fərqli çayxanalarda Aqil Abbasın başçılığıyla ustad, eyni zamanda həmyaş sənətkarlarla (aktyorlar, rəssamlar, müğənnilər, alimlər, oxucular, siyasətə meyil edənlər daxil) bir araya gəlir, sayı bilinməyən "çaynikləri" sümürüb boşaldır, qolumuza güc verib bilyard daşlarını şaqqıldadır, Xəzəri seyr edir, ədəbiyyatdan, sənətdən... danışır, adətən ən sonda cibimizin qüvvəsi çatan həddə hardasa bir qismət çörək kəsməyə tərpənirdik.
Bizə nisbətən, Rəşadın yaşı az olsa da, o, mötəbər insanlarla (Firudin Şuşinski, Vaqif Səmədoğlu, Abbas Abdulla, Aydın Məmmədov, Ramiz Rövşən, Seyran Səxavət, Vidadi Məmmədov, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Firudin Cəlilov, Cəlil Nağıyev, Kamil Vəli, Zakir Fəxri, Mövlud Süleymanlı, Vaqif Cəbrayılzadə, Baba Vəziroğlu, Tahir Aslan, Aqil Abbas, Ağacəfər Həsənli, Mehman Cavadoğlu, Tehran Vəliyev, Fikrət Əhmədov, Pərviz Xosrovoğlu, İlqar Həsənov, Aydın Səlimzadə, Şamxal Rüstəm, Loğman Rəşidzadə... və daha kimlər) həmin o bir neçə masanın birləşdirilməsindən ibarət çay masası ətrafında özünə dinc bir künc tapırdı. Danışmaqdan çox, dinləməyə üstünlük verirdi. Bu, lap yaxşı yadımdadır.
***
Bizim siftə tanışlığımız həmin o möhtəşəm 80-ci illərə dayanr. Dərin tanışlığımız isə 80-ci illərin sonunda, mən "Kommunist" qəzetində çalışanda başladı.
Demokratiya və etiraflar axtarışındaydıq. Sovet rejiminin təzyiqlərinə məruz qalmış insanların üstünə işıq salmaq, bir çoxlarının qəsb edilmiş haqlarını illər ötəndən sonra heç olmasa, təskinlik xatirinə yada salmaq istəyi vardı.
Haqlı olaraq ilk yada düşənlərdən biri o zaman heç bir rəsmi titulu olmayan, amma xalqın qəlbində öz ecazkar səsiylə möhkəm yer eləyən Flora Kərimova oldu.
"Kommunist"ə "Sovet kəndi" qəzetindən gəlmişdim, iqtisadiyyat şöbəsinin müdiri idim. Əslində bu mövzunun mənim redaksiya işimə dəxli yox idi. Di gəl, özümə dəxli vardı, çünki zatən, təbiətən mədəniyyət zümrəsindən idim.
O zaman eləydi, indi də elə qalır.
Uzun sözün qısası, çayxana dostumu (indi müdrik dostum) aradım. Soruşdum ki, Flora xanımı danışdıra bilər? Gözü güldü. Və səhəri gün Rəşad Məcid redaksiyada ağ gül dəstəsi ilə (nədənsə güllərin rəngi yadımda elə qalıb) dahi müğənnini qarşıladı.
Sonda o zamanın gözüylə böyük rezonans doğuran müsahibə qəzetdə dərc olundu. Adı beləydi: "Bağlı qapı açaram". Təbii ki, Rəşad o müsahibəni gənclik şövqü, bir az "ağına-bozuna" baxmadan qələmə almışdı. Müğənninin azad düşüncəsi də əsaslı rol oynamışdı, şəksiz. Əlbəttə, biz yazını mövcud meyarlara uyğun bir qədər ütülədik (burada yadıma bir alleqoriya düşür. Deyir, bir gün bir anac toyuq necə olursa, tonlarla taxıl yığılan anbara yol tapır. Elə buğda tığına çatan kimi, hələ bir dimdik buğda dəni götürməmiş başlayır eşənək atmağa. Qıraqdan baxan anbardar deyir, ay toyuq, qabağında bu qədər arınıb-arıtlanmış dən var, dənlə də, niyə eşənək atırsan? Toyuq deyir: fikir vermə, qardaş, tökülmüşlərim - ayaqlarım eşələməyə öyrəşib). Və bəli, lüzumsuz ixtisar, mətnin üstündə eşənək atmaq sovet mətbuatının ən başlıca səciyyələrindən biriydi.
Az sonra Rəşad müəllim bizim qəzetdə elmlər doktoru, Tərəvəzçilik İnstitutunun direktoru Fəzli Hacıyevdən müsahibə aldı. Yenə də "Bağlı qapı açaram"dan heç də az əks-səda verməyən, A-2 formatda qəzetin tam bir səhifəsini tutan yazı "Göyərtinin göynərtisi" adlanırdı.
İndi baxıram, Rəşad müəllim həmin o yazıların heç birini həm də publisistik əsərlərdən ibarət "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə" kitablarının heç birinə daxil etməyib. Bu düzgün qərardı, sanıram. Çünki onlar zamanın çağırışlarıydı. Ziqzaqlı keçid dövründə cəmiyyətin yoluna işıq tuturdu ki, mənəviyyat və iqtisadiyyat yönlərində hansı və necə əngəllər var və insanlar o məqamları heç olmasa nəzərə alsınlar. Yaxşı ki, bizim Milli Kitabxanamız var və Azərbaycanın ictimai həyatının fərqli dövrlərindən bəhs edən dövri nəşrlər orada qorunur. Həmin fərqli dövrləri araşdıranlar, heç şübhəsiz, öncə xatırlatdığım Rəşad Məcid imzalı məxəzləri də gözdən keçirəcəklər.
Əslində bu tipli xatiratları yazının sonuna saxlamaq istəyirdim. Amma bu gecə vaxtı Mərdəkanda, dostumuz barədə bu yazını qələmə aldığım anlarda həyət işıqlarının nura boyadığı əncir, nar, küknar ağaclarına baxır, hiss edirəm ki, Rəşad Məcidin varlığına təpədən-dırnağa ehtiramla doluyam. O qədər ki, heç bilmirəm, nəyi indi deyim, nəyi sonra? Düşüncələrimin hamısı birdən gəlmək, birdən səslənmək, birdən kağıza köçürülmək istəyir. Yenə də dadıma Rəşad müəllimin sülh adamı olmağı yetişir. Məncə, rahat, fərəhli həyatın düzəni sülhdür! Dünyanın altı-üstünə çevrilirsə, hansı yaradıcılıqdan, hansı sevgi duyğularından, ümumən, hansı insaniyyətdən söhbət gedə bilər? Belə olduğu halda, gərək biz də hər sözün növbəsini öz məqamına tapşıraq.
