Bir də heç vaxt yazılmayacaq şeirlər - "Hədəfimiz kitabdır"

"Hədəfimiz kitabdır" rubrikasında növbəti hədəfimiz Fərid Hüseynin "Bir də heç vaxt" şeirlər toplusudur

Müzakirədə: tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Cavanşir Yusifli, şair, esseist, tərcüməçi Qismət Rüstəmov və ədəbiyyatşünas, esseist Mətanət Vahid (moderator) iştirak edirlər.

 

Mətanət Vahid: - Bildiyiniz kimi, rubrikamızın məqsədi kitabı oxucuya, oxucunu kitaba daha da yaxınlaşdırmaqdır. Bu məqsədlə son bir neçə ildə çap olunmuş yeni kitabları müzakirəyə çıxarmaqla oxuculara təqdim edir, bədii-estetik keyfiyyətlərindən, üstünlük və çatışmazlıqlarından  söz açırıq. Bu gün Fərid Hüseynin şeirlər toplusunu müzakirə edirik. Amma istərdim söhbətimiz dar çərçivəyə sığışıb qalmasın. Ümumən şeirimizdən danışaq və fikirlərimizin ifadəsində "Bir də heç vaxt" kitabına istinad edək. 

Çağdaş Azərbaycan poeziyasından bəhs ediləndə onun alın açıqlığı, baş ucalığı ilə dünyaya çıxarıla biləcəyi deyilir. Poeziyanın "dünya səviyyəli" olmasını hansı kriteriyalara əsasən müəyyənləşdiririk? Və bu baxımdan Fərid Hüseynin "Bir də heç vaxt" toplusundakı şeirlər nə deməyə əsas verir?

Cavanşir Yusifli: - Dünyaya çıxmaq, dünyaya inteqrasiya olunmaq təkcə tərcümə problemi deyil. Mən o statistikanı bilirəm, kimlərin Londonda, Türkiyədə, Amerikada, Rusiyada və s. intensiv şəkildə həm nəsr, həm poeziya kitabları çap olunur. O mənada Fəridin də, Qismətin də, digər müəlliflərin də əsərləri tərcümə olunur və dünyaya çıxır. Bununla bağlı parametrlər çoxdur. Məsələn, bizdə Mirzə Cəlil N sayda tədqiq olunub - müxtəlif nəsillərin nümayəndələri, alimlər tərəfindən. Küll halında bu yazılara baxanda fikirləşirsən ki, Mirzə Cəlil elə də böyük yazıçı deyil, orta statistik bir yazıçıdı. Amma Qorxmaz Quliyevin və digər alimlərin yazılarına baxanda isə əksini düşünürsən. Onun bir məqaləsi var, "Kral Lir"lə "Ölülər", "Dəli yığıncağı" müqayisə olunur - personajlar və personaj arxetipi səviyyəsində və s. Demək istəyirəm ki, dünyaya inteqrasiyanın bir yönü də filoloji təhlillərdən keçir. Yəni bu, sənin öz ədəbiyyatını dünyaya nə dərəcədə təqdim etməyindən də asılıdır. Elə yerində düzgün təqdim etmək də dünyaya təqdim etməkdir.

O ki qaldı Fəridin kitabına - səhv etmirəmsə, bu, onun "Əlifba sırası"ndan sonra 2-ci şeirlər kitabıdır. Bu iki kitab arasında çox böyük fərqlər var, dinamika, inkişaf var. Ola bilər insan gəncliyində hansısa hadisələrin, gərginliyin, duyğuların təsiri altında şeirlər yazsın. Bu, xüsusən cavanlığa xas olan, səndən asılı olmayan təzyiq altında meydana gələn yaradıcılıqdır. Amma yaşa dolduqca, yetkinləşdikcə hisslərin xarakteri, təbiəti dəyişir və sən başqa şeylər yazırsan. Bax bu başqalaşma mənə elə gəlir ki, Fəridin "Bir də heç vaxt" kitabında hiss olunan 1-ci xüsusiyyətdir.

