Ramiz Göyüş
Yazıçı-publisist
Bu gün Məmməd İsmayıl yaradıcılığı ilə tanış olan hər kəsə məlumdur ki, o, bütün yaradıcılığında öz taleyini yazıb. İndi onun yaradıcılığı haqqında hamının qəbul etdiyi bir fikir var: Məmməd İsmayıl tale şairidir. Onun şeirlərində, poemalarında, nəsr əsərlərində məhz onun taleyi öz əksini tapıb. Məmməd İsmayılın əsərlərində müraciət etdiyi mövzular fərdi, olmaqla yanaşı, həm də milli və bəşəri mövzulardır. Əsərlərində təsvir olunan hadisələr, faciələr təkcə bir fərdin deyil, ümumi, milli və bəşəri problemlərdir.
Heç şübhəsiz, İkinci Dünya müharibəsi mövzusu müharibənin qurtarmasından keçən onilliklər ərzində uzun müddət ədəbiyyatımızın əsas mövzularından biri olmuşdur. Bu əsərlərdə müharibənin yaratdığı faciələr, dəhşətlər, yüz minlərlə məhv olmuş, qırılmış, yarımçıq qalmış insan taleləri öz əksini tapıb. Əminliklə deyə bilərəm ki, Məmməd İsmayılın "Xatın bibi", "Aman təklik əlindən", "Müqəddəs kədər", "Ürəyimə daman səslər", "Əsir saz", "Şər oğlu" poemaları İkinci Dünya müharibəsinə həsr olunmuş ən maraqlı əsərlər sırasındadır. Bu poemaların sətirləri arasından Məmməd İsmayılın, onun atasının, anasının və doğmalarının acı taleyi, yarımçıq qalmış arzuları boylanır. Bu əsərlərdə təsvir olunan ürək göynədən hadisələri həyəcansız oxumaq mümkün deyil. Diqqət yetirək, şairin "Aman təklik əlindən" poemasının proloquna:
Biz dörd nəfər idik, -
Təpəl qoyun idi,
Gəzəl alma idi,
Anamdı, məndim...
...Necə oxşayırdı anam onları,
Dərd qanan, dil bilən yoldaşı kimi:
Doğ, a təpəl qoyun, yetiş, ay alma,
Balamın dadına yetis, ay Allah!
...Vaxtınız olanda sıxın bir məni,
Görün, bir nəyəm?!
- Ana çörəyiyəm,
Alma şirəsiyəm, qoyun südüyəm...
Bu misralar əslində Məmməd İsmayılın İkincii Dünya müharibəsi mövzusunda yazdığı şeir və poemaların leytmotivini müəyyənləşdirir.
Müharibə illərində tək bir qoyunun südünün, bir gəzəl almanın meyvəsinin ümidinə qalan ana-balanın taleyi əslində yüz minlərlə ailənin taleyi idi. Ağır və dəhşətli müharibə illərində hər şey cəbhəyə səfərbər olunduğundan, insanlar ancaq təbiətin yetişdirdiyi göy-göyərtinin, mer-meyvənin ümidinə qalmışdılar. Yadımdadı, mənim də anam danışırdı ki, insanlar yemək üçün heç nə tapa bilmirdilər və onların rəngi göy (pencər) yeməkdən gömgöy olmuşdu.
Məmməd İsmayıl həmin illərin acılarını aşağıdakı misralarla xatırlayır:
...Ehtiyac qılıncımı? - Şaxta gəzir havada,
Dolaşıb qapı-qapı, varı, yoxu kürüyür.
Dəyirmanlar ac qalıb, Dəyirmançı davada.
İndi də un yerinə üstünü qar bürüyür...
Məmməd İsmayılın yaradıcılığından qırmızı xətlə keçən ikinci mövzu yetimlik mövzusudur. Yetimlik onun tale qisməti idi. Yaş yarımında atasını, 18 səkkiz yaşında ilk məhəbbətini, 30 yaşında anasını itirən Məmməd İsmayıl həm də bir müddət Vətəndən kənarda yaşadı. Və bu itkilər onun həyatında dərin iz buraxmaqla yanaşı, həm də yaradıcılığının əsas qayəsini təşkil edir. Və şairin əsərlərində bir hıçqırıq, kövrəklik, nisgil, nida var. Atasını heç zaman görməyən, onu yalnız anasının laylalarında, bayatılarında, söhbətlərində tapan körpə İsmayıl sonralar "Aman təklik əlindən" poemasında yazırdı:
Gedənlər geriyə dönürdü tək-tək,
Yenə dan yerinə düşürdü səda.