***
Nəzərə alınmalı ilk düşüncə budur: Rəşad Məcid haqqında bizim bu yazıya qədər kimlər yazıb, nələrdən bəhs ediblər?
Əgər tədqiqat fikriylə ümumən mətbuat nüsxələrini (kitab, jurnal, almanax, toplu, qəzet) vərəqləsək, yaxud internet resurslarına baş vursaq, əhəmiyyətli külliyyatla qarşılaşarıq. Mənsə, öz mülahizələrimi bu dəqiqə, Mərdəkanda həyət işıqlarının nura boyadığı əncir, nar, küknar ağaclarının şahidliyi altında, yazı masamın üstündəki kitablara əsasən qələmə alıram. Onların sayı dörd üstəgəl birdir (Ankarada nəşr olunan "Bir daha gəlməyəcək", Bengü, 2015 kitabını Bakıda işıq üzü görən "Bir də gəlməyəcək" kitabının ekvivalenti saymaq şərti ilə).
Məhz bu dörd kitab əsasında Rəşad Məcidin yaradıcılığına münasibət bildirmək düşüncəsi ortadadırsa, o zaman akademik İsa Həbibbəylinin Rəşad Məcidin yaradıcılığından bəhs edən məxsusi monoqrafiyasını və o əsasda "Bir də gəlməyəcək" toplusunda yer alan "Bütün yönləri ilə yaradıcı" başlıqlı "Ön söz"ü yola davam üçün istinad kimi önə çıxarmaq istərdim.
İsa müəllim sözügedən tədqiqatın lap başlanğıcında yazır ki, Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir və məşğul olduğu bütün yaradıcılıq sahələrində professionaldır.
Akademik daha sonra qeyd etməyi zəruri sayır ki, publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda "525-ci qəzet" səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəşrini uğurla davam etdirmək onun xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir. Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl "yazıçı" sözü deməyi bacarır. Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında onun özünəməxsus görkəmli yeri vardır. R.Məcidin şeirləri mövzu, janr, üslubi yanaşma, bədii təsvir vasitələri ilə bənzərsizdir. İsa müəllim "Bütün yönləri ilə yaradıcı" ədəbi portretində poetik duyğuların estetik təsir gücünü Rəşad Məcidin şeirləri əsasında incələyəndə həyatiliyin, təbiiliyin müstəsna şərtlər olduğunu təsirli cümlələrlə ifadə edir: "Hələ ki vaxt var" kitabından görünür ki, Rəşad Məcid üçün şeir "bir dolu ürəyin püskürmə çağıdır", "dikəlib asfaltı deşən bənövşədir", "sinədə boğmaq olmayan bir qəfil hönkürtü" kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir.
İsa Həbibbəylinin irəli sürdüyü elmi əsası olan bu mülahizələrlə şərikəm. Bu da qeyd olunmağa layiqdir ki, tədqiqatın müəllifi araşdırma axarında Rəşad Məcidin yaradıcılığının həm şair, həm publisist, həm yeni dövrün mətbuat banisi, həm də ədəbiyyat və ictimai xadim baxış bucağından elə dəqiq məqamlara toxunur ki, oxucuya elə gəlir şair-publisist haqqında hansı təyinedici düşüncə varsa, onların hamısı deyilib, yazılıb. "Bütün yönləriylə yaradıcı" ("Bir də gəlməyəcək" kitabı) Ön sözünü oxuyarkən, sözün düzü, milli poeziyamızın ötən əsrin 80-ci illərindən başlayan və bu günümüzə qədər davam edən ədəbiyyat tablosu gözümün önünə gəldi və tam bir arxayınlıqla təsdiqlədim ki, gör bizim poeziya məkanında nə qədər özünəməxsus dəyərli simalar var, Rəşad Məcidlə bərabər onların hər birinin yaradıcılığı məhz İsa Həbibbəylinin "Bütün yönləriylə yaradıcı" əsərindəki mükəmməlliklə təhlil və təqdim olunmağa layiqdir.
Yubilyar dostumuz yaradıcılığının bəhrələri haqqında hansısa tanıtım, təbliğ, araşdırma yazılarına əlahiddə həvəs göstərməsə də, bu mövzuya müraciətlərin kasadlığını da söyləyə bilmərik. Onun əsərləri barədə kimlər söz açmayıb. Yalnız "Xasiyyət xoşbəxti" toplusunda yer alan nüfuzlu imzaların bir qismini xatırladırıq: Kamal Abdulla, Nizami Cəfərov, İrfan Çiftçi, Ramiz Rövşən, İradə Tuncay, Pərvin, Tehran Əlişanoğlu, Kamran Əliyev, Bədirxan Əhmədli, Buludxan Xəlilov, Ənvər Əhməd, Elşən Əlibəyli, Mustafa Çəmənli, Firuzə Nadir, Aysel Əlizadə, Türkan Turan, Şəfəq Nasir, Gülnar Səma, Elnura Cavadzadə, Şahanə Müşfiq, Südabə Sərvi, Elxan Zal, Yaşar Qasımbəyli, bu sətirlərin müəllifi Vaqif Bəhmənli. Bu adlar, bu ədəbi məqalə örnəkləri yalnız öncə adıçəkilən kitablarda yer alanlardır. Halbuki dostumuz haqqında Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, Elçin, Anar, Aqil Abbas, Yaqub Öməroğlu, İmdad Avşar... kimi qüdrətli söz sahiblərinin yazdıqlarını da yada salmaqda haqlıyam. Bu arada türkiyəli mərhum jurnalist, şair, filosof, ədib İrfan Çiftçinin "Dəlicəsinə" kitabının Türkiyə nəşrinə yazdığı "Rəşad Məcidin keçib gəldiyi tunel" adlı Ön sözü xüsusilə vurğulamalıyam. Bu siqlətli araşdırma təkcə kitab müəllifinin deyil, Azərbaycan ziyalılığının, milli ədəbi düşüncəmizin indi qorxunc yuxu kimi təzahür edən mənfur dünyadan, qeyri-humanist mühitdən, başqa sözlə, sovet rejimindən çətin qopuşunu, ictimai-siyasi bətndən gələn ləkələrdən qurtuluşunu yüksək, intellektual səviyyədə və ümumiləşdirmə yoluyla təsvir edir. İrfan Çiftçiyə belə bir qüdrətli əsər yaratmaq imkanını (şansını) yenə də bizim bu yazının qəhrəmanı - Rəşad Məcid vermişdir.