Qismət Rüstəmov: - Dünyaya çıxmaq məsələsini Cavanşir müəllim dedi, - mən axır vaxtlar bu ifadəyə bir az ironiya ilə yanaşıram, - çünki doğrudan da dünyanın içindəyik də, hara çıxacağıq?! Məsələn, XX əsrin 30-40-cı illərində dünyadakı ədəbi prosesə baxsaq, Borxes harda yazırdı? - dünyanın ucqarında: Argentina, Buones-Ayres bizim indiki cəmiyyətlə müqayisədə xeyli geridəqalmış bir yer idi, amma o oturub o hekayələri yazırdı və üstündən heç 20 il keçməmiş bu günə qədər dünyanın ədəbiyyatına istiqamət verəcək idi. Yəni bir az o komplekslərdən azad olmaq, özünə aid olanı yalnız aşağı səviyyədə görmək kompleksindən qurtulmaq lazımdır. "Dünyaya çıxmaq" deyəndə onu nəzərdə tuturuq ki, daha inkişaf etmiş mədəniyyətlər bizi niyə qəbul etmir? Əslində, kitablar çıxır dünyaya, amma turist kimi. Yəni necə ki, adamlar dünyaya səyahət edir, turist-kitablar da gedib müəyyən kitab yarmarkalarını gəzib qayıdır. Dünyaya inteqrasiyanın ikinci şərti nədi? A.Rembo deyirdi ki, şair üçün birinci vacib şərt öz dövrünün moderni olmaqdı. Yəni müəllif öz dövrünün poetexnologiyalarını, ifadə vasitələrini, alətlərini zamanla uyğunlaşdırmalıdır. Yoxsa hislərdir, mövzulardır, bunlar dünyanın hər yerində bütün zamanlarda, aşağı-yuxarı, eynidir. Özünüifadə vasitələri can atdığımız yerlə ayaqlaşmayanda belə problemlər yaranır. Belə isə doğrudan da, hər ay kiminsə əsəri müxtəlif dillərə tərcümə olunur, elə ən yaxın Türkiyənin özündə hətta esseistika nümunələri çap olunanları da görmüşəm mən. Bunların nə isə doğurmamağının səbəbi isə odur ki, biz bir az köhnə alətlərdən istifadə edirik. Gərək ki, F.Ceymsonun sözüdür, deyir ki, modernizmi qızılca kimi gec keçirmiş cəmiyyətlər bir ayaqları ilə yeniyə can atırlar, o biri ilə isə keçmişdən yapışıb qalırlar, hara aid olmaq istədiklərini müəyyənləşdirə bilmirlər. Buna "modernist tərəddüd" deyirlər. El dili ilə desək, "iki daşın arasında qalmaq." Məncə, əsas problematik məqam budur. Qaldı ki, yaxşı şeir yazılıb-yazılmamasına, məncə, yazılır. Elə Fəridin timsalında da bunu deyə bilərik.

Mətanət Vahid: - "Bir də heç vaxt" kitabındakı şeirlər müxtəlif mövzular üzrə bir neçə bölmədə cəmlənib. Bu konseptuallıq Fərid Hüseynin şeirlərində yalnız mövzu, məna, mahiyyət qatında özünü büruzə verir, yoxsa formada da izləyə bilirik bunu? Ümumiyyətlə, poeziyada konseptuallıq nə dərəcədə əhəmiyyətlidir?

Qismət Rüstəmov: - Bu kitabın bu dərəcədə konseptual alınmasında mən Səlim Babullaoğlunun rolunu vurğulamaq istəyirəm. O, kitabın həm redaktorudur, həm də bilirəm ki, çap ərəfəsində Fəridə çox qiymətli tövsiyələr verib. Bundan əlavə, mənə elə gəlir, müstəqillik dövründə yeni poetexnologiyaların Azərbaycan poeziyasına gətilriməsi mənasında Səlimin şeirində yeniliklər həddindən artıq çoxdur  və bu, bir çox şairlərimizdə, bəlkə də ən çox elə Fəriddə görünür. Bu mənada Səlimin İ.Brodskidən etdiyi tərcümələr, Brodski şeirinin Azərbaycan poeziya kanalına buraxılması kimi məsələlər çox da müzakirə olunmur, səs-küyə səbəb olmur, amma xırda-xırda öz təsirini göstərir. Konkret şeir nümunələri üzərində analiz aparılsa, mənə elə gəlir ki, bunlar ortaya çıxacaq. Deyək ki, Səlimin "Polkovnikə heç kim yazmır" adlı həm şeiri, həm də kitabı var. O şeir ayrı-ayrı bədii əsərlərin adlarının adekvat ovqatlara köçürülməsi üzərində qurulub. Yəni bir intertekstuallıq qurulub onun üzərində. Sonradan belə şeirlər ən müxtəlif səviyyələrdə çox adamda yazıldı. Amma bəlkə də, çox adam bilməz ki, bu, Səlimin şeirinin ab-havasındadı, səsində, ruhundadı.

Fəriddə məsələ bir az başqa cürdü. Kitabda bəzi şeirlərin altında ətək qeydləri var. Biz onların həcminə, sayına nəzər salsaq, görərik ki, əslində, bu baxımdan onun istifadə etdiyi, qaynaqlandığı iki kanal var: bir rus poeziyası, bir də təxminən elə eyni dövrdə biz Məsiağa müəllimin, Cavanşir müəllimin tövsiyələri ilə Nizaminin, Xaqaninin filoloji tərcümələri, ümumiyyətlə klassik Şərq ədəbiyyatının poetik deyil, filoloji tərcümələrini bir neçə il oxuduq və Fəridin şeirində məhz bu kanallar var.

