Rəşad Məcidin şeir dünyası - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad "Elm və həyat" jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə "Uğurlu yol" yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı "dünyaya təzə söz verən" (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan "Hələ ki vaxt var" şeirlər kitabında belə bir şeir vardı:

 

Babalar yaşıdı ağacım,

Çiçəyin, gülün yadıma gəlməz.

Sən ki, əsrlər görmüsən,

Torpaq yaşıdı dağım.

 

Dünya yaşıdı Gün işığım,

Bir silkələyin yaddaşınızı,

Mən sizi tanıdım,

Siz məni tanımadınızmı?

 

Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti - şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir - bunu ustadlar - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.

"Həyat haradadırsa, poeziya da oradadır" (Belinski) - Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, "Arazlaşan, Kürləşən Vətəni" köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən... Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, "onu həm öldürüb, həm yaşadanın" gəlişindən "göylərə ucalıb, səmaya qalxdığının" poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan "ovqat şairi" demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: "heç nə istəmirəm...heç yana baxmaq. Heç kimi görmək istəmirəm...gözlərimi yumub səni düşünmək istəyirəm" - bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.

Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.

 

Bu dağlarda ay işığı -

Çəməni bürüyən şehdir,

Bir ahıl saçında zehdir.

Bu dağlar ay işığında

Nəsildən-nəsilə saflıq aparan

Yelkənli gəmidir.

Bu dağlar ay işığında

Üz-gözü südə bulaşmış

Körpə kimidir.

 

Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində "Ürəyim yol gedir ay işığında" örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında "cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan" "Yanıq Kərəmi"nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin - Nəsiminin, sahili olmayan ümman - Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.

Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: "Təbiəti şeirə gətir!" Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. "Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır". "Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə". "Hələ ki, qar kimisən - Təzə, bol, rahat, yumşaq, geniş... Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var".

Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də "Füzulidən bir dad, bir duz" olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub -

 

"Əllərimin qabarı, ürəyimin qabarı"

Bir pöhrə ağacdı - tumurcuqlayıb,

Bir parça çəməndi - güllü, çiçəkli.

Bardı, bərəkətdi

Əllərimin qabarı.

 

Gözümdə çaxan şimşəkdi,

Alnıma söykənən əlim.

Qəlbimi yandıran qəmim, kədərim,

Sonrakı ağlım, Araz dərdim.

Ağ varaqlarda çırpınan duyğularım -

Ürəyimin qabarı.

 

Deyə bilmədiyim sözdü - boğulub qalıb,

İki damla yaşdı,

Gözlərimdə sıxılıb qalıb

Ürəyimin qabarı,

Əllərimin qabarı.

Yaşıl-yaşıl gözəlliyini,

Budaq-budaq barını gördüm,

Sən neylədin, ürəyimin qabarı?!

 

Rəşadın "Çiyələk qadın" kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin "ərazisində" vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər...

Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:

 

Surquclayıb yüz ağrını, əzabı,

Dərd içində səadətdən gülmüşəm.

Xoş anların yapışmışam yalından,

Göz yaşımı gülüşümlə silmişəm.

Ustadımın heykəlinin önünə,

Aşıb-daşan məhəbbətlə gəlmişəm.

Mən nə deyim bu halətə, bu hala?

Demək, hələ çalxalanır dənizim,

Sevgimizdən qımıldanır.

 

Bir neçə gün bundan əvvəl "Azərbaycan" jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin "Şuşa dəftəri" silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: "Şuşa dəftəri"nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!". Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi - illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt "Şuşa dəftəri" silsiləsində olduğu kimi nikbin görməmişdim. "Şuşa dəftəri" müasir poeziyamızda təzə bir sözdürdür.

 

Süzülür dan yerindən tarixlərin işığı -

Dahilər şəhərinin işıqlı yaraşığı!

Şəninə dastan yazır,

söz qoşur haqq aşığı,

Əcdaddan paydı deyir,

qoca Şuşa sevgisi!

 

Azərbaycan əsgəri...

borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

tunca Şuşa sevgisi!

 

Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!