Bu anlamda akademik Nizami Cəfərovun şair-publisist haqqında mülahizələri də yerinə düşür. Nizami müəllim səxavətli və ədalətli ədəbiyyatşünas, həssas təhlilçidir. O bir çox hallarda imzanın siqlətinə fərq qoymadan, hətta boz bir külliyyatda belə orda-burda işaran dəyərləri görür və tam bir səmimiyyətlə təqdim edir. Bəzən onun ədəbiyyatşünas yanaşması səhrada çiçək toplamağa bənzəyir. Yaxşı ədəbi örnəklər isə tənqidçini elə qanadlandırır ki, yazıçının, şairin heç özünün xəbəri olmadığı qiymətli məqamların tərifi üzə çıxır. Uzağa getmirəm, görkəmli alimin məhz qanadlanaraq, kifayət qədər zəngin yaradıcılığa əsasən qələmə aldığı "Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası" əsəri indicə irəli sürdüyüm qənaətin sübutudur.
Nizami müəllim Rəşad Məcidin bütün qatqılardan, qafiyəpərdazlıqdan, şablon ahəngin barmaq sayından, yaxşı və pis olan bütün qəliblərdən uzaq, yalnız ürəyin və poeziya fəlsəfəsinin ritminə uyğun, təbii, doğal şeirlərinə məhz elə yuxarıda sadalanan maddələrə nəzərən diqqət yetirmiş və fərqləndirmişdir ki, Rəşad Məcidin həm yaradıcılığında, həm də geniş ictimai fəaliyyətində nə uğur varsa, Tanrıdan gəlir.
Və əziz qardaşım Nizami Cəfərov ədəbi qeydlərinin lap əvvəlində Rəşad Məcidin poetik dünyasından bir seçməni misal gətirir və mən utanc hissi keçirirəm, ay Allah, nə təhər olub ki, ömür boyu kimin tərəfindən yazıldığının fərqinə varmadan yaxşı sözün dalınca sürünən birisi, yəni mən, Rəşad Məcidin bu şeirinin ecazını bu dərəcədə dərindən hiss etməmişəm?! Hələ bəndlərə, misraların düzümünə baxın. Sizcə, sadə xalq qoşma formasının içində bütöv bir bədiyyat fəlsəfəsinin yaşandığını etiraf etməkdə haqlı deyiləmmi?
Olsun ki şeiri Allah adama
Yaşadıb ömründə tufan, yazdırır.
Birinə "Məsnəvi", birinə "Xəmsə",
Birinə sevgidən roman yazdırır.
...Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz qələmini.
Yaşlı gözlərimin silib nəmini
Oturdub diz üstə, dastan yazdırır.
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard-arda düzülən söz çələngini
Özüm yazmıram ki, yazan yazdırır.
Sözügedən dəyərli əsərdə akademik Nizami Cəfərov məhz şair Rəşad Məcidin yaradıcılığından alınmış poetik örnəklərin təsdiqiylə həm yazıda, həm həyatda qəhrəmanımızın qeyri-adi həssaslığını önə çəkir. Daha sonra şair-publisistin genişplanlı yaradıcı şəxsiyyət olduğunu bəlirləyən digər atributlara işıq salır; bu, yazarın əsərlərinin çoxşaxəliliyi (şeir, hekayə, publisistika, ədəbi tənqid, hətta son zamanlar qələmsiz yazılan əsərlər - V.B.) təbiətinin (və yaradıcılığının) hər cür regionçuluqdan, məhəlləçilikdən uzaq olmağı, həyatı həm yaşam, həm də yaradıcılıq planında zövq mənbəyi olaraq qavramasındadır.
Yazının davamında İradə Tuncayın "Taleyin Rəşada verdiyi ən böyük töhfə müdrik və ağıl olub" cümləsi yer alan "Beş" adlı essesini, akademiyanın müxbir üzvləri Tehran Əlişanoğlunun "525-ci qəzet"in yeni mərhələdə Azərbaycanın ədəbi-bədii düşüncəsinin inkişafında oynadığı roldan, ədəbi gəncliyə mükəmməl qayğıdan bəhs edən "Ədəbi 525" və redaktor Rəşad Məcid üç tezis işığında" analitik-elmi ümumiləşdirməsini, Kamran Əliyevin "Etiraf poeziyası", yaxud Rəşad Məcidin lirik qəhrəmanı", professor Bədirxan Əhmədlinin "Göz yaşının çəkisi" əsərini xatırlatmaq o mənada yerinə düşür ki, Bədirxan müəllim demişkən, "akademik İsa Həbibbəylinin "Bütün yönləriylə yaradıcı" monoqrafik tədqiqatından sonra isə onun haqqında artıq ədəbiyyatşünaslıq ciddi şəkildə məşğul olmağa başlayıb, bu isə şairin, yazıçının, publisistin təkamül yolunun yeni bir mərhələyə çatmasından xəbər verir.
60 yaşının bərəkətini yaşayan görkəmli ədibin həyat və fəaliyyətindən, yaradıcılığının janr və məzmun etibarı ilə fərqli yönlərindən bəhs edən çox sayda məqalələrdən misalların, iqtibasların sayını kifayət qədər artırmaq mümkündür. Həm də bu yalnız bu yazını yazarkən, masamın üzərindəki kitablara istinadla tamamlana bilməz. Ən azı ona görə ki, Rəşad Məcid yalnız "525-ci qəzet"in baş redaktoru deyil, həm də indi milli mətbuatımızın sərvəti sayılan bu nəşrin ən fəal müəlliflərindən biridir. Deməli, dostum haqqında tamlığa yaxın biblioqrafik bir resenziyanın hasilə gəlməsi üçün, başqa mətbuat orqanlarını demirəm, təkcə "525-ci qəzet"in 32 ildə çap olunmuş on minlərlə nüsxəsini vərəqləmək, arxivşünas səriştəsiylə araşdırma aparmaq lazım gələrdi. Bu, bizim arzumuzdu, indilikdə məqsədimiz deyil. Mən bu sətirləri ona görə yazıram ki, şair, publisist, mətbuat xadimi, ədəbi proses təşkilatçısı Rəşad Məcidin 60 illik ədəbi ictimai fəaliyyətinin əhəmiyyəti, tam 40 ili yaradıcılığa həsr olunmuş 60 illik bir ömrün ümummilli dəyəri xalqımız və ədəbi ictimaiyyətimiz tərəfindən yenidən sərf-nəzər edilsin. Eyni zamanda əmin olmaq istədim ki, içindəki böyük nisgilləri, ağrı və sıxıntıları mərdanə bir şəkildə qəlbinin ən dərin qatlarında büküb-bələyərək, həyat yollarından eyzan təbəssümlə, yumorla, ifrat mehribançılıqla ötüb keçən, hər birimizin qəlbinə sirayət edən Rəşad Məcid qoy özü də bilsin, heç olmasa, 60 yaşın içində mənəvi bir rahatlıq, qürur duysun ki, onun varlığı xalqımız üçün ən azı öz ampluasında necə də əziz və qiymətlidir.