Cavanşir Yusifli: - Fərid yaradıcı adam kimi ən müxtəlif mənbələrdən qidalansa da, əslində, onun şeirinin xarakteri qidalandığı mənbələrdən fərqlənir. Mən bunu təqribən belə təsəvvür edirəm: insan, şair qidalanmaq, dünyaya açılmaq mənasında ən müxtəlif mənbələr oxuya bilər, amma onun təbiətində elə şeylər var ki, həm oxuduğu mənbələrə təsir edir, həm onların özünə təsirini bir az başqalaşdırır. Hər hansı bir milli ədəbiyyatın, poetik təcrübənin elə bir məqamı yetişir ki, bəlkə də, minillik poeziyanın imkanları gəlib bu şairlərin şəxsində öz ifadəsini tapır. Çox yayılmış ədəbi nəzəriyyələrdə belə bir şey var ki, mətn təkcə gələcəyə istiqamətlənmir, həm də baş alıb gəldiyi keçmişə də təsir edir. Üstündən 50, 100 il keçəndən sonra görürsən ki, o keçmiş də dəyişdi və sənin ondan götürüb gətirdiyin ənənə qatı ki var, o, tamam başqa formada sənin şeirində iştirak edir. Bizim bəzi jurnalist səviyyəsində olan tənqidçi və ədəbiyyatşünaslarımız kimlərəsə oxşayan misra və fikir görəndə müəlliflər arasında oxşarlıq "tapırlar". Bizdə poetik mətnin qurulma tipi dəyişir. 60-cı illər poeziyasında Əli Kərimdən ta üzü bəri gələndə bu inkişafı görməmək mümkün deyil. Məsələn, Səlim Babullaoğlunun "Coratda balıqçı uşaqlarla ədəbiyyat dərsi" şeiri, əslində, siz dediyiniz mənada bütün parametrləri ilə konseptual şeirdir. Təkcə həcmi, bir az da təhkiyəyə meyil etməsi ilə deyil, ideyası etibarilə ki, bax burda nə qədər mənbələr üz-üzə gəlir, çarpazlaşır və bir-birinin içindən çıxır. Tutaq ki, E.Heminqueyin "Qoca və dəniz" əsəri, yaxud müəllifin özünün məktəbli olarkən müşahidə etdiyi müəllimləri və s. Bütün bu həyat hadisələri gəlib elə bir nöqtədə düyünlənir ki, şairin həyat təcrübəsilə oxuduğu və sitat verdiyi mənbələr çox orijinal şəkildə münasibətdə olur. Bu da mətnin əvvəlki ənənəvi şeirdən kəskin şəkildə fərqlənməsinə gətirib çıxarır. Bu ənənə müəyyən mənada Fəridə də təsir edib. Amma təsir etsə də, onda bu, tamam başqa şəkildə meydana çıxır. Onun şeirində iki cəhət var: birincisi onun "Əlifba sırası" kitabından gəlir: qısa, minimalist, dərhal effekt yaratmağa meyillənən şeirlər ki, bunlar bütün mümkün vasitələrdən istifadə edib hissləri əlbəəl şeirə çevirmək, poetikləşdirmək yoludur - bu tendensiya Fəridin I kitabında da var idi, zənnimcə, gələcəkdə də davam edəcək. Çünki bu, onun şair naturasını bəlləyən xüsusiyyətlərdən biridir.  Bir də var, həcmindən asılı olmayaraq, keçmiş, gələcək və indinin artefaktları arasında münasibətləri poetik dilə çevirmək. Məsələn, şeirlərinin birində təqribən belə bir ifadə var:

 

İşığımı

İmam Hüseynin Kərbəla

            çölündə çırağını

Söndürən kimi keçirirəm...

 

Mətni ən müxtəlif zamanların artefaktlarından hörməklə onun daxilini keçici hisslərdən təmizləmək, müəyyən sirlərin faş olması, bədii effekti mətnin dərinliklərinə atmaq xüsusiyyətidir bu. Bu mənada mətn müxtəlif mətnlərlə təmasa girir və şeirin konseptuallığını şərtləndirən detallar meydana gəlir. Hər iki istiqamət arasında, daha doğrusu, onları birləşdirmək mənasında bir əsas keyfiyyət də var: şeirin qəsdən bitməməsi, yəni oxucuya tema vermək məqsədini daşıması. Oxucu bu "əntiq daşları" ola bilsin ki, ekzotika kimi qəbul edir, onunla təmasa girir, ona öz hisslərini qatır və mətn onun üçün fərqli şəkildə doğulur. Qeyd edim ki, müasir şeirdə bu, aparıcı xətlərdən biridir. Bu keyfiyyəti termin şəklində də adlandıra bilərik: bütün gücünü sərf edib minimallaşmağa meyil.

Qismət Rüstəmov: - Ədəbiyyatşünaslıqda təsirin dərəcələri müəyyənləşib, plagiata qədər gedən, reminisensiya səviyyəsində olan və s. Cavanşir müəllimlə razıyam ki, bizdə iki söz bir-birinə oxşayan kimi bunu ədəbi təsirlə əlaqələndirirlər. Əslində, bu kitabın istənilən səhifəsini açsaq, istənilən şairin təsirini görə bilərik. Hətta mən səhər oxuyanda gördüm ki, bizim bir-birimizə nə qədər təsirimiz olub. Bu ədəbi təsir haqqında bir kitab var, heyif ki, bizim dilə tərcümə olunmayıb: yaşayan ən böyük tənqidçilərdən olan Harold Blumun şah əsəri sayılan "Təsirlənmə əndişəsi" kitabı. O kitab Kristofer Marlo ilə Şekspirin ədəbi münasibətləri üzərində qurulub: onlar bir-birinə nə dərəcədə təsir edib və bu təsir bir-birinə ötürülən münasibətlə yanaşı, həm də bir-birini itələyən münasibətlərdir. Bu tezis 70-80-ci illərdə akademik çevrələrdə çox böyük səs-küyə səbəb olmuşdu. Müəllif təsirə haqq qazandırır ki, adam adamdan təsirlənməlidir, yəni təsirlənməyəcəyəmsə, niyə oxuyuram və s. Bu təsirin içərisindən, Cavanşir müəllim demiş, baxış bucağından yeni münasibətlər yaranıb. Bu mənada T.Eliot "Ənənə və fərdi istedad" adlı məqaləsində deyir ki, şair bir hadisəyə nüfuz edəndə, yaxud nəyisə oxuyanda yalnız gələcəyə deyil, keçmişə də təsir edir. T.Eliotun şeirlərinin əvvəlində böyük epiqraflar var. Məsələn, Dantedən. Amma o Dante artıq bizim bildiyimiz, qəlibləşmiş Dante deyil. T.Eliot gətirib onu şeirin əvvəlinə atanda Dante də yenilənir, başqa bir mahiyyət kəsb edir. Bu mənada təsirlər, onların interpretasiyası istedadlı bir adamın baxışında tamam yeni mənalar kəsb edir.

