Yazıçı Anarın "Qatardan qalan adam" hekayəsi ilk baxışda heç nəyi ilə diqqəti çəkmir, necə deyərlər, cəlbedici deyil. Adi, sadə süjet xəttinə malik, ilk oxunuşda bəsit hekayə təsiri bağışlayır. Əsərin məzmunu da belədir ki, hekayənin qəhrəmanı İshaq Salmanzadə siqaret almaq üçün mindiyi qatardan düşür və gecikdiyinə görə qatardan qalmalı olur. Vəssalam! Hekayəni ilk dəfə oxuyanda sadə süjetli hekayənin niyə bu qədər geniş rezonans doğurması düzü, mənə qəribə, təəccüblü göründü. "Bu hekayədə qeyri-adi nə var axı?" desəm də, fərqliliyi duymaq, hiss etmək üçün onu təkrar-təkrar oxumağı qərara aldım.
...Sonrakı, ikinci, üçüncü oxunuşda fikrim tam dəyişdi. Ağrımı deyim, ağırlıqmı deyim, İshaq Salmanzadənin ölümqabağı keçirdiyi ölüm acısımı deyim, tamlığı ilə, üşütməsi ilə canımdan keçdi. İlk oxunuşda sezilməyən, diqqət çəkməyən bəsit həqiqətin arxasında qalan nə qədər gizlinlər, dərinliklər vardı, ilahi! "Qatardan qalan adam" adicə hekayə deyildi, sətirlərdən göz yaşı süzülürdü sanki, ağırlığı ürək sıxırdı, yandırılmış insanın külünün iyi baş çatladırdı... İndi əsas məsələ bu sirri, sehri açmaqla Anarın nə demək istədiyini anlamaq idi, "Anlamaq dərdi" idi.
..."Qatardan qalan adam"da gedən qatarın fit səsi, çarxların uğultusu, bağırtısı belə, İshaqın sətirlər arasından eşidilən harayını, iniltisini batıra bilmirdi. Bu ağrılı iniltinin, yalvarışların dili yox idi, İshaq danışa bilmədiyi macar, ingilis dillərində belə, insanlardan imdad diləyirdi, onları harayına səsləyirdi. Bu naləni mən də eşidirdim. İskəndərin sirli-sehrli quyusundan gələn səs kimi, lap elə bəlkə İsrafilin Suru kimi bu səda iliyə işləyirdi. Dayanmadan çağırırdı, iniltisi qəlb göynədirdi, can yandırırdı İshaq Salmanzadənin. Əslində İshaq Salmanzadənin ölümü yox, nə müsəlman, nə yəhudi kimi ölə bilməməyi, məzarsız qalmağı, bir insanın faciəsinə ətrafdakıların laqeydliyi, biganəliyi idi ruhumu sarsıdan, acıdan. Elə Anarın məqsədi də bu idi, məncə. Bütün sirlər "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə açılmalıydı, İshaq Salmanzadə qatardan qalmaqla özünü, ətrafdakıları tanıtmalıydı, ölümü bahasına olsa belə.
Bir insanın, bir qəribin faciəli sonluğu çağırışdır hamımıza, cəmiyyətə. Ki, qatardan qalan tək İshaq Salmanzadə deyil, insanlıqdır. Anar bir insanın timsalında bütün bəşəriyyəti gözləyən faciənin, təhlükənin anonsunu verir - Hazır olun, hamımız bu qatardayıq və bir gün hər birimiz mindiyimiz qatardan qala bilərik!
...Sizi bilmirəm, mən Anarın yayın cırhacırında yazdığı bu hekayədə sirli, sehrli, mübhəm bir qış soyuqluğu hiss etdim. Hekayəni oxuyanda əvvəldən axıra kimi bir üşütmə keçdi canımdan. Bəlkə bu kimsəsiz can verən İshaqın ölümündən gələn soyuqluq idi, ya da Anarın xatırlatması: qloballaşan dünyanın ən böyük problemi istiləşmə deyil, ürəklərdə yaranan buzlaşmadır, soyuqlaşmadır, insanlıqdan uzaqlaşmadır - yaxşı-yaxşı düşünün!
Qəribədir, Anarın bu hekayəsindəki insan surətlərinin heç birinin qəlbində hərarət yox idi, nəsə, mən hiss etmədim. "Qatardan qalan adam"ın - İshaqın özünün ürəyi də buz kimi soyuq gəldi mənə. Getdiyi qatarın kupesinə bütün biletləri özü alması, kimsəni yaxınına buraxmaq istəməməsi qəlbinin soyuqluğundan xəbər verirdi. Bəlkə bu hərəkəti, insanlardan uzaq qalmaq düşüncəsi ilə öz qədərinə özü cığır salmışdı İshaq: "Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi".