***
Əgər şairin ədəbi tərcümeyi-halını, o zamanın diliylə desək, mərkəzi mətbuatda ilk çıxışıyla hesablasaq, onda deyə bilərik ki, Rəşad Məcid Azərbaycanın şeir təsərrüfatına uğurla qədəm qoyub. Ən azı yox, məhz ona görə ki, gənc şairin Hüseyn Arifin uğurlu yoluyla "Azərbaycan gəncləri" qəzetində ilk mübarək imzası görünəndə (1981) onun cəmi-cümlətanı 17 yaşı vardı.
Lakin Allah vergisi daha erkən yaşlardan təzahür edir, bu, birmənalıdır. Deyilənin təsdiqini Rəşad Məcidin özünün 1983-cü ildə seçmələnib nəşriyyata təqdim edilən, illərdən-illərə hansısa redaktorların qovluq rəflərində mürgüləyən və bir də aradan 10 il keçəndən sonra "Mərhəmət" jurnalının əlavəsi olaraq öyrəşdiyimiz "gənc müəllifin ilk kitabı" standartlarından fərqli şəkildə işıq üzü görən şeir qovluğunun "ədəbi taleyində" izləyə bilərik. Daha doğrusu, müəllif daha on il sonra o kitabçanı olduğu kimi "10 sentyabr"a (2004) daxil edərkən bu ağırayaqlı kitaba yazdığı giriş mətndə sözə mübtəla olmağının, şairliyinin "yaşını" belə müəyyən edir:
"İlk şeirimi haçan yazmağım barədə fikirləşəndə özümü yazağzı Ağdamdakı dördmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən evimizin dəmir çərçivəli pəncərəsindən baxan görürəm. O pəncərədən tumurcuqlayan ağaclar görünürdü, bir az uzaqda qarlı dağlar görünürdü. Onda mənim - 8-9 yaşlı uşağın o darısqal evdən həyətə, genişliyə çıxmaq istəyi hədsiziydi. Yadımdadır ki, yaz haqqında, meşə və dağ haqqında olan ilk misralarımı məhz onda qoşmuşdum. Sonralar ara-sıra nəsə yazırdım. Amma indi fikirləşirəm ki, mənim yazmağıma qol-qanad verən təbiət, dağlar, meşələr, çaylar, qayalar indi yağı tapdağı altında qalan torpağımızın bənzərsiz gözəlliyi olub".
Yaşın fərqi yoxdu, şair taleyi elə belə də başlamalıdı, insana darlıqdan xilas olmaq, həyata, təbiətə qaynayıb-qovuşmaq ehtirası sirayət etməlidi. Əgər Rəşad Məcid ətrafında baş verən, Azərbaycan xalqı üçün bəzən varlıq və yoxluq dərəcəsində enib-qalxan, dalğalanan hadisələrə 1980-lərdən 2000-ci illərə qədər çox yox, elə azcana laqeyd qalıb, başını aşağı salaraq şeirini yazsaydı, imkanı da vardı ki, onları silsilələr, yaxud kitablar şəklində çap etdirsin, o zaman Rəşadın külliyyatı zahirən daha sistemli bir halda oxucunun əli altında olardı. Amma o Rəşad Məcid, bizim indi tanıdığımız və olduğu, göründüyü kimi sevdiyimiz Rəşad Məcid olardımı?
Bu şair sanki bütün ədəbi-publisistik varidatını iki daş arasında, qaşla göz arasında hasilə gətirib. Rəşadın şeirlərində ədəbi çağlayışları yönəltməyin adi, sakit, lal təzahürü yoxdur. Onun ədəbi fəallığını çətin də olsa, sıralamağa cəhd edərkən, irəlicədən müəyyənləşdirilməsi mümkün olmayan yaradıcı zəlzələ qırılmalarını, qəfil vulkan püskürmələrini müşahidə edirəm. Bu hal dostumun "Tanrının bəxşişi" adlı şərti dastanında, "Yenə də bahar qayıdır" şərti romanında, "10 sentyabr" hekayəsinin mübhəm bir şəkildə nazil olmağında açıq-aşkar görünür.
Rəşad Məcidin şeir qiraəti səhnə nitqinin peşəkar qaydalarına tabe olmasa da, təsirlidir. Özündən deyil, çox vədə başqa şairlərdən - Bəxtiyar Vahabzadədən, Əli Kərimdən, Nəriman Həsənzadədən, Məmməd Arazdan, Ramiz Rövşəndən, Vaqif Səmədoğludan, Vaqif Bayatlıdan, Eldar Baxışdan, Sücaətdən... ("Yatmıram ki, ağlayıram gecələr!") əsərlər səsləndirir.
Bədgüman deyiləm, "repertuarında" məndən də var, elə ki, hardasa qəfil görüşürük, qardaş istiqanlılığı ilə qoluma girib, "Mən bir gül kolpanı, gül topasıyam, Bəhmənlidə, Həsənqulu oğlu Qəbilin yurdunda", yaxud "Ehey, kim saxlayıb bu səkidə maşını?", yaxud "Kirayədə yaşadığım evlərin darvazası balacaydı, əyildim", - deyə hayqırır... Bu, guya onun mənə zarafatıdı. Əgər, "Ə, bəsdi, camaat eşidir, məni biabır eləmə", - deyib qarşısını almasam, deklamasiya hələ bir müddət də çəkər...
Rəşad Məcid öz şeirlərini də ehtirasla, gözü alacalanaraq oxuyur. Xüsusilə, "Xilaskarım" əsərini. Bu şeirin həyat prototipinin, yəni real predmetinin siqaret olub-olmadığı ədəbi mübahisələr doğurmuşdur. Rəşad elə adamdır ki, dadına baxdığı, uzaq olsun, zəhərsə də, əgər həqiqətən, ziyanlıdırsa, onu digərlərinə rəva bilməz.
