XX əsrin 60-cı illərindən üzübəri Azərbaycan poeziyasında barmaqla sayılası bir neçə poetik fikir daşıyıcısı vardır ki, onların yaradıcılığını asan qəbul edib dərk etmək, hər hansı qəlib və çərçivəyə salmaq çətindir. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirik: Rəsul Rza, Əli Kərim, İsa İsmayılzadə,Vilayət Rüstəmzadə, Ramiz Rövşən, Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadə (bu siyahını uzatmaq da olardı) və bir də Qulu Ağsəs. Onlardan hər birinin, o cümlədən Qulu Ağsəsin qələmə aldıqları o qədər fərdi, o qədər özəl, o qədər qeyri-adi düzüm, struktur-kompozisiya və məna-məzmun özünəməxsusluğundadır ki, bu nümunələr məhz Qulu Ağsəsin şeirləri kimi olduqca müxtəsər, düşüncənin birbaşa təhtəlşüur ərazisindən o qədər fərqli qravitasiyadadır ki, onları nə adi oxucu, nə hazırlıqsız ədəbiyyatşünas-tənqidçi, nə də ortabab bədii-fəlsəfi nəzəriyyə daşıyıcısı açmağa o qədər də hazırlıqlı ola bilmir. Qulunun şeirlərində sözlərin adı məntiqi düzümünü axtarsan, heç bir önəmli nəticə və qənaətə gələ bilməyəcəksən. Qulu Ağsəs sözün həqiqi mənasında Allahın ona bəxş etdiyi istedada söykənir. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadə, özbək - A.Qəhhar, Türkiyə - Ə.Nesin, rus - Çexov nəsr yaradıcılığında sözdən istifadəyə nə qədər xəsisliklə yanaşmışlarsa, Qulu da eyni şeyi öz şeir texnikasında simicliklə, xəsisliklə tətbiq etməklə mahiyyətin alt qatında oturan fikri zədələmədən kamilliyə nail ola bilir.
Nəzərə almaq lazımdır ki, hər bir poetik mətn, həm də etik-estetik sistemdir. Eyni zamanda bu və ya başqa mətn işarə sistemi kompleksi olub, səs harmoniyası mövqeyindən - vurğu, poetik ölçü, fərdi müəllif intonasiyası və digər leksik-fonik vasitələr - Qulu Ağsəsin şeirlərinin strukturunun göstəricisi kimi çıxış edir.
Qulu Ağsəsin poeziyasında tərkib və struktura görə yaxın olub, bir-biri ilə uyğun kodlar birləşərək orqanik bütövlük yaratmaqla yeni və daha güclü məna araya-ərsəyə gətirir. İlk baxışda bir-birindən uzaq olanlar, buna görə də bir-biri ilə kifayət qədər uyğunlaşmayan, uyuşmayan kodlar bir-biri ilə paradoksal mənanın yaranmasına gətirib çıxarır.
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
...Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
...Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış
Ölmə, amandı, Allah!!!
Qulu bir tərəfdən Allahın xofunun yamanlığından şikayətlənirsə, digər tərəfdən insanları qırıb qurtarmamış Allahın ölməsindən qorxur. Bununla da çoxsaylı fərqli traktovkalardan daha vacibi Allahın bəşəriyyətin özü yox olandan sonra ölməsi fəlsəfəsini və bununla da bəşəriyyətin daimiliyini ön plana qoyur.
Qulu Allahın ölümü məsələsinə ona görə bu rakursdan toxunur ki, müasir mərhələdə və şüurda "Allah öldü" formulası ön plana çıxmaqla daha çox təyin-səciyyə daşımaqdadır. Bəzi sosioloqların, filosofların, nəzəriyyəçilərin düşüncəsində Allahın ölümü özündə pozitiv məna daşımaqla, həm də Allahın ölməsi İnsanın doğulmasına səbəb olur. Belə fəlsəfi yanaşmanı Nitşe irəli sürüb, ona Jan Pol, Hegel, Heyne və digər alimlər də öz nəzər nöqtələri ilə kömək etsələr də, Allahın ölümündə bir qorxu, həyəcan təbili vururlar. Odur ki, Qulu Ağsəs bu tipli yanaşmalardan fərqli olaraq bəşər övladı var olunca Allahın ölümünə razı olmur.