Elə ona görə sevilmədi də. Fikir verdinizmi? Sanki İshaq Salmanzadənin qatardan qalarkən rastlaşdığı, kömək umduğu, üz tutduğu insanların hamısı onun açdığı bu cığırdan yola çıxanlar idi. Biganə, soyuq, sevgisiz. Yeri gəlmişkən, Anar qəhrəmanını elə kupenin özündə də həyatdan edə bilərdi. Kupedə tək olduğu üçün kimsə İshaq Salmanzadənin harayına yetə bilməyəcəkdi onsuz da. Görünən budur ki, Anarın məqsədi İshaqın faciəli ölümünü əks etdirmək yox, bu faciənin fonunda bütün cəmiyyətin xislətini, can çəkişməsini göstərmək olub. Anar məqsədinə nail ola bildimi? Məncə, hə!
"Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi". Anarın hekayə qəhrəmanının bir faciəsi də budur - yaddaşını arxa plana keçirməsi, bu yaddaşda doğmalarına belə yer ayırmağa ehtiyac duymaması. Hətta həyat yoldaşının, şərikinin belə telefon nömrəsini xatırlaya bilməməsi çox mətləblərdən xəbər verir - bu unutqanlıq, yaddaşsızlıq bizi hara aparır? Milli kökümüzdən qopmağamı, milli yaddaşdan aralanmağamı?
Anarın hekayə qəhrəmanı - XXI əsrin insanı qloballaşan dünyanın faciəsini yaşayır əslində. Amma İshaq Salmanzadə Daniel Defonun qəhrəmanı Robinzon Kruzo ilə müqayisədə daha bədbəxtdir, daha şansızdır. "Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə, nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa, "Kent"in əvəzinə onu içəri buraxsın. İndi də kişi "ninç" dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlıyıb, yüngülləşdi".
Fərq budur ki, Robinzon Kruzo öz təbii ehtiyacını təbiətdə ödədiyinə görə onu heç bir həbsxana həyatı gözləmir, təbiətlə təmas ona güc verir. İshaq Salmanzadə isə bu köməkdən, dayaqdan məhrumdur. "Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsilə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet - dedi, qolunu göstərdi və iynə vururmuş kimi: - insulin - dedi. Polis "ninç" dedi".
"Ninç". Qatardan Avropanın mərkəzinə düşən İshaqa bir nəfər belə həyan durmur... Hamı "ninç", yəni "yox" deyir və bir insan həyatını itirir. Dərindən düşünəndə ölən insan yox, insanlıqdır əslində. Yazıçı Anarın göstərmək istədiyi həqiqət də budur - ayrı-ayrı baxış bucaqlarından fərqli şəkildə görünsə də!
Anar "Qatardan qalan adam" hekayəsində biganəlik, laqeydlik məngənəsində can verən insanın - İshaqın yox, insanlığın portretini yaratmaq istəyib. Solğun, ölgün rənglər palitrasında can üstə olan insanlıq çabalayır. Yazıçı İshaq Salmanzadə ilə birgə bizi də robot insanlarla tanışdırır, rastlaşdırır, "baxın, yaxşı baxın" - deyir, "hər qatara minəndə qala biləcəyinizin də fərqində olun, bu halı yaşayacağınızı gözünüzə alın", - deyir. Çatdırmaq istəyir ki, qatardan enən hər birimizi belə bir acı sonluq gözləyə bilər, elə dünyamız da bu gedişilə qatardan qalan adam timsalındadır. Anarın hekayə qəhrəmanının faciəli ölümü "Sivilizasiyaların toqquşması" əsərində dünya sivilizasiyasının mərkəzi kimi Avropanı görən, mədəniyyəti bəşəriyyətin xilası hesab edən Samuel Hantinqtona da bir xatırlatmadır - dünyanın gələcəyi mədh etdiyiniz mədəniyyətdən yox, mərhəmətdən keçir!
...Çingiz Aytmatovun zamanında böyük əks-səda doğuran, milli yaddaş problemini önə çəkən "Gün var əsrə bərabər" romanında vermək istədiyi ali həqiqət də elə bu idi - manqurtluq gec-tez insanlığın, bəşəriyyətin axırına çıxacaq, hazır olun. İshaq Salmanzadəni ayaqyoluna qoymayan qaravulçunun manqurtdan fərqi nədir? Ya da ki, onu həbsxanaya aparan, ağrıdan qıvrıldığını görə-görə heç bir tibbi yardım göstərməyən, ac olduğunu bilə-bilə bir tikə çörəyi əsirgəyən, kameraya salan polislərin robotdan fərqimi var? Bu robotlaşmış insanlar yardıma ehtiyacı olan, heç bir dil bilməyən, bir acı təsadüf səbəbindən hər şeyini itirmiş, pulsuz-parasız qalmış qərib kimsəyə həyan olub, dərdinə şərik çıxmaqdansa, yaxalarını kənara çəkirlər, insanlığı, insafı yox, insanın yazdığı qanunları əsas götürürlər. "Sənin işinə sabah baxılacaq" deməklə işlərini bitmiş sayan robot məmurları qədim insan - Homo sapienslə müqayisə etsək, müasir insan uduzacaq. Baxmayaraq ki, böyük zaman fərqi var, sivilizasiyalar dəyişilib, amma bu yenilənmələrdə insanlıq itirə-itirə gedir.