Elə bu səbəbdən qəti şəkildə deyirəm ki, "Xilaskarım" şeirinin kontekstindəki siqaret tüstünün, adətgərdəliyin deyil, mühitin insan üzərindəki şiddətinin və bu şiddətə sinə gərən səbrin, çarəsizlikdən çıxış yolunun simvoludur. Şeirdə siqaret sadəcə, tükədilən zərərli bir qida olmayıb, tükənmək, bitmək təhlükəsiylə üzləşənləri xilas edəndir. Təbii ki, o şeiri qələmə alarkən, müəllif mənim və başqalarının mülahizələrinin sonradan necə olacağını ağlının ucundan belə keçirməyib. Amma, kor-kor, gör-gör, şeirdə tənbəki tüstü deyil, son güman, yeri, tutalğacdır, hətta dostdur, arxadır, cismin zəhərlənməyi hesabına olsa belə, ruhu diri saxlamaq vasitəsidir. Xilaskar yalnız gücü bərpa etmir, gücdən düşənə qüvvə verir. O, bəlkə də yeganə pasibandır. Düşüncə zəncirini hörüb uzatmaq olar; qısaca, bu şeirin çağırışı, məncə, ondan ibarətdir ki, ey çevrə, ey insanlar, ətrafınızı nəzərə alın, heç kimi, heç nəyi təntitməyin, mərdi qova-qova namərd eləməyin, bir kimsəni bir büküm siqaret cığarasının içinə soxmayın! Və əgər bu baryerlərin çıxılmazlığı şiddət edirsə, o zaman insanın bir fərd olaraq gümanı gələn hansısa bir çətiri başına ələnən daşların qarşısına tutmaqdan özgə çarəsi qalmır. Əgər qarşısıalınmaz şər qüvvə həmlə edirsə, müdafiə ehtimalı, əks-hücum imkanı məhduddursa, o zaman insanın hansısa bir qaya yarığına, tüstü görünməzliyinə, hətta sərgərdan bulud layları altına sığınmağı da, ən azı şair nəzərindən mümkün və məntiqlidir. "Xilaskarım" şeiri poeziyanın emosional şkalasında qələmə alınıb və bəlkə də birnəfəsə deyilib, oxunub, sözün düzü, mən "dadından vaz keçilməyən" o bəyaz tüstüdə azacıq xalis, çoxillik şərab ətri də hiss etdim.
Şair Rəşad Məcidə yalnız "Xilaskar" xatirinə güzəşt edə bilərəm. Əslində İsa Həbibbəylinin dediyi kimi, Rəşad Məcid ilham və idrakla, qələm və kağızla təkbətək qaldığı hallarda digər yaradıcılara bənzəməyən sətirləri sıralayan, dilə, qələmə gətirdiyi, yalnız özününkü olan bənzərsiz şairdir. Qarışıqlıq düşməsin deyə bu yerdə şeirləri yer alan digər kitablarını dirsəyimlə masamın uzaq küncünə siyirir və büsbütün poetik ruhdan ibarət "Bir də gəlməyəcək" kitabı ilə nəfəs-nəfəsə qalmağa üstünlük verirəm.
Bəri başdan deyim ki, bu poeziya toplusu - Rəşad Məcidin poeziya çələngi - nəğmə buketi son on ildə yalnız onun deyil, ümumən çağdaş poeziyamızın uğurlu məxəzi olmaq şansını qoruyub saxlayır. Məncə, kitabın bel sütununu təşkil edən üç bölmənin - "Tanrının bəxşişi" - dastan, "Yenə də bahar qayıdır" - roman, "Martın biri" - hekayə adlandırılması yalnız tərtibatçı uğuru deyil, dostumuzun yenilik axtarışlarının, yaxud onun hər cəhətdən novator davranışlarının növbəti təzahürüdür.
"On gün", "Bir də gəlməyəcək" ədəbi antologiyanın (ona görə antologiya ki, burada dastan da, roman da, hekayə də, üstəlik, tarixçə irəliki illərə aid, ənənəvi və azadyana şeirlər də var) sıralamaya görə dördüncü şeiridir. Əsəri olduğu kimi köçürürəm:
Əvəz verib düz on gün,
On gün də əvəz verir!
Hisslərini yazmağa
İlahi nəfəs verir.
Yanına qaldırıbdı,
Uca buludlardasan.
Boylan, bir də bax indi,
Anla, bir gör hardasan?
Bu işığın içində
Az zamanın var sənin.
Çox da yuxarı qalxma,
Ruhlar aparar səni.
İlahi qüdrətini,
Bax, göndərir yazmağa.
Cəmi onca günün var
Yüz on şeir yazmağa.
Mənim bəzi şakərlərim var, güman elədim ki, "Tanrının bəxşişi"ndə yəqin yüz on şeir var, rəhmətlik atam demişkən, "prinsipə düşüb" saydım və gördüm ki, "Dastan"dakı şeirlərin sayı yüz on yox, üç o qədərdir. Statistikaya yuvarlanmayaq. Məsələ burasındadır ki, Rəşadın bu ufacıq şeiri say haqqında deyil, vaxt, zaman barəsindədir. O zaman ki, çatmır, o zaman ki, macal adlı bir sinonim ismi də var, səni Allah-təalanın çiyninə qoyduğu şairlik missiyasından cüda salır. Rəşad Məcid "bütün yönləriylə yaradıcı" olduğuna görə, o, həmin şeirin yarandığı zaman kəsiyində poetik duyğularının kağıza köçürülməsini vətəndaşlıq naminə, Seyran Səxavət demiş, qurban tikəsi kimi yeddi yerə bölür.
Rəşad Məcid Azərbaycan poeziyasında, tutalım, belə bir anlamda bənzərsiz şairlərdəndir ki, yalnız pafos və statik ədəbi qaydalar əsasında qurulmuş "mükəmməl" məmulatları ayrı bir şəkildə uçurub dağıdır. Onun şeirlərində ənənəvi, qafiyənin, bölgünün, hecanın, təqdinin gözlənilməz hallarına rast gələ bilərsiniz, amma orada hissin, duyğunun təhrifi gözə dəymir. Həmişə yox, bəzən şeirdə hansısa nəzəri qaydalar pozula, yaxud ikinci dərəcəli ola bilər, təki obrazlı düşüncə, poetik hissiyyat nələrisə ötürmək energetikasını hifz etsin.
İlahi tərəfə yol alacağam,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki Allahım bəxşiş eylədi,
Yaxına gəlməzdi iki il öncə.
Qarşımda yox idi belə ucalıq,
Durub gözləyirdim - gəlir qocalıq.
Çayından ayrılan bu qızıl balıq
Arxına gəlməzdi iki il öncə.
Üzdüm tərs tərəfə, axına deyil,
Baxdım uzaqlara, yaxına deyil.
Gördüm ki, bu xına o xına deyil,
Bu xına gəlməzdi iki il öncə.
Ömrün hər məqamı olmur ki, dərin,
Üzürəm içində neçə dərd-sərin.
Qarşıda yaşanıb görəcəklərim
Ağlıma gəlməzdi iki il öncə.