Qeyd etdiklərimizlə yanaşı, Qulu Ağsəsin poeziyası özünün qeyri-adi metaforalaşması ilə diqqəti cəlb edir. Elə buradaca bildirək ki, linqvistikada "metafora" termini geniş izah olunmaqla, həm də sistemləşdirilmiş parametrlərin yoxluğu ilə izah olunur ki, bu kontekstdə onun müxtəlif tiplərini təsnif etmək mümkündür. Burada ən başlıcası bir hadisənin semantik yaxınlığı əsasında onun vəziyyətini, xassəsini ortaya çıxarmağa can atmaqdır.
Müasir koqnitivistikada metafora nitqi rəngarəngləşdirərək trop kimi deyil, eyni zamanda onu daha başadüşülən obraz yox, təfəkkürün xüsusi forması, ünvançının intellektinə, hisslərinə və iradəsinə təsir edən vasitə olaraq götürülür. Bu, Qulu Ağsəsdə xüsusi şəkildədir. O, nəinki metaforaların köməyi ilə düşünür, yaşayır, dünyanı onların köməyi ilə dərk edir, onunla bağlı hadisələri izah etməyə çalışır. Belə olduğu halda metaforanın estetik potensialı və ətraf aləmin insan tərəfindən emosional dəyərini ortaya qoymaq imkanı mühüm rol oynayır.
Qulu Ağsəsin poetik mətnlərində çoxsaylı feil metaforalara rast gəlinir və onlar da öz növbəsində yeni-yeni metaforalar əmələ gətirir. Bu baxımdan mənanın inkişafı istiqamətində metaforalaşan dil vahidlərində mətn əsaslı rol oynayır. Onun poetik mətnlərində metaforik konstruksiyalar nəinki estetik funksiya yerinə yetirir, həm də şairin özünün dünya mənzərəsinə fərdi müəllif baxışı sərgilənir.
Məlumdur ki, bədii mətn müəllifin poetik aləminin maddi ifadəsi, yaradıcılıq kredosudur ki, onun köməyi ilə sənətkarın dünya baxışının poetik konsepsiyası təyinedici əhəmiyyətə malik olur. Qulu Ağsəs dünyanın poetik mənzərəsini öz şüurunda və yaradıcılığında xüsusi vasitələrin köməyi ilə yaradır. Metafora yaradan Qulu Ağsəs elə bir istedada sahib söz ustasıdır ki, o hətta hərfi mənada gərəksiz interpretasiyadan elə bir yeni söz konfiqurasiyası, konstruksiyası, deyim baxımından mühüm metaforik məna yaradır ki, sanki söz öz "xarabalıqları"ndan üzə çıxıb deyimə yeni məzmun və ifadə tərzi gətirə bilir:
Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
- gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...
Buyurun, deyim tərzi o qədər gözlənilməz, ağlagəlməz və fərdidir ki, özünü, nəhayət, "altındakı skamyada bir yol özü oturmayan yorğun ağac..."la müqayisə edən şair, həm də özünü ona bənzədir. Çoxlarına belə deyim tərzi adi gəlsə də, Qulu Ağsəsin təfəkküründən gələn belə izah son dərəcə gözlənilməz effektlə sonuclanır.
Hər hansı poetik mətnin qavrayışı mətndaxili metaforik münasibətlərin strukturu ilə bağlıdır ki, onlar dil sistemi anlayışının realizasiyasıdır. Bədii mətnlər metaforik mənanın kodlaşma üsulu və dərkinin hansı konkret mədəni ənənə sərhədlərində olması ilə müəyyənləşir. Belə mədəni-bədii ənənə mətni yaradanın şüurunda tezaurus şəklində (leksikanın daha tam şəkildə əks olunması istiqamətində), həm də mətni qəbul edənlərin subyektiv, yəni ünvançı deyimində yer almaqdadır.