Bəlkə də Anar qəhrəmanını qatardan Robinzon Kruzonun cəngəlliyinə düşürsəydi, taleyi bu cür faciəli olmayacaqdı. Ən azından, təbii ehtiyacını ödəmək üçün kimsəyə pul ödəmək lazım gəlməyəcəkdi, təbiətlə təmasda olub yeməyə, içməyə bir şey tapıb aclığını aradan qaldırardı İshaq Salmanzadə. Amma Anarın qəhrəmanı XXI əsrin 3-cü onilliyində bunlardan məhrumdur, acizdir. Hekayədən gələn, Anarın demək istədiyi ali, acı həqiqət budur - mədəniyyətin inkişafı heç də həmişə insanlığın inkişafı ilə üst-üstə düşmür, bəzən tərs mütənasiblik də təşkil edir.
Əslində yazıçı Anar bu hekayəni tam ayrı bir istiqamətdə işləyə də bilərdi. Gi de Mopassanın "Gombul"unda olduğu kimi, ən azından fahişə qadının əli ilə İshaqı qurtara bilərdi. Bacarmadı... Niyə? Çünki bu taleyi özünə insanlardan qaçmaqla elə İshaq özü yazmışdı. Kupesində kimsənin getməsini istəmədiyinə, özünə yaraşdırmadığına, imkanlı iş adamı kimi özünü digərlərindən üstün hesab etdiyinə, insanları sevmədiyinə görə. Amma bütün dini mətnlərdə uca Xaliqə söykənən ilahi bir həqiqət var - Allahın gözündə bütün yaratdıqları birdir və kimsə kimsədən üstün deyil. Düzdür, ulu Nizami Gəncəvi "Ancaq biliklədir, özgə cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" deyirdi. Bu prizmadan yanaşdığımızda da İshaq gücsüzdür, çünki o heç bir dil bilmir, ən əsası, ünsiyyətə girdiyi adamlarla qəlb dilində danışmağı bacarmır. Onun bildiyi tək bir dil var - pul, dollar. Qatara çata bilməyəndə də təssüfləndiyi bu olur - niyə minlərlə dollarından heç olmasa, 200-300-ü cibində deyil... Nədənsə bu yerdə ilahi həqiqətin bərqərar olacağı deyilən Məhşər günü yadıma düşdü. O məhşər günü ki, bəşər övladına nə qazandıqları, nə oğul-uşaqları kömək ola bilməyəcək...
Anarın qəhrəmanını yuxuda olsa belə, yaddaşına qaytarması yaxşı tapıntıdır, xarakterini açmağa imkan verir. "Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb, anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi".
Anar qəhrəmanının ölüm öncəsi yuxusu ilə onun haqqında çox şey deyir, portretini tamamlayır: "Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş." Deməli, İshaqın faciəli ölümü heç də təsadüfi deyil, ilahi ədalətin təzahürüdür. Bütün insanlığın məhvindən rahatlıq duyan insan övladının, hətta yuxusunda olsa belə, ölümündən kimsə niyə narahat olmalıdır ki? Axı, ilahi həqiqətə görə hər kəs bir gün əkdiyini biçməli, haqq etdiyini yaşamalıdır.
...Yazıçı Anarın hekayələrinin alt qatında qəribə bir hüzn duyulur. "Gürcü familiyası"ndan tutmuş, "Qatardan qalan adam"a kimi Anarın qəhrəmanlarının heç biri tam mənada xoşbəxt deyillər. L.Tolstoyun məşhur "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir" deyimini dəyişilmiş şəkildə belə ifadə etmək olar: "Anarın hekayə qəhrəmanlarının hərəsi bir cür bədbəxtdir".
"Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən, gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular".
"Qatardan qalan adam"ın sonluğu kədərli olduğu qədər də, düşündürücüdür. Bir tərəfdən, "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyiminin doğruluğunu göstərir, digər tərəfdən də, bu dünyanın faniliyini, xoşbəxtliyin aniliyini, hamımızı "ninç" təhlükəsinin gözlədiyini...
...Bir də "külün göyə sovrulsun" qarğışını heç kimsəyə etməyin - heç düşmənə də!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!