Poeziya ilə az qala, Rəşadın yaşı qədər ilişgimə əsaslanıb deyirəm ki, bu şeirdə müəyyən misraların daha rəvan və yatımlı olması üçün təshihlər aparıla bilər. Amma bu, boşuna bir təklifdir. Əgər bu və Rəşadın digər şeirlərinə kənar müdaxilə olsa, cərrah tikişlərinin yeri, izləri mütləq qalacaq. Bu mövzuya daha toxunmayacağam. Eləcə "Bir də gəlməyəcək" kitabını tam bir arxayınlıqla vərəqləyib imkan daxilində irəliləmək istəyirəm, yəni poeziyasına, qəlbinə, şairin dünyasına doğru bir qədər də irəliləmək istəyirəm...
Rəşad Məcidin "Dastan" altyazısıyla təqdim etdiyi böyük silsilənin vurub-tutan, qələbə qazanan, məğlubiyyət acısı dadan baş qəhrəmanı - Koroğlusu, Aşıq Qəribi, Tufarqanlısı, Romeosu, Məcnunu, Hamleti sıralanan isimlərdən də göründüyü kimi, sevgidir, məhəbbətdir. Yaddaşım aldatmırsa, şairin şeirlərində bəlkə də ən az işlədilən də elə bu iki söz, qoşa sinonimdir. Onun bu qəbildən olan əsərləri təbiətən qarmaqarışıq eşq duyğularını fərqli sintaksislə, ayrı bir lüğət tərkibiylə anladır. Bunlar, aşiqlik məqamındakı minlərlə sevgi kodlarıdır ki, hələlik onlar adsızdır. Həmin o dilsiz-ağızsız sevgi, heç demə, ən dinc halında belə dibsiz dəryaymış.
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?
Mənim boğazıma çıxan dənizin
Ən dayaz yerində üzə bilərsən?
...Yazmağa nə var ki, sənin halını
Sən mənim halımı yaza bilərsən?
Şairin şeirlərində duyğular, hisslər, həyatla estetik təmas mövzusundan asılı olmayaraq sadə və təbii şəkildə obrazlara, ədəbiyyat faktına çevrilir.
"Yaddaşımı sil" adlı şeirdə şair həqiqi, yüksək eşqə layiq olmaq üçün, sanki qüsl edirmişcəsinə ilahidən iltimas edir ki, onu yenidən yaratsın. Deyir:
İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə,
Məni bilgisayar, ya telefon bil,
Beynimi təzələ, ya format eylə.
Şair bütün varlığının hüceyrələrinə qədər yenilənməsi təmənnasındadı, yalnız bircə şərtlə:
Bircə, taleyimi başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar etmə sən!
Obrazlı istilahın əksini də işləmək olardı, yəni "açarsız kilid". Hər iki halda məna dəyişmir. Fərd çarə axtarır, bir-birinə uyğun ya açar, ya qıfıl ortada yoxsa, deməli, ortada olan çıxılmazlıqdır, məhdudiyyətdir, girişin və çıxışın yoxluğudur. Şairin fərdiyyəti burasındadır ki, o kilidi (əlbəttə, bir məcaz olaraq) iri plana çəkir. Kilid yoxsa, açar nəyə gərək? Allah kilidi də, açarı da qəhr etsin, deyirəm! Amma bununla belə düşünürəm ki, biz paslı kilidləri dərhal özümüzdən kənarlaşdırsaq da, həyatımızın künc-bucağı sıradan çıxmış qıfılların açarlarıyla doludur.
Açar, kilid... sərt metallar bir qırağa, "Bir də gəlməyəcək" adlı yüzlərlə şeirdən, poetik duyğulardan ibarət toplunun baş qəhrəmanı, şəksiz ki, pilə kimi yumşaq, bəzən etiraza gələn, bəzən sıxılıb bərkiyən, bəzən damarları qan çəkən ürəkdir. O ürək ümidlə döyünür, bircə xoşbəxt döyüntüsünü belə itirmək istəmir, aldığı çatların, zədələrin yerini ilahi bir loğmansayaq sarıyıb sağaltmağa can atır. Şair ürəyi başqa cür olmur, elə bu sayaq olur. Yoxsa, "Dastan" müəllifi durub-durub özündən deməzdi ki:
Qanımı oynadan öpüşlərində
Ruhuma calanan ruhunu gördüm.
İstilik, od-alov qalxdı dərindən,
Gerçəyə çevrilən yuxumu gördüm!
Əynimin ölçüsü, oxşarım, eynim,
Ən uyğun, ən rahat çalağım mənim.
Bu ağac hələ çox bar gətirəcək,
Bardan əyiləcək budağım mənim!
"Dastan" müəllifinə görə sevgi sirri xudadır. Bunu sadə insan da, filosof da söyləyə və reallıq meyarlarıyla əsaslandıra bilər. Məncə, şairin işi ədəbi əsaslandırmadır ki, onun da təzahürü qəlb çırpıntılarının bəhrəsi olan misralarda, sətirlərdə, bəndlərdə, hətta bəzən qafiyələrdə, şeirin fərqli şəkillərində özünü göstərir. Amma Rəşad Məcid insan xasiyyətinə uyğun olaraq bəzən, başqa sözlə, sevgi hissləriylə ləbələb dolu olduğu hallarda qafiyəsiz, hecasız... sadəcə, insan səsiylə belə pıçıldayır:
Xoşbəxtlikdən tərpənə bilmirəm...
Ya da belə deyir:
Gülüşümlə həyatımı
İsidəcəm şüa kimi.
Nəfəsimi kürəyimdə
Duyacaqsan dua kimi.
Deyir:
Ən qatı qaranlığım
Gülüşünlə yox olar.
Məni gülərək oyat,
Gülə-gülə yuxulat!
Sözügedən silsilədə şairin "Mələk" adlı bir şeiri "Bir də gəlməyəcək" kitabının 135-ci səhifəsində yer alıb. Üç bəndlik şeir belədi:
Göydən hansı endi: təyyarə, yoxsa,
Hava limanında gözləyən mələk?
Hifz edib qoruyan, sevinc bəxş edən,
Məni addım-addım izləyən mələk?
Dəli arzusuyla, cəsarətiylə
Qatı cəngəllikdən yol eləyəndi.
Sərhədsiz eşqiylə, məhəbbətiylə
Adımı özünə qul eləyəndi.
Yerdə doğulanın çatmaz cürəti,
Adamı belə tez qaldırsın göyə.
İşıq sürətidi onun sürəti
Bir anda çatdırır ən yüksəkliyə.