Fəridin birinci "Əlifba sırası" kitabında xəfif bir yumor sezilən, kiçikhəcmli, müqayisə etsək, məsələn, Orhan Vəlinin şeirləri kimi - mənzərəni, hissi birbaşa ötürmək istəyən, bir az da impressionist ovqatlı şeirlər yer alırdı. "Bir də heç vaxt" kitabının isə "Qəlbin tərbiyə dərsləri" bölümünü o özü xüsusi qiymətləndirir. Deyir ki, müəyyən zamandan sonra mən bəzi şeylərdən bilərəkdən uzaqlaşdım: tənhalıq oyunları, dərdin imitasiyası. Bu şeylər bizim şeirdə çoxdur, doğrudan da. Yəni əslində bir dərd yoxdur, amma onun simulyasiyası var, imitasiyası var. Bu da bizim şair haqqındakı dərdli obraz təsəvvürümüz ilə bağlıdır.

Cavanşir Yusifli: - Onu yaxşı dedin. Şair birinci növbədə, ənənədə kirəclənmiş bir hadisəni zamanında hiss edirsə, deməli, o, nəsə bir yenilik yarada bilər. Məsəlçün, Fəridin bir şeiri var, "Qoqolun "Portreti". "Portret" hekayəsində sevgidən bəhs edilir, orda belədi ki, portret əldən-ələ keçdikcə hərə bir cür bədbəxt olur. Bu hekayə vasitə rolunu oynayır. Artıq bir artefaktı qoymaqla yanında onlarla bu cür artefaktlar dayandığını görürsən. Şeir həm sevgi şeiri olur, həm də digər hissləri və mətləbləri ifadə etməyə yönəlir. Bax bu gənclərin yaratdığı yeni şeirdə, yeni ədəbiyyatımızda bu kimi cizgilər var. Burda Fərid Hüseyn gənc şair olaraq artıq elə bir mərhələyə gəlib çatır ki, milli ənənədəki, poetik arsenaldakı bütün ifadələr, metaforalar, obrazlar insana yaxın durmur, sən də ona əl qatmaq istəmirsən. Ona görə ki, bunlar o qədər işlənilib ki, bəlkə də artıq bütün gücünü tükədib.

Qismət Rüstəmov: - Yəni sonucda gəlib nəyə çıxırıq: bu, ənənədən qopma, daha doğrusu, ənənənin fərqli yozumudur. Kavafisin cəmi bir kitablıq şeiri var. Onun dünya ədəbiyyatına gətirdiyi və sonradan dünyanın da qəbul etdiyi nədir? O, yalançı kədərin imitasiyasını yaratmadan ayrı-ayrı maskaların arxasından danışır: bu, VII əsrdə yaşamış yunan filosofu da ola bilər, bu gün kafedə oturmuş birisi də ola bilər. Onların hamısı cilddən-cildə girir və burda şəxsilik də bir balaca arxa plana keçir. Ona görə baxış bucağı da böyüyür, spektr da çoxalır.

Kitabın adı da maraqlıdır: "Bir də heç vaxt" - bu, həm də bir yekun hissini bildirir. Fərid deyəsən, müsahibələrindən birində dedi ki, mən müəyyən bir dövrü yekunlaşdırmaq üçün bu adı qoymuşam. O dövr də müəllimin bayaq dediyi - I kitabdakı xüsusiyyətlərdir. Baxmayaraq ki, burda o kitabdan da şeirlər var, amma ordakı sıra ilə təqdim olunmayıb.

O ki qaldı sizin suala, konseptuallıq şeirdə nə qədər vacibdir, əlbəttə, qarşımıza məqsəd qoymuruq ki, konseptual şeir yazaq. Məncə, şeir yazılandan sonra onun konseptuallığı haqqında düşünmək olar. Bu mənada bəlkə də deyə bilərik ki, kitablar koseptual ola bilər, daha doğrusu, olmalıdır. Yaxud bölmələr ola bilər. Bir neçə yaxın konsepsiyalı şeirləri bir tema altında birləşdirmək olar. Düzdür, şeirdə konseptuallıq ənənəsi var. Bunun bizdə Azad Yaşar nümunəsi var, o da əslində, bir kitabın bir hissəsidir. "Hamı və heç kim" idi gərək ki kitabın adı. Amma ümumən düşünürəm ki, kitablar konseptual ola bilər, şeirlər isə bu qəliblərə sığmır.