Hardasan, hardasan, qayıt, görüşək,
Ay "ana" sözündən yaranan "ata"!
İndi gəl, oğulsan, bu bir bəndlik şeirin sətirləri arasında cəmlənmiş fikirlərin arxasında gizlənmiş sirlərin mənası qarşısında dayan. Bircə " hardasan" sözunun iki dəfə işlədilən çağırışının qarşısında , oğulsan, dayan. Nələr söyləyir bu bircə sözlə ifadə olunan harayın təkrar ifadəsi?! Etiraf edək ki, bu sətirlər heç vaxt üzünü görmədiyi və artıq heç zaman görə bilmədiyi bir övladın ata nisgilli həsrət nəğmələridir. Bu sətirlər insanın varlığını göynədir.
Və ya poemanın digər bəndlərindəki poetik ifadələrə diqqət yetirək: "Ay ana" sözündən yaranan "ata"" ifadəsinə:
Ata cəbhələrdən geri dönmədi,
Soyuqdu şerimin sakit ləngəri...
Həsrət ocaqların odu sönmədi,
Kösövə dönsə də illərdən bəri.
Evdə paltarından aldıq iyini,
Heç kəsə yetimlik gəlməsin asan.
Ömründə bircə yol görmədiyini
Mümkünmü, bircə yol xatırlayasan?!
Ata həsrətiylə ürəkdir susan,
Deyim, asan olsun dərdim hamıya.
İlkin ünvanımı soruşan olsa,
Bağışla, bağışla, bağışla, ata,
Anamın adını verdim hamıya.
Yenə də şairin poetik ustalığını xatırlatmaq zorunda qalırıq. Bircə kəlmə "bağışla" sözünün işlədilməsinin arxasında əslində şairin demək istədiyi hər şey var.
Ədəbiyyatımızda, xüsusən, poeziyamızda "Ana" mövzusu həmişə şairlərimizin yaradıcılığının baş mövzularından biri olub. Bu mövzuda Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Hüseyn Arif, Cabir Novruz, Nəriman Həsənzadə və adını çəkə bilmədiyim neçə-neçə müəlliflər şedevrlər yaratmışlar. Hamısı da möhtəşəm və fərqli. Məmməd İsmayılın "Ana"sı da bu baxımdan tamamilə fərdi və fərqlidir. Məmməd İsmayılın yaradıcılığında ana mövzusu onun yaradıcılığının baş mövzusudur. Cəmi 30 il birgə ömür sürmüş anası Gülzar xanımın az qala, hər gününün yaşantıları Məmməd İsmayılın xatirələrinə, həm də şeirlərinə, yaradıcılığına köçüb. Məmməd İsmayıl yaradıcılığının az qala, hər sətrində Gülzar ananın hənirini duyur, ana qəlbinin döyüntülərini hiss edirsən. Gülzar xanımın Məmməd İsmayılı tərk etməsindən keçən 55 ildə onun xatirələri indi də Məmməd İsmayılı müşayiət etməkdədir. Anası Gülzar xanımın xatirəsinə həsr ediyi "Müqəddəs Kədər" poemasının epiqrafında şair yazır: "Ana mənim sevər və yaralı yerimdir. Otuz yaşımdan bu yana (elə otuzdan əvvəl də), ilk sözüm o olub, yəqin son nəfəsim, son sözüm də o olacaq".
Adını çəkdiyim poemada Məmməd İsmayılın anası ilə keçirdiyi acılı, məşəqqətli, şirinli günlərin əslində xronologiyası təsvir olunub. Poemada ana ilə balanın yaşantıları, qayğıları, çətin günləri, ağrı-acıları qabarıq şəkildə, həm də real həyat həqiqətlərinin ifadəsi ilə öz əksini tapıb. Poemanın hər sətrində, hər bəndində acılar yaşayan ana ilə körpə balanın iztirab və məşəqqətlərlə dolu həyatı oxucuya təqdim olunur. Və bu illər o illər idi ki, lənətə gəlmiş müharibə bütün kişiləri cəbhəyə cəlb etmişdi və arxada bütün işlər qadınların - anaların üzərinə düşmüşdü:
Bu elə vaxt idi ki, anamın ac tutarı
Çöldə kişi yerinə kotana mac tuturdu.
Arıq öküzlər qoca,
Höyüş torpaqdan qopan kəltənlər
Arxamızca...
Bütün bu əziyyət və əzablara rəğmən, müəllif anasının ən gözəl xüsusiyyətlərini həm də oxucuya təqdim edir:
Mənim anam qızıl buğda zəmisiydi,
Dolan bahar səmasıydı,
Yaxşıların simasıydı.