Odur ki, Qulu Ağsəsin şeirlərindəki metaforik paradiqmaların müəyyənləşdirilməsi üçün ad metaforasının bütün leksik bazasını da dərindən araşdırmağa ehtiyac vardır. Belə olduğu zaman görürük ki, şairin fərdi-müəllif metaforası mürəkkəb və çoxcəhətli hadisədir. Əsərlərini təhlil edərkən müəyyən olunur ki, fərdi-müəllif metaforası dil üçün olduğu kimi iki semantik sferanın (sahənin) "İnsan" və "Təbiət" səciyyəviliyi ilə bağlı olur. Bununla belə, onun yaradıcılığında başlıca yeri "İnsan" semantik sferası tutur, sonrakı yerdə "Təbiət" və onunla bağlı digər sferalar, dünya mənzərəsinin spesifik dil xüsusiyyətləri gəlir. Qulu Ağsəsin əsərlərində metaforik ifadələrə nəzər saldıqda görürük ki, metaforalar, belə demək mümkünsə, "şairin intellektinin "əlini" uzun edir və metaforalar onun "mental üfüqündə" bütöv və qeyri-adi geniş zona yaradır. Bununla o, dünyanın dil mənzərəsini nəzərəçarpacaq dərəcədə yeniləndirir, zənginləşdirir və elə bir leksik massiv yaradır ki, onun fərdi-poetik dili şairin bədii təfəkkürünü verballaşdırır. Qulu Ağsəsin fərdi - müəllif metaforasının mahiyyəti dil şəxsiyyətinin şüurunda antikorreksiya (sözün lüğətin köməyi ilə yazılışı) üçün mühüm olan assosiasiyamızın sistemli gücünü təmin edir.
Poetik mətn əksər hallarda konkret dil qaydalarına tabe olsa da, Qulu Ağsəsin poeziyasında onun dillə bağlı münasibətlərinə yeni, əlavə məhdudiyyətlər qoyulur: məsələn, müəyyən ölçü-ritm normaları, fonoloji səviyyədə, qafiyə, leksik və ideya-kompozisiya səviyyəsində belə məhdudiyyətlər meydana çıxır. Bütün bunların hamısı da poetik mətni adi danışıq nitqindən istənilən dərəcədə "sərbəst etmir". Qulunun şeirlərinin informasiyalılıq mətni yığcam olsa da, o qədər geniş və dərin tutumludur ki, o həm də bizlərə məlum olan informasiya nəzəriyyəsinin əsas müddəaları ilə uyuşmur.
Qulu Ağsəsin şeirlərində qafiyənin səslənişi onun qəfildən ortaya çıxıb, akustik, yaxud fonetik xarakterə yox, semantik tutuma malik olduğunu nümayiş etdirir, məsələn, bu parçada olduğu kimi:
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür, adımızı öz jurnalına
Əcəl - adqoydudan qabaq yazdırıb...
Qulunun poeziyasında qafiyə onun əsərlərinin, bəlkə də, poetik strukturunda ən antaqonist, konfliktli dialektik səviyyələrdəndir. Qafiyə burada elə bir rol oynayır ki, sanki belə rolu qafiyəsiz xalq poeziyasında semantik paralelizmlər oynayır və sətirləri cütləşdirməklə iki fərqli deyimin birləşməsi kimi yox, eyni şey deyimin iki üsulu kimi təqdim edilir. Daha doğrusu, qafiyə morfoloji-leksik səviyyədə etdiyini anafora sintaktik səviyyədə yerinə yetirir.
Qulu Ağsəsin əsərlərinin mahiyyətinə ekskurs etdikcə görürük ki, o, dünyanın poetik modelini özünün semantik sistemi üzərində qurmağa daha çox meyilli olan Aleksandr Blok, Velimir Xlebnikov, Robert Rojdestvenski, Maqcan Cumabay, Oljas Süleymenov, Andrey Voznesenski və Anna Axmatova modelində strukturlaşdırmağa çalışır.
İşdi-qəzadı səndən əvvəl ölsəm...
Hərdən anamdan xəlvət...
Dağa bax, sən Allah...
Sağ-salamat ölsəydim...
Nə olar, bir səhər durub görəsən...
...Görsən ki, qaranlıq çökür aləmə...
Qələt eləyərəm, desəm...
Başımın uğultusu...