Cavanşir Yusifli: - Konseptual şeiri Həmid Herisçidə də axtarmaq olar - 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində çıxan şeirlərində. Amma məsələ belədir ki, gənclərin şeirə gəlməsi ilə bizim poetik ənənədə yeni bir dönüş nöqtəsi yarandı. Mən yalnız indiki gəncləri nəzərdə tutmuram, elə 90-cılar nəslinin gəlişini də deyirəm. Məsələn, bizdə vətənpərvərlik ruhunda Sabir Rüstəmxanlı, Xəlil Rza, Məmməd Araz, Söhrab Tahir və b. şeirlər yazırdı. Dərddən yazanlar vardı. Onların şeirində yaşlanmış adamın əlinin üstündə damarlar göründüyü kimi üzdə idi hisslər. Nüsrət Kəsəmənlinin sevgi şeirləri - səmimi şeirlər idi onlar. Yəni bunlar birtipli mətn idi. Amma bir millətin ədəbiyyatı daim bir tonda, bir səviyyədə qalarsa, o artıq donur, kirəclənir. Ondan sonra milyonlarla adam gələ və o intonasiya ilə şeirlər yaza, ədəbiyyatda fərq yaranmaz. Fəridgil və ondan da əvvəl gələn nəsil hiss etdilər və bunu dəyişmək istədilər. Ədəbiyyatda belədir ki, yeni bir nəsil gəlir və qərara alır ki, bundan öncə yazıldığı kimi yazmamaq lazımdır. Hələ necə yazmaq məsələsi yox ha, bu cür yazmamaq və buna son qoymaq. Mən həmişə demişəm ki, bu ənənənin içərisində Əli Kərim bir az fərqli mövqe tuturdu. Yəni o, ədəbiyyata hər gələn nəsillə yoldaş ola bilir. Məsələn, o, sevgi şeirlərində ağlasığmaz metaforalar-filanlar işlətmirdi. O elə görüntülü obrazlarla işləyirdi ki, onu elmlə də ölçmək olurdu, hiss və duyğularla da - obrazları özünü boğan hislərdən yoğrulmamışdı. Fəridin də kitabında elə məqamlar var ki, zahirən hissi ötürmək anlamına gəlir, amma həm də bitmir. Məsələn, deyir: "Kilsənin üstündəki xaçlar \ bənzəyir dinə sancılmış qılınca." Yaxud onunla paralel başqa bir obraz işlədir: divara söykənmiş tüfəng və s. Yəni o birinci işlədilmiş obraz tam olaraq səhnədən getmir. Onun bu ya digər fraqmenti şeirdə qalır və bu iki obraz arasındakı münasibət şeirin keyfiyyətini üzə çıxarır.

Fəridin yazdığı şeir zahirən sadə görünsə də, kompozisiyası müəyyən mənada mürəkkəbdir.  Onun şeirinin bir xüsusiyyəti var, epiqraf yerinə seçilən hissə də mətnə və oxucuya təsir etməyə hesablanıb. Bunu ayrı-ayrı nümunələrin üzərində də demək olar, müxtəlif mədəniyyətlərin yaddaşından nələrisə alıb özəl bir mətn yaratmaqdır bu. Ağır bir yoldur və mənə elə gəlir ki, Fərid bunu düşünərək edir. Yalnız ənənəvi şeirdən fərqlənmək anlamında başqa nələrisə yazmaq yox, həm də şeirin kompozisiyasını başqalaşdırmaq məqsədi daşıyır.

Mətanət Vahid: - Cavanşir müəllim, Nüsrət Kəsəmənlinin səmimi sevgi şeirləri yazdığını dediniz. Mənə maraqlıdır, şeirin, ümumiyyətlə mətnin səmimiyyəti dedikdə nəyi nəzərdə tutursunuz - mətnin, yaxud müəllifin səmimiyyətinin kriteriyası nədir?

 

Cavanşir Yusifli: - Yalançı patetika, pafos, demək olar ki, yox idi onun sevgi şeirlərində. Bir var müasir dövrdə oturub ənənədə artıq daşlaşmış obrazlardan istifadə edəsən - və öz pafosunu da qatasan ora. Onda sevgi haqqında cəfəngiyyat yazmış olursan. İnsanın xalis özünün hisslərini ifadə etmiş olmur belə şeir. N.Kəsəmənli öz hislərini ifadə edirdi, yaxud müasiri olduğu insanların duyğularını öz daxili təcrübəsi hesabına şeirləşdirə bilirdi.

Mətanət Vahid: - Belə olduğu halda Fərid Hüseyn haqqında səmimi şair oduğunu deyə bilmərik də?

Cavanşir Yusifli: - O ifadəni Fərid Hüseyn haqqında işlətməyin əhəmiyyəti yoxdur. Ona görə yox ki, o, səmimi deyil. Sadəcə, onun şeiri tipi, xarakteri etibarilə başqadır.