Açıq-aşkardır ki, şeirdə səmavi, irreal, mifoloji mələkdən deyil, real, sevimli insandan, indi uçaqdan enəcək şəxsdən gedir. O, indi uçaqdan enəcək, o, ucalıqdan gəlir, lap aşağıda isə onu qarşılayan bir kimsənə var. Belə bədii-həyati təfsilatda, məncə, bənzətmələrə, təşbehlərə, hətta həmişə sevgiylə bahəm təzahür edən emosiyalara, ah-uflara yer qalmır. Bəlkə də siz məni, yox, qardaş, "bu, Rəşadın heç də ən uğurlu şeiri deyil", - deyə qınaya bilərsiniz. Razıyam. Amma, mən, axı irəlidə dedim, şairin əksər yazıları (poeziya) əsasən, zahiri bərbəzəkdən, nəzəri tərtiblərdən hiss olunacaq dərəcədə uzaqdır. Belə hallarda bütövlükdə mətn, məhz reallığı və bədiiliyi ilk sətrindən sonda qoyulan nöqtəyə qədər ehtiva edir. Lap açığı, deyim, mən Rəşadın şeirlərində onun qəlbən sevdiyi, şeirlərini əzbər səsləndirdiyi Ramiz Rövşənlə bərabər, "Nə xoşbəxt imişəm bir zaman Allah" deyən Əli Kərimlə, "Göllər çiçəkləyir yağış yağanda" - deyən İsa İsmayılzadə ilə, "Bir günah sənindi, bir günah mənim", yaxud "Sən məni özünə öyrətmə belə" - deyən Musa Yaqubla poetik qohumluq hiss edirəm. Deməzdim ki, Rəşad sevgi şairidir, tutalım, Sergey Yesenin, Nüsrət Kəsəmənli misalında. Bu şairdə vəziyyət bir qədər fərqlidir. O bizim doğma şeirimizin bütün kişi şairləri kimi, sevdiyini qınayıb özünü haqlı sansa da, yenə də daha çox ağrıyan, daha çox zədələnən onun özüdür. Bəlkə elə bu səbəbdən xilasın çarəsi kimi, o, Rəşad Məcid sevgini özündən qat-qat yuxarı qaldırır və söyləyir ki,
Adını çəkəndə dilim bal dadır,
Üzüm işıqlanır, Güntək yanıram.
Mələklər qolumdan tutub qaldırır,
Bir boy ucalıram, qanadlanıram.
Genimdi, soyumdu, qanımdı adın,
Minillik tarixi köçümdən gəlir.
Ən dərin qatımda atəş oyadır,
Hüceyrəmdən qalxır, içimdən gəlir.
Qoymaram adına yanaşa kölgə,
Müqəddəs ziyarət, məkandı adın.
Tanrı bəxşişisən, ən məsum körpə,
Ən ağıllı adam, ən üstün qadın.
Sevgi Tanrı lütfüdür. Rəşad Məcidin indi misal gətirdiyim şeirində, çəkinmədən deyirəm, Fərhadanə, Füzuliyanə, Vaqifanə bir yanaşma var; bu da ondan ibarətdir ki, sevginin qırıntıları, hissiyyatları, hüceyrələri lap sonda toparlanıb, böyük sevgini, "ən ağıllı adam"ı, "ən üstün qadın"ı yaradır. Və belə olduğu halda aşiqin sevgi önündə "Savayı" harayıyla diz çökməkdən özgə yolu qalmır:
Yaddaşımda nə qalıb ki,
Sirli kələkdən savayı.
Sinəmin altında nə var
Təşnə ürəkdən savayı.
Füzulitək yanan neyəm,
Tənha atlı, tək gəmiyəm.
Kimsə yox dərdimi deyəm,
Əsən küləkdən savayı.
Barışdığım gərdişim var,
Alışdığım vərdişim var...
Mənim özgə nə işim var
Səni sevməkdən savayı?!
Türk tarixinin və poeziyasının mərdanə şairi Nəsiminin misraları yadıma düşür:
Zahidin bir barmağın kəssən
dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi
sərpa soyarlar, ağrımaz.
Bizim təpədən dırnağa şair, nə yazıq ki, həm də sovet şairi Süleyman Rüstəm də Allah- təalanın hökmü və ədəbi təcrübənin varisliyindən bəhrələnərək yazırdı ki:
Rüstəmin onda ki, canan görünür gözlərinə,
İmtahançün sən onun barmağın kəs, bilməz!
Rəşad Məcid bəzən insafsızcasına özünü "talesiz", hardasa "uduzmuş şair" "saysa" da və bunu etiraf etsə də, bütün sinirləri, özünün tez-tez işlətdiyi hüceyrəsiylə ədəbiyyat tarixinə bağlıdır və oradan qidalanır. Məsələn, belə:
Heç nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda
Barmağımı kəs, bilmərəm!
Oxşarlıq və fərq göz önündədir, məncə...
***
Mən monoqrafiya yazmıram, sadəcə, uzun illərdən bəri yaradıcılığını, ədəbi-ictimai fəaliyyətini izlədiyim, bütün bunların mənə yalnız və yalnız hüzur, könül şükranlığı verən bir şəxsin 60 yaşına yetişməyinə bir vəsilə olduğunu düşünərək qələmə alıram. Və burada onun poeziya sərvətinə münasibəti sərgiləyən düşüncələrə nöqtə qoyuram. Fərqli mülahizələrin Rəşad Məcidin ədəbi çalışmalarının daha mükəmməl şəkildə izlənməsinə həsr edilən digər məqalələrində yer alacağına ümid bəsləyirəm.
Və belə inamla istəkli şairin, mötəbər qələm sahibinin poeziya ətirli bir neçə kitabını yazı masamdan aralayıram. Hətta, yarıdan çoxu poeziyadan ibarət olan "10 sentyabr" kitabını belə...
Söz-sözü çəkir...
Tənqidçi-şairə Bəsti xanım Əlibəylinin olduqca məzmunlu Ön sözü ilə təqdim olunan "10 sentyabr" kitabı yazarın iki hekayəsi ilə açılır: "10 sentyabr" və dırnaq işarəsi altında "Cənnət dərəsi". Hər iki hekayə barədə son 20 ilin mətbuatında, ədəbi icmallarda, yazıçının yaradıcılığına həsr olunan məqalələrdə geniş bəhs edilib. Bu hekayələrin dünya və milli nəşrimizin bədii-estetik parametrləri əsasında qurulduğu şübhə doğurmur. Yazıçının ciddi məramı, yüksək humanizm, süjet xəttinin bütövlüyü, fərdiyyət və qloballaşmanın qarşıdurmasından doğan təbii, dəqiq situasiya, yığcam bir mətn daxilində yaddaqalan obrazların unudulmayan simaları... bütün bunlar "10 yanvar" hekayəsinin nəsr uğurunu təmin edir...
Rəşad Məcidin 60 illik uğurlu ömür yolunu qutlayarkən ədibin publisistika yaradıcılığından söz salmamaq ən azı natamamlığa səbəb ola bilər. Mən Rəşad müəllimin son illərdə "Qələmsiz yazılanlar" silsiləsinə dayanan bütün publisistik yazılarını işıq üzü gördüyü anında izləmişəm.