Qulu Ağsəs ətraf aləmin qavrayışı və dərkində dünyanın dil mənzərəsinin ən mühüm dəyər orijentirlərini yaradır. Şair burada "ayrılıq" konseptini ortaya qoyur və bu, xalqın spesifik mentalitetinin göstəricisi kimi çıxış edir. "Ayrılıq" konsepti, təbiidir ki, iki daim bir yerdə olmağa can atan (bizim təqdirdə müharibədə döyüşən gəncin və onun sevgilisinin) bir-birinə bağlı olub, hansı səbəbdən (burada müharibə ilə bağlı) ayrılmalarını Qulu Ağsəs qeyri-adi misralarda yaradır və ayrılığa öz sənətkarlıq bucağından baxır. Eyni zamanda ayrılıq insanın içini dağıdır, illah da yenidən görüşməyə ümid yeri qalmadığı halda. Burada "ayrılıq" konsepti şair tərəfindən elə bir emosional-semantik yüklə yüklənib ki, onun antonimi kimi səslənəcək "xoş görüş", "xoşbəxt görüş" konseptlərinin yoxluğu oxucunun da içini didib-dağıdır.
Qulu Ağsəsin poetik nəfəsinin fərqli ritmdə olduğunu onun digər bir "Sənsən hər yer..." şeirinin məzmununda izləyək.
Ömrümdən neçə gün qalıb,
neçə saat, İlahi?
Çoxdan səndən nə zəng gəlir,
nə amanat, İlahi!
Kim kəsib Sən olan yerdə,
söylə, yolu-yolağı?..
Gedim hansı cəhənnəmə,
hardan gəlir sorağın?..
...Mərhəmətin, neyləsəm də,
günahımı aşmada
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada. -
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxıb görüm
Sənsən hər yer, İlahi,
Günahımı nəylə desən,
razıyam, yuyum orda,
Əgər gücün çatsa, məni
özündən doyur orda...
Poetik mətnin kompozisiyasının ikili mahiyyəti var. Bir tərəfdən bu, mətnin müxtəlif seqmentlərinin ardıcıllığıdır. Digər tərəfdən bu, seqmentlər müxtəlif bərabəryüklü müəyyən şəkildə bərabərliyə can atmaqla nəinki birləşməyə, həm də qarşı-qarşıya durmaqla vahid struktur paradiqması yaradır ki, bu da frazaüstü və sətirüstü səviyyələrdə daha görümlü yer alır.
Qulu Ağsəsin şeirlərinin süjet quruluşu da sırf özününküdür. Onun şeirlərinin süjeti daha çox yığcamlığı ilə fərqlənir. Şeirlərin süjetindəki kolliziyalar onun sırf öz bədii təfəkkürünə xas olan son dərəcə yığcamlığı ilə diqqəti cəlb edir.
Eyni zamanda Qulu Ağsəsin şeirləri - mürəkkəb quruluşlu məna kəsb edən fenomenal nümunələrdir. Onlar vahid bütövün tərkibinə daxil olmaqla və mühüm dil elementləri kimi funskiya yerinə yetirməklə (ilk növbədə, semantik yük daşımaqla) mürəkkəb münasibətlər sistemi ilə bağlı olub, fərqli dil konstruksiyalarına malikdir. Bu da nəticə etibarı ilə orada yer almış hər bir elementə ayrı-ayrılıqda və bütün konstruksiyanın üzərində mükəmməl semantik yük ortaya qoyur. İfadə, fraza və deyim - bunların hamısı, qrammatik strukturda bir-biri ilə müqayisə olunacaq və müqayisə olunmayacaq şəkildə uyğunluq və antiteza mövqelərində olub, oxucu üçün gözlənilməzliyə gətirib çıxaran yeni semantik çalar əldə edə bilir.
Beləliklə, Qulu Ağsəsin poeziyasındakı dil vasitələrinin seçimi, formulası və onların istifadə edilməsi strategiyasını nəzərdən keçirdikdə görürük ki, onlar, nəinki şairin ideya-bədii xülyasına uyğun olaraq həyata keçirilir, həm də mətnin bütün elementlərinin strukturu və sahmanının təsiri altında ortaya qoyulur ki, burada fərdi ritm, qafiyə və strofika hamısı özəldir. Qulunun poetik dilində mətnin struktur-semantik əlaqələri arasında son dərəcə yüksək və ciddi sıxlıq müşahidə olunur. Hər bir söz, ifadə onun şeirlərində estetik baxımdan öz sahmanı və quruluşu ilə seçilməklə çeşidli semantik çevrə əldə edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!