Qismət Rüstəmov: - İcazə versəniz, mən bir əlavə edim: O.Pamukun "Saf və düşüncəli romançı" kitabı var. "Düşüncəli" deyəndə bir az planlı, nə etdiyini bilən; "saf" dedikdə isə qarşılığı olaraq "səmimi" deyə biləcəyimiz, hər şeyi birbaşa ifadə edən müəllif nəzərdə tutulur. Bu mənada, Fərid daha çox düşüncəli şair hesab oluna bilər. Amma burda bir incə məqam var: istəmirəm mövzunun axırı gəlib ədəbiyyatdan, yoxsa həyatdangəlmə məsələsinə çıxsın. O.Pamukun dediyim kitabında sonda gəldiyi bir qənaət var ki, mən də həmin qənaəti bölüşürəm: o deyir, mən bu başlığı ona görə verməmişəm ki, adamları iki qrupa bölüm, çünki nəhayətdə bütün yaxşı sənətkarlar bir az saf, bir az da düşüncəlidirlər. Yəni bu intertekstuallıqla dolu şeirlər, bölgülər-filan, təbii ki, Fəridin yaradıcılığının ağıllı tərəfidir. Amma burada tutaq ki, həbsxana şeirləri var, anasının müraciəti, atasının xatırlanması - dediyimiz mənada daha çox müəllifin hisslərinin ifadəçisidir.

Cavanşir Yusifli: - Onun tipini bilmək üçün mən Fəridin öz şeirinə müraciət edirəm. Minimalist şeirlərinin birində deyir ki, mənim şeirlərim gərək dırnaq arasına alınaydı, çünki ürəyimdən sitat gətirirəm. Yəni tipi etibarilə Fərid bizim  dediyimiz həmin o səmimi şair ola bilməz.

Qismət Rüstəmov: - Bayaq Cavanşir müəllimin formaların tükədilməsiylə bağlı dediklərindən ağlıma bir şey gəldi: bir var formaların tükədilməsi, bir də var ifadə formalarının tükədilməsi, hətta tiftiklənməsi. Müstəqillik dövrü ədəbiyyatında bu tip məsələlərdən şüurlu şəkildə imtina baş verdi.

Cavanşir Yusifli: - Çünki artıq o şeylər gərəyindən artıq istismar olunmuşdu.

Qismət Rüstəmov: - Və burda bir məqam gəlib öz yerini tutdu. Şairin obrazı ilə bağlı klişe yanaşma müstəqillik dövrü şairlərinin yaradıcılığı ilə tamamlandı. Yəni şair vergili kimi, bədahətən, spontan yazan müəllif kimi təqim olunurdusa (Əli Kərim, Rəsul Rza və b. kimi istisnalar vardı), indi ikinci - ağıllı, düşüncəli tərəfi bərpa olundu. Yəni şeir həm də rasional aktdır. Söhbətimizin əvvəlindəki poeziyamızın dünyaya çıxmağa layiq olması məsələsinə gəlirik yenə: rasional tərəfiylə tamamlanıb deyə artıq bir şeir, şair obrazı var. Yeri gəlmişkən, Fəridin elə özünün şeirləri xeyli dillərə tərcümə olunub və bu yaxınlarda, deyəsən, Cavanşir müəllimin tərcüməsində ABŞ-da çap olunmalıdır.

Mətanət Vahid: - Bu kitabda haykular da var və haykular yazdığına görə bununla bağlı Qismətə sual vermək istəyirəm: Fəridin haykuları sanki janrın klassik tələblərindən çıxır və "bizimki"ləşir, bir az azərbaycansayağı olur. Bunu yalnız formaya aid etmirəm.

Qismət Rüstəmov: - Bizim yazdığımız haykuları klassik haykulara aid etmək olmaz, çünki birincisi, biz Matsuo Basyö kimi həyat tərzi yaşamırıq; onlar zahidanə, təbiətlə iç-içə bir həyat sürürdülər, bizim isə urbanistik bir həyat tərzimiz var. İkincisi, M.Basyö haykuları XV əsrdə yazmağa başlayıb. O dövrdəkilə XX əsrdə Avropada populyarlaşan və indi Amerikada hələ də populyarlığını davam etdirən hayku eyni deyil. Artıq o 5-7-5 ölçüsü gözlənilmir. Bu mənada buna bəlkə də "şəhər haykuları" demək olar. Çünki klassik hayku daha çox təbiətlə bağlıdır. R.Bartın essesi var hayku haqqında; deyir ki, hayku - içərisində lenti olmayan fotoaparat kimidir. Bir anı fiksə edir. Məsələn, Basyönün məşhur haykusundakı kimi: "Köhnə hovuz \ qurbağa tullanar \ suyun səsi." Mənə elə gəlir, bunu bir şəhər adamının yazması qeyri-mümkündür. Bunu yalnız saatlarca dalmış, trans halına, sıfır nöqtəsinə gəlmiş adam yaza bilər. Bizim haykularda əsas məsələ vizuallığı ötürməkdir.

Mətanət Vahid: - Bizdə bəzən şeir ədəbi estetik hadisə kimi yox, "ilahi fakt", "alın yazısı", "Tanrı vergisi" kimi ədəbiyyatşünaslığın predmeti olmayan ifadələrlə izah edilir və belədə şeirin estetik yapısı, hansı cərəyana aid olması və s. kimi məsələlər ikinci plana keçir. İcmal yazıları istisna olmaqla, ən yaxşı halda,  şeirdə hansısa çalarlardan, hansısa əhvali-ruhiyyəyə köklənməkdən bəhs edilir. Söhbət poeziyadan gedirsə, şairin hansı yaradıcılıq təmayülünə aid olduğunu  müəyyənləşdirmək doğrudanmı qeyri-adi bir məsuliyyət işidir?

