Keçən günlərin dastanı - Orxan ARAS

Orxan ARAS

Bir əsər xatırlamaq istədiyimdə, dərhal gözümün önünə mənə təsir edən dörd bioqrafik əsərin adı gəlir: Şevkət Süreyya Aydemirin "Suyu axtaran adam", Pablo Nerudanın "Yaşadığımı etiraf edirəm", Ştefan Svayqın "Üç ustad" və İran Əli Rəhnəmin "Əli Şəriati" əsərləri.

Təbii ki, indiyədək yüzdən çox bioqrafik əsər və xatirələr oxumuşam. Amma bir imtahandan keçsəydim, ilk ağlıma gələcək bioqrafiya kitabları yuxarıda yazdığım əsərlər olardı.

Azərbaycan ədəbiyyatında oxuduğum ilk xatirə kitabları Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" və Həmidə xanımın xatirələri oldu. Onların hər ikisi təsirli kitablar idi və keçmiş Azərbaycanı olduğu kimi gözümüzün önünə gətirirdi. Əslində xatirələr və ya tərcümeyi-hallar itirilmiş zamana güzgü tutduğu üçün gələcək tədqiqatçılar üçün çox vacibdir. Bəlkə də buna görədir ki, "Müqəddəs", "Dəli", "Səyahətçi" kimi gözəl kitabların müəllifi Xəlil Cibran demiş, "Dünən bu günün xatirəsidir, sabah isə bu günün arzusudur". Təbii ki, şair haqlıdır. Dünənlə bu gün arasındakı emosional əlaqə sabahın xəyallarını yaradacaq.

Alman dilini öyrənəndən sonra universitetdə müəllimimdən soruşdum ki, Almaniyanı daha tez tanımağa kömək edəcək hansı kitabları oxuyum? "Xatirələri və ya bioqrafik əsərləri oxuyun", - dedi. Mən də belə etdim. Ədəbiyyatşünas Raninzkinin "Mənim həyatım" adlı əsərini alıb oxudum. Bu əsər nəinki son alman ədəbiyyatını əhatə edirdi, həm də teatr, opera və incəsənətin müxtəlif sahələrindən xəbər verirdi.

Belə memuarlarda və ya bioqrafik kitablarda ictimai inkişaflar, siyasi gərginliklər, sənətdə və insan münasibətlərində baş verən dəyişikliklər səlis bir dillə izlənilə bilərdi.

Türkiyədə bəzi dostlarla söhbət edərkən, onların "Azərbaycanı nə qədər yaxşı tanıyırsan" dediklərini eşidəndə içimdə bir az da qürur hissi yaranırdı. Amma Azərbaycandan bir-bir xatirə kitabları oxuduqca anladım ki, Azərbaycan haqqında çox az şey bilirəm. Prof. Tofiq Məliklinin "Suyu axtaran adam" memuarında Stalin qorxusunu, müharibədən sonrakı Bakı həyatını, türkologiyaya aşiq bir gəncin nəfəs kəsən mübarizəsini, Türkiyə ilə münasibətlərinin enişli-yoxuşlu yollarını, o qorxulu illərdə türk yazıçı və şairləri ilə əlaqələr və onların nəticələrini öyrəndim. Sabir Rüstəmxanlının "Xətai yurdu" kitabında Dağlıq Qarabağ hadisələrindən başlayaraq, müstəqillik elan olunana qədər bir dövrdə bir ziyalının milli hisslərinin, xalqın sarsılmaz iradəsinin zirvəsində gördüm. Yenə Prof. Cəmil Həsənlinin "Zamanın sınağında" memuarında 1960-cı illərdən başlayaraq sovet kənd həyatını, Azərbaycan xalqının maddi və mənəvi mübarizəsini addım-addım izlədim. Yenə də Azərbaycanın son otuz ilini kinokamera kimi əks etdirən Əjdər Olun panoramik "Lo" romanı mənə çox şey öyrətdi.

Nəhayət, təsadüf nəticəsində Prof. Nizami Cəfərovun "Keçən günlər dastanı" adlı xatirəsini alıb oxudum. Prof. Nizami Cəfərov bu memuarda Bakıdakı universitet həyatını, Tofiq Hacıyev, Abdulla Vəliyev, Ağamusa Axundov kimi alimlərin zəhmət və əməyini, xüsusən, türkologiya və filologiya sahəsində çalışan alimləri, onların zarafatlarını, tələbələrlə münasibətlərini çox canlı və axıcı bir dillə çatdırıb. Qısa cümlələrlə, səlis dillə yazılmış xatirələrdə rəngarəng təsvirlər, müfəssəl məlumat olmasa da, şəxsiyyətlər haqqında qaneedici məlumatlar var. Ola bilsin ki, müəllif yaddaşındakı fiqurların gördüyü kimi yadda qalacağını düşünürdü. Cəfərov öz müəllimləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ən mühüm simalarından - Nəriman Həsənzadə, İsmayıl Şıxlı və İsa Hüseynov kimi yazıçılarla münasibətlərindən, xatirələrindən də yazıb. O, vaxtaşırı daxil etdiyi zarafatlarla kitabı daha axıcı edib.