Bu yazıların az bir qismi nəzərdən keçirdiyimiz kitablarda yer alıb ("10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə", "Qələmsiz yazılanlar"). Həmin əsərlər sırasında "Yazıçının bicliyi", "Elifə mədhiyyə", "Gəncədəki ruh", "57 il öncənin borcu", "İranda bir həftə", "Əsəd bəy və Nuridə xanım", "Ağrı qardaşlarımız - bəlalı Krım tatarları" və s. əsərləri ayrıca qeyd etməyə dəyər. Məhz bu yazılarda publisist Rəşad Məcidin fakt, mövzu seçimi istedadını, mövzunu ən oxunaqlı tərzdə qələmə almaq səriştəsini, təhlil, tənqid imkanlarının genişliyini görə bilirik. Rəşadın bədii-publisistik yazılarında şairanəlik vətəndaş məsuliyyəti ilə birləşib itilik, kəskinlik, heyrətamiz təsir gücü qazanır. Tək bircə misal gətirmək istəyirəm, "Gəncədəki ruh" yazısından.
"Elə bizim xalqımızın soyuq, rasional düşüncəli xalqlardan fərqi də məhz o ruhdadı. O ruhu bizim qanımızda qoruyub saxlayan, ölməyə qoymayan bizim musiqimizdi, muğamımızdı, sazımız, sözümüzdü. Bəzən muğama da həqarət yağdıranlar tapılıb. Amma onun qanımızın dərinliklərindəki hüceyrələrimizi dipdiri saxladığını kim dana bilər ki? Kim o ruhun yaşamasında Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin, Mirzə Cəlilin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın... rolunu inkar edə bilər? Üzeyir bəyə də ara-sıra ağız büzənlər olur... Amma kim Üzeyir bəyin musiqisinin böyüklüyünə şübhə edə bilər ki? Kim onun bizim xalqın formalaşmasındakı müstəsna rolunu dana bilər? Kim onun çərçivələrə sığmayan hədsiz-hüdudsuz improvizələrini, insan qanını coşduran əsrarəngiz musiqisini soyuq, bumbuz halıyla dinləyə bilər ki? Amma təəssüf ki, tapılır - dəyərlərimizə qara yaxanlar, öz içinin kəsafətini, kin-küdurətini dahi insanlarımızdan çıxmağa çalışanlar hələ də tapılır. Böyük ziyalılarımızı absurd ittihamlarla sovetə, molla rejiminə xidmət etməkdə qınayanlar tapılır. Nadanın biri yerindən qalxıb birliyimizin çox seyrək ümid nöqtələrindən olan Şəhriyarı molla rejiminə xidmətdə suçlayır. Başqa biri Bəxtiyar Vahabzadəni sovetdən mükafat almaqda, o birisi dəyərli yazarımızı hansısa təltifdə ittiham edir.
...Azərbaycanı istəməyən qüvvələrin ən birinci amalı bax, elə budu - dəyərlərimizi gözdən salmaq, onu aşağılamaq və sonda ruhumuzu öldürmək.
...Bir neçə il öncə "İrşad" otelində keçirilən bir tədbirdə Bəxtiyar Vahabzadəni xəstə, zəif vücudu ilə bir kənarda oturan gördüm. Aman Allah, üzünü qırışlar bürümüş bu böyük insan uzun illər öz şeirləri ilə ürəklərimizə hakim kəsilmiş, ruhumuzu oyatmış, qəlbimizi coşdurmuşdu. İndi xəstəhal görkəmli bu insan bir qıraqda oturub nigaran baxışlarla tədbirə gələnləri süzürdü. Yaxınlaşıb əllərindən öpdüm. Bu gün o səhnə yadıma düşəndə Bəxtiyar Vahabzadənin böyük şəxsiyyətinə sonsuz ehtiramla bərabər, nə gizlədim, içimdə özümə də hörmətim artır. Mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərini öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm.
Rəşad Məcidin publisistik arsenalı həqiqətən, zəngin, çoxistiqamətlidir. Onlar mahir bir yazarın qələmiylə yonulmuş örnək abidələr kimidi. Onların bir çoxu əlinə yeni qələm alan gənclər üçün nümunə və dərslikdir - bu mənada ki, hansı mövzunu seçməli, təfərrüatı necə öyrənməli, publisistik məntiqi necə qoruyub nizamlamalı, necə yığcam yazmalı...
Amma yəqin siz də fikrimə şərik olarsınız ki, Rəşad Məcidin qələminin təsir gücü bir az öncə "Gəncədəki ruh" yazısından misal gətirdiyim sətirlərdə ideal şəkildə ehtiva olunmuşdur!
***
Ömrünün 60-cı pilləsinə yüksələn Rəşad müəllim Azərbaycanın ən sevilən qəzetlərindən birini yaradıb və aşağı-yuxarı, 30 ildir ki, ona rəhbərlik, baş redaktorluq edir. Bu qəzet ən demokratik, azad fikirli, hər kəsin öz imzasını onun səhifələrində görmək istədiyi sözün böyük mənasında müəllif qəzetidir.
Hansı zümrəyə, cincə, təvəllüdə sahibliyindən asılı olmayaraq elə bir qələm adamı yoxdur ki, onun imzası "525-ci qəzet"in səhifələrindən kənarda qalsın.
"525-ci qəzet" praktik jurnalistika məktəbidir. Orada püxtələşən gənc jurnalistlər illər boyu çalışıb, tər töküb, axtarışlar aparıblar. İndi onlar müasir mətbuatımızın özəyini təşkil edən nüfuzlu mətbuat xadimləridir.
"525-ci qəzet" xalqımızın mədəniyyət, mənəviyyat, ədəbiyyat aynalarından biridir. Bu nəşr zamanın real konyukturasını hər zaman və digərlərindən daha öncə nəzərə almağı, üslub və tərtibat, mövzu və maraq dairəsi baxımından dəyişməyi, yeniləşməyi bacarmış, indi də bacarır.
"525-ci qəzet"in uğurları həm də bu istedadlı redaksiyanın milli mətbuat ənənələrini göz bəbəyi kimi qoruması səbəbindəndir.
Elə Rəşad Məcidin özünün şəxsiyyətində və yaradıcılığında Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin... təravət və hərarətini duymaq o qədər də çətin deyil.
Rəşad Məcid də onlar kimi zamanın və taleyin sözçüsüdür. Sadəcə, aradan 100-150 il vaxt keçib. Zaman ötüb keçir, ancaq məram, vətən və millət sevgisi, insanlığa xidmət duyğusu heç zaman öz adını və mahiyyətini dəyişmir. Bu, ilahi, tarixi bir ruhdur ki, nəsildən-nəsilə ötürülür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!