Cavanşir Yusifli: - Rolan Bartın "Tənqid nədir?" essesində əsas ideyalardan biri budur ki, əsər sənə bildirənlərin sistemi kimi verilir, bildirilən obyekt kimi əlin içərisinə qoyulmur. Yəni əsər hazır şəkildə istehlak üçün nəzərdə tutulmur, burda sonsuz sayda suallar meydana gəlir və onların heç birinə cavab verilmir. Amma nədənsə Azərbaycan ədəbi tənqidinin ənənəvi hadisəsidir - məzmunla oynamaq. Məzmunun formaya, formanın məzmuna fasiləsiz olaraq keçməsi, hamı bilir ki, janrlar vasitəsilə baş verir. Bizdə isə bəzi ədəbiyyatşünasların yazılarında bu keçid janrsız da baş verir. Ona görə də şeiri siz dediyiniz o fantastik ifadələrlə "müəyyənləşdirmə" halları baş verir. Bir də görürsən, tənqidçi bir əsəri yüksək dəyərləndirir, səbəb kimi də onu göstərir ki, burda həyat var. O qədər kitablar oxuyub-oxuyub, əsərə bu qədər cəfəng şəkildə dəyərləndirmə aparmazlar. Məsələn, nəsrin elementi nədir? - təhkiyə. Bu, çox ciddi məsələdir. Jerar Jenettin "Fiktivlik nəzəriyyəsi" var. Ondan əvvəl də digər müəlliflərin. Yəni həyatın hər hansı bir hadisəsi bədii əsərə düşəndə fikitvləşir, loru desək, yalan olur. Bunun üstündən əsərdə həyat olduğunu demək tənqidçini ciddiyə almamaq üçün səbəb verir. Çünki bütün hallarda əsər məlum-məşhur standartları ilə təhlil olunmalıdır. Ya bu, filoloji əsərlərin bir xeylisinin bizim dildə olmaması ilə əlaqədardır, hərçənd ki, xeyli ciddi əsərlərin bir qismi on illərdir ki, bizim dilə tərcümə olunur, var. Ya da bu, tənqidlə ədəbi proses arasındakı münasibətlərin anormallığından irəli gəlir. Burda artıq bildirənlər sistemi yoxdur, hazır yarımfabrikatlar var.

Qismət Rüstəmov: - Bizdə tənqiddə Belinskidən gələn ənənə var, müəllifin qarşısına "elə yazma, belə yaz" tələbi qoymaq. Bir də yazıçıların özlərində də ədəbi tənqidə köhnə meyarlarla yanaşma var. Çünki bizdə düşünürlər ki, mən yazmalıyam, tənqidçi də məni tərifləməlidir, yaxud da pisləməlidir. Tənqid haqqında 70-ci illərdə R.Bartla başlayan və  bu günlərə gələn bir meyar var: tənqidi yazı özü bir yaradıcı iş olmalıdır - hekayə, şeir, esse kimi yaradıcılıqla yazılmalıdır. O yalnız bəlli ştamplarla yazılmamalıdır, bir hekayəni necə bədii enerji ilə yazırsansa, tənqidi məqaləni də elə yazmalısan.

Cavanşir Yusifli: - Təqribən belə deyək, mən aspirant olanda, hardasa 90-cı illərin əvvəlləri idi deyəsən, bir məruzə etmişdim - "Zamanı ötən şeirlər sorağında" və bu, məndən əvvəl tənqiddə haqlı olaraq yaxşı mənada ad çıxarmış rəhmətlik Aydın Məmmədovun "Zamanla səsləşən şeirlər sorağında" məqaləsinə qarşı yazı idi. Mənim orda irəli sürdüyüm fikir bundan ibarət idi ki, şeir zamanla səsləşməz. Səsləşərsə, onunla bir səviyyəyə gələr və məhv olar.

Qismət Rüstəmov: - Şeir komformist ola bilməz.

Cavanşir Yusifli: - Bədii mətn bütün hallarda zamanı, gerçəkliyi ötüb keçməyə məhkumdur. Tənqid isə Bartın dediyi kimi, ikinci sözdür, söz haqqında sözdür. Və onun da yaradıcı olmaqdan başqa çarəsi yoxdur. Ona görə burada həm elmi idrak, həm də obrazlılıq iştirak etməlidir. Amma bəsit ifadəetmələr şəklində yox. Şeirdə olduğu kimi. Şeirdə əsas irrasionallıqdır, rassionallıq görünmür, amma bu o demək deyil ki, o yoxdur. Tənqiddə isə birinci yerdə rasionllıqdır, orada görünməz olan irrasionallıqdır. Fransız tənqidində, elə R.Bartın özündə xeyli obrazlı məqalələr var. Lap elə bizim Yaşar Qarayevin mətnləri obrazlı yazılıb.