Doğruluğa tərəziydi mənim anam,
Həqiqətin ağ yolunda
Gözüylə od görəsiydi mənim anam.
Bir yaxşılıq toxumuydu, səpilmişdi ürəklərə,
Tarlalara, zəmilərə, küləklərə -
Dünyanın bir zərrəsiydi mənim anam!
Bütün bir yer kürəsiydi mənim anam.
Və bir də Məmməd İsmayılın üz tutduğu bir ünvan var ki, onun "son nəfəsi və son sözü" də həmin ünvan olacaq:
Səhərlərin səs-küyünə, qayğısına,
Misralara, kitablara qarışdırıb
Unutduğum bir kənd də var - ana kəndi.
Qərib-qərib xatirəmə
Tapşırmışam mən o kəndi...
İnsafına buraxdığım
Başsız qalan bir yurd da var,
Dodağımda donub qalan bir söz də var,
Yanılanda bağrım yanar:
Ana, Ana!
Əgər Azərbaycanın poeziya tarixinə, poeziya dühalarımızın həyat və yaradıcılığına kiçicik xəyali bir səyahət etsək, tam əminliklə deyə bilərik ki, bütün şairlərimizin ən gözəl şeirləri ilk məhəbbətdən yaranmışdır. Bu mənada, Məmməd İsmayıl da istisna təşkil etmir. Məmməd İsmayılın hələ ilk məhəbbət oxu daşa dəyməmişdən əvvəl şeirin orbitinə düşdüyünü nəzərə almasaq, o da məlumdur ki, onun ən cəlbedici və oxucunu çağıran şeirləri şairin ilk məhəbbətə dəlicəsinə vurulduğu illərdən sonra yaranmışdır.
Məmməd İsmayıl artıq şair kimi tanınanda biz orta məktəbin son siniflərində oxuyurduq. Bu tarix 1970-ci illərin ilk illərinə təsadüf edir. O illərdə eşitmişdik ki, Məmməd İsmayıl adlı gənc bir şair var və o rayon qəzetində müxbir işləyir. O illərdə Məmməd İsmayılın yazdığı "Bir ildir" şeiri və onun daşa dəymiş ilk məhəbbəti haqqında rəvayətlər az qala, dastana çevrilib ağızdan-ağıza gəzirdi. Orta məktəbin son siniflərində oxuyan və dəli bir uşaq sevgisi yaşayan yaşıdlarımızın çoxunun dillərindən düşmürdü bu şeir. Onlar məktəbdə sevdiyi qızlardan biganəlik görəndə, öz sevgilərini sevdiklərinə Məmməd İsmayılın şeirləri ilə bildirirdilər. Həmin şeiri müəllif şair dostu, onunla bir redaksiyada işləyən Qazax mahalının dəyərli söz adamı Ələddin İncəliyə xitabən yazmışdı:
Ay şair Ələddin, şair dostuyun
Açılmır qabağı-qaşı, bir ildir.
Olub məhəbbətdən illər xəstəsi,
Ayrılmır sevdadan başı bir ildir.
Yarın soyuqluğu yara dağ olar,
Ürək istəməsə, unutmaq olar.
Bilmirəm, nə qədər yas tutmaq olar,
Qurumur gözünün yaşı bir ildi.
Bu şeir təkcə yeniyetmə və gənclər arasında deyil, bütün Qazax mahalında (bəlkə də onun hüdudlarından kənarda) məşhur olmuşdu və aşıqlar bu şeir üstə dastan da danışırdılar.
Şairin özü də bu məhəbbət olayına, sözün birbaşa mənasında dastan qoşub. Əslində Məmməd İsmayıl bu nakam məhəbbəti dastanlarda olduğu kimi yaşamışdı, yaşaya-yaşaya özü də bilmədən bu dastanın qəhrəmanına çevrilmişdi. "Elçilər qayıtdı" adlanan bu dastan-poemanın proloqunda müəllif yazır: "Oxucum, sən bəlkə də bu poema adlandırdığım yazını həyəcansız, gözucu oxuyacaqsan. Arzusu daşa dəyən, bic və hiyləgər dünyanın hələ istisinə, soyuğuna alışmayan bir gəncin başına gətirilənlərdən xəbərin olsa, bu yazını tamam başqa bir gözlə oxuyarsan. Belə oxuyacağına elə ümid etmək istərdim ki!"
Və mən şairin nakam məhəbbəti haqqında bu dastan-poemanı bir oxucu kimi, məhz müəllifin istədiyi hisslərlə, həmin ovqatda oxumağa çalışdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!