Müəllifin, xüsusilə, İsmayıl Şıxlı və İsa Muğanna ilə yaxın münasibəti diqqəti cəlb edir. Müəllif gənc olsa da, ömrünün ən yetkin çağlarını yaşayan bu böyük yazıçı cəmiyyətin ağsaqqalları ilə isti və səmimi münasibət qurmuş, onların bilmədiyi bəzi söz və davranışlarını gözəl ifadə ilə gələcək nəsillərə çatdırmışdır.

Şair Hüseyn Arifin həyəcanı, sadəlövhlüyü, uşaq xisləti, zarafatları kitaba ayrı rəng qatıb. Hüseyn Arif Türkiyədən qayıtdıqdan sonra qarşılaşdığı hər kəsə bir xatirə danışır:

"Türkiyəyə getmişdim. Yenicə gəlirəm. Mənə Türkiyənin xalq şairi adını verdilər. Dedilər ki, sən olmasaydın, urus sazı çoxdan sıxışdırıb aradan çıxartmışdı, sən ki, o urusun içində sazı qoruyub saxladın, böyük adamsan. Mükafat da verdilər, birələm puluydu.

Küçəyə çıxanda Allah hoyuna yetişməmişin birinə rast gəldim. Mənə dedi ki,  azərisənmi? Dedim: Hə... Sarıldı boynuma, dedi ki, səni buraxa bilmərəm, gedək restorana. Mən də dedim ki, yəqin yazıq nə müddətdən sonra yerlisinə rast gəlib, vətənin iyisini məndən alır. Getdik. Yaxşı yeyib-içdik. Hesab gələndə əlimi, canın üçün, yalandan cibimə saldım ki, hərifi qızışdırım. Gördüm ki, heç tərpənmir. Mən özümə gələnə qədər, cibimdən nə qədər pul çıxartmışdımsa, ofisiant alıb apardı... Qanım qaraldı. Durdum ki, gedəm mehmanxanaya. Hərif də düşüb böyrümə, aman vermir ha. Vətən həsrətindən danışır. Birdən dayandım. Dedim:

- Aya, Qazağın hansı kəndindənsən?

- Şıxlıdan.

- Adın nədir?

- İsmayıl.

Dəli olmadımmı?! Dedim:

"Aya, bir İsmayıl Şıxlıdan zorla canımı qurtarıb bura qaçmışam, burada da sənəmi rast gəldim?!.."

Xatirələrdə məni ən çox təsirləndirən sətirlər müəllifin müştərək dərsliklər hazırlamaq üçün Türkiyəyə səfəri oldu. Kitaba daxil olmasa da, bu dövr təxminən, 1992-1993-cü illərdir. Türkeşdən sonra gənclərə millətçilik, türkçülük mövzusunda mühazirələr oxuyan, Bozkurt Ayvaz kimi məşhurlaşan rəhmətlik Ayvaz Gökdəmir kimi siyasətçilərin Azərbaycan və digər Türk Cümhuriyyətlərinin ədəbiyyatı haqqında məlumatsızlığını heyrətlə oxudum.

Müəllif Nizami Cəfərov kitabında ümumi dərsliklərin necə bitdiyini yazmır. İndi belə ümumi dərsliklərin olub-olmadığını da bilmirəm. Amma son 30 ilin səylərini izləyəndə dəfələrlə şahidi olmuşam ki, hər cəhd yalnız məlumatsızlıqdan qaynaqlanır. Siyasətçilər nədənsə çox az oxuyurlar, Azərbaycan və digər türk cümhuriyyətlərindən söz düşəndə, bu məsələləri yaxşı bilən düzgün məsləhətçilər almaq niyəsə ağıllarına da gəlmir.

"Keçən günlərin dastanı" müəllifin uşaqlığı və valideynləri haqqında yazdıqlarını nəzərə almasaq, Azərbaycanın son qırx ilinə bir pəncərə açır. Orada oxumaq əzmi və biliyi ilə heç bir arxa-dayağı olmayan bir gəncin üzünə açılan qapıları, Bakıdakı akademik ab-havanı yaxından görürük. "Günlər keçir. Ancaq izsiz yox..." sətirləri Azərbaycan cəmiyyətinin son qırx ildəki dəyişmə və çevrilişlərini ustalıqla silinməz izə çevirib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!