Mətanət Vahid: - Bizimçün aktual olduğuna görə, bu mövzuya da toxunmaq istərdim. Müharibə haqqında yazılmış ayrı-ayrı mətnlər haqqında danışılanda xeyli xoş sözlər deyilir, lakin bütünlükdə çağdaş ədəbiyyatımızda müharibə mövzusunda yazılmış şeirlərdən bəhs olunanda onun fəlsəfi dərkini, dramatik ifadəsini verən  şeirlər kimi heç birinin özünü doğrultmadığı vurğulanır. Fərid Hüseynin kitabında bölmələrdən biri "müharibə" adlanır. Bu şeirlər oxucuya müharibəni "göstərə" bilirmi?

Cavanşir Yusifli: - Əgər bir ölkədə müharibə gedirsə, onun ədəbi prosesində yaranan hər cümləsində var o müharibə, hətta sevgi şeirlərində də - nədən yazılırsa, yazılsın. Çünki müharibə ovqatı arası kəsilməyən proses kimi bütün yazdıqlarına təsir edir. Zahiri qatda görünməsə belə. Elə Fərid Hüseynin "Bir də heç vaxt" kitabı buna əyani misal ola bilər. Burda ən müxtəlif mövzularda yazılmış şeirlərdə gör nə qədər müharibə detalları var. Bu nəslin şairləri elə bir məqama gəlb çatıblar ki, daxili təcrübəni birbaşa yox, dolayı yolla təqdim edə bilirlər.

Qismət Rüstəmov: - Müharibənin göstərisi qan-qada ilə olmayanda onun göstərilmədiyi qənaətinə gəlinir, amma bir məsələ də var və bu məsələ son illərdə P.Modianonun, Mo Yannın təcrübəsində göründü. Yenə gəlib fiksiya nəzəriyyəsinə çıxırıq. Müharibə mövzusu, əslində, dekordur və bədii mətndə onun cavabı "insan niyə bunu törədir?" olmalıdır. Oxucu burada başqa bir şey axtarırsa, bu, artıq onun zövqünün problemidir.

Mətanət Vahid: - Məncə, bu yanaşma problemi şairlərin özlərində də var. Bir dəfə ayrı bir rubrikada şeirdə vətənpərvərliklə bağlı mövzu qoymaq istəyirdim. Bu mövzuda danışacaq iki nəfəri bir araya gətirə bilmədim. Yalnız Zahir Əzəmət razılıq verdi müzakirədə iştirak etməyə, qalan hər kəs mövzunu eşidincə hərəsinin bir bəhanəsi çıxdı ortaya. Əksər gənc şairlər "bu mövzuda şeir yazmamışam" - deyə boyun qaçırdılar. Maraqlıdır, vətənpərvərlik bir mövzu olaraq şairin vazkeçilməzi olmalıdırmı? Yaxud gənclər vətən sevgilərini şeirlərdə "sərgiləməyi" gərəkli hesab etmirlər?

Cavanşir Yusifli: - Bu mövqe insanların mətnlərə klişeləşmiş münasibətindən doğur. Məsələn, bir zamanlar məhkəmələrdə, xüsusən də valideyn-övlad münasibətləri ilə bağlı olanda Əli Kərimin "Qaytar ana borcunu" şeirini səsləndirirdilər. Doğrudan da, yaxşı şeirdir, amma o, çox didaktika ilə doludur və Əli Kərimin, bəlkə də, elə ən zəif şeirlərindən biridir. Amma onun bir "Kürə yağış yağırdı" şeiri var: burda Səttar Bəhlulzadəni, Pikassonu, yağışın içərisində müxtəlif rəngləri, rənglərin o tayındakı yuxuları və s. görə bilərsən şeirin içində. Amma bu şeirin o şəkildə sevilməməyi şairin xoşbəxtliyidir. Çünki o, deklamasiyaya çevrilmir, birbaşa sinirlərə sirayət edir. Yəni vətənpərvərlik, əxlaqi dəyərlər, valideyn borcu və s. kimi mövzularda birbaşa yazılan əsərlər artıq didaktikaya çevrilir.

Qismət Rüstəmov: - Bu, artıq ideoloji qovluğu doldurmaq məqsədi daşıyır.

Cavanşir Yusifli: - Amma mətnə professional gözlə baxmaq tamam fərqli bir şeydir. Ölkədə müharibə də baş verə bilər, ölkə başqa bir dövlətin istilasında da ola bilər, necə ki biz 70 il olmuşuq, bütün hallarda vətənlə bağlı duyğuları şairin misralarının arasında yerləşir. Gözlə görünə bilən şeyləri hamı oxuyub başa düşə bilər, ağrıları, iztirabı, vətən sevgisi şairin o misraları arasındakı boşluqlara gömülür və bu da ayıq və sözün əsl mənasında böyük oxucular üçündür.

Qismət Rüstəmov: - Şeirdən şüarçılıq, deklamasiya gözləməyənlər üçün bütün yaxşı şeirlər vətənpərvərlik şeiridir.

Mətanət Vahid: - Mənə elə gəlir, Fərid Hüseynin "Bir də heç vaxt" şeirlər kitabı, həmçinin bunun fonunda çağdaş poeziyamız haqqında vaxtın imkanları çərçivəsində maraqlı və faydalı bir söhbət alındı. İkinizə də təşəkkür edirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!